Azər Həsrətin abırdandüşmə "fəlsəfəsi" və "0 manatlıq qəbz" - MARAQLI RƏY

  • 26 okt 2018, 19:28

Azərbaycan media təmsilçiləri sırasında sosial şəbəkədə ən aktiv personalardan biri də tanınmış jurnalist Azər Həsrətdir. Hər gün müxtəlif statuslar yazaraq paylaşımlar edən jurnalist öz fikir və fəlsəfəsilə seçilir. Çox zaman gündəm mövzulara müraciət edən həmkarımız yazdıqlarında adi adam kimi davranır, qarşılaşdığı hadisələri çox zaman oxucularına vətəndaşlıq mövqeyi olaraq axtarır. Təbii ki, media mənsubunun fikirləri hamılıqla haqlı qarşılanmır.

Jurnalist Osman Nərimanoğlu da bugün Azər Həsrətin paylaşdığı bir statusla razılaşmayıb, öz fb səhifəsində dəyərli həmkarının yazdıqlarına maraqlı qarşılıq verib. Gənc jurnalist hesab edir ki, Azər Həsrət qarşılaşdığı hər olayı sıradan adam kimi təqdim etməməlidir, ona görə ki, o jurnalistdir, nə zaman və harada olmasından asılı olmayaraq məsələləri ictimailəşdirərkən yazarlıq peşəsini unutmamalıdır. Osman Nərimanoğlu yazıb:

"Bir neçə saat əvvəl jurnalist Azər Həsrətin paylaşımı (statusu) diqqətimi çəkdi. Adam əməlli-başlı "OD PÜSKÜRƏRƏK" SUAL EDİB: "Niyə kimsə məni yolun ortasında abırdan salmalıdır?" Ardından isə, rastlaşdığı bir hadisəni xatırladaraq, bunları yazıb: SİTAT: "Bakı şəhərində parklanmayla bağlı problemdən danışıram. Ədəblə, nəzərdə tutulan yerdə maşınımı saxlayıram. Əlində postterminal olan birisi yaxınlaşır, yer göstərir, təşəkkür edib gedirəm. Gələndə görürəm ki, maşının üstünə bir qəbz yapışdırıb. Əvvəllər fikir vermədən adamdan məbləği soruşub pulu ödəyirdim. Son vaxtlar diqqətimi o çəkdi ki, həmin qəbzin üzərində 0 manat yazılıb. Yəni məbləğ göstərilməyib. Ona görə də keçən həftə qərara gəldim ki, 0 manat ödəyim. Maşını saxladım. İşimi gördüm, qayıtdım və qəbzi gördüm. Adam yaxınlaşdı. Məbləği soruşdum. Dedi. Xahiş etdim ki, qəbz versin, pulu ödəyim. Üzərində 0 manat yazılmış qəbzi uzatdı. Mən də dedim ki, artıq ödəndi. Üzümə baxır ki, ödəmədiniz axı. Mən də cavab verdim ki, orda yazılan məbləğ ödənib. Nə isə, adama anlatdım ki, sən yolun qırağında dayanıb məndən üzərində heç bir məbləğ olmayan qəbzə görə pul ala bilməzsən. Və buyurdum ki, maşının nömrəsini yaz, şikayət elə. Qayıtdı ki, "mən işverən deyiləm". Cavabım bu oldu ki, sənin kimliyinin mənə dəxli yoxdur, sadəcə sənə borcum da yoxdur. Maşını sürüb getdim.

İndi sözüm odur ki, niyə bu sahədə qayda yaradılmır? Niyə yolun qırağında dayanmış bu adamlar pul toplamaqla məşğuldur? Ümumiyyətlə, bunlar kimdir? O pullar kimin cibinə gedir? Və ümumiyyətlə, niyə bu təsadüfi adamlar mənim kimi bir adamı yolun ortasında hörmətdən salmalıdır?!!! 
STATUSUNU YENƏ SUALLA BELƏCƏ BİTİRİB.
BƏS, SİZCƏ, AZƏR BƏY Azer Hasret fikirlərində nə dərəcədə ədalətlidir? Mən öz münasibətimi bildirməyə qərar verdim. 
Azərbaycanda yığılan bütün növ rüşvətin qəbzində zatən "0 manat" yazılıb. Azer Hasret bəy yazdığı mövzuda kimin alçaldığını ya görmür, ya da yol kənarında o manatlıq qəbzlərlə ailəsinə qəpik-quruş toplayanların varlığını gizlətməyə cəhdlər edir. Əslində, yazdığı kimi deyil, hörmətdən düşən Azər Həsrət yox, bu minvalla yolqırağı maşın sürücülərinə əl açıb mədəni dilənçilik edən kasıb ştatniklərdir. Avrostandartlar axtarırıq, rahatlıq gəzlirik, maşınımızı park etməyə pulsuz yol kənarı güdürük - problemi çox zaman birtərəfli desək də, nə təklif vermirik, nə də çıxış və həlli yoluna çalışmırıq. Yaxşı olardı ki, Azər Həsrət bəy problemin aradan qaldırılması istiqamətində bir neçə tutarlı tənqidi yazı yazsın, amma qarşı tərəflərin də mövqeyini mütləq işıqlandırsın. Yoxsa, sonradan AJPDQ -nin müddəalarını pozduğu üçün təmsil olunduğu Mətbuat Şurası tərəfindən "CİDDİ XƏBƏRDARLIQ" almaq ehtimalı var. Axı, belə xəbərdarlıq qərarları hamıya aiddir.
Həmişə jurnalistlərin peşə davranış qaydalarını aşılayan adam yaxşı olardı ki, məqaləyə bənzətməyə çalışdığı (alınmasa da) statusuna yenidən nəzər salsın. HADİSƏ YAZILIB, BAŞVERMƏ SƏBƏBLƏRİ ARAŞDIRILMAYIB, QARŞI TƏRƏFİN DƏ MÖVQEYİ ORTADA YOXDU. Bir o anlaşılır ki, zavallı "işverən" deyilmiş. Bu minvalla, Azər bəy təkcə maşınını "o manatlıq" qəbzi olan yerlərdə saxlamağı düzgün analiz etmir, həm də bu cür statusla ("0 manatlıq qəbzlə"-O.N) Mark Zukerberqə ödəniş etmədən özü üçün istifadə etdiyi FB profilində hadisələrə yanaşmanı düz park edə bilmir. 

Axı, problem qəbzdə deyildi?..."


 

Azer Hasret fikrində qalmaqla belə cavab verib: "Heç dəxli var? Mənim o statusum bir jurnalist yazısı deyil, sadəcə bir vətəndaş mövqeyidir. Bunu anlamaq - fərqləndirmək çoxmu çətindir? O yol qırağında çörək qazandığını sandığınız insanın əlində postterminal olduğunu yazmışam, fikir vermədinizmi? Postterminal varsa, deməli hardasa rəsmi qeydiyyatı var. Qeydiyyatı varsa, pulun hesabatı olmalıdır. Amma olmur. Diqqəti buna çəkməyə çalışmışam. Bunun AJPDQ-yə heç bir formada dəxli yoxdur. Yazıya gəlincə, gərək olacağı təqdirdə yazım da olacaq əlbəttə. Qarşı tərəfin mövqeyinə gəlincə, o statusda o da var. Fərq etmədinizmi?..."

 

Demokratik.Az

Oxşar xəbərlər