Demokratik TV
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib.
Demokratik.az xəbər verir ki, media nümayəndələrinə müraciət edən Prezident İlham Əliyev aşağıdakıları deyib:
-Bu gün Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımıdır. Bu soyqırımı nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onlardan 106-sı qadın, 63-ü uşaq idi. Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir.
Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi. Ermənistan faşizmi o vaxt baş qaldırırdı və 1992-ci ildən son hadisələrə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurmuşdur. Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması – bütün bunlar erməni faşizminin təzahürləridir.
Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses davam etdirilir. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat vardır. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilibdir. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalmışdır.
Xocalı soyqırımının törədilməsi ilə Ermənistan, əslində, Azərbaycan xalqının iradəsini qırmaq istəyirdi. Təsadüfi deyil ki, Ermənistan rəhbərləri – hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibə verərkən, bu barədə sualı cavablandırarkən qürur hissi ilə qeyd edirdilər ki, bəli, Ermənistan bu hərbi cinayəti dinc əhaliyə qarşı törədib. Ona görə ki, Azərbaycan xalqı görsün, Ermənistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər. Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq. Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın, halbuki belə meyillər görünməkdədir. Bu gün Azərbaycan öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərqərar olması üçün əməli addımlar atır.
Bu günlərdə Azərbaycanda bir çox tədbirlər keçirilir və bu tədbirləri işıqlandırmaq üçün xaricdən böyük bir jurnalist qrupu gəlmişdir. Mən onlara təşəkkürümü bildirirəm ki, bu hadisələri, bu soyqırımını işıqlandırmaq üçün bu gün Azərbaycandadırlar. Eyni zamanda, bilirəm ki, onların bəziləri azad edilmiş torpaqlara getmişlər, o dağıntıları öz gözləri ilə görmüşlər və bundan sonra da gedəcəklər. Buna görə bir daha dərin təşəkkürümü bildirirəm.
Mənə məlumat verildi ki, xarici jurnalistlər mənimlə görüşmək, müsahibə almaq istəyirlər. Onların sayının çox olmasını nəzərə alaraq, belə qərara gəldim ki, biz bu formatda görüşək. Təbii ki, pandemiya bizim işimizə də təsir göstərir. Amma hesab edirəm, bu canlı bağlantı imkan verəcək ki, mən jurnalistləri maraqlandıran suallara cavab verim. Buyurun.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev: Möhtərəm cənab Prezident, icazənizlə yerli və xarici media nümayəndələrinin iştirakı ilə mətbuat konfransımıza başlayırıq. Söz verilir “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinə.
Azərbaycan Televiziyası: İlk növbədə, bu imkanı yaratdığınıza görə təşəkkür edirəm. Siz artıq qeyd etdiniz ki, Xocalı soyqırımının törədilməsindən ötən 29 il ərzində bir çox ölkələrin parlamentləri, eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən bu qətliama soyqırımı kimi qiymət verilib. Bəs, hazırda beynəlxalq ictimaiyyət tərəfindən Xocalı soyqırımına münasibəti necə qiymətləndirirsiniz, onların mövqeyini necə qiymətləndirmək olar? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Bilirsiniz, bir çox beynəlxalq təşkilatlar bu qanlı hadisəyə Azərbaycanın təşəbbüsü ilə öz münasibətini bildirmişlər və bu istiqamətdə işlər davam etdiriləcək. Əlbəttə, soyqırımı törədiləndə Azərbaycan demək olar ki, informasiya blokadasında idi. O vaxt müasir imkanlar da yox idi. Ona görə, bu məsələ bir çoxları üçün o qədər də aydın deyildi. Xüsusilə nəzərə alsaq ki, o illərdə Azərbaycanın beynəlxalq aləmdə o qədər də böyük imkanları yox idi və bunun müqabilində erməni lobbisi fəal çalışırdı, müharibə ilə, baş vermiş hadisələrlə bağlı yalan, təhrif edilmiş məlumatları ötürürdü. Beynəlxalq ictimaiyyətdə müəyyən yanlış fikirlər formalaşmışdı. Bu fikirləri aradan qaldırmaq, təkzib etmək üçün biz, əlbəttə ki, böyük səylər göstərməli idik və qeyd etdiyim kimi, dövlət olaraq, ictimai təşkilatlar olaraq son illər ərzində ardıcıl surətdə bu fəaliyyəti göstərmişik. İctimai təşkilatlar arasında, əlbəttə ki, xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istəyirəm. “Xocalıya ədalət!” şüarı altında bir çox ölkələrdə müxtəlif tədbirlər keçirilib və bu gün Xocalı faciəsi haqqında dünya ölkələrində kifayət qədər dolğun məlumat var. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın, nə Azərbaycanda, nə də dünyada bu heç vaxt təkrarlanmasın və Azərbaycan heç vaxt 1990-cı illərin əvvəlində olan o aciz duruma düşməsin, Azərbaycan özünü, öz vətəndaşlarını hər zaman qoruya bilsin.
Hesab edirəm ki, bu gün dünyada Xocalı soyqırımı ilə bağlı artıq geniş məlumat var. Halbuki Ermənistan tərəfi müxtəlif yollarla yalan informasiyaları ortalığa atmaqla bu qanlı cinayəti də Azərbaycan dövlətinin üzərinə qoymaq istəyirdi. Guya ki, Azərbaycan özü Xocalı soyqırımını törətmişdir. Biz bu addımların təkrarını İkinci Qarabağ müharibəsində də gördük. Gəncəni, Tərtəri, Ağdamı, digər şəhərləri bombalayanda Ermənistan rəhbərliyi deyirdi ki, bunu Azərbaycan özü törədib. Halbuki atılan ballistik raketlər peyk tərəfindən izlənilir və böyük dövlətlər, ilk növbədə, Minsk qrupuna həmsədrlik edən dövlətlər bütün bu mənzərəni izləyirdilər. Ballistik raketlər Gəncə, Tərtər, Bərdə və digər şəhərlərə Ermənistan ərazisindən buraxılmışdır. Yəni, növbəti erməni yalanı cəhdi göstərildi, amma keçmədi. Çünki artıq vəziyyət tam başqadır və bizim məlumatı ötürmək üçün imkanlarımız var.
Ona görə, mən tam əminəm ki, illər keçdikcə Xocalı soyqırımı haqqında həqiqətləri bütün dünya biləcək və bizim vəzifəmiz bundan ibarətdir. Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri bu soyqırımı rəsmən soyqırımı kimi tanısınlar. Bu istiqamətdə işlər ardıcıl surətdə bundan sonra da aparılacaqdır.
Türkiyənin “TRT Haber” telekanalı: Cənab Prezident, əvvəlcə, Xocalıda şəhid olanları rəhmətlə anırıq. Sizi də Qarabağ Zəfəri münasibətilə bir daha təbrik edirik. Qarabağ Zəfərindən dərhal sonra Ermənistanda davamlı daxili siyasi qarışıqlıqlar müşahidə olunur. Siz bu məsələyə - Ermənistanda baş verənlərə necə baxırsınız? Orada baş verənlərin Sizin və Prezident Ərdoğanın bir əməkdaşlıq formatı təklifi vardır, ona bir mənfi təsiri ola bilərmi? Digər tərəfdən, orada hər hansı bir hakimiyyət dəyişikliyi ilə bağlı Azərbaycanın bölgədə hərbi tədbirləri artırması planlaşdırılırmı?
Prezident İlham Əliyev: Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir. Mən dünən şəhid ailələri ilə görüşdəki çıxışımda, o cümlədən Ermənistandakı vəziyyətə də toxundum. Ancaq onu bildirmək istəyirəm ki, o çıxış hadisələrdən əvvəl edilmişdir. Yəni, mənim şəhid ailələri ilə görüşüm təqribən saat 10:30-da olmuşdur və mən Ermənistandakı hadisələrdən ondan sonra xəbər tutdum. Ona görə istəyirəm, hər kəs bilsin ki, mənim şərhlərim bu hadisələrdən əvvəl edilmişdir.
Ancaq hadisələr onu göstərdi ki, mən tam haqlı idim. Çünki bu gün Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir. Çünki iyirmi il ərzində Köçəryan-Sarkisyan xuntası Ermənistanı faktiki olaraq uçuruma aparırdı və böhranlı vəziyyətə gətirib çıxardı. Ölkə demək olar ki, bütövlükdə müstəqillik əlamətlərini itirmişdi, daha çox müstəmləkəyə bənzəyirdi. Bunun əsas səbəbi işğalçılıq siyasətidir. Çünki onlar torpaqlarımızı işğal altında nə qədər çox saxlamaq istəyirdilərsə, o qədər də asılı vəziyyətə düşürdülər.
Biz Ermənistanı ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt gizlətmirdim və dəfələrlə açıq deyirdim, torpaqlarımız nə qədər ki, işğal altındadır, biz bu siyasəti aparacağıq. Deyirdim ki, Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxarsın, ondan sonra bölgədə işbirliyi də ola bilər, əməkdaşlıq da ola bilər və bizim siyasətimizdə dəyişiklik də ola bilər. Əfsuslar olsun ki, nə əvvəlki xunta rejimi, nə də ki, 2018-ci ildə hakimiyyətə gəlmiş hökumət bizim bu çağırışlara qulaq asmadı. Əgər vaxtında qulaq assaydılar, bu gün belə rəzil duruma düşməzdilər.
Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermək istəməzdim. Prinsip etibarilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq, xüsusilə indiki həssas məqamda. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. O Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir. Əks-təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Yəni, Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq.
Otuz il ərzində bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, eyni zamanda, ayrı-ayrı ölkələr bizə açıq, yaxud da qeyri-rəsmi mesajlar göndərirdilər ki, reallıq var, Azərbaycan müharibədə məğlub edilmiş tərəfdir, siz reallıqla barışın. Çalışın ki, bu reallıqdan özünüz üçün maksimum məqbul variant seçin, yəni, pis variantla daha pis variant arasında. Biz isə bildiyiniz kimi, belə çağırışları hər zaman rədd edirdik, öz mövqeyimizdən bir addım belə geri atmırdıq və mən bunu açıq bəyan edirdim. İndi isə, mən deyirəm ki, yeni reallıq yaranıb və bu reallığı biz yaratdıq. Bu reallıqla Ermənistan və eyni zamanda, bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar. İndi Ermənistan qarşısında bir neçə seçim var və onların arasında Ermənistan üçün ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Əks-təqdirdə, onlar üçün daha da böyük problemlər yarana bilər.
-Rusiyanın TASS agentliyi: Hər vaxtınız xeyir, cənab Prezident. İcazə versəniz, Sizə iki sualım var. Birinci sual logistikaya aiddir. Bu yaxınlarda Füzulidə aeroport tikintisinin başlanması barədə xəbər verilib. Siz belə işlərin aparılmasını, onlara heç nəyin mane olmamasını, obyektin hansı müddətdə istifadəyə verilə biləcəyini və bu aeroportun beynəlxalq hava limanı olub-olmayacağını təsdiqləyə bilərsinizmi? İkinci sualım koronavirusa qarşı vaksinlərlə bağlıdır. Biz ümid edə bilərikmi ki, Rusiya vaksinləri Azərbaycanda qeydiyyata alınacaq? İcazə versəniz, şəxsi xarakterli bir sualım da var. Siz özünüz peyvəndlənəcəksinizmi və hansı preparata üstünlük verəcəksiniz? Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun. Füzulidə tikilən aeroport məsələsinə gəldikdə, bu işlər artıq başlanıb. Biz ərazinin minalardan təmizlənməsi ilə bağlı məsələlərin həllinə operativ surətdə başlamışıq. Ona görə ki, ilk növbədə, orada ərazini təmizləmək lazım idi. Bu proses başa çatmağa yaxındır və aeroport, hər halda onun uçuş-enmə zolaqları və aeroportun fəaliyyətini təmin edəcək naviqasiya sistemləri operativ müddətlərdə istifadəyə veriləcək. Aeroport beynəlxalq hava limanı olacaq. Uçuş-enmə zolaqları ən ağır təyyarələr və yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək.
Əlbəttə, aeroportun tikintisinin nə vaxt başa çatacağını qabacadan demək çətindir, çünki ərazilərin minalardan təmizlənməsi, bu əraziyə gediş-gəlişin mümkünlüyü ilə bağlı məsələlər çətinlik doğurur. Lakin biz ümid edirik ki, aeroport bu il istifadəyə veriləcək. İstəyirik ki, bu, payızın əvvəlində olsun. Əgər bütün işlər plan üzrə getsə, aeroport payızın əvvəlində istifadəyə veriləcək. Bu, bizə həmin hava limanından həm xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpası üçün, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün istifadə etməyimizə imkan verəcək. Ona görə ki, aeroport ilə eyni vaxtda Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinə mən “Qələbə yolu” adı vermişəm. Azərbaycanın xüsusi təyinatlı qoşunları məhz həmin yolla meşələrdən və vadilərdən keçərək Şuşa şəhərinə gediblər. Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Buna görə əminəm ki, xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları belə bir imkana malik olacaqlar. Deməliyəm ki, bizim aeroportlar tikmək planlarımız təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Biz ərazinin abadlaşdırılması proqramlarını, Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportlar tikməyi planlaşdırırıq. Bildiyiniz kimi, keçən il 10 noyabr tarixli Bəyanatın bir bəndi Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə idi. Buna görə də bizim böyük planlarımız var və biz onları reallaşdıracağıq. Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Biz bağlanmış müqavilələr əsasında ilk ödənişləri həyata keçirməyə başlayırıq.
Vaksin məsələsinə gəldikdə, deməliyəm ki, pandemiyanın lap əvvəlindən biz vəziyyəti nəzarətdə saxlayırıq. Karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması üzrə görülmüş tədbirlər kifayət qədər səmərəli olub. Bizdə yoluxmanın səviyyəsi kifayət qədər aşağıdır. Koronavirusa yoluxmuş insanların sayı hazırda 200 mindən bir qədər çoxdur. Bugünkü vəziyyətə görə, aktiv xəstələrin sayı 2 mindən bir qədər artıqdır. Bizim xəstəxanalarda boş yerlər çoxdur. Ona görə ki, əvvələn pandemiyanın ilk aylarında biz 10-dan çox modul tipli yeni xəstəxana yaratmışıq, həmçinin son iki ayda yoluxanların və sağalanların sayı arasında sağalanların xeyrinə müsbət dinamika müşahidə olunur. Biz həm də Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkəyik. Biz peyvəndləməyə yanvarın 18-də başlamışıq, yəni Avropada peyvəndləmə başlanandan cəmi bir ay sonra.
Biz Çində istehsal edilmiş “CoronaVac” peyvəndi ilə vaksinasiya aparırıq. Deməliyəm ki, biz həm də lap əvvəldən “COVAX” layihəsinə qoşulmuşuq. Bu layihə üzrə biz “AstraZeneca”, “Pfizer” və “Moderna” peyvəndlərini də almalıyıq. Bundan əlavə, biz Azərbaycana “AstraZeneca” vaksininin göndərilməsi barədə lap ilk günlərdən Rusiya tərəfi ilə müvafiq sənədlər imzalamışıq. Ona görə ki, Rusiya şirkətləri postsovet məkanında bu vaksinin, həmçinin “Sputnik” vaksininin distribüterləridir. Lakin hələlik bu vaksinlər bizə daxil olmayıb. Bizdə olan məlumata görə, “Sputnik” vaksini hələlik Rusiyanın daxili ehtiyaclarını təmin edir və xarici ölkələrə bu vaksin çox məhdud miqdarda göndərilib.
“CoronaVac” peyvəndinə gəldikdə isə bu vaksinin 4 milyon dozasının alınması barədə kontrakt bağlanıb. Mənə hər gün məruzə edirlər ki, bəzən gündə 15-20 min nəfər vaksinlənir. Yəni, bu istiqamətdə bütün imkanlardan istifadə edəcəyik. Bunun üçün müvafiq maliyyə vəsaitləri ayrılıb. Sadəcə, vaksinlərin istehsalçılardan gəlməsini gözləyəcəyik.
Bununla əlaqədar, onu da qeyd etmək istərdim ki, bizim beynəlxalq səviyyədə, o cümlədən Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsümüzlə BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyası keçirilib. 150-dən çox ölkə bu təşəbbüsü dəstəklədi. Sessiya ötən ilin dekabr ayında keçirildi. Mənim orada səsləndirdiyim tezislərdən biri vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü idi ki, bu məsələdə proteksionizm, millətçilik olmasın. Lakin təəssüf ki, tamam başqa mənzərə gördük. Görürük ki, hətta müttəfiqlər arasında da ciddi problemlər yaranır, kimin neçə vaksindən istifadə etməsini və kimin kimə nəyi yarımçıq verməsini hesablamağa başlayırlar. Ona görə bu vəziyyət bir daha göstərir ki, həmrəylik barədə, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət görürük. Məsələn, bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar. Misal üçün Kanada. Mən bu barədə demişəm. Belə çıxır ki, kiməsə çatmayacaq. Amma bu, onlara maraqlı deyil. Onlar sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edir, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalayırlar. Hətta bu insanların imkanları olsa belə, sadəcə, onlar üçün əlçatan deyil. Sizə açıq deməliyəm, əgər biz bütün istehsalçılarla saziş bağlamasaydıq, - bunu etmişik, - bu gün biz də vaksinsiz qalardıq. Biz “AstraZeneca” vaksinini çoxdan almalı idik. Almamışıq. Artıq bir neçə aydır ki, almamışıq. “Sputnik” vaksinini də almamışıq. “COVAX” təşəbbüsü üzrə “Pfizer” və “Moderna” peyvəndlərini almalı idik, almamışıq. Özü də bizə onları nə vaxt alacağımızı demirlər. Yaxşı ki, bizim çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər. Bizim bunu almaq üçün vəsaitimiz var. Bəs, vəsaiti olmayanlar nə etsinlər? Bu adamlar ölməlidirlər? Deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, necə deyərlər, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar. Biz hansı bərabərlikdən danışırıq? Mən BMT Baş Assambleyasının xüsusi sessiyasında bu məsələni qaldırmışam və bu gün Qoşulmama Hərəkatı çərçivəsində bu məsələ barədə fəal diskussiya aparırıq. Bir çox ölkələr mənim təşəbbüsümü dəstəkləyiblər. Hazırda əlavə məsləhətləşmələr aparılır və biz əməli işə keçməliyik. Şablon bəyanatlar səsləndirmək kifayətdir, onların arxasında heç bir iş dayanmır. Bunlar artıq hamını bezdirib. Bu məsələ hər bir insana aiddir. Biz bu məsələdə həm milli mənada, həm də bu gün üzvlərinin sayına görə dünyada BMT-dən sonra ikinci beynəlxalq qurumda sədrlik edən ölkə kimi prinsipiallıq göstəririk.
“Ukraina-24” telekanalı: Hər vaxtınız xeyir, cənab Prezident. Mən “Ukraina-24” telekanalının jurnalistiyəm. İcazənizlə, sual vermək istərdim. Ukrayna Azərbaycanda baş verən hadisələri həmişə izləyib və izləyir. Sizin təcrübəniz bizim üçün çox vacibdir. Ümidvaram ki, yaxın gələcəkdə biz də öz torpaqlarımızı qaytaracağıq. Sualım da, bir növ bu barədədir. Deyin, indi, işğaldan azad olunmuş ərazilərin reinteqrasiyası dövründə Azərbaycan hansı çətinliklərlə üzləşir? Bilirəm ki, döyüş əməliyyatları başa çatandan dərhal sonra pozucu təxribat-partizan fəaliyyəti cəhdləri olmuşdu. Bu məsələni necə həll etdiniz? Dinc vətəndaşların qayıtması məsələsini necə həll edirsiniz ki, onlar sülh şəraitində və təhlükəsiz yaşasınlar? Sağ olun.
Prezident İlham Əliyev: Siz haqlısınız. Bizdə olan məlumata görə, döyüş əməliyyatları başa çatandan sonra, təxminən noyabrın 20-də Ermənistanın Şirak vilayətindən, Gümrü şəhərindən və ətraf rayonlardan 60 nəfərdən çox bir dəstə göndərilmişdi. Bu dəstənin Laçın dəhlizindən necə keçməsi, Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə necə gəlməsi aydın deyil. Bildiyiniz kimi, hərbi əməliyyatlar başa çatandan sonra noyabrın 10-da Rusiya Federasiyasının sülhməramlı missiyası sülhməramlıların məsuliyyət daşıdığı ərazinin xəritələrini dərc edib. Bu xəritələr daim saytdadır. Hərbi əməliyyatlar başa çatandan sonra biz aşkar etdik ki, arxa cəbhənin dərinliyində erməni silahlı dəstələri var. Əvvəlcə, aldığımız məlumata görə, bu adamlar azıb mühasirədən çıxa bilməyənlərdir. Azərbaycan hərbi qulluqçuları onların azdıqlarını zənn edərək bir müddət sülhməramlı missiya ilə birlikdə həmin adamlara kömək göstərməyə və onları geri qaytarmağa çalışdılar. Lakin məlum oldu ki, bu, belə deyilmiş. Məlum oldu ki, bu, həm bizim hərbi qulluqçulara, həm də dinc vətəndaşlara hücumlar edən təxribat qrupudur. Bu təxribatlar və terror aktları nəticəsində bizim hərbi qulluqçulardan dörd nəfəri və bir nəfər mülki şəxs – mobil operator şirkətinin nümayəndəsi həlak olub. Şuşa şəhərinə gedən həmin şəxs pusquya düşüb və bir neçə nəfər yaralanıb. Təbii ki, biz əks-terror əməliyyatı apardıq, nəticədə bir neçə terrorçu tamamilə zərərsizləşdirildi, 60-dan çox terrorçu tutuldu. Bu gün onları hərbi əsirlər adlandırmağa çalışırlar. Düşünürəm ki, məsələnin mahiyyətini qəsdən təhrif edirlər. Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz. Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq. Özü də biz onları bizim əsirlərin qaytarılmasından əvvəl qaytarmışıq. Bu adamlar həmin kateqoriyaya uyğun gəlmir. Bunlar terrorçu və təxribatçılardır. Ermənistan tərəfindən və ya başqa ölkələr tərəfindən hər hansı spekulyasiya yersizdir.
Başqa çətinliklərə gəldikdə isə, əlbəttə, biz başqa təxribat qruplarının keçməyəcəyinə qarantiya vermirik. Lakin biz işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyini bu gün kifayət qədər təmin edirik, müntəzəm reydlər keçiririk, pilotsuz uçuş aparatları vasitəsilə və vizual şəkildə monitorinq aparırıq. Buna görə vəziyyət tam nəzarət altındadır. Bundan əlavə, əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib. Bu gün bizdə mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil. Yəni, əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözdə bir cür danışır, əməldə isə başqa cür hərəkət edirlər. Biz onların hərbi əsirlərini, həlak olanların cəsədlərini verdik. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə erməni tərəfin nümayəndələri, sülhməramlı missiya və bizim nümayəndələr birlikdə mindən çox həlak olmuş erməni hərbi qulluqçusunun cəsədlərini tapdılar və erməni tərəfə verdilər. Biz özümüzü əxlaq normalarına və ümumbəşəri davranış normalarına müvafiq şəkildə aparırıq. Lakin minalanmış sahələrin xəritələrini bizə verməmək dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək deməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər? Belə olan təqdirdə birtərəfli əməkdaşlıq ola bilməz.
Bu gün bizim müzakirə etdiyimiz daha bir məsələ, əlbəttə, keçmiş məcburi köçkünlərin qovulduğu ərazilərə qayıtmasının qrafiki məsələsidir. Lakin ərazilərin minalanması ilə bərabər, burada hər şey, bütün infrastruktur tamamilə dağıdılıb, şəhərlər yoxdur, qayıdası yer yoxdur. Praktiki olaraq bütün kəndlər dağıdılıb. Mən azad edilmiş ərazilərdə dəfələrlə olmuşam, maşınla yüzlərlə kilometr yol gedirsən və yalnız dağıdılmış kəndləri görürsən, heç yerdə bircə bina da yoxdur. Ağdamda bircə bina da yoxdur. Təkcə qismən dağıdılmış bir məscid qalıb, ondan da ermənilər atəşin təshih edilməsi üçün oriyentir və müşahidə məntəqəsi kimi istifadə ediblər, oradan baxırlarmış ki, Azərbaycan qoşunları orada hərəkət edir, yoxsa yox? Füzulidə bircə bina da yoxdur. Hətta bayraq sancmağa yer yox idi. Biz bayrağı bayraq dirəyindən asdıq. Cəbrayılda da eyni vəziyyətdir. Zəngilanda, Qubadlıda bir neçə ev qalıb, onlarda da qanunsuz məskunlaşdırma aparılmışdır.
Buna görə indi biz ərazilərin minalardan təmizlənməsi və bununla paralel olaraq bütün imkanlardan istifadə etməklə ziyanın qiymətləndirilməsi ilə məşğuluq. O cümlədən beynəlxalq qurumlar vasitəsilə işğalçılara əsaslandırılmış iddialar təqdim etmək üçün dronlarla çəkilişlər aparırıq. Bununla paralel olaraq şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsinə dair tapşırıqlar verilib. Bizim vətəndaşların qayıtması üçün əsas mərhələlər bunlardır. Biz həm də pilot layihələrə başlamışıq. Bir layihə - “ağıllı kənd” layihəsi artıq başlanıb. Biz 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaratmaq istəyirik. Onlar buna layiqdirlər. Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər. Bu əraziləri bərpa etmək üçün bizim siyasi iradəmiz də, maliyyə resurslarımız da var və biz bunu edəcəyik.
