"Demokratik.az" saytının rəhbəri ictimaiyyətə müraciət etdi - ŞOK detallar

  • 05 iyul 2023, 19:30

Hörmətli ictimaiyyət nümayəndələri, dəyərli ziyalılar, şərəfli media məsləkdaşlarım, sevimli oxucularım!

Sizləri yaşımın peyğəmbər çağında Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından - Məşhur "Gəncə Qalası" ndan salamlayıram. Bu gün mənim qanunsuz həbsimdən düz 1(bir) il ötür. Bu müddət ərzində övladlarımın və məni sevən doğmalarımın göz yaşları acı həsrətə və azadlıq eşqimə yeganə təsəllim olub. Türmənin tikanlı divarlarının soyuq və vahiməli hənirtisi isə hər anımı məşəqqətə döndərib, yaddaşım korlaşıb, Azərbaycan hakimiyyətinin öz vətəndaşlarına vəd etdiyi "demokratiya" nağıllarının çin olacağına ümidlərim sıradan çıxarılıb. Lakin, hər kəs əmin olsun ki, şeytanın şərrinə əsgər olanlar sadəcə cismimi və hüquqlarımı dustaq ediblər. Şükr Allaha ki, ruhum da, vicdanım da həqiqətləri yazan qələmim kimi yenə də azad və mübarizdir.

Bildiyiniz kimi, mən 5 iyul 2022-ci il tarixdən Prezident Administrasiyasının sabiq rəhbəri, ermənipərəst akademik Ramiz Mehdiyevin, eləcə də Göygöl rayon prokuroru İlqar Hacızadənin və korrupsioner məmur dostlarının düşmənçilik maraqları çərçivəsində tənqidi jurnalistika fəaliyyətimə və şəxsimə yönələn şər-böhtan kampaniyasının əsirinə çevrilmişəm. Göygöl rayon Polis şöbəsinin İstintaq Bölməsində formalaşdırılan bədnam və qondarma cinayət işinin ( 220770088 saylı ) təqibi 09 fevral 2023-cü il tarixdən Gəncə Ağır Cinayətlər Məhkəməsinin ( hakim Roman Ələkbərli ) icraatında olmaqla davam etdirilir. 7 ay 15 gün müddətə tərtib edilmiş saxta ibtidai istintaq materialları, eləcə də, 5 aydır ki, süni şəkildə uzadılan məhkəmə istintaqı mahiyyətcə məlumat və söz azadlığını məhdudlaşdıran, mənə və bütün ailə üzvlərimə qarşı planlı-hüquqi terror aktıdır. Üzləşdiyim maddi-mənəvi işgəncələri, şantaj və təhdidləri, eləcə də Baş Prokurorluq səviyyəsində cərəyan edən özbaşınalıqları nəzərə alsaq, həbsimin siyasi və sifarişli xarakter daşıdığını aydın etmək olar. Eləcə də, ölkənin hüquq-mühafizə və məhkəmə hakimiyyətinin kimlərinsə əlində şil-şikəst olduğunu, qanun aliliyinin məmur maraqları ilə işğal olunduğunu asanlıqla söyləmək olar. Mənə qarşı hüquqi ziddiyyətlərlə zəngin olan, yalnız şəxsi maraqlara xidmət edən cinayət işindəki eybəcərliklər aşağıdakı senari üzrə cərəyan etmişdir.Sosial şəbəkələrdə maraqlı şəxslər tərəfindən dezinformasiyalar tirajlandığı üçün əvvəlcə necə və harada həbs olunmağıma aydınlıq gətirim.

