"Mətbuat Şurası və adamları məni həbslə TƏHDİD etməkdənsə..." Osman Nərimanoğlu ilə ŞOK MÜSAHİBƏ

  • 06 noy 2018, 10:28

"Demokratik.Az"-a və rəhbəri Osman Nərimanoğluna qarşı sosial şəbəkədə söyüş və təhqir ritorikası yeni aşamada; Sabiq parlament spikeri, hazırda ABŞ-da mühacir olan və Azərbaycan iqtidarına olmazın hədyanlar yağdıran Rəsul Quliyevə silahdaşlıq etmiş şəxslər yeni hücum taktikasında; Jurnalistin məmur dostu MŞ-yə satıldı, şantaj niyə işə düşdü?; "Bakı Xəbər" qəzetinin redaktorunun və vneştatnik müxbirinin əli və hörməti niyə və necə belə uzanıb? Bir imzaya qarşı həvəslə savaşanlar axı nə qazanacaqlar?..

Son aylar "Demokratik.Az" saytına və rəhbəri Osman Nərimanoğluna qarşı total hücumlar davam edir. Əgər, əvvəllər bu bir təhqir metodu ilə həyata keçirilirdisə, kimlərsə böhtan və hədyan yağdırırdısa, artıq Mətbuat Şurası səviyyəsində kiçik bir media qurumunun və jurnalistin sıradan çıxarılmasına dair iyrənc planlar həyata keçirilir. Mətbuat Şurasına toplaşan, özbaşına hərəkətləri ilə özəl mediaya qərəz püskürənlərin hərəkətlərindən bəlli olur ki, Osman Nərimanoğlu real həbs təhlükəsi - açıq təhdidlə üz-üzə qalıb. Sonda, bir media orqanının reputasiyası zədələnir, Osman Nərimanoğlu imzası ictimaiyyət arasında məqsədli taktikalarla nüfuzdan salınır. Jurnalistin sifarişli həbsinə doğru proses gedir.  

O, baş verənlər barədə "Demokratik.Az"-a ŞOK faktlar danışıb. 

"İllərdir jurnalistlərə ocaq, qibləgah sandığım bir məkandan hədəfə alınacağımı təsəvvür etməzdim. Təəssüf ki, məhz bu baş verib. Tənqidi yazı yayarkən, yolunu azmış məmurlar jurnalistə "XOX" edərkən millət vəkili, MŞ sədri Əflatun Amaşovun timsalında qorunacağımızı düşündüyümüz bir cəbhədən saldırıya uğramışam. Diqqət edin, ard-arda şuranın idarəçiləri mənə və rəhbərlik etdiyim KİV orqanına qarşı iki "ciddi xəbərdarlıq" qərarı çıxarıblar. Qərarlarla haqlı olaraq razılaşmamışam və bunu incələyib bir-iki xətalını tənqid etdiyimə görə, təqibə və hətta həbs təhdidinə məruz qalmışam. Budurmu, dövlətimizin milyonlar etibar etdiyi azman-aydın jurnalistlərin ədaləti? Beləmi qucaq açırlar media adamlarına? Bu nə yanaşmadır, şura hansısa qərəzli qərar verəcəksə, nə diqtə edəcəksə boyunmu əyməliyik, ləbbeykmi bağırmalıyıq? Bu nə təzyiq metodudur, senzura MŞ ilə gerimi qayıtdı?!.."- deyə sayt rəhbəri narazılıq ifadə edib.

SUAL: - "Şuranın sizə qarşı tövsiyyə xarakterli qərarlarında konkret nədən narazısınız, qərəz nədədir?" sualına cavab isə olduqca maraqlıdır.