Böyük Britaniyanın “Teleqraf” qəzeti: Bu qorxunc soyqırımını anım günündə bizimlə görüşdüyünüzə görə təşəkkür edirəm. Sizcə davamlı sülhü təmin etmək, gələcəkdə belə soyqırımlarının qarşısını almaq olarmı və Azərbaycanın belə bir səmimi niyyəti varmı ki, gələcəkdə davamlı sülhün tərəfdarı olacaq?
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Əlbəttə ki, biz davamlı sülhə nail olmaq istəyirik. Bu düşmənçilik səhifəsini çevirmək üçün yeganə yoldur. Bunu görmək üçün mən sizi 10 noyabr Bəyanatı ilə tanış olmağa dəvət edirəm. Mən, Rusiya Prezidenti və Ermənistanın baş naziri ona imza atmışıq. Erməni tərəfi bizə qoşunların çıxarılması tarixini verən kimi biz müharibəni dayandırdıq. Müharibənin ilk günündən mən hər bir müsahibəmdə və bəyanatımda onu vurğulayırdım ki, Ermənistanın baş naziri şəxsən özü, onun hər hansı bir məmuru deyil, özü bizə Füzuli, Şuşa, Cəbrayıl və digər rayonlarımızdan qoşunların çıxarılması tarixini verən kimi biz müharibəni dayandıracağıq. Yəni, biz bunu sülh yolu ilə edə biləriksə, müharibə dayanacaq.
Biz münaqişənin başa çatdırılması üçün otuz il gözləmişik. Bizim niyyətimiz hər zaman aydın və səmimi olub. Ermənistan ən azı müəyyən bir əlamətlər nümayiş etdirirdi ki, münaqişə dinc yolla həll oluna bilər, biz bu danışıqlarda iştirak edirdik. Ancaq biz dərk edəndə ki, Ermənistan hökuməti bizə heç bir santimetr torpağı belə geri qaytarmaq niyyətində deyil və iyul, avqust aylarında bizə qarşı bir sıra hərbi təxribatlar törədildi, sonra da sentyabr ayındakı təxribat - biz təbii ki, adekvat cavab verməli olduq. Ona görə də bu sual veriləndə ki, davamlı sülh necə ola bilər, bu, yalnız imzalanmıış 10 noyabr Bəyanatına sadiqlik nümayiş etdirməklə olar. Həmin sənəd Ermənistanın baş naziri tərəfindən imzalanıb: Ağdamın bir hissəsi, Kəlbəcər və Laçın boşaldılacaq. Biz müharibəni dərhal dayandırdıq. Mən öz sözümə əməl etdim. Ancaq bunu hər kəs çox gözəl anlayır ki, biz müharibəni davam etsəydik, Ermənistan üçün nəticələr daha ağır və acınacaqlı ola bilərdi. Ancaq biz istəmədik ki, daha artıq itkimiz və qurbanlar olsun və biz bunu nümayiş etdirdik. Bu gün biz onu müzakirə edirik ki, bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu isə əməkdaşlıqdır. Bizim məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, burada Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər. Daha bir şərtimiz, sülh üçün şərt ondan ibarətdir ki, Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır. 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır və sülh tədricən addım-addım regiona gələcək.
Daha bir məsələni qeyd edə bilərəm. Hazırda bizim azad etdiyimiz şərqi Zəngəzur istiqamətində, Zəngilanla sərhəddə Azərbaycanın ordusu yoxdur. Orada Azərbaycanın Dövlət Sərhəd Xidməti var. Baxın, orada hər hansı erməni mülki əhali və Azərbaycan sərhədçiləri arasında heç bir gərginlik yoxdur. Dinc həyat mövcuddur. Biz sərhədə gəldik, sərhədə yerləşdik, sərhədi keçmədik. İndi bəzi kəndlər, bir hissəsi bizim əraziyə düşür, orada erməni silahlı qüvvələri yoxdur. Onların, Ermənistanın heç dövlət sərhəd xidməti yox idi, çünki sizə deyə bilərəm ki, Ermənistanın Türkiyə və İranla sərhədi rus qoşunları tərəfindən qorunur. Yəni, biz öz sərhədimizdə dayanmışıq. Biz erməni əhalisinə qarşı hər hansı bir zərərli addımlar atmırıq. Əksinə, 20 kilometr uzunluqda olan bir yol, hansı ki, erməni şəhərlərini birləşdirir, o yol Azərbaycan ərazisindən keçir. Biz bunun üçün imkan yaradırıq. Hətta böyük bir plakat da asmışıq orada ki, Azərbaycana xoş gəlmisiniz. Mən anlamıram, bu nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur. Sözün açığı, mən bunu anlamıram. Çünki orada hərəkət edən nəqliyyat vasitələri, o insanlar görməlidirlər ki, onlar Azərbaycana daxil olur və Azərbaycan ərazisindən rahat istifadə edir və heç bir problem yoxdur. Ona görə də biz dayanıqlı sülh üçün daha bundan da artıq hər hansı bir nailiyyətə imza atmalı deyilik. Biz özümüzə məxsus olanı qaytarmışıq və nümayiş etdirmişik ki, bizim sözümüz və əməlimiz eyni dəyərə malikdir.
Türkiyənin CNN televiziya kanalı: Bu gün mühüm bir tarixin ildönümüdür. Xocalı soyqırımı törədilərkən, Qarabağ müharibəsində dinc insanlar öldürülərkən bir çox ölkələr susdular. Burada faciə yaşanarkən dünyanın susması ilə bağlı fikirlərinizi bilmək istəyirəm. İkinci sualım isə belədir: Qarabağda hazırda hansı işlər görülür? Otuz il əvvəl torpaqlarını tərk etmək məcburiyyətində qalan insanlar gözləyirlər ki, öz yurdlarına qayıdacaqlar. Bununla bağlı tarix müəyyənləşibmi? Bir “yol xəritəsi”, plan hazırlanıbmı? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun. Siz tam haqlısınız. Xocalı soyqırımı törədiləndə dünya susmuşdu. Bunun səbəblərindən biri yəqin o idi ki, o vaxt məlumat qıtlığı var idi. Müharibə ilə bağlı məlumat birtərəfli idi. Ermənistan öz təbliğatını işə salmışdı. Azərbaycan tərəfi isə tamamilə aciz bir vəziyyətdə idi. Çünki o vaxt bizim dövlətçilik əsaslarımız yox idi. O vaxt Azərbaycan idarəolunmaz vəziyyətdə idi. O vaxtkı Azərbaycan indiki Ermənistanı xatırladır - səriştəsiz idarəçilik, böhranlı vəziyyət, orduda nizam–intizamın olmaması. Ordu faktiki olaraq hakimiyyətin tabeliyindən çıxmışdı. Bütün eyni mənzərəni biz bu gün Ermənistanda görürük. Bizim o vaxt imkanlarımız çox məhdud idi. Bu, bir səbəb idi. Digər səbəb o idi ki, dünya bunu görmək istəmirdi, çünki bu, - biz bunu sonra anladıq, - müəyyən dərəcədə mövcud stereotiplərin əleyhinə olan bir mənzərə idi. Çünki birinci Qarabağ müharibəsi başlayanda demək olar əksər ölkələrdə belə bir təsəvvür var idi ki, Ermənistan haqlıdır, Azərbaycan haqsızdır. Ərazi bütövlüyü məsələləri kənara qoyulmuşdu. Ancaq xalqların öz müqəddəratını təyinetmə məsələsi ön plana çıxmışdı. Halbuki heç kim sual vermirdi ki, axı erməni xalqı öz müqəddəratını müəyyən edib. Onların müstəqil Ermənistan dövləti var. Nə üçün tarixi Azərbaycan torpağında ikinci Ermənistan dövləti yaradılmalıdır. Heç kim buna cavab verə bilmədi. Ona görə bu stereotiplər uzun illər davam etdi. Uzun illər ərzində bizə qarşı ədalətsizlik tətbiq olunurdu. Baxın, Sovetlər Birliyi dağılandan sonra Amerika Konqresi azadlığa dəstək aktı qəbul etmişdi. Bu qanun bütün keçmiş müttəfiq respublikalara yardım məqsədilə qəbul edilmişdi. Azərbaycanı oradan çıxardılar. Kim çıxardı? Erməni lobbisinin nümayəndələri. Onların bir çoxu indi də yüksək vəzifələrdədir. Səbəb o idi ki, guya Azərbaycan Ermənistanı blokadaya alıb. Necə almışıq ki, bizim torpaqlarımız işğal altına düşüb?! Ancaq bizə qarşı sanksiyalar tətbiq olundu. Bu günə qədər o sanksiya hələ də qüvvədədir. Onun nömrəsi də var - 907-ci düzəliş. Azadlığa dəstək aktının 907-ci düzəlişi bizə sanksiyalar tətbiq edir. Bu qədər ədalətsizlik ola bilərmi? Sadəcə olaraq, o vaxt hakimiyyətdə olanlar buna qarşı heç bir addım ata bilmədilər. Uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə bilək, həqiqətləri təqdim edə bilək. Açıq-aydın olan həqiqətləri təsdiq etmək üçün, onları sübut etmək üçün görün biz nə qədər səy göstərdik. Stereotip isə belə idi ki, Ermənistan daim haqlıdır. Nə etsə də yenə də onlara haqq qazandırırdılar. Baxın, son bir-iki il ərzində Ermənistanda nə qədər müxalifət lideri həbs edildi. Nə qədər insan öz hüquqlarından məhrum edildi. Hətta siyasi qətllər də baş verdi. Hansısa bir beynəlxalq təşkilat onları qınadımı? Yox. Onlara hər şey etmək mümkündür. Biz isə haqlı olduğumuzu döyüşərək sübut etməyə çalışırdıq və buna nail olduq. Sizin bu gün Azərbaycanda olmağınız, bizim sözümüzü dünyaya çatdırmağınız, əlbəttə ki, haqq-ədalətin bərqərar olmasına böyük töhfə verir.
O ki qaldı, ikinci sualınıza, bizim soydaşlarımız öz torpaqlara nə vaxt qayıda bilərlər? Bilirsiniz, mən də özüm-özümə bəlkə hər gün eyni sualı verirəm. Çünki mən də istəyirəm ki, nə qədər mümkünsə qısa müddət ərzində biz buna nail olaq. Amma bunun üçün əlbəttə ki, kompleks tədbirlər görülməlidir. Bu barədə mən artıq demişəm. Minalardan təmizləmə prosesi başa çatandan sonra və artıq bununla paralel olaraq biz bu işləri başlayırıq. Bu yaxınlarda “ağıllı kənd” layihəsi artıq gerçəkləşməyə başlamışdır. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Mən təlimat vermişdim ki, bu ilin sonuna qədər layihə tam başa çatsın. Yəni, orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Bütün lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Belə pilot layihələr çox ola bilər. Biz indi onun üzərində işləyərik.
O ki qaldı, böyük şəhərlərə qayıdışa, əlbəttə ki, şəhərlərin baş planları tərtib edilməlidir. Misal üçün, Ağdam şəhəri. Müharibədən əvvəl orada təqribən 40 minə yaxın insan yaşayırdı. İndi əhalinin sayı artıb, olub 50 mindən çox. Biz 50 minlik, bəlkə də 70 minlik bir şəhər planlaşdırmalıyıq, infrastruktur yaratmalıyıq. Ondan sonra binalar inşa edilməlidir, o cümlədən məktəblər, xəstəxanalar. Yəni, bu, böyük bir zaman tələb edir. Yenə də deyirəm, bizim yarışacağımız əsas tərəf müqabili zamandır. Çünki vəsait də var. Bütün gücləri də səfərbər etmişik. Amma zaman, əlbəttə ki, öz haqqını diktə edir. Mən hansısa bir tarix vermək istəməzdim. Halbuki mənim fikrimdə tarixlər var, amma vaxtından əvvəl insanları sevindirmək, bəzilərini bəlkə də həyəcanlandırmaq istəmirəm. Amma inanın ki, maksimum qısa müddət ərzində mərhələli yollarla biz insanlarımızı o bölgələrə qaytaracağıq. Eyni zamanda, hazırda azad edilmiş bütün ərazilərdə, ilk növbədə, bərpa ediləcək kəndlərin də siyahısı tutulur. Biz bu məsələ üzərində də fəal çalışırıq.
Türkiyənin Qlobal Jurnalistlər Şurasının rəhbəri: Cənab Prezident, əvvəlcə, təşəkkürümüzü bildiririk. Burada bizi qəbul etdiniz. Türkiyənin Qlobal Jurnalistlər Şurasının 40 ölkədə nümayəndəliyi var. Azərbaycan da bunlardan biridir. Türkiyədə bütün şəhərlərdə nümayəndəsi olan, Ankarada Baş Qərargahı, İstanbulda ofisi olan bir təşkilatın rəhbəri olaraq buraya xarici mətbuat nümayəndələri, xarici jurnalistlərlə birlikdə gəldik. Sizə təşəkkür plaketimiz var. Onu Sizə təqdim edəcəklər. Sualıma gəldikdə, Siz dediyiniz kimi, beynəlxalq ictimaiyyətin ciddi əleyhinə olduğu 44 günlük Vətən müharibəsini Müzəffər Ali Baş Komandan kimi uğurla yekunlaşdırdınız. Bununla bağlı Sizi təbrik edirik. Təbii ki, bundan sonrakı proses mühüm əhəmiyyət kəsb edir. Müharibə başa çatıb. Amma beynəlxalq ictimaiyyətdə belə bir qənaət var - Dağlıq Qarabağın statusu tam olaraq müəyyənləşmədən bu müharibə heç vaxt bitməz. Sizə görə bu müharibə həqiqətən yekunlaşıbmı, başa çatıbmı? Bundan sonra iki ölkə, iki xalq sülh şəraitində qonşuluq münasibətləri ilə həyatlarına davam edəcəklərmi? Bundan sonra proseslər necə olacaq? Bu, sualımın bir hissəsi. İkincisi, bildiyimiz kimi, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb. Bu mərkəz nə işlə məşğul olur, hansı işləri görür? Bu da maraqlıdır. Bu mərkəzə funksiya verildimi? Hansı vəzifələri öhdəsinə götürdü? Türkiyənin 44 günlük müharibədəki rolunu bilirik. Öhdəsinə götürdüyü vəzifələri bilirik. Amma sülhdən sonra Türkiyənin missiyası nə olacaq? Bununla bağlı məlumat verə bilərsinizmi? Çox təşəkkür edirəm, hörmət və ehtiramımı bildirirəm.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. İlk növbədə, statusla bağlı sualınıza cavab vermək istərdim. Mən bu haqda artıq demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Azərbaycan bu münaqişənin bir tərəfi idi. Biz bu fikri açıq-aydın ifadə edirik ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. Azərbaycan bunu həll edib. Otuz il davam edən danışıqlar heç bir nəticə vermədi. Minsk qrupunun fəaliyyəti olsa da, nəticəsi sıfra bərabər oldu. Son iki il ərzində faktiki olaraq Minsk qrupunun həmsədrləri özləri də bilmirdilər ki, nə işlə məşğul olsunlar. Çünki Ermənistan baş nazirinin yersiz və çox təhlükəli bəyanatları onların fəaliyyətini də faktiki olaraq iflic etmişdi, mənasız etmişdi. Əgər Ermənistan baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır və nöqtə”, ondan sonra hansı proses ola bilər, hansı danışıqlardan söhbət gedə bilər? Bu, əslində, Minsk qrupunun həmsədrlərini də çox çətin vəziyyətə saldı. Çünki onlar da buna hər hansı bir reaksiya verməli idilər. Faktiki olaraq son iki il ərzində danışıqlar aparılmırdı. Yəni, Azərbaycan bu məsələni təkbaşına həll etdi. Dağlıq Qarabağ münaqişəsi həll olundu. Noyabrın 10-da imzalanmış Bəyanat bunu təsdiqləyir.
O ki qaldı, statusa, mən öz çıxışlarımda statusun ünvanını göstərdim. Bir daha o məsələyə qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bu günə salan səbəblərdən biri də məhz o idi. Xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində erməni xalqı yaşayır. Biz buna etiraz etmirik. Baxmayaraq ki, erməni əhalisi ora XIX əsrin əvvəllərində köçürülmüşdür. Biz etiraz etmirik. Bizim başqa yerlərimizdə də erməni əhalisi yaşayır və heç bir problem yaşanmır. Ona görə statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir. Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı da bizdə aydın təsəvvür var. Mən bunu müharibə dövründə də demişəm, dəfələrlə. Əfsuslar olsun ki, müharibə dövründə biz Ermənistan rəhbərliyindən buna oxşar bəyanatlar eşitməmişik. Əksinə, ədavətlə, nifrətlə dolu açıqlamalar verilirdi. Mən isə deyirdim ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır. Müharibə dövründə erməni əsirlərlə bizim davranmağımız bunu bir daha göstərir. Mən sizə bir misal gətirim. Azad edilmiş bir kənddə iki yaşlı insan yiyəsiz qalmışdı. Yəni oradan qaçan “qəhrəman” erməni əsgərləri onları qoyub qaçmışdılar. Bir qadın idi, bir də kişi. Onların yaşı çox idi. Onları biz gətirdik, xəstəxanaya yerləşdirdik. Ondan sonra da Ermənistan tərəfi ilə əlaqə saxladıq ki, biz dövlət sərhədində onları təhvil vermək istəyirik. Biz onları sərhədə gətirəndə onlar yaşlı qadını qəbul etdilər, yaşlı kişini qəbul etmədilər. Dedilər ki, bu, artıq xəstədir. Bizim də buna baxmağa imkanımız yoxdur. Bunun heç bir qohumu yoxdur. Əgər biz bunu qəbul etsək, buna kim baxacaq? Baxın, bu əxlaqsızlığın dərəcəsi varmı, yoxsa yox? Biz nə qədər səy göstərsək də, - Qırmızı Xaç da bunun şahididir, biz bunu Qırmızı Xaçın iştirakı ilə edirdik, - ondan imtina etdilər. O yaşlı kişi bizdə qaldı. Qırmızı Xaç onu bizim köməyimizlə xəstəxanaya yerləşdirdi. Bütün səylərə baxmayaraq, bir müddətdən sonra o rəhmətə getdi. Biz bunu da edirdik. Amma onların cavabı nə oldu. Ona görə, biz bu gün də bəyan edirik və mən Prezident kimi bunu deyirəm, bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Həm Ermənistanda, həm Azərbaycanda, həm başqa ölkələrdə. Misal üçün Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Onların arasında heç bir ixtilaf yoxdur. Rusiyada, Ukraynada, Avropada. Bizim mövqeyimiz bundan ibarətdir. Amma bu, birtərəfli məsələ deyil. Erməni xalqı da buna hazır olmalıdır. Amma əfsuslar olsun ki, erməni xalqının beynini o qədər zəhərləyiblər ki, onların bu xəstəlikdən xilas olmaları üçün gərək daha böyük səylər göstərilsin.
Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinə gəldikdə, deyə bilərəm ki, bu da müəyyən mənada noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Orada dəqiq göstərilmirdi ki, bu Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq. Amma biz bu Bəyanatı razılaşdıranda bunu müəyyən etmişdik. Azərbaycan öz vəsaiti hesabına bu monitorinq mərkəzini Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında yaratdı. Bütün şərait yaradıldı. Bildiyiniz kimi, monitorinq mərkəzi fəaliyyət göstərir və bunun əsas məqsədi post-müharibə dövründə nəzarət etmək, pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinq aparmaqdır ki, bu münaqişə zonasında hər hansı bir qarşıdurma olmasın. Əgər olarsa, bunu kim törədib, təşəbbüskar kimdir, günahkar kimdir, bunu təsbit etməkdir. Bu günə qədər, - əgər dediyim o diversiya qrupunun Azərbaycana keçməsini istisna etsək, - hər hansı bir ciddi qarşıdurma olmamışdır. Hesab edirəm ki, bu monitorinq mərkəzi post-müharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək.
Növbəti sualınız Türkiyə tərəfinin fəaliyyəti ilə bağlıdır. Dediyiniz kimi, Türkiyənin missiyası nə olacaq? Türkiyə müharibənin ilk günlərindən çox müsbət davranış göstərib. Sülhə, sabitliyə hesablanmış davranış. Eyni zamanda, ilk günlərdən Azərbaycanın haqq işinə Türkiyə öz dəstəyini göstərmişdir. Əziz qardaşım hörmətli Prezident ilk günlərdən çox dəqiq açıqlamalar vermişdir. Digər vəzifəli şəxslər - müdafiə naziri, xarici işlər naziri, digər nazirlər, Türkiyə Böyük Millət Məclisinin sədri. Bütün bu açıqlamalar, bizə verilən siyasi və mənəvi dəstək həm bizi gücləndirdi, eyni zamanda, bir çoxları üçün çox ciddi mesaj oldu. Müharibədən sonra da Türkiyə çox müsbət münasibət göstərir. Hətta, dünən Türkiyənin rəsmi şəxsləri Ermənistanda olan vəziyyətlə bağlı açıqlamalar verdilər. Bu gün Azərbaycan, Ermənistan və Rusiya arasında baş nazirlərin müavinləri səviyyəsində aparılan görüşlər də Türkiyə tərəfinə bəllidir. Çünki bu görüşlər bütün bölgə üçün əhəmiyyət daşıyır. Həm Türkiyə, həm İran, həm gələcəkdə belə bir istək olarsa, Gürcüstan ümumi platformaya qoşula bilər. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bizim bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir.
Rusiyanın RİA-Novosti agentliyi: Hər vaxtınız xeyir, cənab Prezident. Bu günlərdə biz Laçın rayonunda olduq. Şəxsən mən ilk dəfə idi ki, orada olurdum. İlk baxışda, əlbəttə, gözəl yerlərdir və başa düşürük ki, oranın böyük potensialı var. Lakin, eyni zamanda, orada olarkən başa düşdük ki, bu yerlərin dirçəldilməsi üçün hələ çox iş görülməlidir. Əlbəttə, müharibədən sonra bu ərazilərin minalardan təmizlənməsi prosesi bununla birbaşa bağlıdır. Bəlkə də bu rəqəmlər artıq səsləndirilib, ola bilsin yeni məlumatlar var. Hələ nə qədər ərazini minalardan təmizləmək lazımdır? Siz hansı müddətləri müəyyən edirsiniz? Rusiya mətbuatının nümayəndəsi kimi bilmək istərdim, bu ərazilərdə infrastrukturun bərpası prosesində iştirak edə biləcək Rusiya şirkətləri ilə danışıqlar aparılırmı və əgər aparılırsa, hansı şirkətlərlə? Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun. Ərazilərin minalardan təmizlənməsi məsələsində biz hələ yolun başlanğıcındayıq. Biz hələ cəmi bir neçə min hektar ərazini təmizləmişik. Mən yeni hərbi bölmələrin, Azərbaycan Müdafiə Nazirliyinin yeni mühəndis-istehkamçı batalyonlarının formalaşması barədə göstərişlər vermişəm. Bu bölmələr artıq formalaşıb. Bu yaxınlarda biz Türkiyədən müasir texnika almışıq, o artıq gətirilib. Bu texnika bizim işimizi xeyli asanlaşdıracaq. Bununla paralel olaraq mən yaxın vaxtlarda Minatəmizləmə üzrə Dövlət Agentliyinin yaradılması barədə Sərəncam imzalamışam. Bundan əvvəl bizdə mövcud olan, ANAMA adlanan qurumun statusu çox qeyri-müəyyən idi. O, vaxtilə işğaldan azad edilmiş ərazilərin bərpası üzrə mövcud olmuş komissiyanın nəzdində yaradılmışdı. Bu işi gücləndirmək üçün biz dövlət qurumu yaratdıq, o, artıq formalaşıb. Agentliyin səmərəli işləməsi üçün biz bu ilin investisiya proqramında təqribən 100 milyon manat ayıracağıq. O cümlədən ən müasir avadanlıq, distant xarakterli robotlar və minatəmizləyən maşınlar alınacaq. Yəni, biz bu işlə maksimum məşğul olmağa çalışacağıq. Birinci istiqamət Müdafiə Nazirliyi, ikinci istiqamət Minatəmizləmə Agentliyidir. Bundan əlavə, müharibə başa çatandan dərhal sonra ərazilərin minalardan təmizlənməsində iştirak etmək və bizim istehkamçılara treninqlər keçirilməsi üçün Türkiyə Müdafiə Nazirliyindən 100-dən çox mütəxəssis ezam edilib. Ağdam rayonunun ərazisinin minalardan təmizlənməsində Rusiya Fövqəladə Hallar Nazirliyinin bir qrupu da iştirak edir. Rusiya Fövqəladə Hallar Nazirliyi qrupunun əsas fəaliyyəti rusiyalı sülhməramlıların məsuliyyət zonası ilə bağlıdır, lakin onlar burada da iştirak edirlər. Hazırda biz bu istiqamətdə təcrübəyə malik olan bir neçə şirkətlə danışıqlar aparırıq, ancaq bu danışıqlar hələ başa çatmayıb. Orada razılaşmalar gedir. Lakin biz bütün imkanlardan maksimum istifadə edəcəyik. Yeri gəlmişkən, agentliyin rəhbəri vəzifəsinə təyin edilən şəxsə də demişəm, biz istəyirik ki, bu işdə Azərbaycan şirkətləri də iştirak etsinlər, çünki bu iş, təəssüf ki, bir ilin işi deyil. Minalardan təmizlənməli olan ərazi kifayət qədər böyükdür. Buna görə yerli şirkətlər də bu işə qoşulmalıdır.