Bilin ki, mən 5 iyul 2022-ci il tarixində Göygöl RPŞ-nin İB-nin sabiq müstəntiqi, polis mayoru Vüsal Sadıqov tərəfindən polis şöbəsinə dəvət olunmuşam. Həmin gün axşam saat 18:00 radələrində şöbəyə getmişəm və oradaca qanunsuz əsaslarla şübhəli şəxs qismində saxlanılmışam. Bilmişəm ki, 1 iyul 2022-ci il tarixdən barəmdə Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi üzrə əsassız cinayət işi açılmışdır. Polis və prokurorluq Göygöl rayon prokuroru İlqar Hacızadənin yaxın dostları Vasif Əliyevin ( Göygöl xəstəxanasının direktoru ), İlqar Məhərrəmovun (Göygöl SSİ-nin sabiq rəisi ) və 2(iki) stomotoloqun böhtan xarakterli ərizələrini əsas götürmüşdür. Ərizələrdə planlı şəkildə guya onlardan hədə-qorxu ilə pul tələb etdiyimi yazdırmışlar, heç bir mötəbər dəlilə və sübuta əsaslanmayan cinayət təqibi ilkin təhqiqata məruz qalmadan mülahizələrlə birbaşa istintaqa ötürülmüşdür. Ərizələrlə tanışlıqdan sonra aydın etmişəm ki, prokuror və dostları Vasif və İlqardan başqa, şər-böhtan kampaniyasına cəlb edilmiş stomatoloq Rəşad Əkbərov xəstəxananın baş həkimi Vüsalə Qələndərovanın əridir. Digər stomatoloq Əlikömək Əliyev isə Vasif Əliyev tərəfindən qanunsuz əsaslarla xəstəxananın ümumi şöbəsinin müdiri vəzifəsinə yüksəldilmiş şəxsdir. Həm də, Əlikömək 1 ildir xuliqanlıq maddəsi üzrə xəstəxana direktoru tərəfindən şərlənən qondarma cinayət məsuliyyətinə cəlb edilmiş laboratoriya müdiri Zeynal Əliyevin qardaşıdır. Yəni, şikayətçi stomatoloqun biri poliklinikanın yeganə ayaqyolusunu arvadının sərəncamı ilə dağıdıb öz mülkünə çevirmiş şəxsdirsə,digəri də şantaj və qorxu ilə Vasif Əliyevin əlaltısına-troluna çevrilmiş zavallıdır.

Bu ölkəni idarə edənlər onu da bilməlidirlər ki, ilkin ifadəm alındıqdan sonra sabiq müstəntiq Vüsal Sadıqov əslən Qazax rayonundan olduğunu və prokuror İlqar Hacızadə ilə qohum olduğunu bildirərək, bir gün sonra sərbəst buraxılacağımın müqabilində məndən 10 min manat rüşvət istəmişdir.

Müstəntiq prokurorun məmur dostları barədə "demokratik.az" saytında yayımladığım tənqidi yazıları silməyi də qarşıma şərt qoymuşdur. Əks halda rayon prokurorunun başıma daha böyük oyunlar açacağını, məndən əl çəkməyəcəklərini bildirmişdir. Sabiq müstəntiq səlahiyyətlərindən sui istifadə edərək, nümayişkaranə şəkildə prokuror İlqar Hacızadə ilə telefon əlaqələri yaradaraq sonuncudan mənə qarşı qanunazidd göstərişlər almış, vəkilin iştirakı olmadan məni dindirmiş, dediklərim əsasında natamam izahat materialı hazırlamışdır.Saxlanıldığım andan mənimlə nəzarətsiz davranılmış, prosessual qanunvericiliyin tələbləri qəsdən pozulmuşdur. Hətta, yaxınlarıma telefon zəngi etmək, tutulduğum barədə məlumat vermək hüququm da tam məhdudlaşdırılmışdır. Yəni, CPM- nin 90-cı və 91-ci maddələrinin tələbləri də müstəntiq tərəfindən məqsədli qəsdlə pozulmuşdur.

  Sabiq müstəntiq 6 iyul 2022-ci ildə müvəqqəti saxlama yerinə gələrək mənimlə görüşmüşdür. Yuxarıdakı tələblərinə boyun əyməyəcəyimi və məndən rüşvət qopara bilməyəcəyini anladıqdan sonra qondarma cinayət işinə süni əsaslar yaratmaq və yuxarı orqanları "reket jurnalist" olduğuma inandırmaq məqsədilə 6 iyul 2022-ci il tarixdə Göygöl xəstəxanasının daha 6(altı) əməkdaşını məcbur qaydada yalançı hal şahidi və zərərçəkmiş şəxslər qismində şər-böhtan kompaniyasına cəlb etmişlər. İş materiallarından görünür ki, akademik Ramiz Mehdiyevə məxsus "Yeni Gəncə" tibb mərkəzinin baş həkimi Mahir Babayev və həkim Knyaz Rəhimovun adından tərtib edilmiş ərizələr də qondarma cinayət işinə məhz 6 iyulda əlavə edilmişdir. Ehtimal ki, həbsimdə Ramiz Mehdiyevin də gücündən və mənə qarşı düşmənçilik maraqlarından istifadə edilmişdir. 7 iyul 2022-ci il tarixdə işə dair ilk məhkəmə şousu keçirilmişdir. Hakim Qələmdar Abbasovun 4(066)-69/2022 saylı qərarı ilə heç bir dəlil və yetərli sübut olmadan, müstəntiqin mülahizələri və prokurorun hikkəsi əsasında barəmdə 4 ay müddətinə həbs-qətiimkan tədbiri seçilmişdir. Həmin gün polis rəisinin göstərişi ilə şöbənin çoxlu sayda əməkdaşı məhkəmənin təşkilinə cəlb edilmiş, məhkəmə binasına giriş-çıxış tamamilə qapadılmışdır.

