“Ermənilər əsirləri gözümüzün qabağında toka verib, əylənir, külə döndərirdilər”
Sinəsinə erməni xaçı çəkilən, 9 ay əsir həyatı yaşayan Mailin danışdıqları hansısa filmin parçası yox, öz gerçəklikləridir.
Müharibələr, təbii fəlakətlər, yaşanılacaq bütün hadisələr insanlar üçün bəlkə də bir sınaqdır. Mövzunu çox uzatmadan dəhşətli faciələrlə imtahana, bəlkə də şanssızlığa düçar olan bir şəxsiyyəti, bir coğrafiya, bir məmləkətin qürur mənbəyinə çevrilən insan övladının xatirələrini sizlərə təqdim edirik. Bəlkə də Mailin hekayəsini oxusanız, yuxarıda yazdıqlarım heç yaddaşınızda belə qalmayacaq. Elə özüm də onun yaşadıqlarını eşidəndə günlərlə özümə gələ bilmədim. Bəlkə də Maili tanımayan yoxdur. Amma gəlin qısaca onun bioqrafiyasına nəzər salaq...
Mail Məmmədovu tanımayanlar üçün:
Mail Məmmədağa oğlu Məmmədov 1971-ci il martın 10-da Göyçay rayonunda anadan olub. Burada boya-başa çatan Mayıl 1989-cu ildə sovet ordusunda həqiqi hərbi xidmətə yollanıb, 1991-ci ildə isə vətənə geri dönüb. Bir müddət Göyçay rayonunda qaldıqdan sonra könüllü olaraq Binəqədi qəsəbəsi ərazisində Rəhim Qazıyev və Etibar Məmmədovun təşkilatçılğı ilə yaradılan könüllülər dəstəsinə yazılıb. Hazırda evlidir, iki övladı var. Ucar rayonunda yaşayır. Prezident təqaüdü alır, maşın və evlə təmin olunub.
Sinif yoldaşının sözünü götürməyən Mail görün nələr yaşadı!?
- Mail bəy, sizi ilk dəfə Birinci Qarabağ müharibəsinə çəkən nə oldu? İstərdik elə lap əvvəldən başlayaq,müharibəyə necə yollanmağınızdan?
- Mən doğulduğum gündən başıbəlalı adamam və bəri başdan deyim ki, erməni vəhşilərinin qanıma dizel mayesi vurduğu üçün hadisələri qarışıq danışsam, hər kəs üzrlü saysın. Yəni mən yarım adamam. Sovet ordusunda əsgərliyimi çəkib geri döndüm. Bir müddət təsərrüfat işlərində atama kömək etdim. Bir gün atamla çaladan qamış biçməyə getmişdik. (Həyətimizdə iş görmək üçün hazırlıq idi).Qısası, qamış biçəndə bir sinif yoldaşım var –uşaqlıqdan qanımı içməyə hazırdı, səbəbini də bilmirəm, gəldi. Bildirdi ki, sabah Qarabağa yollanır. Könüllü döyüşəcək. Kinayəylə dedi ki, sən isə atanla çalalarda qamış biç, gizlən. Bu söz məni darmadağın etdi, atamın yanında buna bir şey deyə bilməsəm də, bircə onu dedim ki, mən səndən əvvəl çağırış məntəqəsində olacam.
Vidalaşacaq kimsə belə yox idi...
