Demokratik TV
“Eldar MAHMUDOVA İŞLƏYƏN KİV-lər AÇIQLANMALIYDI”
""Kütləvi İnformasiya Vasitələri haqda” qanunun tələblərinə uyğun olaraq reket jurnalistika ilə məşğul olanlar cəzalandırıla bilərlər. Hətta fəaliyyətləri belə dayandırıla bilər.
Amma digər hallarda Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında onları məhkəməyə verməklə cinayət məsuliyyətinə cəlb etmək mümkündür”.
Demokratik.Az xəbər verir ki, bu sözləri AzNews.az-a açıqlamAsında Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə son günlər provakativ media barədə tədbirlərin gücləndirilməsi ilə bağlı məsələni şərh edərkən deyib.
Onun sözlərinə görə, həmin mətbu orqanlar vətəndaşların konstitusiya ilə qorunan hüquqlarına müdaxilə edib onların ictimai-siyasi nüfuzuna xələl gətirə biləcək yazılar və informasiyalar yayılırlar: "Bu, həm elektron, həm də çap mətbu orqanlarında öz əksini tapır. Vətəndaşın nə siyasi, nə də ictimai fəaliyyəti nəzərə alınır. Hətta onun sahibkarlıqla bağlı fəaliyyətinə də müdaxilə edirlər. Eyni zamanda həmin şəxslərin ailə üzvlərini və yaxın şəxslərini nəzərə almadan onlar haqda istədikləri informasiyaları verirlər. Məsələn, kimlərisə "öldürürlər”, "dirildirlər”, "tutdururlar” və ya onu kiminsə komandasına "üzv” edirlər. Bütün bunların arxasında təbii ki, müəyyən maraqlar durur. "MTN işi” ilə bağlı hadisələrdən sonra artıq cəmiyyətə məlum olub ki, hansı KİV-lər o qurumun nəzarəti altında olub. Həmin media orqanları əvvəlcə insanlar haqda mənfi ictimai rəy formalaşdırıblar. Təbii ki, yalan və böhtan məlumatları çap etməklə, onların şəkillərini əllərindəki informasiya vasitələrinin manşetinə yerləşdirməklə sistemli, ardıcıl məlumatlar yayıblar.
Bundan sonra MTN işə düşüb, bu adamları saxlayıb və onlardan pul alıb. Çox istəyirəm ki, bu cür mətbuat orqanları ifşa olunsun. Onların adları açıqlansın. Hansı qurumların onlara xidmət etməyi, kimləri hansı yollarla necə şantaj və böhtan etməkləri aydınlaşsın”.
Deputat bu məsələlərlə bağlı mülki qaydada şikayətlər edildikdə məsələlərin məhkəmələrdə aylar və illərlə uzandığını vurğulayıb: "Özünü zərərçəkən hesab edən şəxs məhkəmələrə müraciət etdikdə haqqın və ədalətin bərpa olunması zamanı aylarla problemlərlə üzləşirlər. Çünki bu proses qanunvericilikdə də nəzərdə tutulduğu kimi davam edir. Bəzən elə olur ki, bu cür məhkəmələr 2 il çəkir. Hətta məhkəmə qərar qəbul etdikdən sonra həmin KİV məhkəmə qərarını icra etməkdən aylarla, bəzən isə illərlə yayınır. Nəticədə isə vətəndaşın qanunla qorunan hüquq və maraqları kobud şəkildə pozulsa da, hətta təkzibin belə verilməsində bir və iki il keçdikdən sonra buna nail ola bilirlər. Bu isə yol verilməzdir”.
Çingiz Qənizadə qeyd edib ki, bu yollara əl atan mətbu orqan rəhbərləri cinayət məsuliyyətinə cəlb olunmalıdır: "Düzdür, bəzən beynəlxalq aləm bizi sıxışdırır ki, məmur jurnalistlərə qarşı dözümlü olmalıdır. Biz həmişə bunu prezident İlham Əliyevin də dilindən eşitmişik. Cənab prezident hər zaman mətbuata qarşı dözümlü olduğunu, onların nə yazmasından asılı olmayaraq dözümlülük nümayiş etdirdiyini qeyd edir. Amma elə hallar var ki, burada jurnalistika son həddi belə keçir. Bundan sonra vətəndaşın məhkəməyə müraciət etməsi düzgündür. Seçki ərəfəsində də deputatlığa namizəd olan şəxslərin heç bu proses başlamadan öncə nə qədər tənqid, təhqir, şantaj və böhtanla üzləşdiklərinin şahidi oldum. 23 günlük təbliğat müddətində onların böyük əksəriyyəti haqda yalan və iftira dolu məlumatlar yazıldı. Bütün bunların arxasında jurnalistin pul almaq həvəsi durur.