CAVAB: -"Bilirsiniz, MŞ məmur şikayətlərini incələyib əgər AJPDQ-nın müddəaları pozulubsa, buna dair tövsiyyələr və məsləhətlər verə bilər. Bu normal, hətta KİV-lərin özünütənzimləməsi yolunda olduqca vacibdir. Mən təbii ki, bunu alqışlayıram. Ancaq, atılan addımlar MŞ-nin özünün qəbul etdiyi nizamnamə və prinsiplərinə uyğun həyata keçirilməlidir. Burada kimlərinsə şəxsi maraqları, məmur təəssübkeşliyi, sifarişli və uydurulmuş mülahizələr əsasında qərarlar çıxarılmamalıdır. Mən indi pozulmuş haqqımın müdafiəsinə qalxmışam. Yoxsa, şurada məndən böyük kimlərinsə haqlı iradına sayğım var. Axı, sentyabrın 14-də də, 24-də də şikayət adı altında ortada olan müraciətlərin araşdırılması absurddur. Bunu isə özümdən demirəm, MŞ-nin əsaslandığı "Şikayətlərin verilməsi və onlara baxılma qaydaları" deyir. Belə ki, "Demokratik.Az"-a qarşı çıxarılan qərarlar həmin qaydalarla daban-dabana ziddiyyətlidir.

İlk "ciddi xəbərdarlıq" "Bakı Xəbər" qəzetinin müxbirinin şikayətinə görə ortaya çıxdı. Hansı ki, adam özü ümumiləşdirdiyi bir tərbiyəsiz statusla ata qəbrimi və başının dəstəsilə şəxsiyyətimi təhqir etmişdi, amma hamilərinin hesabına özünü təhqir olunmuş kimi işə keçirdi. Ədalət axtaran hər kəs baxsın ki, şuranın əsaslanmalı olduğu həmin qaydanın "C" bəndinin (Şikayəti qəbul etməkdən imtina) tələblərinə görə ümumiyyətlə həmin şikayətin müzakirəsi tam əsassız idi. İş üzrə hüquq mühafizə orqanı da araşdırma aparırdı. Buna baxmayaraq, iclas keçirildi, etirazım nəinki qəbul edilmədi, heç oxunmadı da..

İkinci qərar da eyni aqibətin, qayda pozuntusunun məhsuludur. Göygöl SSİ-nin rəisinin adından yazılmış absurd və şər-böhtan ittihamları da MŞ-nin müəmmalı təşkilatçılığı ilə ortadan çıxıb. Həmin müraciətin mətni bir yana, "ciddi xəbərdarlıq" aldığımız "Əhməd Haradadır?" sərlövhəli məqalənin dərci ilə bugün arasında 4 aydan artıq müddət keçmişdi. Yəni, baxılma müddəti zatən bitmişdi və bu mövzuda da məhkəmə prosesi mövcuddur. Ən dəhşətlisi də odur ki, MŞ bəyan etdiyi qərarları rəsmi qaydada redaksiyaya təqdim etmədən, əlehimizə bir silah kimi yayılmasını şikayətçilərin sanki öhdəsinə buraxacaq qədər mədəniyyətsizlik sərgiləyib. Hələ də Şuranın başbilənlərindən qərarların rəsmi açıqlamasını ala bilmirik. MŞ-nin saytında isə qərarlara rast gəlinmir. Ümumiyyətlə, qərarlar çıxarılarkən axı, iclas protokolları tərtib edilməlidir, edilmir. Qərardan narazı olanlar yenidən müzakirə tələb edə bilməlidir, şuranın apellyasiya imkanları bloklanıb. Bir qrup MŞ təmsilçiləri isə öz qərarlarını mütləqi qərar hesab edir, sanki respubluika adına qətnamə qət ediblər. Qətnamələrdə belə, yuxarı instansiyalara şikayət haqqı tanınır axı! Bunlar xaos, anarxiya deyilmi? Bunları nəzərə alıb, qərarların verilməsini saxta adlandırmışam. Beləcə, mənim əlehimə olan şikayətçilərin biri 11 ilin məhkumu - kafeyandıranı, digəri də mənimlə 4 ildir dostluq edən bir idarə müdiri şəxsimə qarşı maşa rolunda oynayanlardır..."

SUAL: - Bəs, necə olur ki, siz gördüyünüz detalları MŞ-nin digər üzvləri də görmür?