Metodologiyaya gəldikdə, burada metodologiya var. İlk növbədə, haranın və necə minalardan təmizlənməli olması barədə beynəlxalq təcrübə var. Buraya kommunikasiyalar, yaşayış məntəqələri və kənd təsərrüfatı fəaliyyəti üçün yerlər aiddir. Yeri gəlmişkən deməliyəm ki, biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətinə artıq başlamışıq, 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib. Bunun üçün əvvəlcə ərazi minalardan təmizlənib. Belə ki, biz geniş beynəlxalq əməkdaşlığa hazırıq. Mən bilirəm ki, hazırda müxtəlif şirkətlərdən çoxlu təkliflər daxil olur. Lakin bir sıra başqa məsələlərdə olduğu kimi, burada da iki əsas amil var – keyfiyyət və qiymət. Bax, bu iki amil birlikdə bizim bu və ya digər şirkətə üstünlük verməyimiz üçün əsas şərt olacaq.
Bərpa işində Rusiya şirkətlərinin iştirakı barədə digər sualınıza gəldikdə isə, bu barədə mən artıq bəyanat vermişəm. Biz dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Rusiya və Azərbaycan dost ölkələrdir. Buna görə təbii ki, Rusiya şirkətləri cəlb ediləcək. Fikrimcə, artıq onlar özləri maraq göstərə bilərlər. Ona görə ki, biz müəyyən iş növləri barədə müxtəlif ölkələrdən sifarişlər alırıq. Bu, şəhərlərin planlaşdırılmasına, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlıdır. Yəni, işin həcmi çox böyükdür. 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Buna görə düşünürəm ki, Azərbaycanın bütün dostları üçün kifayət qədər iş var.
İctimai Televiziya: Cənab Prezident, sentyabrın 27-də Ermənistanın növbəti təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatı Ordumuzun parlaq qələbəsi ilə başa çatdı. Azərbaycan müharibədən sonra işğaldan azad olunan ərazilərinin sürətli təmir-bərpa işləri ilə məşğuldur və yeni çoxtərəfli regional əməkdaşlıq platformaları üzərində işləyir. Müharibədən sonra regionun inkişaf perspektivlərini necə qiymətləndirirsiniz və bu, ölkəmizə, region dövlətlərinə necə öz töhfəsini verəcək?
Prezident İlham Əliyev: Mən vəziyyəti çox müsbət qiymətləndirirəm. Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb. Çünki bir daha qeyd etmək istəyirəm, biz hesab edirik və bizim bir çox tərəfdaşlarımız hesab edirlər ki, müharibə başa çatıb və biz artıq kitabın o səhifəsini bağlamalıyıq, gələcəyə baxmalıyıq. Nikbinliyə səbəb olan digər amil odur ki, qonşularımız da bizim fikirlərimizi bölüşürlər. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı bizim aramızda fikir ayrılığı yoxdur. Mən deyə bilərəm ki, Türkiyə, Rusiya, İran rəhbərlərilə bu məsələ ilə bağlı mənim bir çox söhbətlərim olub, xarici işlər nazirləri səviyyəsində, Baş nazirlərin müavinləri səviyyəsində məsləhətləşmələr, təmaslar olub və biz faktiki olaraq tam yekdil fikir sərgiləyirik ki, bu imkandan maksimum səmərə ilə istifadə etməliyik. Çünki postmüharibə dövrü doğrudan da yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır. Biz əgər təkcə Zəngəzur dəhlizinə fikir versək görərik ki, bu, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistanın maraqlarına cavab vermir, bu, qonşu ölkələrin maraqlarına da cavab verir. Yəni, Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Əgər bu müsbət meyillər üstünlük təşkil edərsə, əlbəttə ki, icra edilən hər bir layihə özündən sonra digər layihəni də gətirib çıxaracaq. Mən burada bizim enerji sektorundakı fəaliyyətimizdən misal gətirə bilərəm. Biz birinci addımı atanda bəlkə də təsəvvür etmirdik ki, bu gün nə qədər böyük layihələr icra edəcəyik. Birinci neft kəməri - Azərbaycanı, Xəzər dənizini Qara dənizlə birləşdirən, 99-cu ildə istismara verilən Bakı-Supsa kəməri, görün, nəyə gətirib çıxardı. Ondan sonra neçə layihə icra edildi. Sərmayə qoyuluşu, yeni kəşfiyyatlar, eyni zamanda, Cənub Qaz Dəhlizi. Bu layihənin icrası ilə bağlı olan məsələlərdə artıq 7 ölkə birləşib və indi bu, özlüyündə yeni bir əməkdaşlıq formatı yaradır. Eyni mənzərəni biz burada da görə bilərik. Ancaq bir şərtlə ki, burada hər hansı gizli məqamlar, fikirlər olmasın, səmimiyyət, qarşılıqlı inam və maraqların bölgüsü olsun. Çünki bütün ölkələrin maraqları təmin edilməlidir. Məhz o təqdirdə bu vəziyyətdən biz maksimum səmərə ilə istifadə edə bilərik. Bir daha demək istəyirəm ki, Azərbaycan Türkiyə, Rusiya, İran - mənim ölkələrin dövlət başçıları ilə görüşlərim və fikir mübadiləsi deməyə əsas verir ki, biz bir mövqedəyik. Ermənistan sözdə hələ ki, bu mövqedədir. Çünki gedən məsləhətləşmələrdə bəzi fikirlər ortalığa atır ki, o fikirlər qəbul edilən fikirlər deyil. Ona görə Ermənistanda da əgər bu məsələ ilə bağlı eyni yanaşma olarsa, onda əlbəttə ki, Ermənistan da gedən proseslərin tərkib hissəsi ola bilər. Yox, olmasa, onsuz da biz planlaşdırdığımız məsələləri həll edəcəyik. Heç kim bizi dayandıra bilməz. Çünki yaxın tarix də göstərib, nəyi hədəfləmişiksə, ona da çatmışıq. Sadəcə olaraq, Ermənistan növbəti dəfə bu tarixi şansı itirə bilər, necə ki, 90-cı illərdə itirib, inanmayıb ki, biz bütün layihələri icra edəcəyik, onlar Ermənistandan yan keçəcək, Ermənistan bir quruş da mənfəət görməyəcək. İndi də əgər belə fikirdədirlərsə, yenə də eyni aqibətlə üzləşəcəklər. Biz əməkdaşlığa hazırıq və hesab edirik ki, bu əməkdaşlıq bölgədə uzunmüddətli sülhün əsas təminatçısı ola bilər.
Yaponiyanın “JİJİ PRESS” İnformasiya Agentliyi: Salam, hörmətli cənab Prezident. Əvvəla, Sizə çox təşəkkür edir və bir daha başsağlığı diləklərimizi bildiririk. Bizim sualımız Xocalı ilə bağlıdır. Otuz il əvvəl orada bir çox insan çox yaxınlarını itirdi. Hazırda azərbaycanlıların oraya geri qayıtması gündəmdədir. Ancaq orada həyatda qalmağı bacaranlarla danışdığımız zaman “Bəli, biz oraya geri qayıtmaq istəyirik, amma orada erməni görmək istəmirik” deyirlər. Orada Sizə görə, ermənilərin və azərbaycanlıların birlikdə yaşamaları mümkündürmü? Bu məsələ ilə bağlı hansı tədbirləri görürsünüz? Təşəkkürlər.
Prezident İlham Əliyev: Mən artıq müəyyən dərəcədə bu suala cavab verdim. Hesab edirəm ki, bu, mümkündür. Azərbaycanın, əslində, siyasəti də, mövqeyi də, xalqımızın düşüncələri də bu fikri təsdiqləyir. Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlərboyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Yəni, bütün xalqların nümayəndələri bir bayraq altında bir yumruq kimi birləşdi və bu Qələbədə Azərbaycanda yaşayan hər bir xalqın öz qiymətli və dəyərli payı var.
O ki qaldı, gələcəkdə ermənilərlə birgə yaşamağımıza, mən bir daha demək istəyirəm ki, müxtəlif ölkələrdə bu, baş verir, o cümlədən Azərbaycanda. Bu yaxınlarda mənə verilən məlumata görə, hətta bizim jurnalistlər Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycanda yaşayan bacısını da tapıblar. Baxın, Ermənistanın 1990-cı illərdəki müdafiə naziri azərbaycanlılara qarşı soyqırımının törədilməsində iştirak edib. Onun doğmaca bacısı Azərbaycanda yaşayır. Ona bir söz deyən var? Yoxdur. Bax, Azərbaycan xalqının əxlaqı budur, mənəvi durumu budur. Biz bundan sonra da buna hazırıq.
Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış Bəyanatda bu, göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə ancaq özünə zərbə vurmuş olar.
Eyni zamanda, mən dediyiniz məsələni də yaxşı başa düşürəm. Müharibənin yaraları sağalmayıb. Xocalı yaraları heç vaxt sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq, həm qurbanların yaxınları, həm bütün Azərbaycan xalqı. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Biz bunu başa düşürük və burada heç kimi tələsdirmək istəmirik, heç kimi məcbur etmək istəmirik.
Bizim üçün birinci mərhələdə azad edilmiş torpaqlara vətəndaşlarımızın qayıtmasıdır. Bununla paralel olaraq, - artıq bu suallara mən cavab verdim, - uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi məsələləri dayanır. İndi müharibədən heç dörd ay keçməmiş artıq rəsmi şəxslər – Ermənistan və Azərbaycan rəsmi şəxsləri arasında təmaslar qurulur, görüşlər keçirilir, bəzən açıq formatda, bəzən qeyri-rəsmi formatda. Amma bu proses gedir və bu proses müsbət istiqamətdə gedir. Ona görə burada bütün bu həssaslığı başa düşərək bir daha demək istəyirəm ki, biz istədiyimizə tam nail olmaq üçün müdrik olmalıyıq və bütün addımları vaxtında atmalıyıq. Necə ki, İkinci Qarabağ müharibəsində vaxtında atılmış addımlar səmərəsini vermişdir.
Rusiyanın “Zvezda” və “Bolşaya Aziya” mediaholdinqləri: Cənab Prezident, mən Rusiya Silahlı Qüvvələrinin “Zvezda” mediaholdinqini və “Bolşaya Aziya” mediaholdinqini təmsil edirəm. “Bolşaya Aziya” mediaholdinqinin sualından başlamaq istəyirəm, kifayət qədər sadə sualdır. Siz bütün dünyanın gözü qarşısında nadir presedent yaratdınız. Çünki Siz Qarabağ müharibəsi zamanı mütləq mənada sülhməramlı kimi çıxış etdiniz. Siz 23 dəfə sülh haqqında danışdınız, halbuki digər tərəf bir dəfə də olsun, bu cür bəyanat vermədi. Siz bundan sonra Ermənistan ilə dövlət səviyyəsində münasibətləri necə qurmaq niyyətindəsiniz? Erməni xalqı ilə yox, məhz bir dövlət olaraq Ermənistanla, Sizin həqiqətən dünyanı heyrətləndirən təşəbbüslərinizin davamı kimi.
Rusiya Silahlı Qüvvələrinin “Zvezda” mediaholdinqinin sualı isə ağır silahlardan, o cümlədən Rusiya istehsalı olan “İsgəndər” əməliyyat-taktiki raketlərdən istifadə olunması barədə Ermənistan rəsmi şəxslərinin heyrətamiz və ziddiyyətli bəyanatları ilə bağlıdır. Bu bəyanatlar Rusiya Müdafiə Nazirliyi tərəfindən təkzib edilib, lakin bununla yanaşı, mən deyərdim ki, Ermənistan ilə həmhüdud olan, öz təhlükəsizliyi və sülh üçün narahat olan bütün dövlətlərin hamısında müəyyən ajiotaj yaradıb. Siz necə hesab edirsiniz, Sizin fikrinizcə, məsuliyyətsiz şəxslərin əlinə keçə biləcək belə silahlara mümkün nəzarət üçün hansı mexanizmlər yaratmaq olardı? Bunun davamı kimi, Rusiya ilə silah sazişləri üzrə gələcək münasibətləri necə təsəvvür edirsiniz? Mümkünsə, bu barədə danışardınız. Diqqətinizə görə təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sentyabr-noyabr aylarında baş verən hadisələrə belə diqqət ayırdığınıza görə sağ olun. Mən sülh barədə neçə dəfə danışmağımı doğrusu saymamışam, lakin siz saymısınız. Bu, o deməkdir ki, siz sualın mahiyyətinə çox diqqətlə varmısınız. Buna görə də cavab vermək mənə asan olacaq. Əslində, mən sülh barədə çox danışmışam və dediklərimi bu gün bir daha təkrar etmək istəyirəm. Müharibənin ilk günündən mən deyirdim ki, işğal edilmiş bütün ərazilərdən çıxmaq müddətini bizə təqdim edəcəkləri anda biz dayanmağa hazırıq. Əgər erməni tərəfi mənim sözlərimə qulaq assaydı, o halda onların məğlubiyyəti bu dərəcədə alçaldıcı və ağrılı olmazdı, bu qədər tələfat da olmazdı. Bununla yanaşı, Ermənistan tərəfi baş nazirin şəxsində Prezident Putinin sözlərinə də qulaq asmadı. Mən bu barədə danışa bilərəm, çünki o, özü bu barədə şəxsən deyib ki, müharibə dövründə biz dəfələrlə əlaqə saxlamışıq. Mən deməliyəm, təbii ki, bizim Ermənistanın baş naziri ilə əlaqəmiz olmayıb və yoxdur. Lakin Prezident Putin vasitəsilə bir növ bir-birimizə müxtəlif mesajlar ötürürdük. Bildiyimə görə, Rusiya Prezidenti də bu barədə deyib ki, Ermənistan baş naziri onun sözlərinə qulaq asmayıb və bununla da vəziyyəti o dərəcədə ağırlaşdırıb ki, kapitulyasiya haqqında aktı haradasa, hansısa qaranlıq otaqda imzalamağa məcbur olub. Əgər yadınızdadırsa, o, hətta imzalanma mərasimində də yox idi. Buna görə də hər şey Ermənistan rəhbərliyinin və Ermənistan iqtidarının hansı siyasəti seçəcəyindən asılı olacaq. Bizim siyasətimiz həm müharibə dövründə, həm müharibədən sonra birmənalıdır. Mən bu siyasəti qısaca və dürüst ifadə edərək bu gün də deyirəm ki, bizim hədəfimiz sülhdür. Müharibə bizə lazım deyildi. Bu, məcburi tədbir idi. Bu tədbir bütün otuz illik səmərəsiz danışıqlardan daha effektli oldu. Beləliklə, hər şey Ermənistan rəhbərliyinin müasir reallıqlara düzgün qiymət verməsindən, düzgün nəticə çıxarmasından və revanşist cəhdlərin istisna edilməsindən asılı olacaq. Biz bütün olanları izləyirik, daha da diqqətlə izləyəcəyik. Biz təkcə işğal edilmiş ərazilərdə deyil, həm də Ermənistan ərazilərində vəziyyəti izləyirdik. Biz bütün yerdəyişdirmələri, o cümlədən uzaqmənzilli raketlərin də irəli çıxarılmasını görürdük, bu gün isə daha artıq dərəcədə görürük. Buna görə də mən erməni rəhbərliyinin hiyləgərlik etməsini, bizi aldatmağa çalışmasını məsləhət görmürəm. Bu, sadəcə, artıq mümkün deyil. Əgər Ermənistan tərəfindən bu cür yanaşma olarsa, o halda biz əlaqələrin bundan sonra möhkəmlənməsi planında münasibətləri quracağıq. Əlbəttə ki, əgər hər şey məhz bu cür, bizim fikirləşdiyimiz kimi gedərsə, hansısa mərhələdə sülh sazişinin də imzalanmasını istisna etmirik. Çünki 10 noyabr tarixli Bəyanat mahiyyətcə elə de-fakto sülh sazişidir. Tərəflərdən biri digərinə qalib gəlirsə, tərəflərdən biri kapitulyasiya haqqında akt imzalayırsa, sülh sazişlərində daha nə lazımdır? Lakin 10 noyabrda imzalanan sənəd de-fakto elə Ermənistanın tam kapitulyasiyası barədə aktdır. Buna görə də, əlbəttə, biz bu yolla getməyə hazırıq.
Ermənistanın baş nazirinin “İsgəndər” raket kompleksi ilə bağlı bəyanatlarına gəlincə, bu, bizdə də sual doğurdu. Mən bu mövzuda istehza ilə danışmaq istəmirəm, Rusiyanın rəsmi şəxsləri, Rusiya parlamentinin üzvləri, ekspertlər arasında da artıq kifayət qədər şərhlər olub ki, raketlərin 10 faizinin partlaması üçün əlbəttə, çox çalışmaq lazımdır. Biz “İsgəndər” raketlərinin buraxılmasını görməmişik. Buna görə də bu bəyanat dünən bir daha səslənəndə, biz bir daha maraqlandıq. Amma yox. Biz bunu görməmişik. Mən deyərdim ki, bu, sadəcə, növbəti ağ yalandır. Belə yalanlar çox olub. Prinsipcə, Ermənistanda indi baş verənlər hansısa tragikomediyanı xatırladır. Orada baş verənləri mən belə xarakterizə edərdim.
Təsəvvür edin, onların təyyarəsi itir. Onlar bilmirlər ki, təyyarələri haradadır. Təyyarə bir istiqamətə uçub, digər istiqamətə uçub, pilotlar gizlənib, təyyarə itib, onlar oturub fikirləşirlər ki, təyyarəni kim qaçırıb və ya oğurlayıb. Sonra Əbu-Dabidə ADEX sərgisində Ermənistan stendi heç vaxt olmadığı dərəcədə tərtəmiz idi, orada bir dənə də eksponat yox idi. Bir tərəfdən onlar orada nə sərgiləyə bilərdilər, axı, onların hərbi sənayesi yoxdur. Lakin digər tərəfdən, onların orada stendi olması üçün, necə deyərlər, təlxəklik etmək və kiminsə dalınca qaçmaq nəyə lazım idi. Bütün dünya qarşısında biabır oldular. Deməli, hamı öz məhsulunu gətirib, Ermənistan stendində isə hansısa kitabçalar var. Axı, bu, biabırçılıqdır. Daha sonra bəyanat vermək ki, “İsgəndər” buraxılıb. Bəs o, haraya buraxılıb? 10 faiz partlayıb. Axı, bu, sadəcə olaraq, gülməlidir. Bu gün məhz bu tragikomediya orada baş verənləri xarakterizə edir. Onlar “Skad”, “Toçka U” raketlərini yaşayış məntəqələrinə tuşlayırdılar, özü də məqsədyönlü şəkildə, gecə vaxtı yatmış Gəncə şəhərinə. Bütün bunlar izlənilib. Biz təbii ki, bu məlumatı dərhal Rusiya tərəfinə çatdırdıq. Mən Prezident Putinlə söhbət zamanı bu barədə dedim, Rusiya tərəfini erməniləri bundan çəkindirməyə çağırdım. Əks halda, bizim seçimimiz olmayacaq, biz onların şəhərlərini bombalayacağıq. Bizdə hər şey nişan altında idi. Bizim raketlərimiz təkcə Naxçıvan Muxtar Respublikasından deyil, digər regionlardan da rahatlıqla Yerevanadək çatar. Biz bunu hər an nümayiş etdirə bilərik. Buna görə də mənim bu çağırışım artıq bütün qırmızı xətləri keçmiş, azğınlaşmış Ermənistan hərbi-siyasi rəhbərliyini vəziyyətin sağlam düşüncəli təhlilinə çağırış idi. Yoxsa, biz onları sadəcə, tamamilə məhv edərik. Hesab edirəm ki, Rusiya tərəfinin təsiri özünü göstərdi. Çünki Gəncəyə son zərbələrdən sonra bir daha belə cəhdlər olmadı. Hərçənd buna qədər onlar müntəzəm hücuma keçirdilər. Yeri gəlmişkən, bundan sonra da həm artilleriya silahlarından, həm də minaatanlardan bizim şəhərlərimizə daim hücum edirdilər. Tərtərə məncə, 16, yaxud 18 min bomba düşüb, o cümlədən dəfn mərasiminə hücum ediblər. Yəni, dinc əhaliyə maksimum ziyan vurmaq istəyiblər. Görünür, bu, onların acizliyinin, zəifliyinin, döyüş meydanında məğlub olmalarının nəticəsi idi. Onlar düşünürdülər ki, bizi bu yolla dayandıracaqlar. Hərçənd, mən demişdim ki, öz yaxınlarını itirmiş və ya uçqunların altından çıxmış, tamamilə qan içində olan adamlar deyirdilər ki, yalnız irəli gedin, təki dayanmayın.
Nə etmək, hansı çəkindirmə mexanizmlərindən istifadə etmək lazım olması barədə sualınıza gəldikdə, Ermənistana “İsgəndər” raketləri veriləndə mən bunu Rusiya rəhbərliyinə demişdim. Mən demişdim ki, bu, düzgün addım deyil, bu addım sabitliyin möhkəmlənməsinə yönəlməyib, bu, bizi heç nədən çəkindirməyəcək. Yeri gəlmişkən, müharibə dövründə də demişəm və Rusiya tərəfinə “İsgəndər” raketlərinin geri almalarını təklif etmişəm. Bəli, demişəm, bu gün də fikrim belədir ki, regionlarda hadisələrin belə faciəli inkişafının qarşısını ala biləcək yeganə yol bu silahları geri almaq və ermənilərə bir daha pulsuz silah verməməkdir. Mən bunu həmişə deyirəm. Təəssüf ki, belə olub. Müharibədən sonra belə hallar yoxdur. Biz bunu müsbət addım kimi qiymətləndiririk.
Lakin Ermənistanın müdafiə naziri bu yaxınlarda bəyan edib və məncə, Rusiyanın Ermənistandakı səfiri də deyib ki, Ermənistan ordusunun modernləşdirilməsində Rusiya da iştirak edəcək. Nə üçün? Nə məqsədlə? Mənim sualım əsaslıdır. Mən sizin kanalınız vasitəsilə, bugünkü birbaşa translyasiya vasitəsilə soruşuram: nə üçün? Buna heç bir zərurət yoxdur. Əgər biz sülh, uzunmüddətli sülh istəyiriksə, məsuliyyətsiz adamların əlində bu cür məhvedici vasitələr olmamalıdır. Hərc-mərclik hökm sürən, ordunun rəhbərliyə tabe olmadığı, onların hərbi çevriliş etdiyi və ya etmədiyi ölkədə bu da tragikomediyanın bir hissəsidir. Axı, hərbi çevrilişi ya edirlər, ya da etmirlər. Əllərində meqafonlar tutmuş, küçələrdə gecə çadırları qurmuş, hansısa bomjların yürüşləri tragikomik təsir bağışlayır. Bu, sadəcə, biabırçılıqdır. Bütün dünya onlara gülür, həm iqtidara, həm də müxalifətə. Ona görə də, belə adamların əllərinə təhlükəli silah vermək olarmı? Buna görə də demək istərdim, elə etmək lazımdır ki, heç kəs üçün təhlükə yaranmasın.
Rusiya Federasiyası ilə gələcək hərbi-texniki əməkdaşlığa gəlincə, bu əməkdaşlığımız planlı xarakter daşıyır. Biz hərbi əməliyyatlar başa çatandan sonra bu mövzunu da Rusiya rəhbərliyi ilə müzakirə etmişik. Ona görə ki, bizim resurslarımız da, döyüş sursatımız da sərf edilib və təbii ki, bu arsenalı müharibədən əvvəlki həddə qədər tamamlamaq zəruridir. Bu istiqamətdə iş aparılır. Bizim əsas hərbi texnikamız Rusiya istehsalı olan texnikadır və Ermənistandan fərqli olaraq, biz heç vaxt şikayətlənməmişik. Ona görə ki, əvvələn, şikayətlənmək üçün səbəb olmayıb. Rusiyanın hərbi texnikası bəzi göstəricilər üzrə dünyada ən yaxşı texnika və bütövlükdə dünyada ən yaxşı texnikalardan biridir. Sadəcə, o, düzgün əllərdə olmalıdır ki, sonradan bu cür əsassız, əslində, Ermənistanda hərbi-siyasi böhrana gətirib çıxarmış ittihamlar olmasın.
Böyük Britaniyanın “Independent” qəzeti: Xocalı soyqırımından 29 il ötür. Azərbaycan müharibədə qalib gəlib. 29 il sonra Azərbaycanın Qarabağla bağlı hədəfi nədir? Əcnəbi əsgərlərin hələ də regionda müşahidəçi olaraq qalacağını düşünürsünüzmü? Təşəkkürlər.
Prezident İlham Əliyev: Biz hədəfə çatdıq. Bizim hədəfimiz ərazi bütövlüyümüzün bərpa edilməsi idi, buna nail olduq, hərbi qələbə qazandıq. Torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdik. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdik. Şəhidlərimizin qanını yerdə qoymadıq. Düşməndən intiqamımızı döyüş meydanına aldıq.