  8 iyul 2022-ci il tarixdə isə Vüsal Sadıqov prokurorun diqtəsilə mənə və ailə üzvlərimə qarşı bağışlanmaz hüquqi-mənəvi işgəncə aktı gerçəkləşdirmişdir. O, prokurorun göstərişi ilə qanunu təhrif edərək Təcridxanada ailəmlə görüşmək, telefonla danışmaq kimi zəruri hüquq və azadlığımı məhdudlaşdıran bədnam qərar qəbul etmişdir. Qərar polis rəisi Zaur Nəsirovun təcridxanaya rəsmi məktubu ilə 70 gün icra edilmişdir. Planlı işgəncə mexanizmi yalnız 70 gün sonra Gəncə Apellasiya məhkəməsinin hakimi Elçin Xasməmmədovun çıxardığı 15 sentyabr 2022-ci il tarixli qərarla aradan qaldırılmışdır. Lakin, məhkəmə tərəfindən istintaqın tərtib etdiyi hüquqi-mənəvi işgəncə aktına dair aidiyyatı orqana təqdimat göndərilməmişdir. Ölkədə qanun aliliyi olmadığı üçün və həbsim siyasi mahiyyət daşıdığından DİN rəhbərliyinin və Baş Prokurorluğun gücü polis mayorunun adi töhmət almasına da yetməmişdir. Nəticədə mənfi presedentə yol açan prosessual özbaşınalıq halı cəzasızlıq mühitində növbəti rüsvayçılıq nümunəsi kimi yadda qalmışdır.

  Bildirirəm ki, Vüsal Sadıqov həqiqətən də, prokuror İlqar Hacızadənin qohumudur. Sabiq müstəntiq Qazax rayon polis şöbəsində komandir vəzifəsindən Hacızadənin köməyi ilə birbaşa Göygöl RPŞ-nin İB-nə müstəntiq gətirilib. Həbsimdən 1 ay sonra isə -22 avqust 2022-ci il tarixdə Göygöl RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə yüksəldilib.

  Vüsal Sadıqov müstəntiq kimi barəmdəki istintaq materiallarının saxtalaşdırılmasında, adıma saxta watcap hesabı yaradaraq istifadəsində, uydurma şikayət ərizələrinin hazırlanması və analoji hal tətbiqilə insanların şər-böhtan atmağa sövq edilməsində əsas iştirakçıdır. Haqlı şikayətlərimə baxmayaraq, o, indiyədək cinayət xarakterli əməllərinin məsuliyyətindən asanlıqla kənarda saxlanılır.

  24 avqust 2022-ci il tarixdən cinayət işinin istintaqı polis kapitanı Röyal Məmmədova dövr edilmişdir. İbtidai istintaqı davam etdirən yeni müstəntiq də şər-böhtan kompaniyasının iyrənc təzahürlərini davam etdirmişdir. Röyal Məmmədov da sələfinin özbaşınalıqlarını eyni əhatə dairəsi üzrə davam etdirmiş, qanunları ələ salmış, prokurora və şəxsi-maddi maraqlara nökərçilik edərək CPM-nin ziddinə yönələn cinayət işini 7 ayadək uzadaraq saxta ittiham-aktı ilə yekunlaşdırmışdır. İstintaq materiallarının saxtalaşdırılması prosesi növbəti müstəntiqin də icraatında davam etdirilmiş, zəruri istintaq hərəkətləri aparılmamış, ziddiyyətlər və şübhələr aradan qaldırılmamış, tabeli maraqlı şəxslərin və qohumluq əlaqələrində olanların bəzəkli mülahizələri təsdiq edilmiş fakt kimi ittiham aktına əlavə edilmişdir. Yəni Röyal Məmmədov da həvəslə rayon prokurorunun başçılıq etdiyi şər-böhtan dəstəsinə maşalıq etmişdir.