İndi də MTN işi ilə bağlı heç bir araşdırma aparmadan məlumatlar verilir. Bunlar yol verilməzdir. Bu, ən azı tərbiyəsizlikdir. Hesab edirəm ki, tərbiyəsizlik və qanun pozulduğu yerdə hüquq işə düşməlidir”.
Bu məsələdə Mətbuat Şurasını da sərt tənqid edən deputat onlardan reket jurnalistlərin və mətbu orqanların ifşa olunmasını tələb edib: "Mən Mətbuat Şurasının dünən keçirilən iclasını və son dövrlərdəki fəaliyyətini qənaətbəxş hesab etmirəm. Şura üzvlərinin hər biri ilə dostam. Amma mən onların operativ olmasını arzulayıram. Başda Əflatun müəllim olmaqla onlar daha çevik və ədalətli olmalıdır. Heç nədən çəkinmədən hər şeyi öz adı ilə çağırmalıdır. Dünənki iclasda gözləyirdim ki, şura uzun illər hansı qəzet və saytların MTN tərəfindən maliyyələşdirildiyini cəmiyyətə açıqlayacaq. Mən bunu onlardan tələb edirəm.
Vətəndaş və millət vəkili olaraq tələb edirəm ki, onlar zaman-zaman "qara siyahıya” salındıqdan və yaxud salınma ehtimalı yarandıqdan sonra MTN-nin hansı qurumundan onlara təzyiqlərin olduğunu, həmin orqanlara toxunmamağı istəyənlərin adlarını açıqlasınlar. İstərdim ki, şura növbəti toplantı keçirib cəmiyyətə kimin kim olduğunu təqdim etsin”.
Çingiz Qənizadə hesab edir ki, reket jurnalistikaya qarşı sərt tədbirlərin görülməsinə görə Azərbaycan beynəlxalq qurumların qınağına tuş gələ bilməz:"Dəfələrlə demişəm ki, hüquq müdafiəçilərinin də içərisində MTN-ə işləyənlər, onlarla sıx əlaqədə olan, ictimai rəyi çaşdıran, saxlanılan insanlarla onların qohumları arasında müəyyən vasitəçilik missiyasını nəyinsə müqabilində həyata keçirənlər var idi. Amma mətbuat susur. Beynəlxalq hüquq normaları var. Biz onlara hörmət edirik. Əgər biz jurnalisti yazısına görə aparıb döyürüksə, bu, tamamilə onların qınağına səbəb olacaq. Biz buna heç cür yol verə bilmərik. Amma qəbul olunmuş qanunlar var. Kiminsə qanuni hüquqları, onun şərəfi, ləyaqəti, işgüzar fəaliyyəti təhqir və şantaj olunursa, onun nüfuzuna xələl gəlirsə onda sivil olaraq məhkəmə yolu var. Bu zaman kimlərinsə məhkəməyə verilməsi, cəzalandırılmasında beynəlxalq aləmin bura qarışması yolverilməzdir. Onlar onsuz da Azərbaycan haqda qarışqadan fil düzəldirlər. Xoşa gəlməz informasiyaları, məlumatları və faktları böyütməklə məşğuldurlar. Azərbaycanda onların qarşısına çıxa biləcək kifayət qədər güclü jurnalistika, hökumət təşkilatları, partiyaları və millət vəkilləri var. Biz onlara hər şeyi izah edə bilərik. Prezident İlham Əliyev demişkən, onların bu cür qərəzli qətnamələri bizim üçün kağız parçasından başqa bir şey deyil. Ona görə də çəkinmək lazım deyil”.
Demokratik.Az