Demokratik.az saytının rəhbəri Osman Nərimanoğlu həbsinin səbəbini açıqladı

  • 11 iyul 2022, 19:12

Demokratik.az saytının rəhbəri Rzayev Osman Nəriman oğlu 5 iyul tarixində barəsində şikayət olduğu bildirilərək Göygöl Polis İdarəsinə çağırılıb və Azərbaycan Respublikasının CM-nin 182.2.2 maddəsinə əsasən şübhəli şəxs qismində saxlanılıb. Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, o, bu il iyunun 15-də Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev, iyunun 16-da Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İlqar Məmmədov, iyunun 18-də Göygöl Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Əlikömək Alıyev və həmin xəstəxananın həkimi Rəşad Əkbərovdan barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gələrək pul tələbinə görə tutulub. 2 gün sonra isə 7 iyul tarixində Göygöl rayon məhkəməsi tərəfindən Rzayev Osman Nəriman oğlu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bir gün sonra isə 8 iyul tarixində tələsik apelyasiya məhkəməsi keçirilib və eyni qərar qüvvədə qalıb. 

Osman Nərimanoğlu media nümayəndələrinə müraciət edib:

Məlumunuzdur ki, 05 iyul 2022-ci il tarixindən etibarən Göygöl Polis şöbəsində şübhəli şəxs qismində saxlanılmışam. Göygöl Mərkəzi rayon xəstəxanasının direktoru Vasif Əliyevin və tabeliyindəkilərin şər-böhtan xarakterli şikayətləri əsasında Göygöl RPŞ-nin müstəntiqi Vüsal Sadıqovun qərarı əsasında Azərbaycan Respublikasının CM-nin 182.2.2 maddəsi ilə barəmdə tutulmaq əmri çıxarılmışdır.

Bildirirəm ki, cinayət işinin heç bir əsası yoxdur və mən tamamilə heç bir cinayət əməli törətməmişəm və açılmış cinayət işi sifarişlidir.

Belə ki, uzun müddətdir ki, tənqid etdiyim Göygöl MRX-nin baş direktoru Vasif Əliyev və digərləri rayonun prokuroru İlqar Hacızadə ilə əvvəlcədən əlbir olaraq qondarma və əsassız ittihamlarla mənim həbsimə çalışırlar.

Sözügedən xəstəxananın harınlamış, rüşvətxor direktoru öz tabeliyindəkiləri öyrədərək iş üzrə mövcud şikayət ərizələrində guya ondan rüşvət tələb etdiyimi, bunu da guya öz tabeliyindəkilər vasitəsilə etdiyini iddia edirlər. İttihamlar birmənalı şəkildə mənim jurnalist peşə fəaliyyətimə yönəlmişdir. Hazırki mərhələdə heç bir maddi-mötəbər sübutlar olmaya-olmaya cinayət işinin icrasında özbaşınalıqlar yer almışdır. İşə prosessual nəzarət həyata keçirən prokuror və müstəntiq Vüsal Sadıqovun davranışları, şikayətçilərlə dindirilmələr zamanı maraqlı şəxslərin dedikləri də bunu təsdiq edir. Hər gün rayon ərazilərindəki restoranlarda yeyib-içən prokuror və dostu Vasif Əliyev öz çirkin, özbaşına niyyətləri sayəsində mənim həbsimə can atırlar. 

Uzun illərdir ki, media sahəsində tənqidçi olmağımla, obyektivliyimlə və şəffaflığımla seçilmişəm. Kimsədən pul marağı, hədə-qorxu ilə tələbetmə ilə xəbər yaymamışam. 15 illik fəaliyyətim boyunca da bu cür sifarişli, qərəzli şikayətlə, məqsədli cinayət işi ilə ilk dəfədir üz-üzə qalmışam.

Mənim həbsim barədə yayılan digər xəbərlərin heç bir əsası yoxdur və yalan yayanların məqsədi ictimai diqqəti əsas hədəfdən yayındırmağa hesablanmışdır.

Dövlətimizin prezidentinə və qanun aliliyinə hələ də inanıram. İnanıram ki, mənə və azad sözə qarşı məkrli hücumda ədalət və həqiqət zəfər çalacaqdır.

Məni özünə hədəf seçən Göygöl prokuroru İlqar Hacızadə və qeyriləri ifşa ediləcəkdir.

Bütün media nümayəndələrini, azad qələm dostlarını mənim haqq mübarizəmdə ictimai dəstəyə çağırıram. 

Ölkə prezidentindən, baş prokurorluq və digər dövlət qurumlarından cinayət işinə münasibət bildirmələrini xahiş edirəm. 

İmza: Rzayev Osman Nəriman oğlu

07 iyul 2022-ci il

Oxşar xəbərlər