Əsəbdən gecəni yatmadım, cibdə pul yox, evdəkilərdən də pul istəsəm hara getdiyimi biləcəklər. Odur ki, səhər açılan kimi qonşunun avtobusuna minib rayona yollandım. Yolda sürücüyə vəziyyəti izah etdim ki, pulum yoxdur, evə qayıdan kimi pulunu verəcəm, o da razılaşdı. Nə isə gəldim hərbi hissəyə. Könüllü xidmətlə bağlı istəyimi bildirdim. Hərbi hissədəki şəxs atamla dost olduğu üçün dedi ki, bir şərtlə göndərərəm, ərizə yaz. Bunu da etdim və könüllüləri Bakıya gətirən maşına yaxınlaşdım. Elə bu zaman sinif yoldaşımın ana-atasına sarılıb ağladığını gördüm. Astaca ona dedim ki, gördünmü kim daha əvvəl gəldi. Vidalaşma bitdi. Bu arada, evdən gizli gəlmişəm, bir növ ölümə gedirəm, amma vidalaşacaq kimsə yoxdur. Oturduq maşına, bizi Bakıya gətirdilər . (Həmin vaxtlar hamı Bakıya gəlib ordan cəbhə xəttinə yollanırdı) Bizi əvvəlcə indiki Rəsulzadə qəsəbəsinə gətirdilər. Orada Rəhim Qazıyev, Etibar Məmmədov, İsgəndər Həmidovun təşkiçılatçılğı ilə milli orduya könüllüləri toplayırdılar. Orada Tovuzdan da evin bir oğlu olan uşaq var idi. Hardasa 50 nəfər idik. Gecə idi, Rəhim bəy gəldi ki, ruslar Pirəşküldəki hərbi hissədən ölkədən kənara silah çıxaracaq. Bunun qarşısını almaq lazımdır. İçimizdə bir tovuzlu, bir də mən təcrübəli sayılırdıq (sovet ordusunda xidmət keçdiyimiz üçün bizi adam yerinə qoyurdular). Qərara alındı ki, biz və bir neçə nəfər Rəhim bəy ilə maşınlara minib silahları ruslardan almağa gedək. Mən də əsgərlikdən qaz balonları gətirmişdim, bunu onlara dedim. Maşın tutdular, rayona gəlib balonları apardım. Bu ərəfədə ruslarla atışma oldu, iki nəfər əsgərimizi orada şəhid verdik, ancaq yenə də rusların qarşısını ala bildik. Fəhmin Hacıyevə zəng gəldi ki, Nasosnıdan silah çıxaracaqlar. Ora yollanıb, aparılan silah maşınını tərksilah etdik. Orada silahları götürərkən rus zabiti əlimi silah dolu sandıqların arasında qoymaq istədi, Fəhmin bəy onu avtomatın qundağı ilə vurub yerə yıxdı. Beləcə, oradakı silahları da xilas etdik. Qayıdıb qərargahda oturmuşduq, anidən hərbi hissənin qarşısından bir "Ural" maşın içəri daxil oldu. Biz əvvəlcə bunun rusların hücümü olduğunu düşünsək də, sonradan məlum oldu ki, Allah bunların yolunu azdıraraq öz ayaqları ilə ayağımıza gətirib. Həmin dəqiqə maşını dövrəyə alaraq, bir maşın silahı da ələ keçirdik. Nə qədər canlı texnika, silah toplamışdıqsa hamısını Xocalı və başqa cəbhəyanı rayonlara göndərirdik.
"Rus satqınları bütün "KamaAZ"-Ların tormoz sisteminin vakumunu boşaltmışdılar...”
Daha sonra yanımıza Rövşən Cavadov gəldi, oradan Laçına xüsusi dəstə yığmaq üçün təklif verdi. Rəhim Qazıyev bizi sıraya düzüb dedi ki, kim könüllü Qarabağa getmək istəyirsə, ərizəsini yazıb mənə versin. Ərizə yazdım və məni də sürücü kimi yanlarına götürdülər. Tovuzlu dostum bildirdi ki, mən evin tək oğluyam, getmək istəmirəm. Rəhim bəy ona etiraz etmədi və dedi ki, özün bilərsən. Bizdə "KamAZ maşınları var idi, içini silahla, ərzaqla yükləmişdik. Bizim oraya gedəcəyimizi bilən rus satqınları bütün "KamAZ"-ların tormoz sisteminin vakumunu boşaltmışdılar ki, dağlıq ərazilərdə dərədən aşıb məhv olaq. Bunu Laçında yüksəkliklərə qalxıb-düşəndə bildik. Yolda Rəhim Qazıyev öz maşını ilə bizi müşayiət edirdi. Qəfildən o, maşını yolda saxlayıb, bir avtomatlı gənci maşınına mindirdi. Biz deyilən əraziyə çatdıq, qərargah quruldu. Qərargahın dörd tərəfinə post yaradıldı. Mən yeməkləri əsgərlərə paylayanda gördüm ki, bu yolda avtomobilimizə minən satqın Rəhim bəy üçün düzəldilən yatağa uzanıb. Əlindəki avtomatı da sanki hazır tutub. Dedim, niyə orada uzanmısan, ora bəyin yeridir. Qayıtdı ki, "mən bəy-filan hərləmirəm ". Buna baş qoşmadım. Amma çölə çıxanda bildim bu adamın xətası olacaq. Sən demə, bu kimdənsə əmr gözləyirmiş. Belə də oldu, hərbi hissənin həyətinə bir maşın girdi, havaya tapança ilə maşından atəş açılan kimi içəridəki satqın silahı ilə yoldan yorğun gəlib yatan əsgərləri biçməyə başladı. Rəhim bəy çevik tərpənib yatağın altına atıldığı üçün güllə topuğundan dəymişdi.
