“Qızıl Aypara” Cəmiyyətinin nümayəndəsi "Demokratik.Az"-a açıqlama verdi

  • 26 iyun 2022, 23:06

Azərbaycan “Qızıl Aypara” cəmiyyətinin Gəncə regional koordinatoru İsmayıl Şiraslan oğlu Əsədov “Demokratik.Az”-a açıqlama verib. Humanitar təşkilatın təmsilçisi media orqanlarına istinadən saytımızda da yayımlanan ittihamları aşağıdakı halda rədd edərək bildirib:

“Mən uzun müddətdir ki ,Qərb bölgəsi üzrə Qızıl Aypara cəmiyyətində kordinator vəzifəsində çalışıram. 25.06.2022-ci il tarixdə “Demokratik.Az” saytında  mənim və təşkilatımız haqqında gedən YAZINIZA cavab olaraq bildirirəm ki, prezidentin müvafiq fərman və sərancamına əsasən təhsil idarəsində çalışan işçilərin öz ərizələriylə qanunu üzvlük haqları tutularaq cəmiyyətin şəhər bölməsinin hesab nömrəsinə köçürülmüşdür. İanə yığımında qeyd etdiyiniz məcburetmə halları, digər iddialar həqiqəti əks etdirmir. Bundan başqa, toplanmış vəsaitin xərclənməsi nizamnaməmizə uyğun olaraq həyata keçirilir. Pullar əsasən, tənha qocalara, imkansız ailələrə, evi yanmış vətəndaşlara və işçilərin əməkhaqqısına, təşkilatın təsərrüfat xərclərinin qarşılanmasına, xəstəliklərlə bağlı, fövqaladə hallarla bağlı, eləcə də yerli  icmaların gücləndirilməsiylə əlaqədar keçirilən təlim və seminarların təşkilinə xərclənmişdir. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, təşkilatın maliyyə sənədləşmələri qaydasındadır və hər il audit yoxlamasından keçmişdir .Təşkilatımızda heç bir maliyyə pozuntusu yoxdur. Mətbuata açığıq, sadalanan hallar üzrə xərclər və fəaliyyətimiz barədə daha geniş açıqlama verməyə hazırıq”-Əsədov deyib.

Humanitar qurumun nümayəndəsi açıqlamasında bank hesabına mədaxil-məxaric vəsaitlərin konkret məbləği və fəaliyyətlərilə əlaqədar digər məsələlər barədə məlumat verməyib. İ.Əsədov qurumun əldə etdiyi maddi vəsaitlərin humanitar təyinatlarının ünvanını ümumiləşdirərək Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin vasitəçiliyilə müəllimlərdən ianələrin yığılmasını tamamilə qanuni sayıb. 

İctimai nəzarətçilik missiyamızdan istifadə edərək, Azərbaycan “Qızıl Aypara” cəmiyyətinin fəaliyyətinə dair daha geniş məlumatları ictimaiyyətin diqqətinə təqdim etməyə çalışacağıq.

İnanırıq ki, “Qızıl Aypara” da şəffaflıq və ictimai hesabatlılıq naminə bu xoş istəyimizə öz qapılarını açacaq.

Demokratik.Az

Oxşar xəbərlər