Xəbər lenti
Bütün xəbərlər

Mətbuat Şurasından "Demokratik.Az"-a ikinci saxta "ciddi xəbərdarlıq" atəşi və NİYƏSİ

  • 26 okt 2018, 16:04

"Demokratik.Az" saytı qısa zaman kəsiyində Azərbaycan Mətbuat Şurası tərəfindən iki "ciddi xəbərdarlıq mükafatı" alıb. Ötən gün Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclasında bu barədə ikinci saxta qərar verilib. Bilməyənlərə onu bildirək ki, ictimai bir qurum olan MŞ-nin çıxardığı qərarlar yalnız tövsiyyə xarakterlidir. Yəni, müzakirəyə çıxan yazıların araşdırılmasında jurnalistlərin nə yazdığı deyil, necə yazdığı əsas götürülür. Jurnalistlərin təmsil olunduğu qurumda şikayətə baxılarkən materialların hazırlanması və yayılmasında Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının (AJPDQ) müddəalarına uyğunluluq yoxlanılır. Şikayətçi məmurlar isə bəzən çıxarılan qərarları özlərinin yarıtmaz fəaliyyətləri üçün sanki "sığortaedici" kart olaraq istifadəyə cəhd edərək savadsızlıqlarını və mediaya sayqısızlıqlarını bir daha ortaya qoyurlar. Bu isə yolverilməzdir. Çünki, bilmirlər ki, əslində qurumun hər hansı mediaya qarşı çıxardığı qərarın onların çirkin niyyətlərinin xeyrinə olan bir tərəfi yoxdur. Bu mənada, qurum da qərarlar qəbul edərkən həmkarlarını nüfuzdan salmamaq yolunu tutmalı, hansısa KİV vasitəsini məmur maraqları müqabilində xərcləməməlidir. Əksinə, ölkənin ictimai rəyinin sağlamlaşması, jurnalistlərə doğru məmur ayaqlanmalarının, özbaşınalıqlarının azalması yolunda daha konstruktiv planlar işlənməlidir. Təəssüf ki, MŞ-də bəzi daşlar hələ də yerinə oturmur... 

Demokratik.Az"-ın məlumatına görə, 24 oktyabrda Mətbuat Şurasından müxtəlif saytlara ötürülən məlumatda bildirilib ki, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə həmkarlarına məlumat verib. İslasda "Metak” MMC-nin "Emtv.az” saytına, "Veysəloğlu” MMC-nin "Gündəm Xəbər” qəzetinə, Tərtər Rayon Polis Şöbəsinin sabiq rəisi Əflatun Məcidovun "Reallıq.info” saytına qarşı müraciətlərinə baxılıb, müxtəlif səpkili qərarlar elan edilib. 

MŞ-nin sədri, millət vəkili Əflatun Amaşovun da iştirakı ilə baş tutan iclasda Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovun "Demokratik.Az”-a qarşı şikayətinə də münasibət bildirilib. Komissiya üzvləri nəticədə elan ediblər ki, portalda yayımlanan materialda AJPDQ-nın prinsipləri intensiv şəkildə pozulub, portalın baş redaktoru adından dərc edilmiş yazıda etik qaydalara sayqısızlıq nümayiş etdirilib. Nəticədə, "Demokratik.Az” Xəbər Portalına və baş redaktor Osman Nərimanoğluna "ciddi xəbərdarlıq" elan edilib.

Bəs, ard-arda ictimai funksuyalı bir media şurasının "Demokratik.Az"-ı hədəfləyərək növbəti kəs tirajlatdığı "xəbərdarlıq atəşi" kifayət qədər ədalətli və əsaslıdırmı? MŞ-də qəbul edilən növbəti nostalji xəbərdarlıq qərarı konkret hansı səhvimizə əsaslanır?

Bu suala cavab tapmaq üçün həm şikayətçinin şikayətinə, mütləq ki, müzakirə olunan yazıya baxmaq lazımdır. Haqqımızda elan edilmiş qərar 4 iyun 2018-ci il tarixində tirajladığımız ƏHMƏD HARADADIR? - Göygöl Melioratorları bu suala cavab TAPDI  (http://demokratik.az/xeberler/olkeici/15824-ehmed-haradadr-goygol-melioratorlari-bu-suala-cavab-tapd.html) sərlövhəli bir yazı mətninin sonunda qeyd edilən bir neçə cümləyə "söykənib". Nədənsə, geniş yazıya və əsas mahiyyətə önəm verməyənlər bu mövqeyimizi qərəzli, yersiz sayıb. Sitat: ""Demokratik.Az" bu yazıda bir ilkə də imza atır. Cənab Əhməd Əhmədzadədən başqa, yazıda adıkeçən heç kimin söz haqqını tanımadığını bəyan edir! Hesab edirik ki, cəmiyyətimizə və dövlətimizə qarşı bəd əməl törədənlər söz haqqını çoxdan itirib".