  İbtidai istintaq sənədlərinə görə, iş üzrə 8 nəfər şəxs müstəntiq Röyal Məmmədov tərəfindən zərərçəkmiş şəxslər qismində tanınmışdır. Hansı ki, bununla prokurorun özü və əlaltısı Azərbaycan Respublikası Cinayət prosessual məcəlləsinin 87-ci maddəsinin tələblərinə də şəxsi mənfəətləri naminə tüpürmüşlər. Belə ki, CPM-nin 87-ci maddəsinə görə, zərərçəkmiş şəxs o kəsdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına dair kifayət qədər əsaslar mövcud olsun. Yalnız o halda bir şəxs zərərçəkmiş şəxs kimi tanına bilər. Hansı ki, ibtidai istintaqda zərərçəkmiş şəxs kimi elan olunan şəxslərin heç biri tərəfimdən heç bir maddi, nə mənəvi, nə də fiziki zərərə məruz qalmamışdır. Yəni zərərə dair istintaqda heç bir dəlil aşkarlanmamışdır, hətta izahat və ifadələrdə də, şikayət ərizələrində də zərərin olmasına dair əsaslar müstəntiqə aydın olmamışdır. Sadəcə olaraq Göygöl prokuroru öz dostları Vasif Əliyevin, İlqar Məhərrəmovun və qeyrilərinin cinayət xarakterli əməllərinin ifşasına dair "demokratik.az" saytında dərc etdiyim məqalələri əsas götürmüşdür. Yəni, jurnalist-peşə fəaliyyətimi cinayət hadisəsi hesab etmiş, məqsədli şəkildə öz qulluq mövqeyini aşaraq, öz səlahiyyət imkanlarını dövlətin və mənim qanunla qorumalı olan fundamental hüquq və azadlıqlarının təcavüzünə yönəlmişdir. Əks halda sizcə özləri cinayət əməli törədən, prokurorun himayəsində ayrılan dövlət vəsaitlərini talayıb varlanmış Vasif-İlqar kimiləri niyə belə asanlıqla zərərçəkmiş kimi tanınmışlar?

  Bildiyiniz kimi Azərbaycan Respublikası CPM-nin 206-cı maddəsinin tələbinə görə, kütləvi informasiya vasitəsində yayımlanmış məlumatlarda cinayət tərkibinin əlamətləri mövcud olduqda bu hal cinayət işinin açılmasına əsaslar yaradan haldır. "Demokratik.az" saytının arxivinə diqqət etsəniz görərsiniz ki, 2018-2022-ci illərdə prokurorun dostları Vasif Əliyevin Göygöl xəstəxanasına necə divan tutması, İlqar Məhərrəmovun Göygöl SSİ rəisi kimi hansı cinayət əməlləri törətməsi tərəfimdən dəfələrlə işıqlandırılıb. Elə PA-nın sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin AMEA-da və "Tərtər işi"ndə nə oyunlardan çıxması da demokratik.az saytında xeyli tirajlanıb. Lakin, Baş Prokurorluq müraciətlərimə və qanunvericiliyə riayət etmədən onların heç birinə cinayət işi açmayıb. Baş Prokurorluq da, Göygöl prokuroru da özbaşına məmurların məsuliyyətdən kənarda saxlanılmasına xidmət göstərib. İndi də tənqidi jurnalistika fəaliyyətimi həzm etməyən bir prokuror illərdir rüşvət və dostluq müqabilində məsuliyyətdən yayındırdığı korrupsioner şəxsləri zərərçəkmiş elan edib. Həqiqət carçısına namərdcəsinə, şər-böhtanla hücum çəkilərkən də istintaq materialları olan məqalələrin əsl mahiyyəti araşdırılmayıb. Ayrıca komissiya yaradılarsa, qəti əminəm ki, 5 ildə 8 köməkçi dəyişmiş, barəsində dəfələrlə cinayət icraatı olmuş Göygöl prokurorunun prezident İlham Əliyevin anti-korrupsiya çağırışlarını necə qulaqardı etdiyi, rayon məmurları ilə birləşərək irimiqyaslı korrupsiya bataqlığı yaratdığı ortaya çıxmış olar. Məhz korrupsiya mexanizmini qorumaq məqsədidir ki, ictimai nəzarətçilik missiyamı düşmən kimi qarşılayan prokuror bac-xərac aldığı məmur dostlarının cinayət əməllərinə lal-kar-kor kimi olub. Dövlət özü istəmədikcə isə belələrinin dilini tərbiyələndirmək, gözünü nurlandırmaq, qulağını sağaltmaq çox müşküldür.