"Satqın Gəncədən idi, öyrədilmiş adam idi”
Rəhim bəyin yanında Bülbülə kəndindən Nail adlı polkovnik var idi. Həmin Nail satqının başına bir daraq patron boşatldı. O gənc Gəncədən idi. Öyrədilmiş adam idi. 7 şəhidimiz oldu. Amma sonradan o hissədə kimsə qalmadı, hamı dağıldı.
Yenidən qayıtdım Bakıya, həmin yerdə Rövşən Cavadov xüsusi təyinatlılar toplayırdı. Ona dedim ki, mənə könüllü olaraq yanında döyüşməyə icazə ver. Amma o, burada sadəcə XTPD-çi lazım olduğunu deyərək məni rədd etdi. Ancaq Rövşən rəhmətlik, hərbi biletimə qulluq etdiyimi subut edən möhürü vurub məni evimə yolladı. İki ay evdə qalıb yenidən Biləcəriyə gəldim.
-Bəs sonra necə oldu? Döyüş meydanına necə qayıtdınız?
-O vaxt İsgəndər Həmidovla Fəhmin Hacıyevə qoşuldum, birlikdə Ağdərəyə getdik. Getdiyimiz yüksəkliklərə ancaq atla getmək mümkün idi. Orada yerləşdik, beləliklə, Qarabağ dəhşətləri başladı...
Yerləşdiyimiz postda binanın yeraltı yolu var imiş. Məndə də belə hissiyyat var, hara getsəm oranı gəzib araşdırıram. Ayağımı yerə vurdum, o an gördüm ki, aşağıdan səs gəldi, tez oraya düşdüm bir xeyli yol getdim və gördüklərimə inana bilmirdim...
İllərdən bəri qutulara yığılmış çaxır butulkaları...Bir az daha qabağa getdikdə gördüm ki, həmin yeraltı yol Çıldıran dağına çıxır. İlahi, oralar necə də gözəl idi. Bu arada, deyim ki, həmin zirzəmidə stəkanlar, boşqablar da var idi. Orda oturub ərazini izləyəndə anidən komandir yanıma gəldi və dedi ki, hələ bir binokulla əraziyə baxaq. Gördük ki, ermənilər bizi mühasirəyə alaraq, səsizcə yaxınlaşırlar. Təbii ki, vaxtında xəbər tutduq, atışma oldu ,həmin ərazini nəzarətə götürüb yüksəkliyi aldıq.
Sonra bizi kəşfiyyata göndərdilər. Gördük ki, Sırxavəndlə Vəngin arasında bir donuz ferması var. Ermənilər də armud ağacında özlərinə yer düzəldib, musiqiyə qulaq asırlar. Gizlincə gedib fermaya girdik, hər yer mina idi. Yanımdakı əsgər dostum istehkamçı olduğu üçün minaları zərərsizləşdirdi. Həmin əsgər mingəçevirli idi. Çox cəngəvər əsgər idi.
