PREZİDENT ALDADILIR! - Osman Nərimanoğlu Təcridxanadan Müsahibə verdi

  • 20 yan 2024, 11:30

"Demokratik.Az" xəbər portalının qurucusu və baş redaktoru, tanınmış jurnalist Osman  Nərimanoğlu (Rzayev) saxlanıldığı 2 saylı (Gəncə) İstintaq Təcridxanasından ictimaiyyət üçün geniş müsahibə verib.

 Jurnalist həbsinin səbəblərinə, üz-üzə qaldığı məmur özbaşınalıqlarına, barəsində elan edilmiş qondarma və sifarişli cinayət işindəki ciddi məqamlara aydınlıq gətirib.

 Söz adamı həbsini müstəqil mətbuata və söz azadlığına qarşı hakimiyyətin növbəti repressiv hücumu adlandırıb. Eləcə də, o, bildirib ki, DİN və Baş Prokurorluq öz bədnam həbs planını reallaşdırmaq üçün korrupsioner məmurların şər-böhtan kompaniyasından istifadə edib. Sayt rəhbəri həbsini özünə və ailəsinə qarşı hüquqi-maddi və mənəvi terror hadisəsi kimi də qiymətləndirib.

 Nərimanoğlu müsahibəsində dövlət başçısı, prezident İlham Əliyevi və aidiyyatı dövlət rəsmilərini ədalətli olmağa,onları öz vəzifə öhdəliklərini vicdanla yerinə yetirməyə səsləyib. Və hər kəsi qanunsuz həbslərə həssas davranmağa çağırıb.

Sual: Salam Osman bəy. Necəsiniz deyə soruşmayacağam. Artıq 1 il 6 (altı) aydır ki, həbsdəsiniz. Dörd divarın qoynunda təcridxananı bürüyən tikanlı məftillər, dar və küsgün hücrənin qapalı yaşam şəraiti yəqin ki, sizi çox sıxır (?!).

Cavab: Əvvəla, bütün oxucuları, dəyərli media mənsublarını, ləyaqətli ictimaiyyət nümayəndələrini səmimiyyətlə salamlayıram. Şübhəsiz ki, yaşımın peyğəmbərlik çağında - 40 yaşımda həbsdə olmağım,ailəmdən və cəmiyyətdən qanunsuz üsullarla təcrid olunub azadlığımdan məhrum edilməyim asan məsələ deyil. Ən çətini isə odur ki, mən bu ölkədə jurnalist peşə fəaliyyətimi qətiyyətlə yerinə yetirdiyim üçün, qudurğan və korrupsioner məmurları sərt tənqid etdiyim üçün şər-böhtan oyunu ilə içəri atılmışam. Bir düşünün, günahım və ya hansısa cinayət əməlim olmaya-olmaya, yalnız jurnalist olduğuma görə cinayət təqibinə məruz qalıb istirab çəkirəmsə, vətəndaş hüquqlarımdan məhrum edilirəmsə, mən necə xoşhal ola bilərəm? Əlbəttə, həbsdə çox sıxılıram. Axı, məhkumluq günahı olmayanlar üçün çox ağrılı işgəncədir.

Sual: Əvvəlcə belə bir sual verim. Osman Nərimanoğlu imzası media cameəsinə və məmur zümrəyə yaxşı tanışdır. Ancaq, sizin həbsinizə qarşı ictimai dəstəyi, medya səfərbərliyini lazımı qədər hiss etmədik. Bu nə ilə bağlıdır, bəlkə ictimaiyyət sizi kifayət qədər yaxşı tanımır və qəbul etmir?