CAVAB: - Maraqlısı elə burasındadır ki, MŞ-nin istənilən mənfi qərarlarında yekdil hərəkətlə kollegial haqsızlıq prosesi gedir. Ümumən, təmsilçilərin hamısını ədalətsiz və qərəzli qələm sahibləri kimi təqdim vermək fikrim də yoxdur. Axı, MŞ-də də azlıq çoxluğa tabedir. Hamı bir-birindən dolayısı da olsa, asılı haldadır. Mənim işimə gəlincə, "Bakı Xəbər" qəzetinin sahibi Aydın Quliyev şuranın idarə heyətinin üzvüdür və mənə qarşı mərəzə yoluxmuş, son iclasda hamının hüzurunda valideynlərimi belə təhqir etməyə çürət edən MŞ katibi Şəmsəddin Əliyev və xarici əlaqələr komissiyasının sədri Azər Həsrət MŞ-də təmsil olunurlar. Mütamadi səviyyəsiz statuslar yazan bir zek-qrafomanı ən açıq formada ilk aşamada onlar müdafiə ediblər. Elə Əflatun Amaşov özü də adama nədənsə "diplom"lar paylayıb. Hansı əməli fəaliyyətdirsə, özləri bilər. Geri qalan təfərrüatlar da bu qeyri-sağlam qruplaşmadan qaynaqlanır. Məni hədəfə alanlar özlərinə tutarlı dividentlər əldə edirlər.

SUAL: - Dediniz ki, sizdən MŞ-yə şikayət edən SSİ rəisiylə 5 ildir dost olmusunuz, eləmi?


CAVAB: - Təəssüf ki, elədir... İndi məni qınayanlar var ki, o maşın alverçisini tanımırdınmı? Deyirəm, o müdir olmayanda da mənə salam verib, dostum olub. Övladlarıma kiçik toy eləmişəm, İlqar Məhərrəmovu toya çağırmışam. Qızının toyu olub, toya dəvət almışam. Adamın jurnalistlərlə problemi olub, həll etmişəm. "Respublika" qəzetində adına yazılar yazıb dərc etdirmişəm. Tədbirləri - "melioratorlar günü" təbrik edib, süfrəsində, yanında əyləşmişəm. Çoxsaylı xoşməramlı yazılar dərc etmişəm, müsahibələrini almışam. Nə biləydim ki, otağında yerləşdirdiyi gizli kamera ilə dostunun gəlişini, saatlarla görüşünü lentə alan bir adam indi məni "reket"çilikdə,
özünə düşmənçilikdə suçlayacaq? Nə olub ki, yazı yazıb onun şəxsi maraqlarına toxunmuşam, xətrinə dəymişəm. Xaraktercə, dostlarıma və ictimaiyyətə həmişə açığam. Heç bir əməlimi gizlətməyə maraqlı deyiləm. Dostlarımın kim olmasından, var-dövlətindən asılı olmayaraq, kimsədən pul istəməyə üzüm olmayıb, hələ təhdidlə heç... Əgər, sözügedən məmurda mənim ona qarşı hədə-qorxu ilə pul tələbim, məni şantaj etməyə çalışdığı hansısa videogörüntülərdə "reket"çilik əməlim barədə hallar mövcuddursa, mütləq hüquq mühafizə orqanlarına müraciət etsin. Bunu özüm istəyirəm. Mən istənilən əməllərimə görə cavab verməyə, cəza çəkməyə hazıram. Yoxsa, mənim peşə fəaliyyətimə əngəl olaraq, şəxsimə qarşı belə şantaja keçməsinlər, bu yolla mənə "SUS!” deməsinlər. Həm də aydın olsun ki, məni və ailəmi Göygöl İHB-nin başçısı Arif Seyidova düşmən təqdim edən bir müdir otağında sabiq prokurorun və başqalarının əlehinə nələr danışıb, hansı məlumatların mənbəyi məhz o olub. Hansı danoslar ötürüb məmur, dostu Osman Nərimanoğluna... MŞ-nin bunları diqqətə almadan bu tipli məmuru mənə qarşı oynatdığını isə ehtimal etmirəm.