Fermaya girdik, içəridə donuz var idi. Bəlkə də 12 balası olardı, cumdu üstümüzə, qaçmağa başladıq , donuz erməninin minasına düşdü. Minanın səsinə ermənilər ayıldı, onları ordaca öldürüb ərazini nəzarətə aldıq. Arxadan bizə kömək gəldi, hər yeri bombaladıq. Aclıq idi deyə həmin donuzları bir neçə gün yedik. Ancaq bu gözəl əməliyyatlar bizə qara gəldi...!
-Mail bəy, nə baş verdi? Uğurlarınıza nə mane olurdu?
"Ən azı 80 nəfər dostumuz diri-diri yandırılmışdı”
-Biz kəşfiyyata getmişdik, qayıdanda bütün uşaqların yanmış meyitlərini gördük. Əsgərlərimiz yorğunluqdan yatdığı üçün ermənilər onları tərksilah edib, fermada diri-diri yandırmışdılar. Hara baxırdıqsa mina idi, başladıq meşəyə girməyə. Düşünün, biz nə gündə idik? Ən azı 80 nəfər dostumuz diri-diri can vermişdi.
Bizi iki şey uduzdurdu. Birincisi satqınlıq, ikincisi isə aclıq. Bizimlə qalan uşaqların hamısı yüksəklikdən yanan fermaya baxaraq ağlayırdılar...
"Mənə məzəmmət edən sinif yoldaşım bizi atıb qaçdı”
Əsgərlərimizdən biri isə hər yerindən yaralanmışdı. Onu aparmaq üçün qucağıma almaq istəyəndə erməni snayperi yaralı əsgərin ürəyindən iki atəş açaraq, onu şəhid etdi. Bir dənə də "Qrad" atdılar, özümüzü güclə çaya atdıq. Amma həmin sinif yoldaşım var idi ha, o, bizi atıb qaçdı. Ölümcl yaralı əsgərlə tək qalmışdım... Bir azdan o öldü. Qayanın altını əllərimlə dağıdıb, nəşini ora basdırdım.
Şəhidimizi basdırıb uşaqlarımızın yanına gəldim. Dedim, gəlin, çayın içi ilə gedək, onlar razılaşmayıb bizi yolla apardılar. Ermənilərlə ilə qarşılaşdıq. Yanımıza bir "Qrad" atdılar, 4 əsgərimizi tikə-tikə etdi, məni də götürüb tulladı harasa. Gerisin xatırlamıram. Ermənilər məni tankın üstünə bağlayıb Martuniyə gətirdilər.Orada ayılıb gördüm ki, məni kəndin içi ilə aparırlar. Bütün kənd camaatı yığılmışdı, kimi tüpürür, kimi daş atır, kimi təpikləyirdi... Bütün dişlərim tökülmüşdü.
9 aylıq əsir həyatı!
Məni bir yerdə salıb dizi üstə oturtdular. Yanıma bir rus zabit gəlib başımın ortasına bir almanı qoydu və başladı almaya bıçaq atmağa. Almanı ikiyə bölüb verdi ki, bunu ye. Yemək istədim, amma nə etdimsə dişlərim olmadığı üçün almanı yeyə bilmədim. Mənə ilk sualları belə oldu: "Neçə erməni öldürmüsən?”.
Çox sorğu-sual etdilər dedim ki, mən ilk gəldiyim gün idi, siz məni əsir tutdunuz. Onların ən çox qorxduqları bizim OMON və könüllülər batalyonu idi. Çünki OMON-çular erməniyə qan uddurmuşdu. İçəridə bir azərbaycanlı əsir mənə yaxınlaşıb pıçıldadı ki, bunlara nə deyirsən de, amma bir söz de mütləq.
Rus zabiti: "Siz də pul versəniz erməniləri də öldürərəm”
Rus zabiti boynuma necə vurdusa, bir anlıq elə bildim ki, hulqumum boğazımdan çıxdı. Sonra alnıma təpiklə vurdu, arxadakı "fanarka ” başıma keçdi. Mənə bağırdı ki, sənin başın dəmirdi. Başım fanarkadan keçib tərpənə bilmirəm, bir də avtomatın qundağı ilə bütün gücü ilə vuraraq qolumu qırdı. İki qolumu, ayaqlarımı və qabırğalarımı qırmışdılar. O rus mənə 20 yanvar günü çəkilən şəkilləri göstərərək dedi ki, bax bu camaatı biz qırmışıq. Sabah siz də pul versəniz, erməniləri də öldürərəm...
