Gəncənin Qaz İdarəsi veteranın qazını xəbərdarlıq etmədən kəsib - ŞİKAYƏT

  • 24 iyun 2022, 21:44

Gəncə Regional Qaz İstismar idarəsi 1-ci Qarabağ döyüşçüsü, müharibə veteranı Sadıxov Zavur Şərif oğluna məxsus evinə (Ünvan: Gəncə şəhər Ruzigar Qasımov küçəsi II dalan ev 16) qaz təchizatını rəsmi xəbərdarlıq-bildiriş etmədən kəsib. İstehlakçı iki gün qazsız qalıb, yalnız şikayət etdikdən sonra qazın mənzilinə verilişi bərpa edilib.

Demokratik.Az bildirir ki, ötən iki gündə yaşananlar şikayətçinin işlətdiyi qaza 350 manat borclu olduğu üçün baş verib. Lakin, şikayətçi hesab edir ki, istənilən halda, qurumun əməkdaşlarının bildiriş-xəbərdarlıq etmədən abonentin qazını kəsməsi özbaşınalıqdır, hadisəyə münasibət bildirilməli, hüquqi qiymət verilməlidir.

Sadıxovun dediyinə görə, qurum borc bəhanəsilə qazı dayandırarkən nə onun qazi olduğunu, nə də evdə qayğıya ehtiyacı olan azyaşlı və qoca yaxınlarının olmasını nəzərə almayıb. Eləcə də problemin həlli üçün Gəncə Regional Qaz İstismar idarəsinin rəisi Samin Əliyevin yanında olarkən adıkeçən məmurun hikkəsilə, qeyri-etik, kobud rəftarı ilə qarşılaşıb. Borcun yarısından çoxunu birdəfəlik ödəməsi barədə qəbz təqdim etsə də, qazın verilişinin bərpasına 24 saaatdan tez nail ola bilməyib.

Şikayətçinin bildirdiklərindən aydın olur ki, Regional Qaz İstismarı idarəsi rəisi də başda olmaqla, əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələbləri bilərəkdən pozulmuşdur, qazın verilişinin dayandırılması zamanı "qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; tələbinə riayət edilməmişdir.

Sözügedən hadisə ilə əlaqədar qurumdan açıqlama almaq cəhdlərimiz alınmadı. Təəssüf edirik ki, ölkənin ikinci böyük şəhərində regional qaz istismarı idarəsinə rəhbərlik edən şəxs təkcə bildiriş etmədən qaz kəsdirdiyi üçün deyil, xüsusilə vətəndaşın probleminin həllinə münasibətdə kobudluq edərək quruma qarşı mənfi rəy yaradır.

İnanaq ki, Azəriqaz rəhbəri cənab Ruslan Əliyev tabeliyindəki rəisin vətəndaşlarla rəftarına diqqət ayıracaq, S.Əliyevin insanlarla işini daha nəvazişli prinsiplər əsasında qurmasına çalışacaq.

Osman Nərimanoğlu

Demokratik.Az 


Oxşar xəbərlər