Gəncədəki intihar olayında şok GƏLİŞMƏ! Direktor niyə saxta sənədləşmələr edir?

  • 02 iyul 2022, 19:38

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi (GDRTİ) ilə Gəncə şəhəri 1 saylı tam orta məktəbinin direktoru Mətanət Qarayeva arasında qarşıdurmanın növbəti mərhələsinə start verilib. Demokratik.Az-ın əldə etdiyi məlumata görə, iyunun 23-də öz evində intihara cəhd edən direktor bir neçə gündür ki, öz işinin başındadır və yay məzuniyyətinə gedir. Lakin, Qarayevanın məktəbə qayıdışı ilə yeni gəlişmələr və nöqsanlar ortaya atılıb. Direktor regional təhsil idarəsinin vəsatətilə Gəncə prokurorluğuna təqdim edilmiş ciddi ittihamlardan yaxa qurtarmaq üçün rəsmi sənədlərdə mövcud olan nöqsanlarını düzəltməklə, jurnallardakı boş xanaları doldurmaqla, əmrlər kitabına və digər zəruri sənədlərə əlavə və dəyişikliklər etməklə məşğuldur. Bu isə kollektivdə və GDRTİ-də haqlı narazılıqlar ortaya qoyur.

Demokratik.Az-ın məlumatına görə, direktor iyunun 28-dən öz işinə qayıdaraq təhsil idarəsindən məktəbə direktor əvəzi göndərilən şəxsin və Anar Qədimalıyevin göndərdiyi əməkdaşların məktəbə girmələrinə qanunsuz qadağa tətbiq edə bilib. Hazırda məktəbə kənar şəxslər buraxılmır, subardinasiya qaydaları pozulduğu üçün isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları prokurorluğun araşdırmasının nəticələrini gözləməyi üstün tutur, sanki və bəlkə elə belə də olmalıdır. 

Əldə etdiyimiz maraqlı və son detalları diqqətə çatdırmadan bildirək ki, direktorun intihara cəhdi barədə ilk məlumatı məhz Demokratik.Az saytı yayıb. Eləcə də, saytımız xanım direktorun intihar səbəbini axtararkən ilk öncə Mətanət Qarayevanın iddialarına, ictimaiyyətə yansıtmağa çalışdığı “səmimiyyətinə” inanıb. Ən əsası, 1000-dən  (bir mindən) artıq şagirdi olan bir məktəbə 2011-ci ildən rəhbərlik edən Qarayevanın Regional Təhsil İdarəsi rəhbərinin süni təzyiqlərindən əziyyət çəkdiyini, postunun hərbə-zorba ilə əlindən alındığını qeyd edərək, informasiya məkanında “məzlum xanım”ı müdafiə etməyə səy göstərib. Demə, xanım direktor heç də məsum və məzlum deyilmiş. 

Dəqiqliyi artıq şübhə doğurmayan bir sıra faktlar əslində direktorun müqəssir olduğunu, illərlə məktəbdə çox ciddi maddi və sair maxinasiyalarla məşğul olduğunu aydın edir. Faktlar artıq öz dililə deyir ki, Mətanət Qarayevanın intihara cəhdi özünü məsuliyyətdən qorumaq instiktindən, hər ay qazancına aludə olduğu direktorluq qoltuğunu qoruyub saxlamaq eşqindən, hazırlanmış planlı şəkildə ortaya çıxıb. Detallardan sizlər də məhz o qənaətə gələcəksiniz.

Artıq rəsmi bəlgələrlə sübuta yetirilir ki, direktor öz maddi maraqları əsasında məktəbin ingilis dili müəllimi Nərmin Miradil qızı Mircəfərovaya ölkə hüdudlarından kənarda ola-ola ona dərs yükü və uzun müddət maaş yazıb. Və fakt üzə çıxdıqdan sonra, direktor mütamadi olaraq Birləşmiş Ərəb Əmirliklərində (Dubay) yaşayan müəlliməni yanvarda bülletenə, yalnız bu ilin aprel ayında “ailə vəziyyəti” adı ilə işindən azad etməyə məcbur qalıb.

Təkcə son iki illik müddətə dair sorğuya cavabda müəllimin Dubayda mütamadi yaşaması faktı təsdiq edilsə də, müəllimin maaş kartına müxtəlif aylarda 560, 800, hətta 1000 (min) manat maaşlar köçürərək öz vəzifə səlahiyyətləri aşılıb. Məlumata görə, M.Qarayeva son 5 ildə adı olub özü dərs keçməyən müəllimə təxminən 7500 manat maaş yazmaqla qəsdən maliyyə cinayəti törədib. Hazırda adıkeçən müəllimə köçən vəsaitin kartdan kim tərəfindən çıxarıldığı da aydınlaşdırılır və izlər yəqin ki, direktora aparır.