Məni hər gecə tək beton üstə yatırırdılar. Təsadüfə baxın, Rusiyada mənə zülm edən erməni zabit burada da qabağıma çıxdı. Onsuz da yaralıidim, amma bunlar da dəmirin arasına məni qoyub, hər yerimi sındırdılar. Hər gələn təpik vururdu. Allaha yalvarırdım ki, məni öldürsünlər, amma öldürmürdülər, sadəcə zülm verirdilər. Əlimə silah keçsə ətrafdakıları öldürüb sonra da özümü vuracaqdım, amma əllərim açılmırdı, iki əlim, qolum da sınmışdı...
"Boğazlarında zəncir, bir-birinə bağlı olan insanlar gəzişirllər”
Sabah oldu, məni DTK-nın əcridxanasına aparırdılar, küçəylə gedirdik. Yolun kənarında iki erməni "Moskviç" düzəldirdi, birinin əlində mantirovka vardı. Uzaqdan gəlib erməniyə dedi ki, bu türkdü? O da "hə” deyən kimi əclaf armaturu elə vurdu ki, qolum təzədən dirsəkdən qırıldı, sümüyüm dəridən çıxdı. Məni gətirib alçaq daş hasarın üstündən biri sınıq qollarımdan, biri isə ayaqlarımdan tutub türmənin həyətinə tulladılar. Onu da deyim ki, insan yaradılanlardan ən möhkəm olandı. Mənə elə zülm verirdilər, amma ölmürdüm. Elə şokda idim ki, ağrıları da hiss etmirdim. Türmənin həyətində gözümü açanda gördüm ki, boğazlarında zəncir, bir-birinə bağlı olan insanlar gəzişirllər. Kişilər ayrı, qadınlar da ayrı idi. Məni bu qədər ağrı-əzab yox, qadınlarımızın o vəziyyətləri sarsıtdı. Qadınlarla bağlı elə şeylər var ki, danışa bilmirəm...
(Mail bəy danışanda tez-tez sanki şoka düşür, bir saatlıq müsahibə 3 saatdır davam edir).
"Avtomat ata bilməyim deyə qolumun zingini çəkiclə əzdilər”
Gördüm, əsirlərə zülm edən erməni əsgər məni görən kimi çağırdı, sürünə-sürünə yanına gəldim. Mənə ilk sualı bu oldu: Azərbaycanın harasındansan? Dedim, Göyçaydan. Qayıtdı ki, burada nə ölümün var axı? Dedim torpaqlarımı qorumağa gəlmişəm. O, yerdən bir ovuc torpağı gətirib soxdu ağzıma, dedi ki, al sənə torpaq. Orda məni gipsə saldılar. Nəfəs ala bilmirdim. Məni ordan çıxarıb başqa yerə aparıb zirzəmiyə saldılar. Orda gipslərimi açıb təzədən bütün yerlərimi sındırdılar. Avtomat ata bilməyim deyə qolumun zingini çəkiclə əzdilər. Aylarla məni zirzəmidə saxladılar. Bit basmışdı məni. Əlimi saçıma, üzümə çəkəndə ovuc dolusu bit tökülürdü.
Ukraynalıların bizi çox istəməyini ilk onda bildim...
Bir gün məni türmənin həyətinə çıxartdılar, hər yer qar idi. Mənə dedilər ki, odunları doğra baltanı götürdüm ki, oduna vurum, qolumdan qan sifətimə fışqırdı. Həmən əsnada da bizim qırıcılardan birini vurdular. Paraşütlə bir ukraynalı gəlib düşdü türmənin həyətinə. Bu ukraynalı biz tərəfdən döyüşürmüş. Ancaq bunu döymədilər, özü üçün istədiyi kimi gəzişirdi. Ona deyirdilər ki, səni buraxaq, get Ukraynaya, sonra Azərbaycana qayıt səni qəhraman elan edib yenidən pilot edəcəklər. Sən də həmin qırıcını götür bizə gətir, sənə ömürlük var-dövlət verək. Ancaq ukraynalı onlarla razılarşmadı. Ukraynalıların bizi çox istəməyini ilk onda bildim.