  İstintaq zamanı epizodlar üzrə dəqiqləşdirmələr də aparılmamışdır. Yəni müstəntiq Röyal Məmmədov şikayətçilərin iddia etdikləri tarixlərdə harada olduğunun (anten dairəsi) müəyyənləşdirilməsi üçün sorğular verməmişdir. Bununla zərərçəkmişlərin yalanlarının üzə çıxmasının qarşısını almışdır.

  Cinayət işi üzrə istintaq müddəti də süni qsydada uzadılmışdır. Röyal Məmmədov üzləşdirmələri həbsimdən 6 ay sonra gerçəkləşdirmişdir. Üzləşdirmələrdə qarşı tərəfin ifadələri təhrif edilmiş, protokollar saxtalaşdırılmışdır. Müstəntiq müvafiq ekspertizanın aparılmasını və telefon zənglərinin çıxarılmasını da aylarla gecikdirmişdir

  Həbsdə qalma müddətim sonuncu dəfə 27 yanvar 2023-cü il tarixdə 15 gün müddətinə uzadılmışdır. Təsəvvür edin ki, həmin gün Bakı şəhərində Baş Prokurorluğun kollegiya iclasında olan prokuror İlqar Hacızadənin saxta imzası və təqdimat məktubu ilə məhkəmə şousu keçirilmişdir. Prokuror həddini aşdığından istintaq dövründə bir dəfə də olsun məni qəbul etməmişdir.

  Bildiyiniz kimi cinayət işlərinə prosessual nəzarəti Baş Prokurorluq həyata keçirir.

  CPM-nin 91-ci və 122-ci maddələrinin tələbinə görə, təqsirləndirilən şəxs prosessual hərəkətlərdən və qərarlardan şikayət etmək hüququna malikdir.

  Qanunsuz həbsimə dair yuxarı orqanlara çoxsaylı şikayətlər etmişəm. Lakin, 4 cildlik cinayət işi materiallarından da göründüyü kimi, şikayətlərim yekunda özbaşınalıq edən, şər-böhtanla məni həbs etdirən prokurorun özünə geri göndərilmişdir. Yekunda isə dünya hüquq sisteminə nonsens olsun deyə, şikayətlərim şikayətçi olduğum müstəntiq Röyal Məmmədov tərəfindən vəsadət kimi qiymətləndirilərək əsassız sayılmışdır. Hüquq elminə şər-böhtanla yenilik gətirən prokuror və müstəntiq öz əməllərinə də özləri qiymət verməyi bacarmışlar. Yuxari dövlət orqanları və Baş Prokurorluq da vətəndaş müraciətləri haqqında qanunun 9-cu maddəsinin və CPM-nin tələblərini qəsdən pozmuşlar.

  İş materiallarından o da aydın olur ki, məni şərləyən şəbəkə qanunsuz həbsimə dair şikayətlər edən həyat yoldaşımı susdurmaq üçün onu da həbslə hədələyiblər. Məktəbli övladlarım barədə Göygöl icra hakimiyyətinə və polis şöbəsinə uydurma şikayətlər hazırlayaraq məni və həyat yoldaşımı övladlarımla da təhdid ediblər.

  Dövlətin başbilənləri anlamalıdırlar ki, yerli hüquq mühafizə orqanlarının fəaliyyətinə nəzarətsizlik ucbatından təkcə qanunlar çeynənilmir, özbaşına prokurorun və məmur ətrafının çirkin əməlləri ucbatından bir neçə ailə arasında düşmənçilik və nifaq toxumu səpilir.

  Sonda CPM-nin 1-ci maddəsini yada salıram: "Cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq,ittiham və ya məhkum etmək mümkün olmasın. Eləcə də hər kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın".

  Belədirsə, prezident İlham Əliyev və Baş prokuror Kamran Əliyev başda olmaqla dövlətin hüquq sistemini iflic hala gətirən İlqar Hacızadə kimilərə sual edirəm. Necə olub ki, öz vətəndaşlarına demokratiyadan,hüquq və azadlıqların qorunmasından dəm vuran müzəffər bir dövlət günahsız jurnalistin həbsinə hələ də çəpik çalır? Niyə mən korrupsiya bataqlığında boğulmuş əyalət prokurorunun və harın dostlarının şər-böhtanı qarşısında tək qalmışam? Bəlkə qorxmadan deyəsiniz ki, bu ölkə qanunlarla yox, şəxsi-maddi maraqlarla idarə olunur?

Oxşar xəbərlər