Cavab: Mən 2005-ci ildən ölkənin bir sıra aparıcı və müstəqil media orqanlarında müxtəlif səpkili məqalələrlə çıxış etmişəm. Xüsusilə, mərhum söz ustadı Süleyman Osmanoğlu (Yılmaz) rəhbərlik etdiyi "Proqnoz" qəzetinin Gəncəbasar bölgəsi üzrə müxbiri olmuşam. Həmin illərdə "Proqnoz"un redaksiyası ilə əməkdaşlıq edən Vüqar Qurdqanlı, Seymur Əhməd, Ruslan Xəlil, Səbuhi Məmmədli, Zülfüqar Savaş, Abuzər Cəfərli, Məhəmməd Novruzlu və baş redaktor S.Osmanoğlu kimi dəyərli qələm sahiblərinin yaratdıqları məhsuldar media mühitindən bəhrələnmişəm. Nəhayət, 2011-ci ildə "Demokratik Dövlət" qəzetini, 2015-ci ildə isə "Demokratik.Az" xəbər portalını təsis etmişəm. Son 10 ildə yüzlərlə tənqidi məqalənin, ictimai əhəmiyyətli yüzlərlə araşdırma yazılarının, özəl xəbərlərin və müsahibələrin müəllifiyəm. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, sərt tənqidi məmur yazılarıma görə son illərdə Azərbaycanın müxtəlif ranqlı məmurları tərəfindən ən çox məhkəməyə cəlb edilən, təhdid və hədələrə məruz qalan jurnalistlərdən biriyəm. Hesab edirəm ki, həm hakimiyyətin üst kluarlarında, eləcə də müstəqil media cameəsində kifayət qədər tanınıram. Həbsimdən sonra məni medianın müdafiə etməməsinə gəlincə isə, bu jurnalistlərin hüquq-mühafizə orqanlarından qorxması ilə daha çox bağlıdır. İstintaq dövründə jurnalist araşdırmalarının praktiki olaraq mümkünsüzlüyü, hazırki media platformalarının məmur maraqlarına parçalanması da anoloji həbslərdə əsl səbəblərin incələnərək ortaya çıxarılnasının qarşısını alır. Bu şərtlər altında  mənə informasiya dəstəyi göstərən jurnalistlərə, haqqımı qoruyan hər kəsə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm.

 Məni tanıyan həmkarlarım da yaxşı bilirlər ki, özümü reklam etməkdən, manşet xəbərlərimin önünə keçirib ucuz şou göstərməkdən həmişə yayınmışam. İndi "bütün ölkə məni tanıyır", "hamı məni dəstəkləməlidir" desəm şəxsim adına yaraşmayan sadəlövhlük olardı.

Sual: Əsasən Gəncədə olmusunuz. Bəlkə fəaliyyətinizi Bakıda qursaydınız diqqət mərkəzində olub daha toxunulmaz olardınız?

Cavab: Çoxları elə düşünür ki, hər şey, elə media da öz varlığını Bakıya borcludur. Yəni, əgər özünə jurnalist deyirsənsə, sən mütləq Bakıda olmalısan. Bu hakimiyyətin və mətbuata cavabdeh olanların cəmiyyətə təlqin etdiyi eqoizmdir, mənfi tendensiyadır. Doğrudur ki, mən ölkənin Qərb bölgəsində fəaliyyət göstərib Gəncədə və ətraf rayonlarda məlumat bolluğu yaratmağa, öz qələmimlə əzilən vətəndaşların haqqını məmur dəyənəyindən qorumağa çalışmışam. Anlayanlar üçün texnologiya əsrində elektron medianın kənddə və ya şəhərdə olmasının əslində önəmi də yoxdur.

 Medianı qütblərə və məkana bölən hökumət rəsmiləri və maraqlı media kapitanları var ki, onlar doğru etmirlər. Məsələ məhsuldarlıqda, informasiyanın dürüstlüyündə və jurnalistin sağlam düşüncəsindədir. Mən heç vaxt fəaliyyətimi bölgəyə təcrid etməmişəm. Rəhbəri olduğum "demokratik.az" saytı Azərbaycan oxucusuna xidmət edib. Mənə görə məkan yox, ölkə üçün informasiya ötürücülüyü önəm daşıyıb. Bakıda baş verənlərə də həmişə həssaslıqla yanaşmışam. Qaldı ki, həbsimə, əlbəttə bu işdə məsuliyyət birbaşa Bakıda oturub ölkəni yarıtmaz idarəetmə formalaşdıran başbilənlərin üzərinə düşür.

Sual: Deyirsiniz ki, vətəndaşları məmur özbaşınalığından qələmlə və sözlə qorumuşam. Özünüzü isə qanunsuz həbsin pəncəsindən qoruya bilmədiniz. Sizcə nə baş verdi, necə oldu ki, belə asanlıqla, özü də şər-böhtanla həbs olundunuz? Demək istəyirsiniz ki, hakimiyyət sizi planlı şəkildə hədəf seçib?