Sonra başımıza çox müsibətlər gəldi. Bir dəfə də türmənin qarını mənə təmizlədəndə yerdən bir paçka pul tapdım. Mənə orda pul lazım olmadığından hansı erməni yemək, su verirdisə ona verdim. Onsuz da aylardır ac idim, mədəm yığılmışdı. Bədənimdə elə kir var idi ki, əlimi vuranda qat-qat olub tökülürdü.
Əsirlikdən qurtarmağıma az vaxtlar qala məni aparıb döyüb saldılar qaranlıq bir otağa. Hiss etdim ki, divarın küncündə kimsə oturub. Nə bu danışır, nə də mən... Birdən bu ermənicə mənə dedi ki, sən azərbaycanlısan? Dedim, bəli. Mən öz dilimizdə danışdıqca bu əclaf ermənicə cavab verir. Buna dedim ki, haralısan, dedi, Füzulidənəm. Dedim: "Bəs niyə ermənicə danışırsan?”
Bu ermənilərə xoş gəlmək üçün onların dilində danışırdı, əldəqayırma qurğuşunla hər gün bir Xocalı əsirini çıxarıb həmin qurğuşunla başını üzürdü. Mən inana bilmirdim ki, bu alçaq millətinə niyə belə düşməndi.
Bir gün də məni çağırıb dedilər ki, hansısa yüksəklik uğrunda gedən döyüşdə sizinkilər 4 desantımızı əsir aparıb, qalan 20 nəfəri öldürüblər. Biz də onun əvəzində 18 cavan əsgərinizi əsir tutmuşuq. Əgər 4 nəfər desantımıza nəsə olsa sizi diri-diri basdıracağıq. Çox çəkmədi ki, böyük qutular gəldi, açıb baxanda gördük ki, bizimkilər həmin 4 desantı tikələrə ayırıb ermənilərə göndəriblər. Ondan sonra 18 qəbr qazıldı. Əsgərlərimizi tək-tək və diri-diri basdırdılar. 11 nəfər öldükdən sonra növbə mənə çatanda bir erməni qışqırdı ki, ona dəyməyin, onu erməni polkovniki ilə dəyişəcəyik. Nə isə mənə dəyməsələr də həmin 7 gənci də aparıb hardasa öldürdülər.
Bəlkə də səsim bütün Yerəvanda eşidildi...
Məni o qədər ora-bura gözübağlı aparmışdılar ki... Mən hər yeri gözübağlı əzbər tanıyırdım. Gözlərim hər açılanda iki gün kor olurdum. Amma onu da deyim ki, onların əsirləri sağ olanda onlara əl vurmurdular. Sadəcə fermada işlədirdilər. Mənim orda tək dərdim siqaret idi. Yeməksiz yaşamağa öyrəşmişdim. Çörəyimi erməniyə verib siqaret alırdım.
Sonra məni yerin altından harasa gətirib bir hərbi hissəyə apardılar. Gözlərim bağlı idi, amma həmin səngərə girdik, düz bəlkə də 1 km yolu piyada apardılar. Orada başıma bir çaynik su tökdülər. Başımın dərisi sıyrılıb töküldü arxaya. İnanın, əlimlə başımın dərisini qabağa çəkdim. Necə qışqırırdım... Bəlkə də səsim Yerevanda eşidildi... Sonra məni zəncirlədilər.
Bunların Pasxa bayramı idi, bir qoyun, bir donuz kəsib yekə bir qazana doldurdular. Yekə bir qazan yemək bişən zaman bizim qırıcılar oranı bombaladı, hamısı qaçdı. Tez əlimi qazana salıb doyunca yedim mədəm şişdi. Bunlar qoyunu kəsəndə mən xəyal edirdim ki, ay Allah, nə ola qoyunun o, quyruğundan bir parça çiy-çiy yeyəm. Allah da səsimi eşitdi yəqin, bir ay idi ac idim.