SUAL: - Ötən gün "Bakı Xəbər"-in müxbirinin statusu yenə sizin barənizdə idi. Xəbər də yayılıb ki, Demokratik.Az-ın barəsində çıxarılan son qərara "reket komissiyası"nda baxılacaq. Adını çəkdiyiniz Azər Həsrət isə bu kommenti yazmışdı: "İkramın dəstəsindəndir o da". Sizcə, nə baş verir, Azər bəy nə demək istəyir və sizi nədə ittiham edir?

CAVAB: - Görürsünüz, qərəz və şərləmə - qaralama niyyətləri ortadadır. Elə həmin gün mənimlə qalmaqala görə, azinforum.az adlı saytı şura mükafatlandırıb, onu üzv qəbul ediblər. Bu heç xoş təsadüf deyil. Bu məqsədlidir. Özünüzə sual edin, əgər bir şikayətə görə "ciddi xəbərdarlıq" verilirsə, niyə həmin qərarı "reket" komissiyası araşdırır, qərəz görünmürmü?

İkram Rafiqoğlunu Gəncədən tanıyıram, ta 90-cı illərdən o, Gəncədə təhsil alıb, ailə qurub, yaşayıb. Uzun illər "Hürriyyət" kimi bir qəzetin bölgə müxbirliyini edib. Mən onun adını ilk dəfə 2005-ci ildə deputat seçkiləri ərəfəsində tanımışam. Onda mətbuata gəlməmişdim, öz təşəbbüsümlə MSK qeydiyyatında Respublika üzrə müşahidəçi idim. Özünün "Reallıq" qəzetində çox sərt yazılar yazırdı. Gəncənin sabiq millət vəkili Aydın Abbasovun barəsində yazdığı bir yazı ilə əlaqədar görüşüb irad bildirmişdim. İkram yazırdı ki, Abbasovu seçiciləri sevmir və seçilmək şansı bu dəfə azdır. Şikayətlər də dərc etmişdi, hədyana yer ayırmışdı qəzetində. Janrı, informasiyalara baxışı və oxucuya təqdimatı başqaydı, ağırdı. Təbii ki, onun yaradıcılığına, fərdi üslubuna iradlar bildirmişəm, hətta, fəaliyyətini tənqid edib iki ildən artıq düşmən kimi də olmuşuq. Bu barədə MŞ arxivi durursa, incələyib baxa bilərlər. Amma, aramızda olanlar və fərqli jurnalist düşüncəsi bizi bir çay süfrəsindən, dərdləşməkdən, çörək kəsməkdən ayıra bilmədi. Niyə, çünki, o da insan idi, düşündükləri ən radikal fikirlərində isə dövlətçilik prinsiplərini daha çox qabardırdı. Ailə yaşantıları, gündəlik qayğıları, çəkdiyi ağrıları məni bir insan kimi sıxırdı, incidirdi. Adamın ev-eşiyi yox idi, kirayələrdə güclə yaşayırdı. Nə etdiyini, kimisə şantaj etdiyini isə mənə demirdi, axı, bu barədə heç nə bilmirəm. Məncə, o, islah oluna bilən zehniyyətdə idi. Sadəcə, etiraf etsinlər ki, Mətbuat Şurasındakı kor zehniyyət məhz İkram barəsində lazım olanı bacarmadı. Həm də bizim onunla dostluğumuz mediadan kənar dostluq-tanışlıq olub. Ayda-ildə bir kərə görüşmüşəm, vəssalam. Təəssüf ki, onun tutulması ilə Mətbuat Şurası yeni manipulyasiyalar edir. Və hesab edirəm ki, bu yolla təkcə mənim timsalımda fərdlərə hücumlar etmir, qarayaxma aparmır, eləcə də özlərinin yarıtmazlıqlarını pərdələyirlər. Bu aydın sezilir. Azər Həsrətin statusu bir başlanğıcdır, sabah bütün MŞ təmsilçiləri mənə də "reket" yarlığı yapışdırsalar əsla təəccüblənməyin. Konkret İkram Rafiqoğlunun nə əməl törətməsi, hansı reketçilik etməsi həqiqətən mənə aydın deyil, əgər qanunazidd əməl törədibsə, əlbəttə cavab verməlidir, cəzalandırılmalıdır. Özü də ən sərt şəkildə. Amma, bu olayın tam mahiyyəti açıqlanmadan, əməl sübuta yetirilmədən MŞ-nin telekanallar səviyyəsində çatana "reket" damğası vurması da ölkədə qanunçuluğa qarşı çıxmaqdır. Bu üzücü mənzərədir. Ümumiyyətlə, belə olayların siyasiləşdirilməsinin, olay üzərindən başqalarının hədəfə alınmasının tam əleyhinəyəm. Hər kəs isə öz adına və əməlinə görə cavab verməlidir. Başda hörmətli Əflatun müəllim olmaqla, MŞ-nin aparıcılarından bircə onu xahiş edərdim ki, tənqidi media ilə adlandırdıqları "reket jurnalistika"nın rənglərini, sonucu bir-birinə qatmasınlar. MŞ idarəçilərinin hər biri özlüyündə media mənsublarına ədalət pəncərəsindən, qayğıkeşcə baxmağa səy göstərsinlər. Azər Həsrətə isə nə sözüm olsun, yetər ki, keçmişinə baxsın və bir az utansın, zədəli düşüncə məhsullarına başqa alıcılar tapsın. Bir-iki dəfə tənqid etmişəm deyə, "alıcısı mənəm zənn etməsin!..