Cavab: Təəssüf ki, Azərbaycanda heç kim qəfil həbsdən sığortalanmayıb. Jurnalistlər heç sığortalanmayıb. Tənqidi fikir daşıyırsansa, doğruları deyib-yazırsansa, hansısa klan maraqlarına köləlik etmirsənsə, deməli sən hakimiyyət üçün real hədəfsən. Son illər jurnalistlərin kütləvi həbsi, mediaya basqılar dediklərimin isbatıdır.

 Amma, uzun illər nə zamansa belə asanlıqla şərlənərək həbs olunacağıma inanmamışam. Hesab etmişəm ki, ölkədə qanun aliliyinin və demokratiyanın canlanması üçün prezident İlham Əliyev real islahatlar aparacaq, azad mətbuatın təhlükəsizliyi zamanla mümkün olacaq. Təəssüf ki, ölkədə vətəndaş hüququ və söz azadlığı hələ də tam təmin edilməyib. Etiraf edirəm ki, doğrudan da qələmim məni də digər siyasi məhbuslar kimi, azad düşüncəli jurnalistlər kimi hakimiyyətin nifrətindən, qanunsuz həbs cəzasından qoruya bilmədi...

Sual: Həbs olunacağınızı dəfələrlə hiss etmisiniz. Yəni, sərbəst jurnalistika fəaliyyətinizə maneələr və təhdidlər olub. Buna konkret dəliliniz varmı?

Cavab: Mən real həbs təhdidlərini 2018-ci ildən bu yana alıram. Həmin ilin payızında həmkarlarım Polad Aslanov və İkram Rəhimov DTX tərəfindən qəribə ittihamlarla həbs edildikdən sonra təqibə məruz qalmışam. Onda həmin həmkarlarımla birlikdə olan şəklim prezidentin sabiq köməkçisi Əli Həsənova yaxın media orqanlarında tirajlanırdı və mənim də heç bir əsas göstərilmədən həbsim tələb olunurdu. Bilirsiz ki, İkram Rəhimovla Polad Aslanovun həbsini Əli Həsənov sifariş etmişdi və DTX- da onları həbs etmişdi.

 Müstəqil medianın düşmən cəbhəsi sayılan Azərbaycan Mətbuat Şurası- başda Əflatun Amaşov, Müşviq Ələsgərli, Vüqar Rəhimzadə, Azər Həsrət qruplaşması da "demokratik.az" saytını məhz 2018-ci ilin noyabrın 1-də "reket" elan etməklə məmur sifarişi icra etmişdilər. Təsadüfi deyil ki, indi olduğu kimi, o yalaq-yaltaq mediaçılar - Əli Həsənovun trolları onda da barəmdə gülməli və savadsız danonslar yazmışdılar. Necə ki, Polad Aslanov və İkram Rəhimov həbs edildikdən sonra onları linçə məruz qoymuşdular. İndi deyiləndə ki, məndən yazıb çirkin niyyət güdənlər var, sadəcə "it hürər, karvan keçər" deyib keçirəm.

 Bu son 5 ildə rəhbərlik etdiyim "demokratik.az" saytı dəfələrlə kiberhücuma, qanunsuz bloklanmaya da məruz qalıb. "Gizli əllər" in gecü ilə "demokratik.az" saytına giriş ölkə hüdudunda dəfələrlə məhdudlaşdırılıb. Hansısa məmur yazılarının silinməsi istəyi ilə hüquq mühafizə orqanlarından mənə edilən təzyiqlərin sayı-hesabı yoxdur.

 Son illər fəaliyyətimin məhdudlaşdırılmasına qarşı məhkəmə şoularının qurulması da məmur özbaşınalıqlarının tərkib hissəsi olub. Hesab edirəm ki, həbsimin bu ardıcıllıqlarla, xoşagəlməz hadisələrlə, təhdid və maneələrlə qırılmaz əlaqəsi var.

Sual: Cinayət işinizdə ittiham tərəfi 9 nəfəri zərərçəkmiş kimi tanıyıb. Kimlərdənsə hədə-qorxu ilə pul tələb etməkdə, "reketçilik" də ittiham olunursunuz. Bu ssenarini kimlər planlaşdırıb? Sizcə həbsinizi kim sifariş verib?