Mətanət Qarayeva özü isə bununla bağlı qeyd edib: “Adı hallanan ingilis dili müəlliməsi Nərmin Mircəfərovaya cəmi 3,5 saat evdə təhsil dərs saatı verilmiş və o, qış tətili zamanı Dubaya getmiş, orada koronavirusa yoluxmuş və təkrar ölkəmizə qayıdaraq müalicə olunmuşdur”. 

Redaksiyamıza təqdim edilən rəsmi sənədlərlə bildirək ki, direktor açıqlaması ilə manipulyasiya edir, illərdir baş verən maxinasiyanı qısa post-pandemiya dövrünə sığışdırmağa çalışır, əvvəlki illərin hesabatını unudur, cavabdeh olduğu nöqsanın məsuliyyət yükünü sanki anlaqsızlıqla qarşılayır. Bu isə sadəcə təəssüf doğuran, məktəbin taleyinin qeyri-səmimi və “qorxulu” bir xanıma tapşırıldığını isbatlayır.    

Bir media qurumu kimi, son günlər apardığımız araşdırmalar zamanı o da məlum olur ki, direktor ötən il təhsil nazirliyi tərəfindən ciddi töhmətə layiq görülüb. Buna baxmayaraq, Gəncə Təhsil şöbəsi nədənsə məktəbdəki növbəti nöqsanları görməzdən gələrək, indiyədək onun vəzifədən kənarlaşdırılmasını təmin etməyərək humanist özbaşınalıq edib. 

Bu ilin mayında düşdüyü vəziyyətin gərginliyini hiss edən direktorun Regional Təhsil İdarəsinə getdiyi də məlumdur. O, öz ərizəsilə işdən çıxmaq istəyini bildirərək öz intihar cəhdinədək vaxt qazanıb. Daha sonra da, iyunun 20-də məktəbə gələnlərin iştirakı ilə öz yaxını, məktəbin adi xadiməçisi Dostuxanım Hacıyevaya öz adına “istefa” ərizəsi yazdıraraq sakitcə imzalayıb və İqbal Kərimova verərək təhsil şefi Anar Qədimalıyevə göndərib. 

Lakin, səhərisi, ölkə rəhbərliyini teleqram vuraraq ərizəsinin etibarsız sayılmasını, direktorluqdan çıxmağa məcbur edildiyini, ərizəsini özü yazmadığını qeyd edib. İyunun 22-də də səhər tezdən eyni tərkibli dərmanlardan 10 ədəd içərək yaşadığı evindən – Üçtəpədən Göygöl MRX PHŞ-yə aparılmasını, reanimasiyaya yerləşdirilməsini təmin edib. 

Qarayeva iyunun 23-də sağlam vəziyyətdə, israrla xəstəxanadan çıxıb və dərhal da öz işinin başına məktəbə qayıdıb. Qeyri iş günlərində də məktəbdə olub. Xanım direktor iyunun 28-də - həftənin rəsmi iş günü məktəbdə bütün rıçaqları yenidən və maneəsiz olaraq öz əlinə alıb. Hansı ki, məlum cinayət işləri açıldığı və intihara cəhd etdiyi üçün araşdırma bitənədək direktorun vəzifəsinə qayıtmasının qarşısı alınmalı, M.Qarayeva məktəbdən kənarlaşdırılmalı, maraqlı şəxs olduğu üçün məktəbin jurnallarına və sənədlərə müdaxiləsi dayandırılmalı, imza yetkisi və möhürü əlindən alınmalı idi. Çünki...
Direktor geri dönən kimi müvafiq əmrlərdə, boşluqları olan dərs jurnallarında, iclas protokollarında saxtalaşdırmalar etdiyini, bir çox sənədi yenidən tərtib etdiyini yuxarıda dedik. Demokratik.Az-a özəl mənbədən verilən məlumata görə, direktorun ilk saxtalaşdırdığı, yenidən tərtib etdiyi əmrlərdən - sənədlərdən biri “evdə təhsil” dərs saatlarına nəzarətlə, ev dərsləri jurnalında görünəcək ziddiyyətlərlə, məktəbdə vəzifə bölgüsünün həyata keçirilməsilə bağlıdır. 

