"Reket" jurnalistlər himayə olunur - açıqlama

  • 09 dek 2016, 08:25

Son günlər Azərbaycanda "reket" jurnalistlərə qarşı əməliyyatlar keçirilir. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən əməliyyatlar zamanı 3 "baş redaktor" "reketlik"də ittiham olunaraq saxlanılıb.

Milli.Az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının "Reket Jurnalistika"ya Qarşı Mübarizə Komissiyasının sədri, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə azvision.az-a bildirib ki, "reketçilik" fəaliyyəti ilə məşğul olan media orqanları bəzi şəxslər tərəfindən himayə olunur.

"Bizdə məlumatlar var ki, bəzi qəzetlər, saytlar müəyyən adamlar tərəfindən himayə olunur. Həmin şəxslər onların qanunsuz əməllərinin arxasında dururlar. Bu yolverilməz haldır. Belə şəxslər həmin KİV-in redaksiyasını cinayətə sürükləməklə məşğuldur. Bu, eyni zamanda cəmiyyətin sağlam formada inkişafına əngəl törədən maneələrdən biridir.

Belələri böyük tirajı olmayan, ictimai rəyə təsir göstərməyən hansısa saytda, qəzetdə tənqidi yazı verir və ardınca həmin təşkilatda yoxlamalar başladırlar. Təkcə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi ilə yox, bəzi qurumlarla bağlı komissiyaya bu tipli məlumatlar daxil olub. Əgər tənqidi yazı ciddi media orqanında işıq üzü gördükdən sonra həmin qurumlar yoxlamalar aparırsa, bu başa düşüləndir. Yox, əgər heç bir çəkisi olmayan, ictimai rəyə təsir etmə gücünə sahib olmayan media orqanlarında dərc olunan yazıya görə belə yoxlamalar aparılırsa, deməli, burada başqa məqsədlər var. 

Əslində həmin yazıların özündə ciddi faktlar yoxdur. Əsası olmayan, qeyri-dəqiq faktı müxtəlif səpkilərdə yayırlar. Məqsəd haqqında yazılan şəxsə psixoloji təsir etmək, mənəvi cəhətdən aşağılamaq, eyni zamanda onu ictimai nüfuzdan salmaqdır. Bütövlükdə normal fəaliyyətini qura biləcək media orqanı peşə davranış qaydalarını əsas götürməlidir". 

Komissiya sədri deyib ki, "reket jurnalistika" ilə məşğul olanlar qeyri-dəqiq faktı müxtəlif rəylərlə mütəmadi olaraq yaymaqla məşğuldurlar: "Əgər əlində əsaslı faktlar varsa, bir ay ərzində yaxşı yazı vermək mümkündür. Amma bir fərd, nazir, icra başçısı haqqında həftədə 3-5 yazı verirsənsə, bu artıq fəaliyyətinin nə olduğunun göstəricisidir. Belə hallar yolverilməzdir. Bu hallar Mətbuat Şurasının diqqətindədir və belə hallara qarşı qətiyyətlə mübarizə aparılacaqdır". 

V.Rəhimzadə deyib ki, insanlara qarşı şantaj, mənəvi terror həyata keçirən media orqanları qanun qarşısında məsuliyyət daşıyır: "Azərbaycan Mətbuat Şurasının "Reket Jurnalistika"ya Qarşı Mübarizə Komissiyası KİV-lərin qanunsuz fəaliyyətinə qarşı mütəmadi olaraq mübarizə aparır və kifayət qədər effektiv nəticələr də əldə olunub. Mətbuat Şurası peşə davranış qaydalarını pozan media orqanlarının "qara siyahı"sını tərtib edib. Hansısa media orqanın fəaliyyətində davamlı qüsurlarla bağlı gördüyümüz tədbirlər kifayət etmirsə, bu barədə aidiyyatı dövlət orqanlarına məlumat veririk. Yəni, gücümüz çatana qədər. İnsanlara qarşı şantaj, mənəvi terror həyata keçirən media orqanları qanun qarşısında məsuliyyət daşıyır və cavab verirlər. Hesab edirəm ki, bu istiqamətdə mübarizə davam etdirilməlidir". 

Demokratik.Az

Oxşar xəbərlər