Cavab: Əslində bu sualı prezident İlham Əliyevə və onun inandığı komandasına vermək lazımdır. Aydın məsələdir ki, ölkədə bir jurnalistin həbsi üçün Prezident Administrasiyasının rəsmisi Fuad Ələsgərovdan və Baş prokurordan xüsusi icazə alınır. Amma, ölkədə bütün həbsləri DİN, DTX və Baş Prokurorluq həyata keçirir. Məhkəmə qərarları da bu qurumların diqtəsinə uyğunlaşdırılır. Qanunsuz həbsdən söhbət gedirsə, əlbəttə ki, senarini də hüquq-mühafizə  orqanları yazır. Mənim həbsimə də həmin qurumlar cavabdehdir. Zərərçəkmiş şəxslərə gəlincə, işdə cəmləşən 14 nəfərin 9 nəfəri eyni əhatə dairəsinin,yəni Göygöl xəstəxanasının kollektividir. İşdə rol alanlar Göygöl RMX PHŞ-nin direktoru Vasif Əliyevin tabeliyindəki şəxslərdir. İttihamnamə başdan ayağa saxta və sifarişlidir. Həbsim prokurorluq həddində jurnalist peşə fəaliyyətimə qarşı planlaşdırılmış şər-böhtan kompaniyasının acı nəticəsidir.

 Əgər günahsız bir jurnalisti "reket" adlandıraraq qondarma ittihamlarla həbs ediblərsə, bu sadəcə dövlət və hakimiyyət adına rəzalətdir. Sifarişçi axtarırıqsa müqəssir icraçılara bu mühiti yaradan hakimiyyətdir.

Sual: Bəlkə yerli hüquq-mühafizə orqanları sizi həbs etmək üçün yuxarıları da aldadıb? Yəni, özünüz deyirsiniz ki, Göygöl prokuroru İlqar Hacızadə öz korrupsioner məmur dostları ilə birləşib özfəaliyyətə yol veriblər. Belə olan halda Fuad Ələsgərovu, baş prokuror Kamran Əliyevi, hətta hakimiyyəti günahlandırmaq doğrudurmu?

Cavab: Həm DİN-in və Baş Prokurorluğun kifayət sayda generalları, polkovnikləri var ki, ibtidai istintaqa nəzarət həyata keçirmək öhdəliyi ilə külli miqdarda maaş alırlar. Əgər mən həbsimdən bu yana ibtidai istintaqın özbaşınalıqlarını yuxarılara yazıb nəticə almıramsa, 18 ay qanunsuz təcridxanada saxlanılıramsa,  mövcud hakimiyyət barədə, hüquq-mühafizə orqanlarına cavabdeh olan PA rəsmisi Fuad Ələsgərov və baş prokuror barədə nə düşünə bilərəm. Mənə açılan qondarma cinayət işində müstəntiqlər bütün sənəd nümunələrini saxtalaşdırıb prokurorun marağı ilə cinayət prosessual məcəllənin tələblərinə qorxmadan tüpürüblər. Bəlkə də Azərbaycan yeganə ölkədir ki, yazdığım şikayətlər yuxarıda araşdırılmadan geri göndərilib. Müstəntiq də utanmadan öz nöqsanlarına özü hüquqi qiymət verərək, hüquq elmini ələ salıblar. İndi hakimiyyət gərək etiraf etsin ki, korrupsioner bir əyalət prokuroru başının dəstəsi ilə İlham Əliyevin vəzifəyə təyin etdiyi şəxsləri barmağına dolayıb, onları da öz şər-böhtan nağıllarına inandırıb məni həbsə atdırıb. Ya da, deməlidirlər ki, sifarişi elə yuxarılar verib. Yoxsa, hüquq-mühafizə orqanlarının generalları, polkovnikləri kimə və nəyə lazımdırlar ki, vətəndaşları qanunsuz yolla harada istəyirlər şərləyib tuturlar. Şikayətlər isə araşdırılmır, təqsirləndirilən şəxslərin hüquqları azadlıqlarından daha çox məhdudlaşdırılır. Təəssüf ki, ölkə xaotik idarə olunur, Fuad Ələsgərov da, baş prokuror da baş verənləri çox yaxşı bilir.

Sual: Sizin həbsinizdə Ramiz Mehdiyevin də adı hallanır?