"Demokratik.Az" saytı xatırladır ki, hazırda Göygöl rayon məhkəməsində mübahisələndirilən ƏHMƏD HARADADIR? - Göygöl Melioratorları bu suala cavab TAPDI başlıqlı məqalədə adı keçən Göygöl SSİ-nin rəisi İlqar Məhərrəmov barəsində dəfələrlə KİV orqanlarında yayımlanan tənqidlərə heç bir reaksiya verməyib. Demokratik.Az-ın bu yazısı hazırlanarkən və yayıldıqdan sonra da şikayətçi saytımızla əlaqə qurub hansısa iradını bildirməyib. Yazılı və ya şifahi qaydada açıqlama verməkdən dəfələrlə yayınıb. Əsasən də, öz işində yol verdiyi çirkin və mənfur əməllərini durdurmayıb. Ona görə də, yazının sonunda faktların ağırlığı və müdirin özündənrazı rəftarı nəzərə alınmaqla, məqaləyə görə söz haqqının yalnız Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri cənab Əhməd Əhmədzadədə olduğuna diqqət çəkmişik. Məhz İlqar Məhərrəmov kimi bir məmurun söz haqqını tanımadığımızı bəyan etmişik. Təbii ki, yazının mahiyyətini vecinə almayan bir məmurun yarıciddi olaraq sona əlavə etdiyimiz bəyanatın tam fərqində olduğuna, qavradığına da inanmırıq. Çünki, məmurun MŞ-yə şikayətində konkret nə istəməsi əvvəldən aydın deyil. Şuranın icraçı katibi Ş.Əliyevin 19 oktyabrda bizə ünvanladığı çağırış mətnində də konkretlik yoxdur. Cavabdeh kimi, öncədən nəyə cavab verəcəyimiz bildirilməyib. Müdir şikayətçi ərizəsinə hansısa məqalə belə əlavə etməyib. Qarşı tərəfin "Demokratik.Az"-da söz haqqı ifadə etməsinə aşkar maneə isə, tərəfimizdən heç bir halda əməli olaraq tətbiq olunmayıb. Buna dair də fakt yoxdur.

Bəs, özünün "cavab haqqı"na aylardır sahib çıxmayan bir məmura 5 ay sonra hansı ilham gəlib ki, Mətbuat Şurasına şikayət edib və öz məktubunda barəmizdə ağzına gələni yazıb? Necə olub ki, MŞ-nin fəaliyyətində bizə qarşı qərəz bu qədər aydın görünür? Şura şikayətlərə baxarkən məsələləri niyə aidiyyatı üzrə araşdırmır, ancaq məmuru sevindirən qərarlar çıxarır?

Qısa deyə bilərik ki, son qərar da, bir müddət öncəki xəbərdarlıq qərarı kimi, fəaliyyətmizə və nöqsanımıza qeyri-adekvatdır. Sonuncu qərar da, əvvəlki qaydada konkret kimlərinsə maraqlarına xidmət edir. Hesab edirik ki, MŞ-də Göygöl SSİ-nin rəisinin müraciətinin arzuedilməz sonluqla nəticələnməsi iclas boyunca şikayətçi tərəfin sanki vəkili rolunda çıxış edən komissiya sədri Müşfiq Ələsgərlinin zəhmətinin bəhrəsidir. Bəs, cənab Ələsgərli və digərləri növbəti saxtalaşdırmanı, hüquqpozmanı nəyin müqabilində və ya kimlərin tapşırığı ilə icra edib? Bəlkə, birbaşa Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri cənab Əhmədzadənin, bəlkə də Göygöl İHB-nin başçısı Arif Seyidovun "xahiş"i qəbul olunub? Bəlkə?.. Cavabı biz düşündüyümüz kimidirsə, heç ürəkaçan deyil...   

Onu da bildirək ki, iclasda nədənsə tərəf olaraq idarənin baş mühasibi iştirak edib. Yalnız puldan başı çıxan mühasib iclasda davranış qaydalarını pozmaqla, nə danışdığını, Mətbuat Şurasına niyə gəldiyini belə bilməyib. Müdirinin yazdığı səviyyəsiz və savadsız məktubda olduğu kimi, hüt-hüt edərək bizə ağır ittihamlar edib. Xoşbəxtlikdən iclasın aparıcısı M.Ələsgərli müraciətdə yazılanları və mühasibi bir kənara qoyub, "Demokratik.Az"-a qarşı "ciddi xəbərdarlıq" qərarını özü çıxara bilib. Yenə, MŞ-nin nizamnamə və prinsiplərini tapdayaraq, güya AJPDQ-yə "istinadla"...

Barəmizdə çıxarılan sonuncu "ciddi xəbərdarlıq" qərarı da MŞ-nin bizə qarşı ciddi özbaşınalığının, əzələ nümayişinin növbəti bir nümunəsidir deyə bilərik. 

"Demokratik.Az" saytı olaraq, MŞ-nin çıxardığı əsassız "ciddi xəbərdarlıq" qərarlarının ləğvi üçün yaxın günlərdə məhkəməyə müraciət edəcəyik.

Demokratik.Az

Oxşar xəbərlər