Əcnəbi əsgərlərə gəldikdə, onların Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır. Bu əsgərlər xüsusi missiya icra edirlər. Bu, hərbi baza anlamına gəlmir. Rusiyanın sülhməramlı qüvvələri burada sülhməramlı missiyanı icra edirlər, hesab edirəm ki, müvəffəqiyyətlə icra edirlər. Hərdən bir müəyyən problemlər üzə çıxır, bəzi problemlər yaşanır. Amma, ümumiyyətlə, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti qənaətbəxş hesab oluna bilər. Onların burada fəaliyyəti beş il müddətinə nəzərdə tutulur. Əgər beş ildən sonra Azərbaycan bu məsələ ilə bağlı fərqli fikir sərgiləsə, əlbəttə ki, onların da fəaliyyətinə son veriləcəkdir. Eyni zamanda, artıq bu barədə mən öz fikirlərimi bildirdim. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması da çox önəmli addımdır. Bu, bölgəmizin sabitliyini qorumaq üçün önəmli amildir. Onu da bildirməliyəm ki, bəzən dünyada, eyni zamanda, Azərbaycanda Rusiya sülhməramlı missiyasının fəaliyyəti ilə bağlı o qədər də dəqiq olmayan fərziyyələr irəli sürülür. Onların bu gün Azərbaycan ərazisində olması, eyni zamanda, azad edilmiş torpaqlara Azərbaycan əhalisinin qayıtması üçün də müsbət rol oynayacaq. Çünki Ermənistanın diversiya qrupunun azad edilmiş torpaqlara göndərilməsi bunu göstərir. Ona görə onların fəaliyyəti hesab edirəm ki, müsbətdir. Bu fəaliyyət əminəm ki, belə də davam edəcək. Amma yenə də Azərbaycan ərazisində hər hansı bir başqa xarici qüvvələrin yerləşməsi müzakirə mövzusu deyil.
RBK telekanalı: Salam, cənab Prezident. Mənim sualım insanlarla bağlıdır, amma, əlbəttə, Qarabağa aiddir. Üçtərəfli Bəyanat imzalanandan sonrakı xəritəyə baxsaq görərik ki, hazırda şərti olaraq erməni qüvvələrinin nəzarətində olan torpaqlar demək olar ki, indi həmin Bəyanata əsasən tamamilə Azərbaycana məxsus olan ərazilərlə əhatə olunub. Bir də ensiz bir yol – Laçın dəhlizi var. Şərti mənada desək, Qarabağ erməniləri həmin dəhlizlə Xankəndiyə və ya onların dediyi kimi Stepanakertə gedə bilərlər. Hər halda rusiyalı sülhməramlıların Qarabağ ərazisində olması haçansa başa çatacaq. Sizin fikrinizcə, bu dəhlizdən keçid necə həyata keçiriləcək – insanların harada qeydiyyatda olmasına və ya pasportlarına baxılacaq? Oradan keçib getmək istəyən həmin şərti Qarabağ erməniləri necə keçib gedəcəklər? Ümumiyyətlə, prinsip etibarilə, Siz o insanları öz ətrafınıza necə inteqrasiya etməyə, onlarla necə münasibət qurmağa hazırlaşırsınız? Məsələn, bu yaxınlarda Siz Şuşadakı kilsəyə getdiniz. Ola bilsin ki, Qarabağ ermənilərindən də kimsə həmin kilsədə dua etmək üçün gəlmək istəyəcək. Belə həyati məqamlar ola bilər. Lakin biz də Azərbaycanda küçələrdəki insanlarla ilk dəfə deyil ki, ünsiyyətdə oluruq. Onlar deyirlər ki, bəli, əlbəttə, bu dəfə münaqişədə qələbəyə görə razıdırlar. Lakin bildirirlər ki, tam razı deyillər. Hər halda, Xankəndi və başqa şəhərlər barədə suallar verirlər. Sizin hər hansı gələcək planlarınız varmı? Ümumiyyətlə, gələcəkdə qarşılıqlı münasibətlər necə olacaq? Hər halda, onları necəsə qurmaq lazımdır. Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun. Hazırda mövcud olan vəziyyəti siz çox düzgün təsvir etdiniz. Azərbaycan öz ərazilərinin xeyli hissəsini həm hərbi, həm də sülh yolu ilə qaytarıb. İndi bizim əsas vəzifəmiz həmin ərazilərin bərpa edilməsi, keçmiş köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsidir. Bunu şəraitdən, strateji planlardan asılı olaraq mərhələli şəkildə etmək lazımdır. Biz ərazilərin azad edilməsinə də uzun illər boyu gəlmişik. Danışıqlar dövrünə, mənim aparmalı olduğum danışıqlar dövrünə gəldikdə isə, bu danışıqlar prosesinin müxtəlif dövrlərində ümidlər olub. Bizə elə gəlirdi ki, əsas prinsipləri razılaşdıracağıq.
Bu gün Ermənistanda həm iqtidarda, həm də müxalifətdə nə təklif edilməsi, necə təklif edilməsi barədə spekulyasiyalar çoxdur. Ermənistanın siyasi həyatında yanar odun üstünə yağ tökməmək üçün mən şərhlər etməyəcəyəm. Təkcə onu deyə bilərəm ki, bütün danışıqlar prosesi dövründə Azərbaycanın ərazi bütövlüyü məsələsi heç vaxt müzakirə mövzusu olmayıb. Bu, prinsipial məsələ idi. Həm Ermənistanın danışıqlar apardığım rəhbərlər ilə, həm də ATƏT-in Minsk qrupunda mən bu prinsipial məsələdən danışmışam. Azərbaycanlıların qaytarılması, ümumiyyətlə, ərazilərin qaytarılması mənim prinsipial mövqeyim olub. Danışıqlar nə üçün gedirdi? Ona görə ki, erməni tərəfi bununla razılaşırdı. Vəssalam. Onlar bununla razılaşırdı. Əvvəlki iki prezident də razılaşırdı. Ermənistanın indiki rəhbərinə gəldikdə isə, mən hələlik şərhlərdən çəkinirəm. Burada, necə deyərlər, hər şey yadınızdadır. Bəs, nə üçün belə olmurdu, ona görə ki, onlar yalan danışırdı, sözdə bir cür deyir, əməldə başqa cür hərəkət edirdilər. Hər hansı işıq ucu görünəndə ümidlər dərhal təxribatla əvəz olunurdu. Dəfələrlə belə olub. 2000-ci illərin əvvəlində də, 2014-cü ildə də. Azacıq bir imkan yaranan kimi dərhal hərbi təxribat törədilirdi. Bir əyani nümunə - ermənilərin helikopteri bizim mövqelərimizə hücum etdi və buna görə vuruldu. Onlar belə bir iddia irəli sürdülər ki, guya Azərbaycan hücum edib. Halbuki bu, hərbi helikopter idi – nə təlim helikopteri, nə də nəqliyyat helikopteri. Bu, “Mi-24” idi. Bundan sonra danışıqlar dayandırıldı. Sonra yeni mərhələ. Sonra 2016-cı ilin aprel müharibəsi. Bu gün Ermənistanın sabiq prezidenti Sarkisyan deyir ki, onlar müharibədə qalib gəliblər. Orijinal qələbədir, onların səngərlərində biz idik. Biz onların bayrağını çıxarıb, onları Ağdərə, Cəbrayıl və Füzuli rayonlarından qovub və Böyük Mərcanlıya qayıdıb öz bayrağımızı qaldırdıq. Deməli, biz belə uduzmuşuq? Əladır! Bax, nümunəvi erməni istorioqrafiyası budur, mifoloji erməni elmi, o cümlədən və ilk növbədə, tarix elmi budur. Buna görə də 2016-cı ildə biz onlara dərs verdik. Belə deyərdim, bundan sonra bizə vədlər verildi. Bir halda ki, söhbət düşüb, onu da deyim. Bizə vəd verildi ki, onlar bütün ərazilərimizdən rədd olacaqlar. Şəxsən Sarkisyan Rusiyadakı görüşümüzdə belə vədlər vermişdi. O, aprel döyüşlərindən sonra bu ərazilərdən rədd olmaq üçün iki həftə vaxt xahiş etdi. Bəs, nəyə görə o vaxt o, Ohanyanı müdafiə naziri vəzifəsindən azad etdi. Son məqamda həmin Ohanyan Şuşadan qaçdı. Guya Şuşanı müdafiə etməyə gəlmişdi. Müdafiə edəydi! O, orada, bizim torpağımızda doğulub. Bəs, nə üçün müdafiə etmədi? Nə üçün qaçdı? İndi mitinqlərdə lovğalanır, nəyə görə lovğalanması aydın deyil. Sarkisyan onu 2016-cı ilin aprelində hərbi qələbəyə görə işdən çıxarmışdı? Sarkisyana möhlət də verildi. O, iki həftə vaxt istəmişdi. Bu hadisə mənim və Prezident Putinin yanında olub. İki həftə keçdi, sonra isə ya özü təşkil etdi, ya da orada nə isə baş verdi, polis məntəqəsi tutuldu. Buna görə dedi ki, indi bunu edə bilmərəm. İndi vəziyyət gərginləşib, orada terrorçular var, mən terrorçularla vəziyyəti aydınlaşdırmalıyam. Beləliklə, işi 2018-ci ilə qədər uzatdı. Buna görə də heç bir məsələ həll edilmədi.
İndi, necə deyərlər, bütün bunları biz özümüz həll etdik. Bir daha demək istəyirəm, bizim gələcək barədə mövqeyimiz aydındır. Bu gün biz gələcək barədə düşünməliyik. Bu gün inteqrasiya barədə danışanda biz indi rusiyalı sülhməramlıların yerləşdiyi sahədə inteqrasiyanın istənilən formasına hazırıq, orada çox adam yaşamır. Ümumiyyətlə, sizə deməliyəm, orada nə qədər insanın yaşaması barədə müxtəlif rəqəmlər olmaması üçün bilin ki, müharibədən əvvəl orada maksimum 60 min nəfər yaşayırdı. Biz bu məlumatları havadan götürməmişik. Biz, o cümlədən Azərbaycan peykləri vasitəsilə, obyektiv müşahidə vasitəsilə obyektiv nəzarət məlumatlarını götürmüşük. Axı, hər kəs başa düşür ki, bizim üçün Dağlıq Qarabağ məsələsi həmişə bir nömrəli məsələ olub və bu gün də belədir. Lakin Azərbaycan dövləti operativ kəşfiyyat tədbirləri görməyə, orada nələr baş verdiyini bilməyə bilərdimi? Biz hazırda orada nələr baş verdiyini bilirdik və indi də bilirik. Müharibə vaxtı da bilirdik, müharibədən əvvəl də bilirdik. Əlbəttə, bu, bizə o vaxt da kömək edirdi, indi də kömək edir. Buna görə də indi rusiyalı sülhməramlılar tərəfindən əcnəbilərin gizlicə Dağlıq Qarabağa buraxılması ilə bağlı anlaşılmaz hərəkətlər bizi heyrətləndirir. Biz Rusiya tərəfi ilə razılığa gəlmişik ki, əcnəbilər oraya yalnız bizim icazəmizlə daxil ola bilərlər. Lakin razılaşma pozulur. Hələlik bu barədə daha danışmayacağam. Ola bilsin, bu mövzunu bir daha şərh etmək lazım gələcək, lakin bu, faktdır. Yəni demək istəyirəm ki, biz praktiki olaraq kimin oraya gəlməsini və kimin oradan getməsini adbaad bilirik. Buna görə də belə imkanlara malik olduğumuz bugünkü şəraitdə biz, əlbəttə, hər şeyi izləyirik və izləyəcəyik.
İnteqrasiya məsələsinə gəldikdə isə, biz bundan sonra da müxtəlif variantlar təklif etməyə hazırıq. Məsələn, bu gün mən bilirəm ki, su ehtiyatlarının idarə edilməsi məsələsi müzakirə olunur. Bəs, bütün bu illər ərzində bu məsələ niyə həll edilmirdi? Nə üçün ərazilərimizi işğal edərək Sərsəng su anbarından bizə gələn suyu bağlamışdılar? Yaxud nə üçün qış vaxtı suyun qabağını açıb daşqınlar törədir, yayda isə bağlayırdılar ki, bizim kənd sakinləri öz torpaqlarını suvara bilməsinlər. Artıq biz Suqovuşan su anbarını özümüzə qaytarmışıq və bu gün tamam başqa vəziyyət yaranıb. Bəli, bu gün onlar bizdən xahiş edirlər. Buna görə də burada enerji təhlükəsizliyi ilə bağlı məsələlər çox olacaq.
Bütövlükdə, Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd prosesdir. Tarixi perspektivi də başa düşmək və qəbul etmək lazımdır. Yeri gəlmişkən, mən bu barədə müharibədən əvvəl demişəm. Yəni, əgər Ermənistan rəhbərliyi qüvvələrin – həm hərbi, həm siyasi, həm iqtisadi, həm demoqrafik qüvvələrin nisbətini ayıq başla qiymətləndirsəydi, düzgün qərar qəbul edərdi. Bizim qüvvəmiz isə yalnız artacaq. O cümlədən, əhalimiz də. Ermənistan isə əməkdaşlıq etməsə yalnız zəifləyəcək. Burada obyektiv olaraq başqa hal, sadəcə, mümkün deyil. Azərbaycan və Türkiyə ilə əməkdaşlıq olmasa, Ermənistanın bərpa üçün sadəcə, resursu yoxdur. Onlar hər tərəfdən sıxılmış vəziyyətdə necə yaşayırdılarsa, elə də yaşayacaqlar. Lakin indi həmin kisə, deyərdim ki, balaca bir torbaya çevrilib. Vəssalam. Onlar yaxşı başa düşməlidirlər ki, hansısa “arsax” adlı bir dövlətləri olduğunu deyə bilərlər, lakin belə dövlət yoxdur, heç vaxt olmayıb və olmayacaq. Bu sərsəm ideyaları bir kənara atıb Azərbaycan vətəndaşları kimi normal yaşamaq lazımdır. Biz onları Azərbaycan vətəndaşları hesab edirik, onların beynini yeyiblər. Bu gün Yerevanda yenidən hakimiyyətə gəlməyə çalışanlar həmin hərbi canilərdir. Xalqın beynini yeyən onlardır. Onlar özləri orada yaşamır, müharibə vaxtı da orada yox idilər, qaçmışdılar, Sarkisyan da, Köçəryan da, Ohanyan da. Uşaq qatilləri, Xocalı qatilləri kimi döşlərinə taxdıqları qəhrəman medalları haradadır? Onlardan biri Şuşada, ikisi Xankəndidə doğulub. Bəs, nə üçün doğulduqları yerləri müdafiə etmədilər? Müdafiə edəydilər! Yaxud indi. Qoy getsinlər, burunlarını oraya soxsunlar. Baxarıq, onlar oradan salamat çıxacaqlarmı? Bilirsinizmi, bu insanları, azərbaycanafobiyanın, Azərbaycana qarşı bu təbliğatın qurbanlarına çevrilmiş günahsız insanları müalicə etmək lazımdır. Zənnimcə, zaman ən yaxşı təbibdir. Bu, mənim sözlərim deyil. Bunu çoxları deyib. Yaraların sağalması, anlaşma yaranması üçün vaxt lazımdır. Ermənistanda bunu anlamalarından ötrü vaxt lazımdır ki, Azərbaycanı iblis şəklində təqdim etməklə bağlı göstərdikləri bütün cəhdlər, ilk növbədə, onların özləri üçün səmərəsizdir.
Dini abidələrə gəldikdə isə biz bütün dini abidələri qoruyuruq, onları dövlət qoruyur, biz bərpa edirik. Biz müharibə dövründə Qəbələ rayonunun Nic qəsəbəsindəki xristian məbədini bərpa edəndən sonra onun açılışını etdik. İşğaldan azad edilmiş ərazilərdəki xristian dini və mədəni abidələrinə gəldikdə isə, heç kəsin şübhəsi olmamalıdır ki, onlar layiqincə qorunacaq. Yeri gəlmişkən, erməni zəvvarlar Kəlbəcər rayonundakı qədim Xudavəng alban məbədini sərbəst ziyarət edə bilərlər. Biz şərait yaratmışıq və həmin məbədin mənsub olduğu Azərbaycan udi icması və məbədi erməniləşdirməyə cəhd göstərən ermənilər də onu ziyarət edirlər. Beləliklə, gələcəkdə burada problem olmayacaq. Mən buna əminəm.
İspaniyanın “La Vanguardia” qəzeti: Sabahınız xeyir, cənab Prezident. İlk olaraq, Sizə təşəkkür edirəm ki, bu gün bizə şərait yaradıldı. Biz ötən ilin dekabr ayında Ağdamda olduq və burada xüsusilə Sizin dil qabiliyyətinizi qeyd etmək istərdim. Bizdə İspaniyada siyasətçilər bunu edə bilmir. Dil məsələsinə gəldikdə, özlərini Dağlıq Qarabağın rəhbərləri adlandıran insanlar rus dilini guya, rəsmi dil kimi qəbul etdiklərini iddia edirlər. Cənab Prezident, necə düşünürsünüz, orada gələcəkdə rəsmi dil və ya ümumiyyətlə, dillər məsələsi necə olacaq? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun sualınıza görə. Qarabağda rəsmi dil məsələsi barədə sualınıza dair qeyd edə bilərəm ki, bu, bir manipulyasiyadır. Hazırda Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır. Onlar orada suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər. Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Düşünürəm, bu, onların, həmin cinayətkar xunta rejiminin son nəfəsidir, son cəhdləridir ki, guya onlar dövlətdirlər. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir və Azərbaycan ərazisində digər heç bir dilin rəsmi statusu ola bilməz. Eyni zamanda, biz heç bir dilə hər hansı məhdudiyyət qoymuruq. Rus dili Azərbaycanda bildiyiniz kimi, çox geniş istifadə edilir. Bu gün bizdə sovet dövründən fərqli olaraq rus dilində daha çox qəzet və internet saytları fəaliyyət göstərir. 340-a yaxın rus bölməsi olan məktəbimiz var. Ermənistanda isə neçə belə məktəb var? Sıfır. Ermənistanda yalnız orada olan rus hərbi kontingentinin övladları üçün bir məktəb fəaliyyət göstərir. Onlarda hətta təqribən belə bir qanun da qəbul edilib ki, erməni uşaqları rus məktəblərinə gedə bilməz. Yəni bu, özlərinin qeyd etdiyi kimi, strateji tərəfdaşlarına olan diskriminasiya, ayrı-seçkilikdir. Onlar Rusiyadan hərbi resursları qəbul edirlər, bizim məhv etdiyimiz bütün silahları, hansı ki dəyəri 3-5 milyard dollar civarındadır, onlar bütün bunu Rusiyadan pulsuz almışdılar. Bu, hədiyyə və ya dırnaqarası kredit müqaviləsi əsasında olmuşdur. Həmin kredit ki, onlar heç zaman onu ödəməyəcəklər. Baxın, belə bir tərəfdaşa qarşı onlar ayrı-seçkilik edirlər. Rusiya televiziya kanallarına qarşı yeni qanunvericilik qəbul edilmişdir. Müharibədən sonra onlar bunu bir balaca, qismən aradan qaldırıblar. Onlar rus dilini qadağan edirlər, rusdilli məktəbləri qadağan edirlər. Ancaq baxın, indi Rusiya sülhməramlıları Qarabağa yerləşəndən sonra birdən bunlar rus dilini rəsmi dil kimi qəbul edirlər. Mən suahili dilini təklif edirəm. Belə olsa, onlar dil cəhətdən uzaq, ucqar ölkələrlə təmas qurmağa da nail ola bilərlər.
Gələcəyə gəldikdə, Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilir, bizim bütün dövlət universitetlərində rus bölmələri var. Nəzərə alaq ki, həmin ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa bilərlər, sovet dövründə bizim o bölgədə erməni dilində qəzetlər dərc edilirdi, orada xüsusi proqramlar var idi. Digər bütün dillər kimi erməni dili də Azərbaycanda qorunacaqdır.
Mənim müxtəlif xarici dil biliklərimə dair komplimentinizə görə təşəkkür edirəm. Bəli, mən xarici dilləri öyrənmişəm və hər zaman bunu daha tez-tez istifadə etmək mənə xoşdur.
Yunanıstanın “Real Group Media” şirkəti: Cənab Prezident, öncə mətbuat konfransında iştirak etmək üçün yaradılmış imkana görə təşəkkür edirəm. Bu, çox gözəl təşkil olunub. Mən Yunanıstanı təmsil edirəm. Dünən Ermənistanda baş verən böhranla bağlı, necə hesab edirsiniz, bunun atəşkəs və aparılan təmaslara - Türkiyə, İran, Rusiya arasında təmaslara hər hansı bir mənfi təsiri ola bilərmi? Digər sualım isə Ağdamla bağlıdır. Mən dünən orada oldum. Minlərlə kvadratkilometr ərazinin darmadağın edildiyinin şahidi oldum. Bəşər sivilizasiyasına, dini abidələrə qarşı olan hörmətsizliyin, təhqirin şahidi oldum. Mən Ağdamın bu dərəcədə dağıdıldığını təsəvvür edə bilməzdim. Mən dünən sıravi vətəndaşlarla danışırdım. Sizcə bu ərazilərin bərpası nə qədər vaxt aparacaq? Orada böyük mədəni itkilər, dini abidələrə qarşı hörmətsizlik baş vermişdir. Sizin planınızca, zənninizcə, bu ərazilərin bərpası nə qədər çəkəcək?
Prezident İlham Əliyev: İlk sualınıza gəldikdə, Ermənistandakı böhran və onun sülhə təsiri, yenə də bu böhranın hansı istiqamətdə cərəyan edəcəyindən asılı olacaqdır. Bu böhranın tezliklə bir sonu olmalıdır. Dediyim kimi, bu tragikomediyaya son qoyulmalıdır. Atəşkəs və üçtərəfli bəyanatın icrası ilə bağlı diqqətinizi Prezident Putinin cavabına yönəltmək istərdim. Ona sual verildi ki, Ermənistan bu bəyanatın icrasından boyun qaçırmaq istəsə nə olacaq? O da dedi ki, bu, Ermənistan üçün sui-qəsd olacaqdır. Mən də bu məsələdə Prezident Putinlə tamamilə razıyam.
Ermənistandakı böhranın regional əməkdaşlıq məsələsinə təsirinə gəldikdə, bəli, bizim müəyyən narahatlığımız var. Üç ölkənin - Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinləri arasında üçtərəfli görüşlər keçirilir. Artıq iki belə görüş olmuşdur. Üçüncü belə bir görüş Moskva şəhərində sabaha planlaşdırılmışdır. Ancaq mənə hələ də məruzə edilməyib ki, bu görüş Ermənistan tərəfindən təxirə salınıbmı. Yəni bu, təxirə salınsa da, anlaşılan olacaqdır. Ancaq yenə də bu, Ermənistanda gələcəkdə baş verəcək hadisələrdən, oradakı siyasi mübarizənin nəticələrindən asılı olacaqdır. Amma bu, bizim planlarımıza təsir edə bilməz. Qeyd etdiyim kimi, artıq bizim regionun gələcəyi ilə bağlı aydın fikrimiz var. Türkiyə, Rusiya, İran və Azərbaycan arasında körpülərin yaradılması ilə bağlı da aydın təsəvvürümüz var. Ona görə də Ermənistan burada hər hansı bir mənfi addım atmağa cəhd etməməlidir. Onların siyasi, hərbi və iqtisadi konfiqurasiyasının asılı vəziyyətdə olması bunu şərtləndirir. Azərbaycan bu regionun tərkib hissəsi olmuşdur, hər zaman uğurlu əməkdaşlığın nümunəsi olmuşdur. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-İran əməkdaşlıq formatları mövcuddur. Bununla yanaşı, Türkiyə-İran-Rusiya arasında əməkdaşlıq formatı da var. Ermənistan yeganə ölkədir ki, onlarda belə bir əməkdaşlıq formatı mövcud deyil. Yəni biz, bu regionun məsuliyyətli ölkəsiyik. Müəyyən geriləmələr, müəyyən təxirə salınmış tədbirlər ola bilər. Ancaq ümumiyyətlə, mən hesab edirəm ki, Ermənistanda siyasi hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistan buna böyük mənada təsir edə bilməz və etməməlidir də.