Cavab: Saxta zərərçəkmişlərdən ikisi PA-nın sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin ailə biznesi sayılan "Yeni Gəncə" tibb mərkəzinin həkimləridir. Son illərdə sərt tənqid etdiyim məmurlar arasında ölkənin ən yırtıcı məmuru olmuş Ramiz Mehdiyev də var. Onu haqlı olaraq rus emissarı, ermənipərəst adlandırmışam. Ona görə də bu hal mənim üçün təsadüfə oxşamır ki, Ramiz Mehdiyevin tikəsini yeyənlər də gəlib yalandan üzümə durublar. Həbsimin əsas sifarişçisi Ramiz Mehdiyev də ola bilər, amma, bütün özbaşınalıqlar Göygöl prokurorunun və məmur dostlarının icraatına dayanır. Yəni, ön səhnədəki baş aktyorlar Göygöl rayon xəstəxanasında və ibtidai istintaqı təşkil etmiş prokuror İlqar Hacızadədə cəmləşir.

Sual: Şikayətçilərin və şahidlərin əksəriyyəti Göygöl xəstəxanasının kollektividir. Sizi həbs etdirmək üçün niyə məhz Göygöl rayon xəstəxanası seçilib?

Cavab: Bütün rayonlarda olduğu kimi, bizim rayonda da dövlət qurumlarındakı korrupsiya və digər cinayətləri prokurorluq himayə edir. Hətta deyərdim ki, məmur özbaşınalıqlarına, talanan büdcə pullarına şərik olan səlahiyyətlilər rüşvətə və qudurğanlığa alışmış müdirləri hər vəchlə müdafiə edirlər, onları məsuliyyətdən yayındırırlar. Son illər Göygöl rayonunda cinayət məsuliyyətindən sığortalanmış şəxslərdən biri də rayon prokurorunun yaxın dostu Vasif Əliyevdir. Direktor Vasif Əliyev xəstəxananın maddi resurslarını qorxmadan talayır, dərman vəsaitlərini gələn kimi daşıyaraq öz apteklərində satdırır, əməliyyat olunanlardan hələ də rüşvət aldırır, amma, prokurorluq xəstəxana macəralarını "təmizə" çıxarır.

 Xəstəxanada hər hər il ölümlər qeydə alınır, direktor basıb labarantı döyür, xəstəxananın qazon örtüyü dağıdılır, bahalı inventarlar oğurlanır, direktor 300 nəfərin çoxunu rüşvətlə işə götürür...amma, prokuror xəstəxanada nə olursa olsun öz pul dostunu məsuliyyətdən uzaqlaşdırır. Bütün bunlar sizə nələri isə izah etmirmi? Xəstəxanada tuğyan edən çoxsaylı özbaşınalıqları tirajladığım üçün də mənə qurulan şər-böhtan kompaniyasında xəstəxana kollektivinin ayaqlanması başadüşülən olmalıdır. Üzümə duranların əksəriyyətini ümumiyyətlə tanımıram. Ən dəhşətlisi o ki, Vasif Əliyev öz tabeçiliyindəkiləri məni şərləməyə, istintaqda yalan ifadələr verməyə məcbur edib. Prokurorun özü və dostu bu çirkin niyyətlə bir neçə qadını şantaj etməkdən belə çəkinməyib.

Sual: Xəstəxana barədə yayımladığınız məlumatları yuxarı qurumlara göndərmisinizmi?

Cavab: Əlbəttə göndərmişəm. "Demokratik.az" da yayımlanmış bütün vacib məlumatlar TƏBİB başda olmaqla həm Baş Prokurorluğa, həm Prezident  Administrasiyasına və bir çox elektron poçt ünvanlarına göndərilib.

Sual: Müraciətiniz cavabsız qalırdı?

Cavab: Cavabı aldım də...Hökumət tənqidi sevmir deyə xəstəxanadakı özbaşınalıqları yazdığım üçün mənim özümü şərləyib həbs etdilər. Bilirsiniz ki, cinayət prosessual qanunvericiliklə mediada yayımlanmış materiallarda cinayət xarakterli xüsusatlar mövcuddursa jurnalistin tənqidi əsasında məmura qarşı cinayət icraatının başlanılması, yazılanların araşdırılması vacibdir. Lakin, bir daha deyirəm ki, Göygöl rayonunda yaradılmış korrupsiya bataqlığı prokuror İlqar Hacızadənin iradəsi ilə o qədər üfunətlidir ki, xəstəxana direktoruna qarşı zəruri hüquqi tədbirlər tamamilə mümkünsüzdür. Bu iki dost birləşib xəstəxananı özlərinə xırmandalı bilib dağıdırlar.