SUAL: - Hansısa sayt da yazmışdı ki, güya siz İkram Rəhimovun rəhbərlik etdiyi media şəbəkəsinin üzvüsünüz.  Sizi İkramla dostluqda suçlamaq, "Demokratik.Az”-ı da paralel "reketçilik”də təqdim etmək, bu həqiqətdirmi, media əxlaqıdırmı!? 

CAVAB: - Əlbəttə, bu ittihamda bulunmaq üçün ən ucuz mənəviyyatda olmalısan. İndi bunu etdirənlərin bir neçəsi vaxtilə Rəsul Quliyevin dostu deyildilərmi? "Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də, Ş.Əliyev də o siyasi əxlaqın daşıyıcısı deyildilərmi? Azər Həsrət özü də ən biabırçı şəkildə iqtidara qarşı illərlə utanmadan savaş aparıb, axı. İndi gəlin iddia edək ki, Aydın Quliyev Rəsul Quliyevin ruporu rolunda qəzet çalışdırır. Ya da, MŞ-də müxalifətə yaxın olanları radikal müxalifət – Əli Kərimli idarə edir. Axı, dostdurlar! Bu nə sayıqlamadır? Mən onlardan tam fərqli, heç bir əqidə və əməli bölüşmədən kiminləsə dostluq etmişəmsə, burda məsuliyyət varmı? Varsa, İkramın fb səhifəsində görünən 100 tanışından, dostundan biri də mənəm. Təkcə mənim üzərimə yönləndirilən bu cılız hücum şəxsi maraqlardan doğur. Siyasi əqidəm də, fəaliyyətimdəki vətəndaşlıq mövqeyim də ortadadı. Cəmiyyəti və aidiyyatı orqanları belə əsassız mülahizələrlə ələ salmaq olmaz. Mənə qarşı bu əxlaqsızca bənzətməni qınayıram. Bunu iddia edib mənalandıranlar özləri müqəssirlərdi. Məsləhət verirəm, şər atmaqdansa, mütləq vicdanlarının səsinə qulaq versinlər. Səs gəlməsə, güzgüyə baxıb, özlərinə gülsünlər...  