Siz Ağdamı qeyd etdiniz və orada acınacaqlı mənzərənin şahidi oldunuz. Ora gedən hər kəs ilk səfərində bir növ şok və sarsıntı yaşayır. Mən Ağdama səfər edəndə oradakı səngərləri görəndə heç ifadə edə bilmirəm ki, necə qarışıq hisslər keçirdim: sarsıntı, əzab, təəssüf. Eyni zamanda, fərəh hissi var idi məndə ki, biz ora qayıtmışıq. Bu, bəlkə də hətta əlavə bir mətbuat konfransının mövzusu ola bilər. Qeyd etdiyim kimi, Ağdamın işğaldan əvvəl əhalisinin sayı 40 minə yaxın idi. Yəni işğaldan sonra təbii ki, əhalinin sayı artıb. Biz artıq təqribən 70 min nəfərlik şəhərin baş planını yenidən işləməliyik və sizə bir nümunə deyə bilərəm. Ötən il biz bir neçə min ailə üçün mənzil və evlər inşa etmişik. Mənim qərarımla onlar, əslində, məcburi köçkünlər üçün nəzərdə tutulmuşdu. Ancaq artıq işğal olunmuş ərazilər azad edildikdən sonra qərara gəldim ki, həmin mənzillər şəhid ailələrinə verilsin və dünən də mən belə bir şəhərciyin - 1572 ailəlik şəhərciyin açılışını etdim. Bu ilin sonuna qədər daha 3 min şəhid ailəsi ev və mənzillərlə təmin ediləcək. Biz buna bir növ öyrəncəliyik, bizdə bunun təcrübəsi var. Biz hər il 3-4 min mənzil və ev inşa edə bilirik. Yəni fiziki olaraq biz Ağdam şəhəri haqqında danışırıqsa, bu şəhər hesab edirəm ki, 2-3 il ərzində tam bərpa oluna bilər. Ancaq bundan öncə minadan təmizləmə, infrastruktur layihələri həyata keçirilməlidir. Elektrik infrastrukturuna gəldikdə, biz bütün şəhərlərimizin, bölgələrimizin bir-biri ilə bağlı enerji şəbəkəsini yaradacağıq. Artıq büdcə, proqram təsdiq edilib və bu ilin sonuna qədər elektrik enerjisi təminatı başa çatdırılacaqdır. Su təminatı, qaz təminatı, yollar... Biz təkcə evlər tikməli deyilik, orada xəstəxanalar, məktəblər, bağçalar tikilməlidir. Orada iş yerləri yaradılmalıdır. Çünki orada yaşayan insanlar işlə təmin edilməlidir. Yəni bütün bu işlər bizim Böyük Qayıdış adlandırdığımız proqramımızın tərkib hissəsidir, Prezident Administrasiyasının rəhbəri bu əlaqələndirmə ilə məşğuldur. Təkcə Ağdam deyil, digər bütün şəhər və qəsəbələrimizdə – Füzuli, Cəbrayıl, Qubadlıda vəziyyət təqribən eynidir. Zəngilanda bir neçə ev istisna olmaqla hər şey darmadağın olub. Bu, çox nəhəng bir işdir, bizim qarşımızda böyük işlər dayanır. Biz bunu yalnız öz daxili resurslarımız hesabına edəcəyik və artıq etməyə başlamışıq. Burada söhbət təkcə maliyyə resurslarından getmir. Söhbət texniki imkanlardan gedir, bizim peşəkarlarımız, intellektual resurslarımız var.
Xüsusilə vurğulamaq istəyirəm ki, biz orada vətəndaşlarımız üçün ən yaxşı şərait yaratmalıyıq. Çünki uzun illərdir bu insanlar əziyyət çəkirlər. Biz anlayırıq ki, həmvətənlərimiz ən qısa zamanda oraya qayıtmaq istəyirlər. Yenə də istəməzdim daha dəqiq tarix verim, təkcə elə Ağdam kimi bir şəhərimizin yenidən bərpası ən azı 2 il çəkəcəkdir.
İranın Mehr agentliyi: Cənab Prezident, bu gün terrorçuluq dünya üçün təhdiddir. Qarabağ müharibəsi zamanı regionda terrorçu qrupların fəaliyyət göstərməsi barəsində xəbərlər yayılırdı. Bu isə region üçün böyük təhlükədir. Burada hansı kollektiv səylər göstərilməlidir? Bununla bağlı Azərbaycan Respublikası tərəfindən hansı addımlar atılacaqdır? Digər sualım isə Azərbaycan-İran əməkdaşlığının necə qiymətləndirilməsi ilə bağlıdır. İki xalqı bir-birinə tarixi və mədəni bağlar birləşdirir və bu əməkdaşlığın regional perspektivlərini necə görürsünüz?
Prezident İlham Əliyev: Bir məsələni aydınlaşdırmaq istəyirəm. Siz müharibə zamanı terrorçu qrupların fəaliyyət göstərməsi haqqında danışırsınız, hansı məlumatlara, kim tərəfindən verilən məlumatlara istinad edirsiniz?
Jurnalist: Region ölkələrindən olan xəbər agentlikləri belə məlumat yayırdılar. İcazənizlə onların adlarını çəkməyim.
Prezident İlham Əliyev: Bilirsiniz, sualınız bir növ ittiham formasındadır. İstənilən məlumat haqqında danışmaq olar, ancaq mənbə qeyd edilməlidir. Siz deyirsiniz ki, məlumatlar yayıldı, onların mənbəyini də qeyd edin. Terrorçu qruplar haqqında məlumatın mənbəyini qeyd edin.
Jurnalist: Sizcə, regionda terrorçu qrupların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
Prezident İlham Əliyev: Hansı regiondan və ya ölkədən söhbət gedir? Siz mənbə göstərə bilmirsiniz. Kimisə ittiham etmək asandır. Siz onu sual formasında verə bilərsiniz, ancaq, burada mahiyyət dəyişmir. Dediyinizin arxasında dayanmaq daha çətindir. Xəbər deyirsiniz, yəni, hansı mənbələrə istinad edirsiniz? Sualınızda mənbəni qeyd edə bilsəniz, daha geniş cavab verə bilərdim.
Jurnalist: O zaman ikinci sualıma cavab versəniz məmnun olardım.
Prezident İlham Əliyev: Hesab edirəm ki, siz birinci sualınıza özünüz cavab verdiniz. Sualınızda qeyd etdiyiniz məlumatlar mövcud deyil. Müharibə zamanı terrorçu qrupların iştirakı ilə bağlı hər hansı məlumat, dəlil və sübut yoxdur. Bu, məqsədyönlü şəkildə uydurulmuş bir hekayədir və mən təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Adətən belə ittiham xarakterli suallar digər ölkələrdən olur. Torpaqların azad olunması uğrunda aparılan əməliyyatlarda heç bir terrorçu iştirak etməyib. Bu qələbəni Azərbaycan Ordusu qazanıb. Burada hər hansı yazılı və ya şifahi məlumat və ya sübutlardan söhbət gedə bilməz. Bu, Azərbaycanı ittiham etməkdən başqa bir şey deyil. Bu, Ermənistan tərəfindən ediləndə anlaşılandır. Bu, ermənilərin bir bəhanəsidir, çünki onlar üçün bu, psixoloji cəhətdən ağrılı bir məsələdir – Azərbaycan əsgəri onları məğlub edib. Onlar deyə bilərlər ki, bunu hansısa terrorçular edib. Ancaq kimsə bu terrorçuları görüb? Siz və ya həmkarlarınız, sadəcə, bir ad verə bilərsinizmi? Kifayət qədər vaxtınız var, bu məlumatları həmkarlarınızla bölüşün. Varmı belə bir məlumat? Xeyr. Ona görə sizə tövsiyəm odur ki, spekulyasiya ilə məşğul olmayın. Dediyim kimi, siz bir xanım olaraq dost ölkədən gəlmisiniz, ona görə də mən mövzunun dərinliyinə getmək istəməzdim. Ancaq xahiş edirəm, belə şayiələr yayarkən daha məsuliyyətli olun.
O ki qaldı, Azərbaycan-İran əməkdaşlığına, bu əməkdaşlıq çox yaxşı səviyyədədir. Müharibədən sonrakı dövr yeni imkanlar yaradır. Bilirəm ki, İran şirkətləri dağıdılmış ərazilərdə yenidənqurma işlərində iştirak etməkdə maraqlıdırlar. Azərbaycandan olan yüksəksəviyyəli nümayəndə heyəti İranda səfərdə olmuşdur. Burada əməkdaşlığımızla bağlı vacib məsələlər, o cümlədən Xudafərin su anbarının birgə istifadəsi də müzakirə edilib. Biz artıq elektrik stansiyalarının inşasına dair İran tərəfi ilə razılığa gəlmişik. Artıq Xudafərin və Qız qalası elektrik stansiyalarının tikintisi ilə bağlı büdcə ayrılıb. Ümumi istehsal gücü 280 meqavat olacaq və bu həcm iki ölkə arasında bölüşdürüləcək.
Yeni vəziyyətlə əlaqədar çoxlu imkanlar var. Biz İranla dövlət sərhədimizi bərpa etmişik, onun 132 kilometrlik hissəsi işğal səbəbindən bizim nəzarətimizdə deyildi. Bu gün isə artıq biznes üçün yeni imkanlar açılır. Buraya nəqliyyat və kənd təsərrüfatı da daxildir. Nəqliyyat sahəsi haqqında danışarkən, mən Zəngəzur dəhlizini qeyd etmək istəyirəm. Bu dəhliz İran tərəfi üçün də faydalı olacaqdır. İran həmin dəhlizdən istifadə edərək Ermənistanla dəmir yolu əlaqəsi yarada bilər. İki ölkənin hazırda belə bir əlaqəsi yoxdur və eşitdiyimə görə, belə bir dəmir yolu xəttinin tikintisi artıq gündəmdə deyil. Çünki olduqca mənasız və bahalı bir layihədir. Naxçıvandan, Culfa üzərindən İran yükləri Ermənistana və geriyə nəql edilə bilər. İmkanlar çoxdur, biz onların hamısını nəzərdən keçirəcəyik və əminəm ki, gələcəkdə sıx əməkdaşlığımız davam edəcək.
Jurnalist: Cənab Prezident, mən üzr istəyirəm, ancaq zənnimcə, mənim terrorçu qruplarla bağlı sualım yanlış anlaşıldı. Mən Azərbaycan tərəfindən terrorçu qrupların fəaliyyətini nəzərdə tutmurdum. Mən Qarabağ müharibəsi zamanı regionda İŞİD kimi qrupların fəaliyyətini nəzərdə tuturdum.
Prezident İlham Əliyev: Aydınlıq gətirdiyinizə görə sizə təşəkkür edirəm.
İraq media şəbəkəsi: Cənab Prezident, işğaldan azad olunmuş ərazilərdə təşkil edilmiş tədbirlərdə iştirak üçün bizi dəvət etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Dünən işğaldan azad edilmiş Ağdam şəhərini ziyarət edərkən biz misli görünməmiş dağıntıların şahidi olduq. Məlum oldu ki, bütün evlər işğal dövründə daşlara qədər qarət edilib. O cümlədən dağıdılmış vəziyyətdə olan qədim məscidin işğal zamanı heyvanlar üçün tövlə kimi istifadə edildiyini öyrənmək bizə çox ağırdır. Bildiyimizə görə, Ermənistan tərəfindən işğal edilmiş digər ərazilərdə də məscidlər, türbələr, qəbiristanlıqlar, ümumiyyətlə Azərbaycan xalqına məxsus mədəniyyət abidələri tamamilə dağıdılmışdır. Bununla əlaqədar sizin hökumət Ermənistana qarşı beynəlxalq hüquqi müstəvidə hansı konkret iddialar qaldırmağı düşünür? Digər tərəfdən, bu, müasir tarixdə İslam irsinin və mədəniyyət abidələrinin ən genişmiqyaslı dağıdılmasıdır. Bunu İŞİD-in işğal etdiyi torpaqlarda mədəniyyətlərə qarşı cinayətləri ilə müqayisə etmək olar. Bildiyimə görə, bu fakt bu yaxınlarda ICESCO-nun nümayəndələri tərəfindən təsdiq edilib. Sizcə, azad edilmiş ərazilərdə mədəni abidələrin bərpasında beynəlxalq təşkilatlar və müsəlman ölkələri hansı konkret rol oynaya bilər? Eyni zamanda, həmin ərazilərin bərpasında dediyimiz kimi, beynəlxalq təşkilatlar və müsəlman ölkələri ümumi şəkildə hansı rol oynaya bilərlər? Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun. Doğrudan da, Ağdam şəhərinin görüntüləri hamımız üçün çox ağrılıdır və bütün dünya bunu görməlidir. Ağdam məscidində donuz, inək saxlanılması Ermənistan tərəfindən bütün müsəlman aləminə edilən təhqirdir. Biz bunu belə qəbul edirik. Bu təhqiri edənlər bu gün Ermənistan siyasi müstəvisində də özləri üçün yer tapmaq istəyirlər. Ermənistanın keçmiş prezidenti Köçəryanın dağılmış və üzərində təhqiramiz ifadələr olan həmin Ağdam məscidinin önündə fotoşəkilləri var. Onlar bu cinayəti törədiblər və mən dəfələrlə müxtəlif tədbirlərdə, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşlərində və digər beynəlxalq tədbirlərdə qeyd edirdim ki, bu cinayəti törədənlər, İslam müqəddəslərinin təhqirini özünə rəva bilənlər heç vaxt müsəlman ölkələri ilə dost ola bilməzlər. Mən müsəlman ölkələrinin liderlərinə üz tutub deyirdim ki, sizin əl sıxdığınız insanlar müsəlman məscidlərini dağıdan, sökən, orada inək, donuz saxlayanlardır. Zəngilan işğaldan azad olunandan sonra bu, lap yeni görüntülərdir. Müharibə dövründə o görüntülər də üzə çıxmışdır. Zəngilan rayonunun məscidlərinin birində donuz saxlayırdılar. Pənahəli xanın sarayını tövləyə çevirmişdilər. Yəni, bunu qəsdən edirlər. Məgər, heyvanları başqa yerdə saxlamaq olmaz? Qəsdən edirlər. Görün, müsəlmanlara qarşı bunların nifrəti nə qədər böyükdür və bunu edən cinayətkarlar, bunu edən əxlaqsızlar ondan sonra da gedib bəzi müsəlman ölkələrinin liderləri ilə görüşüb hansısa dostluqdan, əməkdaşlıqdan danışırlar. Ona görə mən xahiş edirəm, bu görüntüləri yayın bütün dünyaya. Bütün dünya görsün ki, Ermənistan rəhbərliyi islamofob xislətləri ilə fərqlənir və bu, təkcə bizə deyil, bütün müsəlman aləminə qarşı təhqirdir.
Azad edilmiş torpaqlarda məlumatlara görə, 67 məscid var idi, onlardan cəmi biri nisbətən salamat vəziyyətdədir. Qalanlar ya tam dağıdılıb, ya da ki, onların böyük hissəsi dağıdılıb. Biz bütün məscidləri bərpa edəcəyik. Əlbəttə ki, İslam ölkələrinin nümayəndələri bu məsələ ilə bağlı öz təkliflərini verirlər. Bu yaxınlarda sizin də qeyd etdiyiniz kimi, ICESCO-nun nümayəndə heyəti Azərbaycanda idi. Onlar Ağdam məscidini ziyarət etmişlər və ondan sonra ICESCO-nun Baş katibi ilə görüş əsnasında belə bir təklif irəli sürüldü ki, ICESCO bizim tarixi abidələrimizin bərpası işində öz rolunu oynaya bilər. Biz bunu alqışlayırıq. Digər müsəlman ölkələrinin nümayəndələrinin təşəbbüslərini də biz alqışlayırıq. Biz bu bərpa işlərini İslam həmrəylik bayramına çevirməliyik. Çünki Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi ilə bağlı çox ardıcıl siyasət aparır. İslam Əməkdaşlıq Təşkilatının xətti ilə ölkəmizdə keçirilmiş müxtəlif tədbirlər, eyni zamanda, prinsipial məsələlərlə bağlı açıq mövqeyimiz, əlbəttə ki, İslam aləmində də bizə böyük nüfuz qazandırıb. Müsəlman ölkələri arasındakı birlik, həmrəylik bizim hamımız üçün lazımdır. Ona görə belə bir təklifə görə sizə təşəkkürümü bildirirəm və xahiş edirəm ki, öz ölkənizin ictimaiyyətini bu reallıqlarla tanış edəsiniz.
Türkiyənin Anadolu Agentliyi: Hörmətli cənab Prezidentim, 10 noyabrdan sonra bölgədə Bəyanatı imzalayan üç ölkənin etməli olduqları bəzi fəaliyyətlər var idi və üç ölkə də fəaliyyətlərinə başladı. Ancaq bu dönəmdə bölgədəki xarici ölkələrin sayı, bölgəyə dərhal sonra hər gün gələn karqo təyyarələrə nəzarət olunması, bölgəyə geri qaytarılan erməni vətəndaşların sayı ilə bağlı müxtəlif iddialar mətbuatda yer aldı. Bəzi məsələlər Sizin gündəliyinizdə də yer aldı. Siz bu məsələlərlə bağlı iradlarınızı daha əvvəl dilə gətirmişdiniz. Siz müharibədə qalib gələn ölkənin lideri olaraq 10 noyabrdan sonrakı dövrdən məmnunsunuzmu və bu dövr daha yaxşı ola bilərdimi?
Prezident İlham Əliyev: Prinsip etibarilə mən məmnunam. Çünki 10 noyabrda imzalanmış Bəyanatda göstərilən əsas məsələlərdən biri Ağdam, Kəlbəcər və Laçın rayonlarının bizə qaytarılması idi və buna biz nail olduq. Dekabrın 1-də bu bölgələr bizə qayıtdı.
Eyni zamanda, Bəyanatda göstərilən digər məsələlərlə bağlı, hesab edirəm ki, müsbət addımlar atılır. Bəzi məsələlər təbii olaraq hələ ki, icra edilmir. Onlar üçün müəyyən zaman lazımdır. Amma hesab edirəm ki, məsələ prinsip etibarilə müsbət istiqamətdə gedir.
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyət göstərməsi də bu istiqamətdə atılmış çox önəmli addımdır. Mən əminəm ki, bu monitorinq mərkəzi vasitəsilə bölgədə sabitlik və atəşkəs rejiminin möhkəmləndirilməsi işinə böyük töhfə veriləcək. Azərbaycan Prezidenti olaraq bildirmək istəyirəm ki, Azərbaycan tərəfindən hər hansı bir aqressiv addım atılmayacaq. Biz bunu heç vaxt etməmişdik və bu gün buna ehtiyac yoxdur. Ona görə 10 noyabr Bəyanatı prinsip etibarilə icra edilir.
Bəzi məsələlər var ki, onlar 10 noyabr Bəyanatında öz əksini tapmayıb, amma ondan sonrakı dövrdə razılaşdırılıb. Bu məsələlərin bir qismi icra edilir, bir qismi isə hələ ki, icra edilmir. Yenə də deyirəm, bəzi məsələlər var ki, Rusiyanın sülhməramlı qüvvələri bizim ərazimizə xarici vətəndaşların buraxılmasında o qədər də ciddi addımlar atmırlar. Bu, bizi narahat edir və bu narahatlığı da biz Rusiya tərəfinə çatdırırıq. Əminəm ki, vaxt keçdikcə, bu məsələlər də tənzimlənəcək.
Biz bir məsələni də unutmamalıyıq ki, 10 noyabrdan sonra bizim bölgəmizdə və bütövlükdə dünyada tam yeni bir vəziyyət yaranıb. Biz bu vəziyyətə uyğunlaşmalıyıq, hər bir ölkə buna öyrəşməlidir. Bu, yeni bir vəziyyətdir, bizim üçün də, qonşu ölkələr üçün də. Burada həm logistik, həm texniki, həm nəqliyyat, eyni zamanda, psixoloji problemlər var. Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur. Amma hər şeyin öz vaxtı var, öz yeri var. Biz addım-addım öz hədəfimizə çata bilmişik və mümkün olmayanı 44 gün ərzində reallığa çevirmişik. Bunu bu gün təkcə biz yox, beynəlxalq ekspertlər də deyir. Bizim apardığımız hərbi əməliyyat bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Hesab edirəm ki, biz müharibə dövründə və müharibədən sonra mümkün olan maksimum nəticəni əldə etdik və həyat davam edir, həyat yerində durmur, yeni məsələlər ortalığa çıxır.
Bizim strateji baxışımız var: Biz nə istəyirik, bu günə qədər nə istəmişik, bundan sonra nə istəyirik. Bu arzulara, hədəflərə çatmaq üçün nə etməliyik? Bizdə çox aydın baxış və təsəvvür var. Biz bu ümumi plan çərçivəsində bundan sonra da öz addımlarımızı atacağıq və yeni nailiyyətlər, uğurlar da olacaqdır.
Ukraynanın “1+1” telekanalı: Hər vaxtınız xeyir, cənab Prezident. Sizə iki sualım var. Birinci sualım kifayət qədər qısadır. Xahiş edirəm Ukrayna ilə Azərbaycanın indiki mərhələdə hərbi və hərbi-texniki əməkdaşlığının xarakterini qısaca səciyyələndirin. Azərbaycanın ərazilərini işğaldan hərbi yolla azadetmə təcrübəsini Ukrayna ilə bölüşmək imkanı varmı? İkinci sual: Ukraynada və Azərbaycanda müharibələrin xarakterində bütün fərqlərə baxmayaraq, hər halda, Ukrayna Rusiyanın təcavüzünə qarşı mübarizə aparır, bizim ortaq cəhətlərimiz çoxdur. Məsələn, işğaldan azad ediləndən sonra, yumşaq desək, qanuni hakimiyyətə o qədər də dostcasına münasibət bəsləməyən yerli əhalinin reinteqrasiyası probleminin həlli zərurəti. Siz bu problemlə üzləşirsiniz. Biz onu həll etməliyik. Sual budur. Qısamüddətli və uzunmüddətli perspektivdə Qarabağın erməni əhalisinə münasibətdə Sizin planlarınız necədir və başqa sözlə desək, Siz Qarabağ ermənilərinə nə təklif edə bilərsiniz? Vətəndaşlıq, tam reinteqrasiya, mədəni muxtariyyət və sair. Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun. Ukrayna ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq məsələsinə gəldikdə, prinsip etibarilə bu əməkdaşlığın böyük tarixi var. Müstəqilliyin ilk illərində Ukrayna hərbi-texniki əməkdaşlıq məsələsində bizim əsas tərəfdaşımız olub, lakin tədricən bu əməkdaşlıq yox dərəcəsinə enib. Açığını deyim ki, bu gün də həmin əməkdaşlığın həcmi o qədər də böyük deyil. Hərçənd, bizim hərbi sənayenin formalaşmasına gəldikdə, biz öz hərbi sənayemizi yaratmağa başlayanda Ukrayna müəssisələri bu işdə bizə çox kömək ediblər və bizim hərbi məhsullar istehsal edən müəssisələrin çoxu Ukrayna şirkətləri ilə birgə müəssisələr idi.
Mənə məlum olduğuna görə, bu gün Ukraynanın hərbi-texniki kompleksi inkişaf dövrünü yaşayır. Azərbaycanda da belədir. Ona görə hesab edirəm ki, bu istiqamətdə də əməkdaşlıq üçün imkanlar var. Lakin açıq deyim ki, hələlik istər Ukrayna, istərsə də Azərbaycan tərəfindən hər hansı konkret layihələr və təkliflər olmayıb. Yəqin ki, hələ bunun vaxtı yetişməyib.
Yerli əhalinin reinteqrasiyası məsələsinə gəldikdə, sözün düzü biz bu işə hələ başlamamışıq. Ona görə ki, müharibə təzəcə başa çatıb. Bu gün Qarabağ ərazisində yaşayan erməni əhalinin azərbaycanlı əhali ilə əlaqəsi yoxdur. Lakin bu, ona görədir ki, orada azərbaycanlı əhali, sadəcə, yoxdur, otuz il orada azərbaycanlılar olmayıb və azərbaycanlı əhali oraya qayıtmayıb. Erməni əhali isə Rusiya sülhməramlı missiyasının nəzarəti altında olan ərazidədir və bu ərazidən kənara çıxmır, ona görə ki, orada çıxası yer də yoxdur. Orada hər yer minalanıb. Buna görə də erməni və azərbaycanlı əhali arasında gündəlik əlaqələrin başlanması üçün şərait yetişməlidir. Bu, ilk növbədə, siyasi şəraitə aiddir. Bir daha deyirəm, Ermənistan dövləti Azərbaycanın suveren ərazisini onun əlindən almaq üçün hər hansı cəhdlərdən, “Arsax müstəqil dövlətdir” tipli hər cür frazalardan, bütün bu boş və cəfəng sözlərdən imtina etməlidirlər. Onlar, sadəcə, özlərini və bütün dünyanı aldatmaq və orada yaşayan insanları çaşdırmaq cəhdlərindən imtina etməlidirlər. Onlar Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar. Hesab edirəm ki, bu, zəruridir. Mən əvvəllər Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin mümkünlüyü barədə suallara cavab verərək deyəndə ki, bu gün lazım olduğundan bir qədər irəli getdiyimi başa düşürəm, lakin bu da o vaxt mümkün olacaq ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın, bunu bütün dünyaya etiraf etsin.
Düşünürəm ki, indi rəsmi şəxslər səviyyəsində əlaqələr, baş nazirlərin müavinlərinin iştirakı ilə işçi qrupu, Azərbaycanın və Ermənistanın sərhəd xidmətlərinin rəhbərlərinin sərhəddə görüşü, Rusiya, Azərbaycan və Ermənistanın xüsusi xidmət orqanları rəhbərlərinin Moskvada görüşü, rəsmi şəxslər arasında digər əlaqələr buna zəmin yaratmalıdır. Burada yenə zəruridir ki, Ermənistan tərəfi bizi aldatmağa çalışmağın lazım olmadığını başa düşsün. Ona görə, təəssüf ki, belə demək mümkündürsə, biz yenə bu cür hoqqaları görürük. Onlar sözdə bir cür danışır, əməldə başqa cür hərəkət edirlər. Belə etmək lazım deyil, indi o vaxt deyil. Onlar əsla elə vəziyyətdə deyillər ki, indi bunu özlərinə rəva görsünlər. Səmimi işləmək lazımdır, əgər nə barədəsə razılığa gəliriksə, onu yerinə yetirmək lazımdır, yox əgər bunu edə bilmirlərsə, demək lazımdır ki, edə bilmirlər. Bilirsiniz, bu cür əsassız ümidlər və vədlər olmamalıdır.