Sual: Yəni deyirsiniz ki, sizi həbs edən hökumət əslində xəstəxanadakı korrupsiyanı və rüsvayçılıqları ört-bas edir?

Cavab: Bəli. Nə yazıq ki, hökumətimiz öz gücünü mənim həbsimə yönəldərək xəstəxanadakı korrupsiya zəncirini möhkəmləndirir. Əks halda, hökumət xəstəxana barədə yazılanlara görə məni yox, Vasif Əliyev kimi qulduru cəzalandırıb, prokuroru da yerində oturdardı.

Sual: Şikayətçilərin arasında meliorator, keçmiş polis əməkdaşı, bir də müəllim var. Bəs bunlar niyə sizi şərləyir?

Cavab: Həbs olunduğum gün DİN-in və Baş Prokurorluğun rəsmi açıqlamasına nəzər salın. Məni şikayət edən yalnız dörd nəfərdir ki, onlar da Göygöl prokurorunun yaxın dostlarıdır. Sadəcə, həbs-qətimkan tədbirinin seçilməsinə zəmin yaratmaq və mənim "reket" jurnalist olduğuma yuxarıları inandırmaq üçün sonradan daha bir neçə yalançı şikayət hazırlanaraq istintaqa əlavə olunub. Camaatı şərləməyə adətkar olmuş və heç vaxt tanımadığım keçmiş polis əməkdaşının, eləcə də meliorator dediyiniz İlqar Məhərrəmovun zərərçəkmiş kimi ortaya çıxması Göygöl prokurorunun ağlının məhsuludur. Qısaca deyim, onu da bilin ki, prokurorun planı üzrə 15 iyun 2022-ci ildə Goranboydan Göygöl RPŞ- yə gəlib polisə yalançı ərizə verən İ. Məhərrəmov Vasif Əliyevlə də yaxın dostdur və həmkəndlisidir. Bütün rayon bilir ki, Məhərrəmovun ad günü 20 yanvara təsadüf edir. Son illər Göygöl rayonundakı "Böyük İsgəndər" və " Araz"  restoranında özünə dəbdəbəli ad günləri keçirən İ. Məhərrəmovun stolunun başında prokuror Hacızadənin əyləşdiyini də artıq hamı bilir. Bu şəxslər epizod sayının artırılmasında, cinayət işinin şişirdilməsində işverənlik ediblər.

Sual: Osman bəy, zərərçəkmişlərə hansı zərəri vurmusunuz?

Cavab: Qanunvericiliyə görə, o şəxsləri zərərçəkmiş tanıyırlar ki, onlar təqsirləndirilən şəxs tərəfindən maddi, fiziki və ya mənəvi zərərə məruz qalsın. Hansı ki mən şikayətçilərin heç birinə hər hansı zərəri vurmamışam. Onlardan hədə-qorxu ilə pul tələb etməmişəm. İstintaq orqanı cinayət törətməyimə dair ittihamı heç bir maddi və ya mötəbər dəlillə sübuta yetirməyib. Ortada şər-böhtan, mülahizələr, sifarişli həbs var. Yəni mən kimlərəsə lazımdır deyə, qanunsuz həbsdəyəm.

Sual: Sizin həbsiniz üçün əməliyyat həyata keçirilməyib. Birbaşa necə həbs olunmusunuz?

Cavab: Mən 05 iyul 2022-ci ildə Göygöl polis şöbəsinə çağırılaraq oradaca həbsə məruz qalmışam. Təsəvvür edin ki, barəmdə təhqiqat aparılmayıb. Ərizələr birbaşa istintaqa ötürülərək mənə gizli cinayət işi başlanıb. Əgər kütləvi şikayət vardısa və ərizələr həqiqət idisə, polis və ya prokurorluq mən pul alarkən əməliyyat qurub niyə məni tutmayıblar? Çünki, ərizələri polis və prokurorluq özü hazırlayıb, mənim kimdənsə pul tələb etmədiyimi də özləri yaxşı bilib.

Sual: Siz Cinayət Məcəlləsinin 182-ci maddəsi üzrə təqsirləndirilirsiniz. Maraqlıdır ki, şikayətçilər barədə sizdə rüsvayedici məlumatlar var idimi, yaxud da " demokratik.az " saytında kimlərinsə barəsində şantaj məlumatlar paylaşmısınızmı?

