Osman Nərimanoğlunun məhkəməsində ŞOK FAKTLAR
08 iyun 2023-cü il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsində demokratik.az saytının rəhbəri Osman(Rzayev)Nərimanoğlunun növbəti məhkəməsi keçirilib.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi üzrə təqsirləndirilən jurnalist çıxışında cinayət işini qondarma və siyasi sifarişli adlandıraraq təqsirsiz olduğunu,həbsinin sabiq PA-nın rəhbəri Ramiz Mehdiyev,Göygöl prokuroru İlqar Hacızadə və digər məmurlar tərəfindən təşkil edildiyini dilə gətirib.
Məhkəmə zamanı cinayət işinə dair ciddi detallar da üzə çıxıb.Jurnalist sabiq müstəntiq,polis mayoru Vüsal Sadıqovun özbaşınalığının üstünü açıb.Məlum olub ki,müstəntiq Göygöl rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli həbs-qətiimkan qərarından 1(bir) gün sonra jurnalistə və ailəsinə qarşı mənəvi işgəncə aktı həyata keçirib.
Belə ki, Vüsal Sadıqovun 08 iyul 2022-ci il tarixli qanunsuz qadağa qərarı Osman Nərimanoğlunun ailə üzvləri və yaxınları ilə görüşmək və telefonla danışıq hüquqları 70 gün məhdudlaşdırılıb.Bədnam işgəncə qərarı 15 sentyabr 2022-ci il tarixdə Gəncə Apellasiya Məhkəməsində hakim Elçin Xasməmmədovun çıxardığı qərarla ləğv edilib.Müstəntiqin qanunu təhrif edərək çıxarmış olduğu həmin qərarın qərəzli və sifarişli olduğu təsdiqini tapmışdır.Lakin,həmin özbaşınalığa dair müstəntiqin əməlinə yuxarı dövlət orqanları və DİN nazirliyi tərəfindən heç bir hüquqi qiymət verilməmişdir.Jurnalistin bildirdiyinə görə sabiq müstəntiq prokuror İlqar Hacızadə ilə yaxın qohumluq əlaqələrinə malikdir,ona görə də toxunulmazlıq əldə edir.
Jurnalist ibtidai istintaq materiallarında kifayət qədər saxtalaşdırmalar olduğunu da bildirib.Lakin,bunların araşdırılmadığını,sanki yuxarılardan himayə edildiklərini də bildirib."Biabırçılıqdır ki,sonuncu dəfə mənim həbsdə qalma müddətim 27 yanvar 2023-cü il tarixdə daha 15 gün uzadılıb.Özü də prokuror İlqar Hacızadənin imzalı təqdimatı ilə.Soruşan olmadı ki,həmin gün Bakıda Baş Prokurorluğun kollegiya-hesabat iclasında olmuş bir adam sənədlərə qol çəkib məhkəməyə necə verə bilib? " - deyə Nərimanoğlu qeyd edib.
İşdə yer alan qondarma epizodlar üzrə ayrı-ayrılıqda açıqlamalar edən jurnalist işin prokurora bağlı məmurlar tərəfindən təşkilini xatırlatdı.Bir çox saxta zərərçəkmiş və hal şahidlərini tanımadığını qeyd etdi.Jurnalistin çıxışında o da diqqət çəkdi ki, prokurorun korrupsiya sisteminin dostu Vasif Əliyevin atası Şahin Əliyev 1994-cü ildə dövlət çevrilişinə cəhddə adıkeçən Sürət Hüseynov və Kəramət Kərimovla yaxın dost olub.Maraqlıdır ki, müxalif əqidəyə sahib olmuş mərhum Şahin Əliyevin övladları Göygöl rayonunda yüksək vəzifələr tuturlar.Maraqlıdır ki, məhz belə bir adam özünü Ulu Öndərin müdavimi hesab edən Baş prokuror Kamran Əliyevin senzurasından yayınaraq günahsız bir jurnalistin həbsini asanlıqla planlaşdıra bilir.Yaxşı olardı ki, Baş prokurorluq bu qondarma cinayət içində buraxılan nöqsanların əslində dövlətin hüquq siyasətinə qarşı bir prokurordan daha çox özünü müştəbeh biznesmen və korrupsioner məmur kimi tanıdan İlqar Hacızadəni tezliklə cəzalandıra.
Məhkəmə prosesi ittihamçı prokurorun Nərimanoğluna sualları ilə yekunlaşıb.Növbəti məhkəmə prosesi 22 iyun 2023-cü il tarixə,saat 15:00-a təyin edilib.
Demokratik.az olaraq inanırıq ki,jurnalist haqq etdiyi azadlığına qovuşacaq və ona qarşı açılmış şər-böhtan pərdəsi aradan qaldırılacaq.
DEMOKRATİK.AZ