Bax, belə bir baza yaradılanda, azərbaycanlı əhali işğaldan azad edilən ərazilərə qayıdanda, əlbəttə, əlaqələr olacaq. Ona görə ki, hazırda Xankəndidə, digər yaşayış məntəqələrində yaşayan insanların normal həyat fəaliyyəti üçün əlaqələr, sadəcə, zəruridir. Azərbaycansız buna nail olmaq, sadəcə, qeyri-mümkündür. Fikir verin, bu gün Qarabağdakı rusiyalı sülhməramlı kontingent üçün yüklər necə çatdırılır. Necə? Əvvəlki kimi təyyarə ilə Yerevana qədər, sonra isə yük maşınları ilə Xankəndiyə qədər. İndi dəmir yolu ilə Bərdəyə qədər. Tezliklə, bir ildən sonra bizim yolumuz Ağdama qədər uzanacaq. Oradan Rusiyaya məxsus yük maşınları gəlir, yüklənir və gedir. Bu, xeyli ucuz və rahat olacaq. Bəs, hərbi qulluqçular üçün yük daşıyan Rusiya təyyarələri indi necə uçur? Onlar sonradan 10 saat, özü də qar basmış bu dəhlizlə getmək üçün Yerevana uçmurlar. Onlar Gəncəyə uçur, oradan isə Xankəndiyə getmək üçün bir saat, ola bilsin bir qədər çox vaxt lazımdır. Yəni, bunu həyat tələb edir. Rusiya tərəfi belə bir xahişlə müraciət edəndə biz onları dəstəklədik. Axı, nəyə görə biz sülhməramlılar üçün süni problemlər yaratmalıyıq. Bu sülhməramlılar, o cümlədən bizim sakinlərin də təhlükəsizliyini təmin edirlər. İkincisi, beləliklə biz hazırda orada yaşayanlara siqnal veririk ki, baxın, axı Qafqaz bürosu o vaxt Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması barədə qərarı təsadüfən qəbul etməmişdi. Bir daha vurğulamaq və ermənilərin bir çox başqa yalanları kimi bu yalanını da ifşa etmək istəyirəm ki, həmin qərarda Dağlıq Qarabağın Azərbaycana verilməsindən yox, onun Azərbaycanın tərkibində qalmasından söhbət gedir. Onlar bu prinsipial bənd ilə həmişə manipulyasiya edirlər. O cümlədən ona görə ki, bu, Azərbaycanın tarixi vilayətidir və ikincisi, onlar oraya necə gedib çıxa bilərdilər? Axı, ötən əsrin 30-cu illərinə qədər Laçında və Kəlbəcərdə yol olmayıb. Əgər kimsə bunu bilmirsə qoy bilsin. Orada atla hərəkət edirdilər. Ermənistandan oraya necə getmək olardı – heç cür. Yalnız atla. Kəlbəcərdə, ümumiyyətlə, yol yox idi. Bu, təcrid olunmuş bir bölgə idi. Biz 1930-cu illərdə yol çəkməyə başladıq. Buna görə təbiidir ki, burada yaşayış məntəqələri, sivilizasiya, qədim şəhərlər var. Xankəndiyə gedən yol Ağdamdan keçirdi. Buna görə də hər şey öz təbii vəziyyətinə qayıtmalı, tamamilə siyasətsizləşdirilməlidir. Zənnimcə, orada yaşayan erməni millətindən olan adamlar da öz azərbaycanlı qonşuları və keçmiş dostları ilə ünsiyyət saxlayanda bunu başa düşəcəklər, tezliklə ortaq dil tapacaqlar.
“TRT World”: Cənab Prezident, hazırda Ermənistandakı vəziyyət Sizi nə dərəcədə narahat edir? Ermənistanın baş naziri Nikol Paşinyan 10 noyabr tarixli sənədə imza atanlardan biridir. İndi orada bəzi siyasətçilər məsələyə yenidən baxılmasına dair çağırışlar edirlər, bu məsələ Sizi narahat edirmi? Daha bir sualım ondan ibarətdir ki, Sizin Nikol Paşinyanla rəsmi təmaslarınız olubmu və hazırda birbaşa təmasınız varmı?
Prezident İlham Əliyev: Mən istəməzdim Ermənistandakı vəziyyətlə bağlı dərinə gedim. Mənim deyə biləcəyim Ermənistanda müəyyən siyasi qruplar tərəfindən sui-istifadə edilə bilər. Məncə, məsələni özləri həll etsələr yaxşıdır. Ancaq qonşu ölkə olaraq və müharibənin başa çatmasını nəzərə alsaq, biz, əlbəttə ki, Ermənistandakı vəziyyətə biganə ola bilmərik. Biz məsələni diqqətlə izləyirik. Hesab edirəm ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, 10 noyabr Bəyanatının icrasına mane olmaq cəhdləri bu ölkə üçün çox zərərverici olacaqdır. Mən artıq Prezident Putinin sitatını dilə gətirdim. Bu, onlar üçün sui-qəsd olacaqdır, vəziyyət bundan da qat-qat pis olacaqdır. Ona görə bu gün Ermənistanda anlamalıdırlar ki, bu vəziyyət Azərbaycana qarşı işğalçılıq siyasətinin bilavasitə nəticəsidir. Bu, son iki ildə baş verən və ya bir neçə ayın nəticəsində baş verən hadisə deyil, bunun birbaşa səbəbi işğaldır. Onlar hazırda bütün ideoloji dayaqlarını itiriblər. Çünki onların ideoloji dayaqları Azərbaycanofobiya üzərində qurulmuş miflərdən ibarət idi. Özlərini qalib ölkə kimi təqdim edirdilər, Azərbaycan isə məğlub tərəf idi. Ancaq üz-üzə gəldikdə biz sübut etdik ki, qalib kimdir. Yəni, bu vəziyyəti mən nəzarətdə saxlayıram, ancaq mən narahat deyiləm ki, Ermənistanda olan hər hansı bir dəyişiklik Bəyanatın icrasına təsir edə bilər. İlk olaraq, ona görə ki, bu, artıq rəsmi imzalanmış sənəddir. İkincisi isə ona görə ki, burada Rusiya Prezidentinin də imzası var. Bu gün Ermənistanın Rusiyadan asılılığı müharibədən qabaqkı dövrdən 10 dəfə artıqdır. Müharibədən əvvəl də Ermənistan Rusiyadan asılı olan bir ölkə idi. Mən bununla Ermənistanı ittiham etmirəm, bu, reallıqdır, yəni o asılılıq müharibədən sonra 10 qat artmışdır. Yəni, Ermənistanın cəsarəti çatacaqmı ki, Rusiya Prezidentinin imzasına bu cür yanaşsın? Burada, sadəcə, o bəyanatdan söhbət getmir, bu söhbətin mahiyyəti ondan ibarətdir ki, orada Rusiya Prezidentinin imzası var və o, bu sənədin qarantı kimi çıxış edir. Yəni, mən tövsiyə edərdim onların hər hansı bir gözləntisi olmasın. Ermənistanda tarix sübut edib ki, orada siyasətçilər hər zaman hakimiyyətə gəlmək üçün populist çıxışlar ediblər, sonra real vəziyyətlə üzləşəndə onlar bunun əziyyətini çəkiblər. Ona görə mən istisna etmirəm ki, hər hansı revanşist bəyanatlar olsun. Amma onlar bundan çəkinməlidirlər. İstənilən halda Ermənistan hakimiyyətinin iradəsindən asılı olmayaraq 10 noyabr Bəyanatı icra ediləcəkdir.
Mənim Paşinyanla təmaslarım o vaxt sona çatdı ki, o təxribatçı bəyanatlar verdi, mən onları artıq səsləndirdim. Ondan əvvəl o, 2019-cu ildə Düşənbə şəhərində belə bir təmasın təşəbbüskarı oldu. Həmin siyasətçilər Ermənistanda bu gün onu “lift diplomatiyası” ilə məşğul olmaqda ittiham edirlər. Amma gülünc bir vəziyyətdir. Biz təsadüfən 1 dəqiqə ərzində liftdə olduq, yəni, görüşə gedərkən bir mərtəbədən digər mərtəbəyə qalxdıq. Liftdə bir dəqiqə ərzində bu adam hansı diplomatiya ilə məşğul ola bilərdi? Düşənbə şəhərində o, mənə təklif etdi ki və söz verdi ki, atəşkəsə riayət edəcək, münaqişənin başa çatdırılması üçün səylər göstərəcək. Mən dedim olsun. Sonra bizim nümayəndələr arasında birbaşa təmaslar yarandı və təmas xəttində hər hansı bir hadisə baş verəndə qarşılıqlı olaraq məlumat mübadiləsi baş tuturdu. Sonra Paşinyan özü qeyd edirdi ki, təmas xəttində bu qədər dinc vəziyyət mövcud deyildi. Nəyə görə? Çünki o, məndən xahiş etmişdi bunu və mən hesab etdim ki, bu, sülhə töhfə verəcək. Mən hesab edirdim ki, o, öz sələflərinin səhvlərini təkrar etməyəcək, siyasətini dəyişəcək. Ancaq o, mənim jestimi yanlış dəyərləndirdi. O, bunu zəiflik əlaməti kimi gördü, halbuki, bu, güc əlaməti idi, böyüklük əlaməti idi. Sonra da onun Şuşadakı məlum rəqsi və məlum bəyanatları bizim təmaslara son qoydu. Əlbəttə, müharibə zamanı də bizim heç bir təmasımız ola bilməzdi. Biz Moskvada Prezident Putinin dəvəti ilə yanvar ayında üçtərəfli görüş keçirdik. Bu, üçtərəfli görüş idi və bizim ikitərəfli hər hansı bir əlaqəmiz olmayıb və təmasımız da olmayıb.
REAL Televiziyası: Cənab Prezident, Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində xalqımızın tarixi, mədəni irsinə ağır zərbə vurub, məscidləri, tarixi abidələrimizi, infrastrukturu dağıdıb. Demək olar ki, ərazidə faktiki səhralıq hökm sürür, oranı səhralığa çeviriblər. Bu vandallıq 10 noyabr Bəyanatından sonra da davam etdi. Onlara günlər verilmişdi ki, ərazini tərk etsinlər. Həmin vaxtda da onlar vəhşiliklər törətdilər, Azərbaycana külli miqdarda ziyan vuruldu. Bu hala beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsi üçün hansı işlər görülür və Ermənistanın törətdiyi cinayətkarlığa görə hər hansı məsuliyyətə cəlb olunması perspektivini necə qiymətləndirirsiniz? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun. Siz tamamilə haqlısınız. 10 noyabrdan sonra onlar öz mənfur fəaliyyətindən əl çəkmədilər, əksinə, 20 gün ərzində çalışdılar ki, maksimum bizim təbiətimizə və əmlakımıza ziyan vursunlar. Evləri, ağacları yandırırdılar, kəsib-doğrayırdılar, talan edirdilər, evlərin pəncərələrini, sanitar qovşaqlarını aparırdılar və bütün dünyanın gözü qarşısında. Yaxşı ki, xarici media nümayəndələri də bu vəhşiliyin şahidləri oldular və bütün dünya gördü ki, biz kimlərlə üz-üzə idik və biz hansı bəlanı məğlub etdik. Mən, sözün düzü, belə vəhşilik gözləmirdim, özü də tamamilə əsassız vəhşilik. Baxın, başqasının torpağını zəbt edəsən, güc tətbiq edərək, heç bir vaxt vermədən o torpağın, o evin sahibini qovasan, - biz onlara 20 gün vaxt verdik, onlar bizə 20 saat da vaxt verməmişdilər, - ondan sonra onun evində yaşayasan, sonra deyəsən ki, bu, mənimdir və sən oradan çıxmağa məcbur olanda bu evi dağıdasan, sökəsən, yandırasan. Bu dərəcədə əxlaqsızlıq ola bilərmi? Bütün dünya bunu gördü. İkinci Qarabağ müharibəsinin əhəmiyyəti təkcə ərazilərimizin, ərazi bütövlüyümüzün bərpası ilə məhdudlaşmır. Bütün dünya erməni faşizminin əsl real sifətini gördü. Biz, əlbəttə ki, bütün dəymiş ziyanı hesablamalıyıq və hesablayırıq. Mənim göstərişimlə indi Azərbaycanın müvafiq qurumları video, foto çəkilişlər aparırlar, dron çəkilişləri aparılır. Dəymiş bütün ziyan hesablanacaq. Dağılmış bütün evlərin protokollaşdırılması işlərinə start verilib ki, vətəndaşlar fərqi qaydada dəymiş ziyanın ödənilməsi üçün beynəlxalq məhkəmələrə, ilk növbədə, Azərbaycan məhkəmələrinə və sonra beynəlxalq məhkəmələrə müraciət etsinlər.
İkinci mərhələdə, - artıq bu sahədə də işlər başlanıb, müvafiq sənədlər imzalanıb, - buna oxşar münaqişələrdə dəymiş ziyanın hesablanması üçün təcrübəsi olan beynəlxalq şirkətlərlə də sənədlər imzalanıb, onlar yaxın gələcəkdə Azərbaycana gələcəklər. Əlbəttə ki, onlar özləri tədqiqatlar aparacaqlar, ancaq biz də onları lazım olan materiallarla təmin edəcəyik. Bu beynəlxalq şirkətlərin bu sahədə təcrübəsi var və dəymiş ziyanın ödənilməsi, təzminatın ödənilməsi üçün əlbəttə ki, beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq.
Eyni zamanda, bizim təbii resurslarımızı icazəsiz istismar edən xarici şirkətlər də məsuliyyətə cəlb ediləcək. Bildiyiniz kimi, azad edilmiş torpaqlarda bizim qızıl mədənlərimiz vəhşicəsinə istismar edilirdi. Bu, beynəlxalq cinayətdir. Artıq bu cinayəti törətmiş bəzi qurumların məsuliyyətə cəlb edilməsi üçün ilkin hazırlıq işləri aparılıb. Mən bu məsələ ilə bağlı bir-iki dəfə öz sözümü demişəm, bir daha demək istəyirəm ki, ya bu şirkətlər bizə təzminat ödəyəcəklər, kompensasiya verəcəklər, ya da ki, məhkəməyə gedəcəklər. Məhkəməyə getdikləri təqdirdə, tam əminəm ki, məhkəmədə onlar uduzacaqlar, eyni zamanda, dünya miqyasında biabır olacaqlar. Çünki başqa ölkədə qanunsuz işlərlə məşğul olmaq, qanunsuz sahibkarlıqla məşğul olmaq, o ölkənin təbii sərvətlərini talamaq cinayət sayılır. Bu şirkətlərin beynəlxalq reputasiyasına da çox ciddi ziyan dəyəcək.
Bununla paralel olaraq, bizim meşə fondumuz da məhv edilib, 54 min hektar meşə ermənilər tərəfindən qırılıb, dağıdılıb. İşğala qədər bizim meşələrimizin ümumi həcmi təqribən 220-230 min hektar idi, 54 min hektar kəsilib dağıdılıb. Onlar ondan müxtəlif materiallar istehsal ediblər, bildiyimə görə, orada parket biznesi də çox geniş vüsət almışdı, xarici şirkətlər də burada iştirak ediblər. Yəni, dəymiş bütün ziyan hesablanacaq, o cümlədən bizim torpaqlarımızdan qanunsuz şəkildə istifadə edən şirkətlər də cərimələndiriləcək. Azad edilmiş torpaqlarda ancaq taxıl altında 100 min hektara yaxın torpaq var idi, onları qanunsuz istismar edirdilər və gəlirlər götürürdülər. Onu da hesablayacağıq. Bu, işin bir tərəfi. İndi beynəlxalq məhkəmələrdə buna nə dərəcədə reaksiya veriləcək? O, işin ikinci məsələsidir. Burada, əlbəttə ki, əsas məsələ obyektivlikdir. Əgər obyektiv yanaşma olsa, əlbəttə ki, onlar bu təzminatı ödəməli olacaqlar. Biz, eyni zamanda, beynəlxalq praktikaya da nəzər saldıq. Xarici İşlər Nazirliyinə tapşırıq verildi və artıq bu günlərdə mənə məlumat verildi, presedentlər necə olub, bu presedentlər var. O qədər də çox deyil, amma var. Burada, əlbəttə, hər bir presedent bizim tərəfimizdən təhlil edilməlidir ki, bunun təməlində nələr dayanır? Obyektivlik, yoxsa ki, siyasi sifariş? Çünki sirr deyil ki, beynəlxalq məhkəmə sistemi də siyasi təzyiqdən azad deyil və bəzi hallarda siyasi sifarişlər də yerinə yetirilir. Ona görə hər şey bundan asılı olacaq. Hər halda, biz öz üzərimizə düşən missiyanı yerinə yetiririk və yaxın zamanlarda dolğun hesabat hazırlanacaqdır.
Böyük Britaniyanın “Reuters” İnformasiya Agentliyi: Cənab Prezident, Siz indi investisiyalar, Qarabağın bərpasına investisiyaların qoyulması barədə danışdınız. Mən soruşmaq istərdim, Qarabağda möhkəm sülh üçün, onun bərpasına əcnəbi investorları və kreditorları cəlb etmək üçün kifayət qədər zəmanət varmı? Ümumiyyətlə, təqribən hansı həcmdən söhbət gedir? Bildiyim qədər bu il büdcədən 2,2 milyard manat ayrılıb. Bu, böyük məbləğ deyil, orada bərpa işləri çox böyükdürmü? Özəl investisiyalar cəlb ediləcəkmi? Rəsmi Bakı bütövlükdə bu prosesə necə baxır? Bir də onu soruşmaq istərdim. Sizin Fərmanınızla Azərbaycan Dövlət Neft Şirkəti Azərbaycan İnvestisiya Holdinqinə verilib və onun səhmləşdirilməsi prosesi gedir. Bu, o deməkdirmi ki, rəsmi Bakı artıq ölkənin bir sıra iri dövlət şirkətlərinin özəlləşdirilməsi üçün onları açıq elan etməyə hazırlaşır? Demək olarmı ki, bu, əcnəbi investorlara mesajdır? Siz giriş sözünüzdə çox yaxşı qeyd etdiniz ki, işğaldan azad edilmiş bir sıra ərazilərə əcnəbi jurnalistlərin səfəri təşkil olunub, Sizin Administrasiyanız bu işi çox peşəkarlıqla, yüksək səviyyədə həyata keçirib. Lakin, yəqin ki, həmkarlarım da məni dəstəkləyər, biz hamımız Şuşa şəhərinə səfər etmək, onun indi nə vəziyyətdə olduğunu, onun nə dərəcədə dağıdıldığını, orada hansı işlərin aparıldığını, hazırda bu şəhərin əhvalını görmək istərdik. Mən risk edib bu səfərin təşkilinə kömək göstərməyinizi Sizdən xahiş edirəm. Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun. Əcnəbi investorlara gəlincə, düşünürəm ki, müharibənin başa çatmasını nəzərə alsaq, indi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlar. Hamı başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması riski praktik olaraq, sıfra endirilib. Azərbaycana gəlincə, bizim tərəfimizdən heç bir təcavüzkar hərəkətlər olmayacaq. Ermənistana gəlincə, onların, sadəcə olaraq, buna imkanları yoxdur və fikirləşirəm ki, mənim barəsində danışdığım və sitat gətirdiyim özünəqəsd hətta onların vəziyyətində belə ən yaxşı çıxış yolu deyil. Ona görə də əminəm ki, investisiyalar olacaq. Mən sizə deməliyəm ki, biz hələ müharibədən əvvəl bərpaolunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşuq. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb. Lakin mən o vaxt dedim, bu, o demək deyil ki, uğur qazana bilməyən digər şirkətlər kənarda qalacaq. Buna görə də biz indi bu sahəyə sərmayə yatırmaq istəyən şirkətləri cəlb edirik. Məhz azad edilmiş ərazilərdə bunun üçün yaxşı imkanlar mövcuddur. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, çünki orada çox güclü küləklər olur, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür və əgər belə demək olarsa, günəş şüalarının keyfiyyəti də buna imkan verir. Beləliklə, bu gün Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib. Yəni, bu, çox böyük perspektivə malikdir. Üstəlik, dediyim kimi, biz artıq Qarabağı “yaşıl enerji” zonası elan etmişik və bunun üçün, ilk növbədə, investorları gözləyirik.
Dövlətin 2,2 milyard manat investisiyasına gəlincə, fikrimcə, bu, başlanğıc üçün məqbul məbləğdir. Onu da deyim ki, Qarabağın bərpası barədə mənə təklif edilmiş investisiya proqramından bu il həyata keçiriləcək layihələrdən təxminən bir milyard manatı praktik olaraq paylanıb. Yəni, bu, nə deməkdir? Bu, o deməkdir ki, hələ layihələr yoxdur. Çünki layihələr infrastruktur layihələridir, biz onlara vəsait ayırırıq. Bu, elektrik enerjisi, yollar, dəmir yolları, minalardan təmizləmə və sairə sahələrdir. Tikintinin özünə gəlincə, buna hələ heç nə ayırmırıq, çünki bu layihələr hələ mövcud deyil. Biz şəhərsalmada, hətta Bakı şəhərinin tikintisi zamanı buraxılan səhvlərə yenidən yol verməməkdən ötrü hər şeyi düzgün planlaşdırmaq istəyirik. Tikintinin xaotik, nəzarətsiz, əksər hallarda belə adi və aydın olmayan sxemlər üzrə getdiyi digər şəhərlərdə. Qarabağ zonasında belə olmamalıdır. Təkcə Qarabağ zonasında deyil, bu artıq təcrübə olacaq, həmin təcrübə paralel olaraq Azərbaycanın bütün başqa ərazilərində də tətbiq ediləcək. Buna görə də hər şey düzgün planlaşdırılmalıdır. Harada nə yerləşdirilməlidir, hansı infrastruktur layihələri həyata keçirilməlidir ki, hər şey plan üzrə getsin. Əlbəttə ki, dövlət bütün infrastruktur sahəsini, üstəlik mənzil fondunun böyük hissəsini də öz üzərinə götürəcək. Lakin şəhərsalmanın və ekologiyanın bütün normalarına riayət olunmaqla razılaşdırılmış layihələr üzrə xüsusi ayrılmış yerlərdə özəl şirkətlər də investisiya qoymaq imkanına malik olacaqlar. Bax, təxminən yanaşmanı belə görürük. Kəndlərə gəlincə, bu ərazilərdə yüzlərlə kənd azad edilib. Bəzi kəndlərdə əvvəllər 5 ev, 6 ev, 7 ev olub. Yəqin ki, onlar prioritet olmamalıdır.
Buna görə də biz indi, ilk növbədə, hansı kəndlərin bərpa olunacağını və bundan ötrü nə etmək lazım olduğunu müəyyən edirik. Həmçinin mənim tapşırığımla, artıq keçmiş köçkünlər arasında sorğuya başlanıb ki, biz kimin oraya getməyə hazırlaşdığını dəqiq bilək. Bilirsinizmi, mən də əminəm ki, Allahın izni ilə hamı getmək istəyir, amma ola bilsin, kimsə getmək istəməyəcək. Əgər o getməyəcəksə və ya oraya həftəsonu gedəcək, özü isə Bakıda və ya Sumqayıtda yaşayacaqsa, nə üçün xərc çəkməliyik. Məgər bu, vəziyyətdən çıxış yoludurmu? Xeyr. Biz o yerlərdə kim yaşayacaqsa onları yerləşdirməliyik. Bax, buna görə biz sorğu keçirməliyik, özü də elə-belə, soruşmaq və unutmaq üçün yox. Xeyr. İmza etsin ki, mən filankəs filan rayonun filan kəndinə köçüb getməyə və orada yaşamağa hazırlaşıram. Buna uyğun olaraq, biz maliyyə məsələlərini və bütün digər məsələləri həll edəcəyik. Əks halda, mən öncəgörənlik etmək istəmirəm, lakin bilirəm ki, işğaldan azad edilən ərazilər Bakıda yaşayanlar üçün bağ sahəsi deyil. Biz, ümumiyyətlə, kimin orada yaşayacağına ciddi nəzarət edəcəyik və məhz oraya getmək istəyənlər üçün hər cür şərait yaradacağıq.