SUAL: - Necə asanlıqla deyə bilərsiniz ki, MŞ-nin fəaliyyəti qənaətbəxş deyil? 80-dən çox media qurumunun adı "reket" siyahıya - "qara siyahı"ya salınıb, bu ölkədə medianın şəffaflaşması üçün atılan addımlar deyilmi?   

CAVAB: - Sual ağır və ağrılıdı. Hərçənd ki, dünya praktikasında mediaya verilən azadlıq özünütənzimləmə formaları yarada bilirsə, bizdə hələ də real nəticəyə nail olmamağın günahı həm də MŞ-nin davranış və təbirindədir. Şura ayrı-ayrı jurnalistlərə məsuliyyət və peşəsinə sevgi hissini aşılaya bilməyib. Bunun üçün onlar özləri nümunəvi addımlar atmalıdır, daha cəza strukturu kimi "süni senzura” maşını olmaqdan çıxmalıdır. Medianı ələbaxımlı olmaqla deyil, sivil yollarla rəqabətlilik prinsipi əsasında maliyyələşdirmə mexanizmini analiz və tətbiq etməlidir. Təəssüf ki, hələ bunun əksi görünür. MŞ-ni təmsil edənlər əsas görülməli olan işləri bacarmır, heç təsəvvür belə etmirlər. Bəlkə də inanmayacaqsınız, kiçik araşdırma sayəsində məlum etdim ki, şuranın indiyədək çıxardığı "xəbərdarlıq" qərarları qarşı tərəfin mövqeyi ilə bağlıdır.Əksər hallarda redaksiya qarşı tərəfin sözünü, mövqeyini öyrənmədən material yayımlayıb. MŞ AJPDQ-nin məhz bu müddəası əsasında çoxsaylı iradlar, "xəbərdarlıq" qərarları ictimailəşdirilib. Hətta, əsaslı-əsassız olmasından asılı olmayaraq, bir çox məmur şikayəti əsasında çox asanlıqla istədikləri medianın adı "Reket"siyahıya salınıb. Bu qədər de-konstruktivlik sizcə olarmı? Belə qərarların 90 faizində bilirsiniz daha utancverici nəticə nədir, qarşı tərəf şikayət etsə də, sonda yazıya söz haqqından, barəsində yazılanlara aydınlatmadan boyun qaçırıb. MŞ-nin ictimaiyyətə təqdim etdiyi fəaliyyətində görürük ki, ortada müzakirə olunan yazı, ardınca "ciddi xəbərdarlıq" var. Bəs, məmurların ittihamlara açıqlaması hanı? Media "bossları" bu barədə bircə dəfə düşünəcəklərmi? Sanki, şura bilərəkdən məmurları müdafiə edir, yalnız medianı hədəfə alır. Bəs, sizcə MŞ bunu anlamırmı, niyə özləri sual etmir ki, hanı şikayətə əlavə etdiyiniz yazıya məmur münasibəti - izahat? İndiyədək əlavə səlahiyyətlər uman şura belə ciddi elementləri tamamilə itirib. Əslində, qarşı tərəfin söz haqqı təmin olunmaqla, ümumiyyətlə MŞ KİV-lərə xəbərdarlıq qərarlarından istifadə etməməlidir. Bu metodu yalnız özlərinə yaxın mediaya münasibətdə görmüşük. Bu qədər sadələri mürəkkəb edən bu qurumda ağalıq etmək bəzilərinin ən ümdə maraqlarıdır... 

SUAL: - Bəs, belədirsə, nədən siz hədəfə gəldiniz? MŞ sağlam media orqanlarını niyə hədəfə alsın ki? Bununla nə qazanırlar?