Çox çəkmədi, bunlar bombardmandan sonra geri gəldi. Mən isə zəncirdə idim. Heç yerə qaça bilməzdim. Ermənilərin içində bir az yaxşısı var idi, gəldi mənə bir qab yemək verdi ki, ye. Yalandan dedim ki, yemirəm, yeməyin iyisi məni vurub.
"Çarmıxa çəkib,yekə bir xaçı sinəmə qoydu, üstündən də..."
40 nəfər əsirimizi gətirib bizim əsgər marşını oxudurdular. Ancaq bizim əclaflar qorxduğu üçün "Südüm sənə halal olmaz sən baş əysən düşmənə” hissəsini demirdilər, amma ermənilər bunu bilirdi. Onlar bu hisssəni desə də, deməsə də, əsgərlərimizi çırpırdılar. Mənə də marşı oxutdular, mən isə uşaqlardan fərqli olaraq, həmin hissəni dediyim üçün məni gətirib işgəncə verdilər. Gerisini xatırlamıram, huşumu itirmişəm. Özümə gələndə çarmıxa çəkdilər. Bir qaradərili dəmirdən yekə bir xaç kəsib isti peçdə qızdırıb sinəmə qoydu və üstündən xaçı sinəmdən qopartdılar. Sonra alnıma bir qab köz basdılar, qulağımın dalın kəsdilər.
"Keçmiş müdafə naziri Ohanyan da gəlib məni gördü”
Bir müddət sonra onların məşhur Jannası məni gördü, onlardan soruşdu ki, bu 7 ayda çimib? Dedilər: "Yox”. Dedi: "Bunu aparın hamama çimizdirin”. Məni aparmamışdan qabaq çiməcəyim vannaya elektrik bağlayıblar. Suya girməyimlə elektrik məni vannaya çırpdı. Sonra Janna gəlib məni belə görəndə erməni əsgərlərinə dedi ki, kim bağlayıb bu elektriki. Əsgər "mən bağladım" deyən kimi Janna onu başından tapança ilə vurdu. Və heç nə demədən getdi. Jannadan sonra keçmiş müdafə naziri Ohanyan da gəlib məni gördü, amma heç bir işgəncə vermədən getdi.
"Ermənilər əsirləri gözümüzün qabağında toka verib əylənərək onları külə döndərirdilər”
Daha sonra isə Fransadan Qırmızı xaç cəmiyyəti bizi yoxlamağa gəlmişdi. Ermənilər məni normal bir otağa salıb dedilər ki, qonaqlarımız gəlib-gedənəcən səsini çıxarma. Qapının hava yerindən baxdım ki, dəhlizdə bir nadzor gəzişir. Ona yemək istədiyimi dəyəndə əclaf düz gözümə tüpürdü. İkinci dəfə qapıya yaxınlaşanda bir fransız qadın məni gördü, qapını açdırdı. Məndən kimliyimi soruşdu, paltarlarımın çürüdüyünü görüb, tapşırdı, mənə paltar verdilər, yaralarımı sarıdılar. Sonra o dedi ki, sənə kağız verəcəyik, gizlincə ailənə məktub yaz, istilik sisteminin arxasına qoy, biz ordan götürüb ailənə çatdıracağıq. Həm də dedi ki, sən artıq bizim siyahımıza düşdün, çox çəkməz, səni dəyişərik. O, nə demişdisə, etdim, bunlar gedəndən sonra tapdığım o puldan növbətçiyə verib dedim ki, məni süpürgəçi adı ilə o biri kameraya keçir, yəni bayaq kağızı yazdığım yerə. O da razılaşdı, getdim, baxdım ki, fransız xanım kağızı aparıb. Sonra məlum oldu ki, o, evimizə qədər həmin məktubu aparıbmış. Sonra məni Xankəndinə gətirdilər, bəlkə 20 dəfə aparıb gətirəndən sonra məni toka verirdilər.