İnvestisiya holdinqinə gəlincə, mən çox danışmayacağam, fikrimcə, onun nə üçün yaradıldığını hamı bilir və mənim Fərmanımda bu barədə dəqiq göstərilib. İlk növbədə, idarəçilik sistemini təkmilləşdirməkdən ötrü. Dövlət şirkətlərində idarəçilik sistemi axsayır. O, müasir tələblərə cavab vermir. Bu, ləngidici amildir və büdcədən vəsaitlərin sovrulması üsuludur. Bizdə praktik olaraq, heç bir dövlət şirkəti, az istisnalar olmaqla, özünü dolandıra bilmir. Deməli, daim büdcədən dotasiyalar tələb edirlər. Bu, nəyə lazımdır? Buna görə də daha belə davam edə bilməz. Digər tərəfdən, bu mərhələdə strateji infrastruktur, özü də Qarabağın bərpası nəzərə alınmaqla, dövlətin əlində qalmalıdır. Bu, birmənalıdır, əks halda, biz, sadəcə olaraq, ərazini bərpa edə bilməyəcəyik. Əgər bu gün fərz etsək ki, bizim bütün dövlət şirkətlərimiz bir növ özəl Qərb şirkətlərinin korporativ idarəçilik üsulu ilə işləyir, o halda onlar, sadəcə, ərazilərin bərpası üçün lazım olan layihələrə sərmayə yatırmayacaqlar. Buna görə də bu mərhələdə məqsəd dövlət şirkətlərinin korporativ idarəçiliyini beynəlxalq normalara uyğun şəklə salmaq, lazımi nəzarəti təmin etməkdir. Bundan ötrü Müşahidə şuraları yaradılır. Müşahidə şuralarına Administrasiyanın, nazirliklərin, hökumətin nümayəndələri daxil ediləcək ki, nəzarətsizlik, israfçılıq olmasın. Ona görə ki, bu gün dövlət şirkətləri bir çox məsələlərdə dövlətin boynunda ağır yükdür. Hətta vergiödəyicisi olan Dövlət Neft Şirkəti də dövlətdən pul alır. Bu yaxınlaradək qazlaşdırma üçün büdcədən pul alırdı. Belə iş olarmı? Mən hələ başqalarını demirəm. Cüzi istisnalar olmaqla, bizim dövlət şirkətləri səmərəsizdir. Buna son qoyulacaq, həm rəhbərliyin möhkəmləndirilməsi, həm də idarəçiliyin təkmilləşdirilməsi planında. Kim yeni qaydada vicdanla, şəffaf işləməyi bacarmırsa və ya bunu istəmirsə, o, məsuliyyətə cəlb ediləcək, özü də təkcə inzibati məsuliyyətə yox.
Dövlət şirkətlərinin özəlləşdirilməsinə gəlincə, hər halda bu il bu, dəqiq baş verməyəcək. Lakin dövlət şirkətlərinin bəzi fəaliyyət sahələri, əlbəttə ki, o cümlədən dövlət kapitalı hesabına inkişaf etdirilməlidir. İlk növbədə, mən enerji sahəsini nəzərdə tuturam. Biz bu sahəni əcnəbi və Azərbaycan özəl kapitalı üçün artıq açmışıq. Bizim günəş, külək stansiyalarını tətbiq edəcəyimizi dedim. Bizdə Laçın-Kəlbəcər zonasında hidroenergetika üçün böyük potensial mövcuddur. Niyə də Azərbaycan şirkətləri layihələrdə iştirak etmək üçün təkliflər verməsinlər? Oraya o qədər də böyük vəsait tələb olunmur. Bu hidroelektrik stansiyaları kifayət qədər kiçik həcmdədir. Bu, yaxşı addım olacaq, biz bunun necə işləməsini, bizim ümumi enerji təminatı sisteminə necə inteqrasiya edəcəyini testdən keçirəcəyik ki, bu şirkətlər fəaliyyət göstərsin, hələlik bu mərhələdə dövlətin üzərinə az yük düşsün.
Şuşaya səfərə gəlincə, mən göstəriş verərəm ki, jurnalistlər oraya getsinlər. Oraya gedişlə bağlı çətinliklər vardı, çünki orada praktiki olaraq yol yox idi. Hətta mən getdiyim zaman, sadəcə, bəxtim gətirdi ki, hava günəşli və yol quru idi. Əks halda, mən də yarı yolda qalardım. Buna görə Hikmət Hacıyevə tapşırıq verirəm ki, yaxın vaxtlarda bu səfər həyata keçirilsin. Yeri gəlmişkən, bu barədə başqa müraciətlər də olub.
CBC Azərbaycan telekanalı: Cənab Prezident, uzun illərdir ki, Azərbaycan dünya ictimaiyyətinin diqqətini ərazisinin işğal olunmasına və maddi-mənəvi irsinin talan olunmasına yönəltmək istəyib. Amma rəsmi Bakı dəfələrlə beynəlxalq qurumlara çağırışlar edib ki, o qurumlar münaqişənin həlli üçün təsirli addımlar atsınlar. Amma biz hamımız şahid olduq, necə bir laqeydlik və ikili standartlar hökm sürür və sonunda Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü bərpa etdi. Necə düşünürsünüz, Azərbaycanın ortaya qoyduğu nümunə dünyanın digər nöqtələrində dondurulmuş münaqişələrin həlli barədə formalaşan stereotipləri pozubmu?
Prezident İlham Əliyev: Hesab edirəm ki, böyük dərəcədə pozub və biz yeni reallıq yaratmışıq. Çünki dondurulmuş münaqişələr dünyanın bir çox yerlərində var, təkcə postsovet məkanında yox. Bu münaqişələrə əgər nəzər salsaq, onların mənşəyini və indiki vəziyyətini təhlil etsək, görərik ki, artıq o ölkələrin vətəndaşları da və beynəlxalq ictimaiyyət də elə bil ki, bu vəziyyətlə müəyyən dərəcədə barışıb, razılaşıb. Yaxud da, bunu alternativsiz bir variant kimi qəbul edir. Müəyyən dərəcədə burada məntiq var. Çünki uzun illər davam edən nə hərb, nə sülh vəziyyəti, dondurulmuş münaqişələr istər-istəməz belə fikirlərin yaranmasına gətirib çıxarır. Bu, birincisi, ikincisi burada stereotiplərin qırılması üçün bir neçə amil lazımdır. Əgər bu amillər, onların vəhdəti varsa, deməli, bu stereotiplər qırılacaq. Birincisi güclü siyasi iradə olmalıdır: liderlərin güclü siyasi iradəsi və istənilən təzyiqə davam gətirmə qabiliyyəti. Bu, hesab edirəm ki, birinci dərəcəli məsələdir. Çünki öz təcrübəmə istinad etsəm deyərəm ki, 17 il ərzində müxtəlif dövrlərdə mənə təzyiq cəhdləri gah artırdı, gah səngiyirdi. Amma hər zaman var idi, hər zaman. Bax, mən bu barədə də demişəm. Reallıq var və siz gərək reallıqla barışasınız, indi sizə nə təklif olunur, bununla da kifayətlənin, qalan torpaqlar qalsın, Ermənistan razı deyil, orada referendum keçirilməlidir, səsvermə keçirilməlidir və sair. İndi ictimaiyyət bunu bilir.
Bizim münaqişənin vasitəçiləri dünyanın aparıcı ölkələri idi, ya da ölkələridir. Kim necə istəyir, elə də qəbul etsin, Təhlükəsizlik Şurasının daimi üzvləri və bu ölkələrə yox demək, onların iradəsindən kənarda addımlar atmaq, əlbəttə ki, o qədər də asan məsələ deyildi. Ona görə də güclü siyasi iradə varsa, bu bir, ikincisi xalqın mövqeyindən çox şey asılıdır. Əgər xalq bu vəziyyətlə razılaşıbsa, barışıbsa, onda bu münaqişə dondurulmuş qalacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayıb və mən hər zaman Azərbaycan xalqına müraciət edərək deyirdim ki, biz heç vaxt bununla barışmayacağıq. Bəziləri fikirləşirdi ki, nə üçün İlham Əliyev harada gəldi Qarabağ məsələsini qaldırır. Heç bu mövzuya aidiyyəti olmayan beynəlxalq tədbirlərdə də hər dəfə qaldırırdım. Bəlkə eyni sözləri min dəfə deyirdim ki, o adamların beyninə girsin. Bu, birincisi, ikincisi bu heç vaxt burada - daxildə unudulmasın. Heç vaxt. Həm məcburi köçkünlərdə belə bir ümidsizlik yaranmasın, eyni zamanda, cəmiyyətdə heç vaxt bu mövzu unudulmasın və bu mövzunu gündəlikdə saxlamaq hesab edirəm ki, vacib məsələdən biridir. Xüsusi ilə nəzərə alsaq ki, hər şeyi mən indi olduğu kimi deyirəm, real vəziyyət onu göstərirdi ki, bu məsələni hərbi yolla həll etmək çox baha başa gələr bizə. Hətta bütün imkanlarımız olsa belə, bunun, necə deyərlər, hesabı çox ağrılı ola bilər. Üçüncüsü, əlbəttə ki, güclü ordu olmalıdır. Bu olmasa heç bir münaqişə həll oluna bilməz və sən haqlı olmalısan. Bizdə bütün ilkin amillər var idi. Biz haqlı idik, tarix baxımından, bu, bizim torpağımızdır, beynəlxalq hüquq baxımından, beynəlxalq təşkilatların qətnamələri baxımından bütün bu məsələlər bizim mövqeyimizi gücləndirirdi. Amma nə üçün biz bu torpaqları vaxtı ilə, 1990-cı illərin əvvəllərində itirdik. Çünki idarəetmə yox idi, ordu yox idi və burada Bakıda 1992-ci ildə minlərlə adam mitinqlərə çıxırdı, amma orada mövqelər boş qalırdı. Vətəndaş müharibəsini o vaxt Xalq Cəbhəsi başlayıb, Azərbaycan əsgərlərini əsir götürüb, o vaxt da bizim torpaqlarımız işğal altına düşmüşdü. Hakimiyyət uğrunda mübarizə gedirdi. Yəni milli vəhdət, vahid ideya uğrunda o vaxt biz birləşə bilməmişik, indi isə birləşmişik. Bir də ki, nəsil yetişməli idi. Bax, mən bu barədə artıq bir neçə dəfə demişəm. Qarabağı azad edənlərin arasında ən böyük rol oynayan, bax, bizim son 17 il ərzində yetişmiş insanlarımızdır. Yaşlı nəslin, əlbəttə ki, böyük əməyi, təcrübəsi və bilikləri var. Amma döyüşə gedən, öz sinəsini atəş altına qoyan, bax, 17 il ərzində vətənpərvərlik ruhunda tərbiyə almış bizim övladlarımızdır. Hansılar ki, öz canından keçib vətən uğrunda. Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər və təbii ki, digər amillər var, iqtisadi inkişaf və sair. Amma, əgər bu amillər yoxdursa, heç bir dondurulmuş münaqişənin həlli mümkün deyil.
Biz yeni reallıq yaratdıq və indi hər kəs bu reallıqla barışmalıdır, hesablaşmalıdır. Bizim üçün yeni dövr başlayır və postmüharibə dövrü bir çox ölkələr üçün də çətin dövr olub. Amma müharibədən sonra artıq bir neçə ay keçir və biz görürük ki, postmüharibə dövrü də bizdə çox rahat keçir. Bu da cəmiyyətimizin çox böyük üstünlüyüdür, xalqımızın böyüklüyüdür və bu gün məhz bu ideyalar uğrunda biz yenidən birləşirik. Yeni ideyalar uğrunda - Qarabağı necə bərpa edək, keçmiş köçkünləri torpaqlara necə qaytaraq. Bundan sonra elə bir qüdrətli dövlət yaradaq ki, heç kim heç vaxt bizə qarşı heç bir təxribat törədə bilməsin.
Böyük Britaniyadan müstəqil jurnalist: Cənab Prezident, bizi bura dəvət etdiyinizə görə Sizə təşəkkür edirik. Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım. Dünən biz Sizin bəzi nazirlərinizlə də görüşlər keçirdik. Onlar da bizə məsələlərlə bağlı dolğun məlumat verdilər. Təbii ki, biz də Xocalı soyqırımının qurbanlarını dərin hüznlə anırıq. Cənab Prezident, Siz artıq bir çox suallara cavab vermisiniz. Siz dünya mediasının Azərbaycana olan münasibətini necə qiymətləndirirsiniz? Burada bir çox jurnalistlər var, Sizin onlara mesajınız nədən ibarət olacaq və Siz gələcəyi necə görürsünüz? Azərbaycanın mövqeyinin dünyaya çatdırılması baxımından hansı planlarınız var?
Prezident İlham Əliyev: Təşəkkür edirəm, sizi təəccübləndirmək istəyirəm ki, mən sonuncu dəfə nə vaxt mətbuat konfransı təşkil etmişəm heç xatirimdə deyil. Mən bilirəm ki, hərdən yerli jurnalistlər də bir növ gileylənirdilər ki, niyə Prezident Əliyev mətbuat konfransları təşkil etmir, müsahibələr vermir. Mən hesab edirəm ki, hər bir işin öz vaxtı var. Sənin vermək istədiyin bir mesaj varmı və səni dinləyəcək bir auditoriya varmı? Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur. Bu gün sizinlə razılaşıram ki, bu da xüsusi bir gündür. Mənə məlumat veriləndə ki, xarici jurnalistlərdən ibarət qrup buradadır və Hikmət Hacıyev bunu mənə deyəndə mən düşündüm ki, bu, yaxşı bir imkandır. Ona görə sizin hər birinizə təşəkkürümü bildirirəm, siz gəlməsəydiniz yəqin ki, bu mətbuat konfransı da baş tutmayacaqdı.
Dünya mətbuatının Azərbaycana münasibətinə gəldikdə, deyə bilərəm ki, bu məsələ artıq dəyişir. Bu məsələyə yanaşma dəyişir, fikirlər dəyişir və reallıq artıq daha yaxşı dərk edilir. Bunun ən yaxşı yolu Azərbaycana gəlməkdir. Biz başqa xarici ölkədə sizinlə görüşsəydik, sizə eyni sözləri desəydim siz bunu fərqli şəkildə qəbul edə bilərdiniz. Ancaq bu gün siz buradasınız, siz hamınız peşəkarsınız, ağıllı insanlarsınız və bilirsiniz ki, doğru və yanlış nə deməkdir. Siz həmin dağıdılmış ərazilərə səfər edirsiniz və bu, hər bir sözdən artıqdır, bunu öz gözünüzlə görmək imkanınız olur. Ona görə hesab edirəm ki, müharibə vaxtı mən, səmimi desəm, bir balaca fərqli yanaşma gözləyirdim, çünki uzun illərdir ki, Azərbaycana qarşı ədalətsizlik hökm sürürdü, bizə qarşı müxtəlif media qrupları tərəfindən hücumlar var idi. Bəzən bu, məlumat qıtlığından qaynaqlanırdı, ancaq bir çox hallarda erməni lobbi təşkilatlarının sayəsində baş verirdi. Onlar hər zaman Azərbaycana qarşı hücumlar edirdilər. Bəziləri hesab edirəm ki, o qədər də müstəqil olmayan media şirkətləri idi. Amma mən, sözün açığı, gözləyirdim ki, müharibə zamanı bizə qarşı ədalətsizlik olacaq. Ancaq ümumi deyə bilərəm ki, bu, məni təəccübləndirdi ki, Azərbaycana qarşı ədalətli mövqe var idi. Bunun da əlbəttə, səbəbi ondan ibarətdir ki, biz haqlı idik, biz öz ərazilərimizi işğaldan azad edirdik. Mənim beynəlxalq mediaya mesajım ondan ibarətdir ki, hər zaman həqiqətləri söyləyin, siyasi sifarişlərdən uzaq olun. Nəyə görə mən bunu deyirəm? Mən bilirəm ki, biz əlaqələndirilmiş, təşkilatlanmış informasiya hücumuna məruz qalırdıq. Bu əməllər bizim etdiyimizi gözdən salmaq, bizə ləkə yaxmaq və Azərbaycan haqqında, onun hökuməti haqqında yanlış təsəvvürlər yaratmaq məqsədi daşıyıb. Ona görə də sizə səslənirəm ki, həqiqəti söyləyin, mövqeyinizi açıq ifadə edin. Ola bilər ki, bu, jurnalistlərə verə biləcəyim o qədər də yaxşı tövsiyə olmaz. Amma rəhbərlərinizin dediklərinə hər zaman əməl etməsəniz, bəlkə daha yaxşı olardı.
Türkiyənin “Haber Qlobal” televiziya kanalı: Cənab Prezident, əvvəlcə, belə önəmli bir gündə bizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Şəhidlərimizin xatirəsini bir daha anırıq və Qarabağdakı Zəfər münasibətilə Sizi bir daha təbrik edirik. Bu, çox maraqlıdır, əslində, bir az bu məsələlərə toxunuldu. Birincisi, Qarabağın yenidən bərpası prosesində Türkiyə bu mərhələdə nə qədər yer alacaq? İkinci sualım da budur ki, iki qardaş ölkə arasındakı əməkdaşlığın hazırda davam etdiyini bilirik. Bu əməkdaşlıq istər müdafiə sənayesi, istərsə də yenidənqurma-inşaat sahələrində hansı mərhələlərdə davam edəcək?
Prezident İlham Əliyev: Sağ olun. Mən deyə bilərəm ki, Türkiyədən olan şirkətlər artıq bizim layihələrimizdə yer alıblar. Bizim üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər və o da çox mürəkkəb, çətin bir ərazidən keçir, orada tunellər qazılmalıdır. Artıq ilkin razılaşmalar əldə edilib.
Bununla paralel olaraq, bildiyiniz kimi, Türkiyə şirkətləri Azərbaycanda bundan əvvəl də fəal idi. Dövlət xətti ilə icra edilən layihələrdə ən çox yer alan Türkiyə şirkətləridir. Dəqiq rəqəmlər xatırlamıram, amma Türkiyə şirkətləri Azərbaycanda - Bakıda və bir çox başqa yerlərdə təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində iştirak ediblər.
Təbii olaraq ilk kontraktları imzalayan da Türkiyə şirkətləri olub. Görüləcək işlərin həcmi çox böyükdür. Ona görə mən artıq bu barədə əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə də dəfələrlə danışmışam. Biz bütün bu işləri birgə görəcəyik və Türkiyə şirkətlərinin buradakı fəaliyyəti üçün yeni imkanlar yaranacaq. Xüsusilə nəzərə alsaq ki, inşaatda, ondan sonra infrastruktur işlərində və digər sahələrdə, yenidənqurma sahəsində türk şirkətlərinin çox böyük təcrübəsi var.
Müdafiə sənayesinə gəldikdə, müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini gördü. Bu, artıq dünya üçün sirr deyil. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, bizə böyük üstünlük təmin etmişdir. Müharibədən sonra da bu təmaslar davam edir. Onu bildirməliyəm ki, yeni kontraktlar imzalanıb. Türkiyə tərəfi ilə Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Yeni kontraktlar imzalanıb və bu, bizim hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək. Bildiyiniz kimi, Türkiyə-Azərbaycan birgə hərbi təlimləri də müntəzəm olaraq keçirilir. Keçən il pandemiyaya görə az keçirildi, amma 2019-cu ildə 10 dəfədən çox keçirilmişdir və bu il artıq Qars şəhərində keçirilmişdir. Bu sahədə də işlər aparılacaq.
Biz azad edilmiş torpaqlarda bir çox sahələrdə Türkiyə şirkətlərini görmək istəyirik. Əminəm ki, görəcəyik, inşaat, yenidənqurma, infrastruktur və tarixi abidələrimizin bərpası işlərində. Ona görə görüləcək işlər çox olacaq. Bundan sonra da, inşallah, bərabər gedəcəyik.
Ukraynanın “İnter” telekanalı: Hər vaxtınız xeyir, cənab Prezident. Bizi maraqlandıran məsələlər barəsində Sizin rəyinizi şəxsən öyrənmək imkanı yaratdığınıza görə sağ olun. Mən hərbi jurnalist kimi bütün planetdə onlarca müxtəlif hərbi münaqişələri işıqlandırmaq imkanına malik olmuşam. Demək istəyirəm ki, Azərbaycanın işğal olunmuş rayonlarının azad edilməsi üçün xüsusi əməliyyat mənim fikrimcə, həm hərbi texnologiyaların tətbiqi baxımından, ən başlıcası, dinc əhali və hərbçilər arasında tələfatın minimuma endirilməsi, həm də yeni hərbi texnologiyaların tətbiqi baxımından nümunəvi əməliyyat idi. Azərbaycan bütün dünyaya göstərdi ki, səngər müharibəsi artıq keçmişdə qalıb və mən əminəm ki, bu, bir çox hərbi məktəblərin dərsliklərinə daxil ediləcək. Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı bu xüsusi əməliyyatı diqqətlə izləyirdi. Ukraynanın hərbi dairələri bu əməliyyatın nəticələrini fəal müzakirə edir, yüksək qiymətləndirirdi. Ola bilsin, belə bir yanlış təəssürat yaranıb, bəlkə də Siz həmin təəssürata düzəliş edəcəksiniz ki, bu əməliyyatın uğur qazanmasında aerokosmik texnologiyalar həm atəşin təshih edilməsi, həm nöqtəvi zərbələr endirilməsi, həm də kəşfiyyat məlumatının toplanması kontekstində böyük rol oynayıb. Bu, həqiqətə nə dərəcədə uyğundur, xüsusən ona görə ki, Ukrayna da hərbi-sənaye kompleksinə, aerokosmik sahəyə əsaslanaraq bu məsələdə potensiala malikdir. Üstəlik, indi Azərbaycanın sayəsində oriyentirimiz var, çünki görürük, bizdə münaqişə uzandıqca onun diplomatik yolla həllinə inam azalır. Biz müasir təcrübəni tətbiq etmədən öz ərazimizi öz nəzarətimiz altına başqa yolla qaytara bilməyəcəyik. Xahiş edirəm, bu məsələni şərh edəsiniz, cavabınıza görə əvvəlcədən təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun. Bizim fəaliyyətimiz barədə dediyiniz sözlərə görə çox sağ olun. Xüsusi qeyd etmək istərdim ki, siz dinc əhali arasında itkilərin minimuma endirilməsi barədə danışdınız. Biz azadlıq əməliyyatlarını həyata keçirərkən mənim Ali Baş Komandan kimi verdiyim göstərişlərdən biri bu barədə olub. Statistikaya baxsanız, bizdə olan məlumata görə qarşı tərəfin dinc əhalisi arasında itki minimum olub. Bu itkilər 40 nəfərdən azdır. Eyni zamanda, onların hərbi qulluqçuları arasında itkilər ən azı 6,5 – 7 min nəfərə çatıb. Bundan əlavə, bizim müşahidələrə görə düşmən tərəfin belə adlandırılan dinc əhalisinin çox hissəsi onlar əməliyyatlarla bağlı hərəkətlər edən vaxt həlak olublar, onlar artilleriya toplarının yaxınlığında olub, döyüş sursatları daşıyıblar və o vaxt biz bu topları məhv edərkən həmin adamlar zərər çəkiblər. Buna görə də müharibədə dinc əhali zərər çəkməyib. Erməni tərəfi isə təəssüf ki, əksinə, bizim dinc əhaliyə maksimum zərər vurmağa çalışırdı, Gəncənin, Bərdənin, Tərtərin və digər şəhərlərin ballistik raketlərlə bombalanması buna sübutdur.