Rəsmi sənədin birindən görünür ki, direktor ingilis dili fənni üzrə “ölü can”ının ağırlığını öz çiyinlərindən başqalarına atmaq üçün təqdimatı xeyli gecikmiş 25 sentyabr 2021-ci il tarixli 140 saylı əmr imzalayıb. Və direktor sözügedən əmri tanış olmaq üçün müavininə yalnız 29 iyul 2022-ci ildə rus bölməsinin təlim-tərbiyə işləri üzrə direktor müavini Səbinə İmamverdiyevaya təqdim edib. Eləcə də cari tədris ili üzrə digər vəzifə bölgülərinə dair əmrləri də yeni tərtib edərək tərəflərə paylayıb, kollektivi bir sıra sənədlərə imza atmağa təhrik edib. Məktəbdən aldığımız məlumata görə, direktor son günlər etdiyi əməllə əslində əmək qanunvericiliyinin tələblərini bilərəkdən pozmaqla özünümüdafiə xarakterli özbaşınalığa imza atıb. Direktorun zəruri sənədləri “qaydasına saldıqdan” sonra prokurorluğa təqdim etdiyi deyilir. 

Direktorun 140 saylı ƏMRi diqqət doğurur və məqsədlidir. Mənbə bildirir ki, direktor vəzifə funksiyalarına aidiyyatı olmayan, yəni digər şəxslərin əmək funksiyalarını, digər direktor müavinlərinin cavabdehlik və öhdəliklərini TTİ üzrə müavini S.İmamverdiyevaya yazaraq məsuliyyətdən dolayısıyla yayınmaq istəyir. İstintaqa cəlb ediləcək şəxslərin çevrəsini böyütməyə maraq göstərir. Anlaşılır ki, Qarayeva direktorluqdan bərk yapışaraq məktəbdə azərbaycan və rus bölməsinin təlim-tərbiyə işləri üzrə direktor müavinlərini də öz cinayət məsuliyyətinə ortaq kimi təqdim edir. Bunu etmək isə təkcə vəzifə-pul hərisliyi, həqiqət axtarışına köməklik deyil, bu həm də mənəvi-psixoloji sarsıntılar keçirməkdə olan vəzifəlinin şəxsiyyət çatışmazlığıdır. 

Bu əsnada onu da qeyd etməliyik ki, faktla əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin yaydığı ilkin açıqlamada məktəbin digər direktor müavini Tahirə Həsənovanın adı da hədəfə götürülüb. T.Həsənovanın sabiq direktor İlham Həsənovun həyat yoldaşı olduğunu nəzərə alsaq, açıqlama özlüyündə Anar Qədimalıyevin təkidilə onun fəaliyyətini sərt tənqid edən əməkdar müəllimə qarşı qisasçılıq, qərəzlilik kimi dərk edilə bilər. 

Təhsilimizin inkişafı naminə isə qərəzçilik aparmaq yolverilməz, qəbuledilməzdir.

Göründüyü kimi, məktəbdə illərdir direktorun anarxiyası mühiti hökm sürür. Qəti əminik ki, ifşaedici nöqsanlar daha çoxdur. Direktorun şəxsi “yazar”ı, adi xadimə D.Hacıyevanın bir neçə sinif üzrə faktiki sinif rəhbərliyi edib maaş alıbsa, buraxılış imtahanlarında “2” alan şagirdlərə direktor jurnallarda “5” qiymət yazmağı bacarıbsa, dəhşətdir. Məktəbdə fərdi-ev dərslərinə cəlb edilən şagirdlərin icbari təhsil haqqı sizcə, təkcə ingilis dili fənni üzrə pozulub? Düşünün ki, digər fənlər üzrə də əlil şagirdə dərslər keçilməyib, bax bu milli faciədir.

Sonda, danmaq olmaz ki, Gəncədə və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki digər rayonlarında özbaşına, yırtıcı, korrupsioner məktəb direktorları çoxdur. Əgər, Anar Qədimalıyev başda olmaqla, GDRTİ M.Qarayevaya “iqnor” qərarını təhsilimizin strateji inkişafı naminə edibsə, dəstəklənməlidir. Yox, bu bir yanıltmaca, nəticəsiz nümunəyə çevriləcək şəxsi məqsəddirsə, başqa şəxsin direktorluğuna hesablanmış tramplindirsə və digər daha yarıtmaz direktorları islahatdan kənarda saxlayacacaqsa...

Osman Nərimanoğlu 

Demokratik.Az 

Oxşar xəbərlər