CAVAB: - Bu sualın cavabını yuxarıda titrlərlə verdim. Amma, deyəsən tam çılpaqlıqla deməliyəm. Elə suala sualla - Bu qədər dövlət qayğısı görən, maliyyə problemi yaşamayan ictimai qurum nümayəndələri niyə o bol qayğını, hərarəti başqalarına qıymırlar? Bunun bir səbəbi eqo və xəsislikdirsə, digər məsələ də düşüncə və ifadə sərbəstliyindədir. Həm də şura dövlətdən aldıqlarının müqabilində hesabat verərkən yəqin çıxılmaza girir. Belə lazımsız özfəaliyyətləri ilə "HESABAT”lar hazırlamağa məcbur qalır. Ən qaranlıq məqamlarda "Demokratik.Az” timsalında, başqaları hədəfə alınır ki, şurada əyləşənlərin neqativ əməllərinə diqqət yada düşməsin. Yoxsa, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli media təmsilçilərinə göstərmədiyi qayğı-diqqətdən, MŞ sədri Əflatun Amaşov və qeyriləri öz villalarından və bahalı maşınlarından, layihələr adı ilə dartışdırılan pullardan, özlərinə yaxın mediaların necə yollarla külli-maliyyələşmə metodlarından dolayı sorğuya çəkiləcəklər. Görünən real səhnə arxasında əsl həqiqətlər gizlədilir. Bu qədər sadə...  

SUAL: - Yəni, MŞ hansısa KİV-i hədəfə alırsa, sizcə qərəzlidirmi?

Əgər mexanizm məmurun şikayəti və istəyilə MŞ-nin qəbul etdiyi qaydaların ziddinə uyğunlaşdırılırsa, bəli. Amma, həqiqi mediaya, informasiya ötürücülüyünə müdaxilələrdən danışdıq. Şuranın əsas götürdüyü məhkəməyəqədərki barışdırıcı missiyasının, mövqeyinin əksinə, ara qızışdırıcılığını, katalizatorluq fəaliyyətini rədd edirik. Normal fəaliyyətə kim əhsən deməz ki! Danışılacaq çox şeylər var təbii... AMMA, məndən hələlik bu qədər... 

SUAL: - Bəs nə etməyi düşünürsünüz, sizcə, normal fəaliyyət üçün ideal variant varmı? MŞ-nin və kənar oyunçuların sizə qarşı repressiv və qərəzli fəaliyyəti durdurulacaqmı?

CAVAB: - Bu barədə yekun söz təbii olaraq məndə deyil. Baş verənləri hələlik bir neçə bədnam insanın özfəaliyyəti adlandırardım. 

Nə olursa olsun, Azərbaycanda heç kəsə toxunulmazlıq və özbaşınalıq haqqı verilməyib. Nə mən, nə MŞ təmsilçiləri, nə də deputatlıq mandatı ilə toxunulmazlıq qazanmış cənab Əflatun Amaşov belə fikirlərə qapılıb medianın azadlıq haqqını zorlamamalıdır. Buna kimsənin haqqı da yoxdur. Cəmiyyət və dövlətimizin mediadan gözləntiləri nə repressiya, nə "reketçilik”, nə belə qalmaqallar deyil. Adımın belə şeylərdə hallanmasına yalnız təəssüflənirəm. Çox ümid edirəm ki, müstəqil bir qurum olsa da, MŞ-nin fəaliyyətinin şəffaf qurulması və müstəqil medialarla daha sağlam əlaqələr naminə səsləndirdiyim iradlar da səmimiyyətlə nəzərə alınacaq. İnanıram ki, tənqidə dözməyib, MŞ-nin təmsilçiləri yeni hücum aşamasına girməyəcəklər. İki absurd "ciddi xəbərdarlıq" alan adam kimi mən də onlara "XƏBƏRDARLIQ" edirəm. Mətbuat Şurası və adamları məni həbslə TƏHDİD etməkdənsə, belə girinc işlərlə məşğul olmaqdansa, gələcək fəaliyyətlərini daha səmərəli işlərə yönəltsinlər.  

Əks təqdirdə, "Demokratik.Az”-ın – sıxışdırılan müstəqil bir medianın ölkə rəhbərliyinə müraciət etməkdən başqa yolu qalmır...

Ümid və sayğılarla...

ÖZÜMLƏ MÜSAHİBƏ: Osman Nərimanoğlu

 

"Demokratik.Az”  

Oxşar xəbərlər