Ermənilər əsirləri gözümüzün qabağında toka verib əylənir, onları külə döndərirdilər. Sonra məlum oldu ki, məni bir qızın atası ilə dəyişəçəklər. Həmin qızın atası kolxoz sədriymiş. Atamgil həmin kişiyə neçə ay gözləri kimi baxmışdılar ki, oğlumuzla dəyişəcəyik. (Mənim dəyişməyimdə ən çox zəhmət rəhmətlik yeznəmlə bu günkü Vaqif Əliyevin üstünə düşüb. Yeznəm Tomskda prokuror işləyirdi. Sırf məni dəyişmək üçün oradan gəldi, amma sonralar ona burda iş vermədilər. Bir müddət kəndin icra nümayəndəsi işləyib rəhmətə getdi).
Məni əri ölmüş bir erməni qadın saxlayırdı. Ərini bizimkilərin öldürdüyünü bilən kimi mənə zülm etməyə başladı. Sonra başqa bir pullu erməni öz əsiri ilə dəyişmək üçün məni həmin qadından qaçırdı. Sonradan bildim ki, həbsxana rəhbərliyinə mənə görə 15 min pul verib. Pulu verən bu kolxoz sədrinin qızı imiş. Nə başağrısı verim, məni yenidən gətirdilər həmin qızın evinə. O, mənə paltar, yemək verdi.
Əsgərimizin sümüyünü də oradan gətirmək təsəlli idi!
-Səhərisi günü dəyişmə olacaqdı... Sərhəddə əlimdə qalan pullardan ermənilərə verib orada tankımızda vurulmuş əsgərlərimizin sümüklərini bir kisəyə yığıb özümlə gətirdim . Həmin yanan tankın nömrəsini götürdüm ki, komandirlər həmin gün bu tankda kimlərin yandığını bilsin. Və elə də oldu. Yəni mənim üçün əsgərimizin sümüyünü də oradan gətirmək təsəlli idi.
Məni Edik adlı erməni dəyişməyə gətirdi. Onu da deyim ki, həmin qız erməni kəndçilərinə qoymurdu ki, mənə əl vursunlar deyirdi ki, bunu atamla dəyişəcəyik.
"Bu gün torpaqlar alınsa yüzlərlə qəbir çıxacaq”
Orda ermənilər bizimkiləri 20-30 nəfərlə öldürüb basdırırdılar. Bu gün torpaqlar alınsa yüzlərlə qəbrlər çıxacaq. Qeyd etməyi unutdum, qəbirdən çıxardığım ağdamlını o ruslar və qaradərililər öldürmüşdü. Həmin ağdamlı əla boksçu idi. Onu orda pul qoyub qaradərililərlə döyüşdürüdülər. O da ilk yumruqda qaradərilini nakaut etdiyi üçün gecə onu təkləyib öldürdülər.
Bizim tərəfə keçəndə məni ilk Vaqif Əlisoy qarşıladı. Allah ondan razı olsun, onun sayəsində əsirliyimi yaşayarkən ölülüyümə dəyişdim... Ancaq öz tərəfimizə keçməzdən bir gün əvvəl ermənilər damarıma dizel vurduqları üçün şişmişdim. Elçibəy sağ olsun, məni hospitallara yolladı, Türkiyədən bu yana müalicə etdirdi, qanım təmizləndi. Sonra isə mənə pensiya, ev, maşın verdilər, amma 24 ildir ki, müalicəmi özüm etdirirəm.
Hazırda iki övladım var, vaxtları çatan kimi orduya göndərəcəm. Ancaq ən faciəlisi odur ki, Qarabağın hansı tərəfdə olduğunu bilməyən adamların qabağına çay qoymaqla ailəmə, özümə baxıram. Bax, bizim faciəmiz budur. Böyrəklərim artıq işləmir. Qaraciyərim daşlaşıb. Sabah isə Ali Baş Komandan əmr versə Qarabağa bu yarım canımla gedəcəm. Canımın yarısı Qarabağdadır, bu yarısını da gedib orda torpağımı azad edərək, şəhid qanımla sulayıb birləşdirəcəm. Həm yarım canlarım birləşsin, mənim ağrılarım başa çatsın, həm də Qarabağımız birləşsin, şəhidlərin qanı yerdə qalmasın.
Nihat Cəbrayıl