Azadlıq müharibəsi məsələsinə gəldikdə, əlbəttə, sizinlə razıyam və bilirəm ki, hazırda aparıcı xüsusi hərbi məktəblərdə həm xüsusi əməliyyatların aparılması, həm də bütün qoşun növlərinin səylərinin əlaqələndirilməsi öyrənilir. Yəni, bu əməliyyat barəsində hər şey məlum olanda o, ən uğurlu əməliyyat kimi tarixə düşəcək. Başa düşmək lazımdır ki, düşmən təqribən 30 il ərzində müdafiə səddini çox fəal şəkildə möhkəmləndirib. Hətta işğaldan azad edilmiş ərazilərə gedəndə, yəqin siz də görmüşünüz, xüsusən Füzuli istiqamətində bir neçə müdafiə xətti, üstəgəl uzunmüddətli atəş nöqtələri, hətta onların öz mövqeləri də atəşə tutulub ki, biz oraya daxil olanda bizi artilleriya atəşinə tutsunlar. Ona görə də dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmaq üçün çox böyük cəsarət, qorxmazlıq tələb olunurdu və bizim həmlə dəstələrimiz düşmənin müdafiə xəttini yararkən əsl qəhrəmanlıq göstərdilər. Təəssüf ki, onların arasında qurbanlar az olmadı. Ona görə ki, əsas məsələ müdafiə xəttini yarmaq idi. Özü də biz onların bizi haradan gözlədiklərini və nə edəcəklərini təxminən bilirdik. Buna görə də elə yerdən gedirdik ki, onların ağlına belə gəlməzdi. Onlar bizim Şuşaya necə gedib çıxmağımızı hələ də başa düşə bilmirlər. Başa düşə bilmirlər, bir-birindən soruşurlar. Bəzən bu məsələ mətbuata çıxır. Lakin haçansa başa düşəcəklər, bu da Azərbaycanın xüsusi təyinatlılarının və digər xüsusi hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı ilə bağlı ayrıca bir əhvalatdır. Lakin bu gün artıq sirr deyil ki, döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri iştirak edirdilər. Onlardan hər birinin vahid komandanlıq altında öz vəzifəsi var idi. 44 gün ərzində ərazilərimizi azad etməyimizdə xüsusi təyinatlıların böyük xidməti olub. Ordu korpusları da ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar. Cəbhə aviasiyası, həm də sizin dediyiniz pilotsuz ucuz aparatları da əlbəttə, itkilərin minimuma endirilməsində çox böyük rol oynayıb, ona görə ki, əgər onlar olmasaydı tələfat qat-qat çox olardı. Sizin tamamilə düzgün olaraq qeyd etdiyiniz kimi onlar təkcə zərbə və kəşfiyyat funksiyalarını deyil, həm də atəşin təshih edilməsi funksiyalarını yerinə yetirirdi. Hətta bəzən göstərilən kadrlarda da görünür ki, hədəf götürülüb, mərmi isə hədəfi vurur. Buna görə də bütün bu əməliyyatların kombinasiyası uğurla nəticələnib. Bir də, əlbəttə, planlaşdırmanın düzgün olması. Sizə deməliyəm ki, planlaşdırma düzgün olmasaydı bizim üçün çox çətin olardı. Ona görə ki, orada uzunmüddətli istehkamlardan əlavə təbii relyef də çətinlik törədir. Axı, dağa dırmaşmaq, aşağıdan yuxarıya qalxmaq lazımdır. Şuşanın alınması isə, ümumiyyətlə, ayrıca dastandır, bəli, bu, epos kimidir. Ona görə ki, döyüşçülər nə götürə bilərdilərsə götürməliydilər, amma özünlə nə götürə bilərsən? Maksimum qumbaraatan. Bu, inanılmaz fiziki qüvvə, hazırlıq tələb edir. Bu, sal qayalara aşağıdan dırmaşmaq lazımdır. Müdafiə xətləri çox möhkəmlənib, özü də orada ermənilərin tankları və topları vardı. Bizdə isə süngü-bıçaqlar və yüngül silah. Bəzən mən də ekspertlərin fikrini müşahidə edirəm, amma əlbəttə, hərənin öz fikri var. Bu da aydındır, çünki ekspert döyüş əməliyyatlarının bütün mənzərəsinə bələd ola bilməz. Buna görə də təbii ki, müharibə aparılmasının bir növünün xeyrinə müəyyən meyil olur. Amma deməliyəm k, bu elementlərin heç biri vahid komandanlıq, planlaşdırma olmadan bizim qələbəmizi təmin etməzdi. Məhz bunlarının hamısının düzgün kombinasiyası: kəşfiyyat, artilleriya, zərbə pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları – bütün bunlar birlikdə qələbəyə gətirib çıxarıb. Lakin zaman keçdikcə məxfilik qrifi götürüləcək və informasiya daha çox olacaq. Amma düşünürəm ki, hətta artıq olub keçənlər düzgün nəticə çıxarmaq üçün kifayət qədər əsas verir.
Böyük Britaniyanın “Middle East Eye” media qurumu: Salam cənab Prezident. Mənim iki sualım var. Birincisi, Qarabağda azad edilən ərazilərin yenidən inşası üçün nə qədər pul xərclənəcəyini düşünürsünüz? Yəni, hesablanıbmı cəmi neçə milyard dollar edəcək? İkincisi isə beynəlxalq mediada Sizin Türkiyə ilə İsrail arasında əlaqələrin normallaşdırılması üçün vasitəçi olmağınıza dair xəbərlər var. Bununla bağlı fikirləriniz varmı?
Prezident İlham Əliyev: Bizim bu ilin sərmayə planında 2,2 milyard manat vəsait nəzərdə tutulur. Mən qeyd etdiyim kimi, onun təqribən yarısı indi bölünüb, yarısı bölünməmiş qalır. Bunu hesablamaq çox çətindir. Çünki bu, görüləcək işlərin həcminə bağlıdır. Biz bu torpaqlara yeni gəlmişik. Hələ ki, tam təhlil aparılmayıb. Bu təhlil aparılandan sonra əlbəttə ki, daha dəqiq rəqəmlər məlum olacaq. Ancaq, şübhəsiz, bu, bir neçə milyard dollar vəsait tələb edəcək. İndi təsəvvür edin ki, biz üç hava limanı inşa edirik. Biz 100 kilometrlərlə dəmir yolu çəkməyə başlamışıq. Bəlkə minlərlə kilometr avtomobil yolu çəkiləcək, həm şəhərlərarası, həm kəndlərarası. Bütün kəndlərə asfalt yol çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr bu ilin sonuna qədər icra ediləcək. Ondan sonra içməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, ondan sonra bir milyon insanı ora qaytarmaq üçün nə qədər inşaat işləri aparılmalıdır. Məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqları. Hesablamaq çox çətindir. Ona görə biz hər il üçün müəyyən büdcə ayırdıq. 2,2 milyard manatlıq büdcə son rəqəm deyil. Əgər biz görsək ki, bu ilə bu çatmır, biz əlavə edərik. Çünki bu gün bizim Qarabağın bərpasından başqa önəmli bir işimiz yoxdur. Çünki əsas infrastruktur layihələri artıq gerçəkləşib. Ölkə qarşısında duran çox ciddi inşaat layihələri də yoxdur. Ona görə bütün gücümüzü biz oraya yönəldirik.
Təbii ki, görüləcək işlər arasında xüsusi sərmayələr də önəmli yer tutmalıdır. Əgər bərpa olunan, yenilənən enerji növlərini özəl qurumlar öz üzərlərinə götürərlərsə təbii ki, dövlətin üzərinə düşən yük daha az olacaq. Hər halda burada keyfiyyət, zaman və əlbəttə ki, xərclərdən səmərəli istifadə önəmlidir.
Vasitəçiliyə gəldikdə, Azərbaycan bölgədə işbirliyini təmin edən bir ölkə kimi tanınır. Bizim heç bir ölkə ilə heç bir problemimiz yoxdur. Məhz buna görə biz Qoşulmama Hərəkatına yekdil səslə - 120 ölkədən 119-nun səsi ilə seçildik. Halbuki Qoşulmama Hərəkatında elə ölkələr var ki, bir-biri ilə yola getmirlər, onların arasında ciddi ixtilaflar var. Amma onların hər biri Azərbaycanı dəstəklədi. Çünki bizim çox səmimi siyasətimiz var. Biz hər bir ölkə ilə səmərəli işbirliyi qurmaq fikrindəyik, bunu edirik. Ona görə istər-istəməz Azərbaycan dünyada bir görüşmə nöqtəsi kimi tanınır. Təsadüfi deyil ki, misal üçün, müharibədən, COVID-dən əvvəl NATO və Rusiya hərbi rəhbərlərinin görüşləri məhz Bakıda keçirilirdi. Rusiya baş qərargah rəhbəri və NATO-nun Silahlı Qüvvələrinin rəhbəri Bakıda görüşürdülər. Niyə Bakıda görüşürdülər, başqa yerdə görüşmürdülər? Çünki inam var. Artıq biz bu imici qazanmışıq. İnam var, etimad var və hörmət var. Bilirlər ki, bizim sözümüz imzamız qədər qüvvətlidir.
Digər önəmli hadisələr baş verir. Müharibədən sonra aralarında ixtilaflar olan bəzi ölkələri bir araya gətirmək üçün Azərbaycan səy göstərir. Nə üçün biz bunu edirik? Biz istəyirik ki, sabitlik olsun, sülh olsun, ədavət olmasın, risklər azalsın. Biz bu bölgədə yaşayırıq. Azərbaycanın daxilində hər hansı bir təhlükə, risk mənbəyi yoxdur. Müharibənin əvvəlində də yox idi, indi də yoxdur. Nə ola bilər, bizim üçün nə başağrısı yarada bilər? Bizim hüdudlarımızın kənarında müəyyən gərginlik bizə həm siyasi, həm iqtisadi problem gətirə bilər. Bunu aradan qaldırmaq üçün nə etmək lazımdır? Çalışıb ölkələri barışdırmaq. Bilirsiniz, xüsusilə bəzi hallarda emosiyalar üstünlük təşkil edir. Bəzi hallarda hansısa ifadə edilən bir söz düzgün qəbul edilmir, yaxud da ki, yanlış anlaşılır. Yəni, bütün bu emosional məsələlərdən masamızı təmizləməliyik və mahiyyətə baxmalıyıq. Mahiyyətdə nə var? Misal üçün, hər hansı iki ölkə arasında hansısa ciddi əsaslı ixtilaf var. Əgər varsa, gəlin bunu çözək. Yoxdursa, o zaman Azərbaycan kimi ölkənin, necə deyərlər, fəaliyyəti, əməyi yerində ola bilər. Mən bundan artıq deyə bilmərəm. Yəqin ki, siz də anlayırsınız nəyə görə. Ancaq mən hesab edirəm ki, dostlarımız arasında dostluq olarsa, o, həm dostlarımız üçün, həm bizim üçün daha yaxşı olacaq.
Ukraynanın “5-ci Kanal” televiziyası: Hər vaxtınız xeyir, cənab Prezident. Ölkəmiz üçün bugünkü anım günündə Sizə başsağlığı vermək istərdim. Mənim sualım GUAM təşkilatı və dörd ölkənin bu formatda əməkdaşlığı barədə olacaq. Bilirik ki, bu format 1990-cı illərin axırlarında yaradılıb və bu birliyin siyasi vektorunda deyilirdi ki, bu formatda iştirak edən dörd ölkə bir-birini qarşılıqlı surətdə dəstəkləyəcək, iştirakçı ölkələrin ərazisində münaqişələrin həllində bir-birinə kömək edəcəklər. Bu formatın yaradılmasından artıq 20 il keçib, çox şey dəyişib. Ukraynada 7 ildir ki, müharibə gedir. Azərbaycan öz ərazilərini işğaldan azad edə bilib. Siz bu formatın iştirakçısı olan ölkələrdən birinin Prezidenti kimi həmin ölkələrin gələcək əməkdaşlığını necə təsəvvür edirsiniz? Daha bir sözüm var, bu, sual deyil, həmkarımın arzusuna dəstəkdir: Şuşanı görməyi çox istəyirəm.
Prezident İlham Əliyev: Yaxşı, çox sağ olun. Mən demək istərdim ki, Azərbaycan öz xarici siyasət fəaliyyətində həmişə ardıcıl olub və mən çıxışlarımda vaxtaşırı olaraq bizim xarici siyasətin əsaslarına toxunuram. Bu, çox açıq və prinsipial siyasətdir. Bizim xarici siyasətimizdə heç bir gizli məqam yoxdur. Ona görə ki, bu siyasət bizim milli maraqlarımıza əsaslanır və yalnız əməkdaşlığın möhkəmlənməsi üçün nəzərdə tutulur.
GUAM təşkilatına gəldikdə isə Sizin qeyd etdiyiniz kimi, onun yaradılmasından 20 ildən çox keçib. Onun necə yaranmasını isə yəqin ki, xatırlayırsınız. Sonradan bu və ya digər siyasi konyunkturadan asılı olaraq iştirakçıların tərkibində müxtəlif dəyişikliklər olub. Lakin Azərbaycan həmişə bu təşkilatın əsas prinsiplərinə, məhz bütün ölkələrin suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsi prinsipinə sadiq qalıb. Biz həmişə bunu həm bəyan etmişik, həm də müxtəlif beynəlxalq təşkilatlarda səsvermələr zamanı praktiki olaraq həyata keçirmişik. Deməliyəm ki, GUAM-ın üzvü olan ölkələrin ərazi bütövlüyü ilə bağlı məsələlərdə həmin ölkələrin həmrəy mövqeyi, mənim fikrimcə, elə mühüm təməldir ki, biz öz münasibətlərimizi prinsip etibarilə həmin təməl üzərində qururuq. BMT-də, digər beynəlxalq təşkilatlarda səsvermə çərçivəsində Azərbaycan Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və yenə dəstəkləyir. Biz də həmin ölkələr tərəfindən bizim ərazi bütövlüyümüzün dəstəklənməsini həmişə görmüşük. GUAM-ın daha fəal olduğu dövr də olub, onun nisbətən az fəal olduğu dövr də. Tam səmimi deyirəm, bu, daha çox Ukraynanın mövqeyindən asılı olub. Ona görə ki, GUAM üzvləri arasında Ukrayna ən iri, ən böyük potensiala malik ölkədir. Bu və ya digər dövrdə GUAM-ın fəallaşması, yaxud əksinə, fəallığının azalması Ukrayna rəhbərliyinin mövqeyindən asılı olub.
Artıq 18 ildən bəri Prezident vəzifəsində veteran kimi bütün bu hadisələr mənim gözlərimin qabağında baş verib. Bu təşkilatın fəaliyyətinin bütün məqamlarını, o cümlədən həm Bakıda, həm Ukraynada, Gürcüstanda, Moldovada keçirdiyimiz çoxsaylı sammitləri çox gözəl xatırlayıram. Ukraynada GUAM-a maraq azalan kimi bu təşkilat sanki sönür, orada maraq artan kimi təşkilat bir qədər pərvazlanırdı. Buna baxmayaraq, siyasi tərkib hissəsinə gəldikdə, zənnimcə, bizim ölkələrdə bütün hakimiyyətlərin dövründə biz bu əsası qoruyub saxlaya bilmişik. Düşünürəm ki, bu mövqe artıq zamanın sınağından çıxmış mövqedir. İstərdim ki, bu təşkilatın fəaliyyəti daha artıq dərəcədə proqnozlaşdırıla bilən və planlı olsun. Mən həmişə konkret məqsədlər nəzərə alınmaqla qısamüddətli, ortamüddətli və uzunmüddətli addımların planlaşdırılmasının tərəfdarıyam. Məndən hətta indi hansı məqsədlərimin olduğunu soruşsanız, çətin vəziyyətə düşərəm. Hərçənd, bu gün nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün çox böyük imkanlar var. Lakin biz bu imkanlardan GUAM formatında istifadə edirikmi? Biz ondan ikitərəfli, ən yaxşı halda üçtərəfli formatda istifadə edirik. Sonra isə bir növ konstruksiya, pazllar kimi yığmağa çalışırıq. Amma bu məsələyə sistemli şəkildə yanaşsaq, xüsusən nəqliyyat dəhlizlərinin yeni imkanlarını və bir çox başqa amilləri nəzərə almaqla, Xəzər dənizi, Qara dəniz regionunda nəqliyyat-logistika əməkdaşlığının çox perspektivli istiqamətlərini müəyyən etmək olar. Buna görə düşünürəm ki, gələcəkdə hər şey bizim tərəfdaşlarımızın fəaliyyətindən asılı olacaq. Şərhlərin dərinliyinə varmaq istəməzdim, lakin bəzən hakimiyyətin tez-tez dəyişməsi ona gətirib çıxarır ki, yeni hakimiyyət bütün bunları təzədən dərk etməli, öz prioritetlərini, həmin prioritetlərdə GUAM-ın yerini müəyyən etməlidir. Bunlar müəyyən ediləndə görürsən ki, yeni hakimiyyət özünü yetirdi. Beləliklə biz həmişə bu təşkilatın sabit üzvü olmuşuq və bu gün də sabit üzv kimi qalmaqda davam edirik.
Türkiyənin “Yeni Şəfəq” qəzeti: Hörmətli cənab Prezident, səbriniz və hamımızın suallarını cavablandırdığınız üçün təşəkkür edirik. Əvvəlcə, Azərbaycan xalqının, Türkiyə adından deyirəm, qardaş xalqın üzüntüsünü bölüşürük, eyni zamanda, Zəfərin qürurunu da bölüşürük. Mənim bir sualım var. Türk Silahlı Qüvvələri ilə birlikdə həyata keçirdiyiniz fəaliyyətlərlə bağlı ilk gündən etibarən Qarabağda monitorinqin təmin edilməsində birgə fəaliyyətin həyata keçiriləcəyini açıqladınız. Birgə Mərkəz yaradıldı. Rus əsgəri ilə türk əsgəri orada fəaliyyət həyata keçirirlər. Minalanmış ərazilərin təmizlənməsi məsələsində də ortaq fəaliyyəti görürük. Bundan başqa, Azərbaycan Ordusu ilə Türkiyə Ordusunun digər ortaq fəaliyyətləri nədir? Qarşıdakı dövrdə hər hansı bir çatışmazlıq yaranacağı halda ortaq hərəkat, ya da təhdidin aradan qaldırılması ilə bağlı türk əsgərinin daha çox fəaliyyət göstərməsi mümkündürmü? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun. Türk Silahlı Qüvvələri ilə Azərbaycan Müdafiə Nazirliyi arasında əməkdaşlıq uzun tarixə malikdir. Bütün dövrlərdə Türkiyə və Azərbaycan Silahlı Qüvvələri bir yerdə olublar. Mən sualların birinə cavab verərkən dedim ki, təkcə 2019-cu ildə həm Bakıda, həm də Türkiyədə 10-dan çox birgə hərbi təlim keçirildi. Bu il də artıq birinci təlim keçirildi.
Ortaq Mərkəzin yaradılması Türk Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə, Azərbaycan torpağına gəlməsi deməkdir. Bu, hesab edirəm ki, tarixi hadisə sayıla bilər. Bu, bizi çox məmnun edir. Qeyd etməliyəm ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması üç ölkənin müştərək qərarıdır. Ermənistan, sadəcə olaraq, bununla razılaşmalı oldu. Çünki 10 noyabr Bəyanatı imzalananda Ermənistan o durumda deyildi ki, buna etiraz etsin. Ermənistan, necə deyərlər, öz hayında idi. Ona görə əgər başqa bir siyasi və hərbi durum olsaydı, Ermənistan buna etiraz edərdi. Ancaq buna etiraz edə bilmədi və biz də söylədik ki, bu mərkəz Azərbaycan ərazisində yaradılır, Ermənistanın bu işlərlə nə əlaqəsi var?
Ona görə bu mərkəzin yaradılması hesab edirəm ki, tarixi hadisə sayıla bilər. Bundan başqa, siz də qeyd etdiyiniz kimi, mən də söyləmişdim ki, Türkiyədən böyük heyət gəlmişdir, 100 nəfərdən çox heyət, minaların təmizlənməsi işləri və təlim kursları aparılmışdır. Bu fəaliyyət davam etdirilir.
Bundan sonra müxtəlif sahələrdə, hərbi sahədə əməkdaşlığımız davam etdiriləcək. Mən müharibə dövründə demişdim və bu, hər kəsə bəllidir ki, Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır, NATO-da güc baxımından ikinci ordudur. Biz də Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib.
Müharibə dövründə biz yeni təcrübə topladıq. Çünki bizim ordumuz demək olar ki, müharibələrdə iştirak etmirdi. Sadəcə olaraq, bu sahəyə, necə deyərlər, nəzəri baxımdan yanaşırdı. İndi müharibə çox böyük bir təcrübədir. Biz bu təcrübədən düzgün nəticə çıxarmalıyıq. Böyük uğurlarımız olub. Eyni zamanda, müharibə dövründə müəyyən çatışmazlıqlar da olub. Biz bunu da gizlətmirik. Müharibə dövründə Ali Baş Komandan kimi qəbul etdiyim qərarlar, o cümlədən hərbi heyətlə bağlı qəbul edilmiş qərarlar məhz onu göstərir ki, müəyyən problemlər də üzə çıxmışdı, amma biz onları həll etdik.
Türkiyə ilə Azərbaycan arasında çox geniş qanunvericilik bazası var. Bir çox sənədlər, müqavilələr imzalanıb. Onların arasında elə sənədlər var ki, orada qarşılıqlı hərbi yardım məsələləri də təsbit edilib.
Müharibə dövründə ilk günlərdən əziz qardaşım, hörmətli Prezident açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. Türkiyənin müdafiə naziri hörmətli Hulusi Akar, xarici işlər naziri hörmətli Mövlud Çavuşoğlu, digər yüksək vəzifəli rəsmilər birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, bizə çox böyük siyasi və mənəvi dəstək oldu. Eyni zamanda, bütün dünyaya bir siqnal oldu ki, kənarda durun, müdaxilə etməyin.
Bu gün də bu, davam edir. Türkiyə və Azərbaycan iki qardaş ölkə, dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizim hərbi əməkdaşlığımız gündən-günə möhkəmlənir. Türkiyədən yeni silahların alınması istiqamətində işlər aparılır. Bu barədə mən artıq məlumat verdim, o silahlar yaxın zamanlarda gələcək. Bizim ordumuz daha güclü, daha müasir olmalıdır. Türk Silahlı Qüvvələrinin modeli bizim üçün ən məqbul modeldir. Bundan sonra bu istiqamətdə də bərabər çalışacağıq.
Türkiyənin “Sözçü” qəzeti: Mənə sonuncu sual verməyə şərait yaratdığı üçün cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Cənab Prezident, əvvəla, türk xalqı olaraq qazandığınız qələbə ilə bağlı böyük qürur duyduq. Zəfər çıxışınızı da böyük məmnuniyyətlə izlədik. Mənim sualım belədir: Azərbaycan ilə Ermənistan arasındakı əlaqələr, münasibətlər normallaşdıqdan sonra Türkiyə Ermənistan sərhədini açarsa, reaksiyanız necə olar? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Biz Türkiyə dövlətinə göstərdiyi bütün dəstəyə görə bir daha təşəkkürümüzü bildiririk. Eyni zamanda, sərhədlərin bağlı olması, əlbəttə ki, qardaşlıq rəmzi idi, qardaşlıq addımı idi. Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə bağlamışdır, Kəlbəcər işğal altına düşəndən sonra, məhz buna görə. O vaxta qədər Türkiyə ilə Ermənistan arasında sərhədlər açıq idi. Türkiyə Ermənistanı rəsmən tanıyan ilk ölkələrdən biri olmuşdur. Ermənistanın müstəqilliyinin ilk günlərindən Türkiyə Ermənistanla normal əlaqələr qurmaq fikrində idi. Əfsuslar olsun ki, Ermənistanda anti-Türkiyə təbliğatı həddindən artıq güclü idi və bu gün də bu, davam edir. Türkiyəfobiya orada rəsmi ideologiyaya çevrilib. Onlar Türkiyə və Azərbaycanı hər zaman düşmən sayıblar. Sərhədlərin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktı idi. İndi münaqişə başa çatdı. İndi Azərbaycan öz torpaq bütövlüyünü bərpa etdi və əlbəttə ki, bölgədə yeni vəziyyət yaranmışdır. Ancaq, eyni zamanda, Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir. Baxın, müharibədən əvvəl Ermənistan Prezidenti nə söyləyirdi? Söyləyirdi ki, Sevr müqaviləsinə yenidən baxılmalıdır. Yəni, Türkiyəyə ərazi iddiası var. Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var. Onlar bundan əl çəkməlidirlər. Bütün dünyada Türkiyəyə qarşı çirkin kampaniya aparırlar. Qondarma dırnaqarası “soyqırımı”nı müxtəlif ölkələrin parlamentində qəbul etdirirlər. Belə düşmənçilik siyasəti nə qədər davam edə bilər? Onlar necə deyərlər, ağlını başına yığmalıdırlar. Türkiyə kimi böyük ölkəyə ərazi iddiaları irəli sürmək özünəqəsddir, axmaqlıqdır.
Biz, əlbəttə ki, yeni vəziyyəti nəzərə alaraq Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına da müsbət baxırıq. Bu əlaqələrin normallaşması üçün bizim indi hər hansı bir xüsusi fikrimiz yoxdur. Türkiyə özü müəyyən edəcək ki, bu sərhədlər nə zaman açıla bilər, nə zaman əlaqələr normallaşa bilər. Hər halda, Azərbaycan tərəfindən buna necə deyərlər, hər hansı bir mənfi fikir olmayacaq. Çünki hesab edirəm ki, bölgənin sabitliyi, uzunmüddətli sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır. Baxın, biz indi nədən danışırıq. Ermənistan-Azərbaycan sərhədinin açılmasından bəhs edirik. Yəni, Ermənistan–Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına da təbii ki, ehtiyac qalmır. Əgər biz bu koridorlardan söhbət ediriksə, Zəngəzur koridorunu gerçəkləşdirmək istəyiriksə, təbii ki, Türkiyə-Ermənistan sərhədi də açılacaq. Amma bu, təbii ki, Türkiyənin öz qərarıdır. Bir halda ki, siz məndən bunu soruşursunuz, Azərbaycan tərəfindən bu məsələ ilə bağlı hər hansı bir xüsusi mövqe yoxdur. Bir də ki, Türkiyənin xeyrinə nə olacaqsa, bu, bizim də xeyrimizədir.
Hikmət Hacıyev: Möhtərəm cənab Prezident, Sizə artıq dərəcədə təşəkkür edirik. Gərgin qrafikinizdə bizə dörd saatdan artıq vaxt ayırdınız, 35-dən çox dünya mediasının 50-yə yaxın sualını cavablandırdınız. Buna görə Sizə təşəkkür edirik.
Prezident İlham Əliyev: Sağ olun, Təşəkkür edirəm. Mən də sizə təşəkkürümü bildirirəm ki, siz mənim sözlərimə diqqətlə qulaq asdınız. Hesab edirəm ki, həm mənim üçün, həm sizin üçün də bu mətbuat konfransı çox faydalı oldu. Mən sizin vasitənizlə sizin ölkələrinizdə yaşayan insanların diqqətinə Azərbaycanın həqiqətlərinin bir hissəsini çatdıra bildim. Əminəm ki, belə səfərlər tez-tez həyata keçiriləcək. Çünki siz indi dağılmış yerlərə səfər etdiniz, baxdınız. Bir müddətdən sonra siz o yerləri bərpa edilən yerlər kimi görəcəksiniz. Bir daha sizə təşəkkür edirəm və uğurlar arzulayıram. Sağ olun