Cavab: Bu suala DİN və Baş Prokurorluq cavab verməlidir. Şikayətçilərin heç biri barədə məndə hər hansı rüsvayedici məlumat olmayıb. Nə Vasif Əliyevin özünün və ailə üzrvlərinin, eləcə də digərlərinin çılpaq fotoları, pornoqrafiq videoları məndə yoxdur ki, onları da şantaj edim. Mən əməlimə görə yox, jurnalist-peşə fəaliyyətimə görə qanunsuz həbs edilmişəm. Bunu istintaq zamanı saxta ərizələrə əlavə edilmiş çoxsaylı tənqidi məqalələr də aşkara çıxarır. Bu maddəni tövsif edənlər izah etməlidirlər ki, axı söhbət hansı şantajdan gedir? İşdə olan məqalələr də ona görə mahiyyəti üzrə araşdırılmayıb, günahkarlar günahsızı şərləyib. 

İstintaqın ilk günündən mənə qarşı mənəvi işgəncələr həyata keçirilib. Etirafedici yalan ifadəyə məni məcbur etmək üçün Göygöl RPŞ-nin İB-nin rəisi Samir Rüstəmov ilkin ərizələri belə saxtalaşdırıb. Məni həyat yoldaşımı da həbs etdirəcəklərilə hədələyərək yuxarılara şikayət etməməyim üçün rəsmən şantaj edib. Məni həbs etdirənlər pasportlarında "kişi" yarlığını unudaraq ağlasığmaz özbaşınalıqlar ediblər.

Sual: Təqsiriniz yoxdursa, məhkəmə yəqin ki, ittihamları rədd edib barənizdə bəraət hökmü çıxaracaq?

Cavab: Məhkəmə doğrudan da haqqım olanı mənə verməlidir, yəni barəmdə bəraət hökmü çıxarmalıdır. İstəyim və hüquqi tələbim də yalnız bundan ibarətdir. Lakin, Gəncə Ağır Cinayətlər Məhkəməsi 11 aydır ki, işin yekununu gecikdirir. Hakimlər öz davranışları ilə ədaləti bərpa edə bilməyəcəklərini aşkar biruzə verirlər. Məhkəmənin təşkili demək olar ki, ittiham tərəfinin göstərişlərinə və istəklərinə uyğunlaşdırılır. Düşünürəm ki, məhkəmə öz iradəsində  müstəqil deyil, çünki, həbsim siyasi xarakter daşıyır. Çox az halda eşidirik ki, ölkədə qanunsuz həbs olunan kiməsə bəraət verilsin. Hesab edirəm ki, məhkəmə DİN-i və Baş Prokurorluğu müdafiə edəcək. Bəraət alsam bir çoxları cəzalandırılmalıdır, Azərbaycanda isə cəzasızlıq hökm sürür, rütbəlilər at oynadır.

Sual: Həbsiniz rezonansa səbəb oldu, daha sonra da siyasi məhbus kimi tanındınız. Sizcə prezident bilir ki, şərlənib həbs olunmusunuz?

Cavab: Prezident İlham Əliyev hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatına and içib. Ayrı-ayrılıqda şəxsləri və məni tanımasa da, hüquq-mühafizə orqanlarının özbaşınalıqlarına "dur" deməlidir. Ölkədə hüquqi və demokratik mühit yaratmalıdır. Prezident ədalətli olub adi vətəndaşları qudurğan məmurların ayağına verməməlidir. Cinayət törətməyən şəxslər məsuliyyətə cəlb edilməməlidir. Vasifkimilər, İlqarkimilər höküməti barmağına dolamamalıdır.

 Ombudsman kimi bir qurum da prezidenti aldatmaqla məşğul olursa, hüquq-mühafizə orqanlarının özbaşınalığı ucbatından ölkədə siyasi məhbus siyahısı genişlənirsə, prezident İlham Əliyev ciddi ölçülər götürməlidir.

 Mənim həbsim sadə və bağışlanacaq hadisə deyil, ailəmə və özümə qarşı hüquqi-mənəvi terrordur. Həyat yoldaşım və övladlarım da özbaşınalıqdan əziyyət çəkib. Ona görə də ölkə başçısı ədalətli davranıb vəzifə öhdəliklərini yerinə yetirməlidir.

 Mən müsahibə üçün təşəkkür edirəm.

 Söhbətləşdi:  Osman Nərimanoğlu

Oxşar xəbərlər