Maqbet Əhmədov: "GDU-ya adımın arxasında gizlənib söz demək qeyrətdirmi?

  • 25 sen 2020, 13:31

Ötən gün bir sıra kütləvi informasiya saytlarında Gəncə Dövlət Universiteti və rektoru barədə dərc edilmiş yazıya GDU-nun dosenti, sabiq mətbuat xidməti rəhbəri Maqbet Əhmədov tərəfindən sərt reaksiya verilib. 


Saytımızın email poçt ünvanına ( "göndərən" - abbas. memmedov. 1963 @mail.ru ) daxil olmuş müraciət əsasında Gəncə Dövlət Universitetindən nazirə ŞOK ŞİKAYƏT başlığı altında yayımlanan yazıya görə yalnız "Demokratik.az" saytını və saytın baş redaktoru Osman Nərimanoğlunu hədəfə alan hirsli dosent görün nələr yazır: 

"Hörmətli Osman müəllim!

Mən bir neçə il Gəncə Dövlət Universitetinin Mətbuat xidməti şöbəsinin müdiri olduğum üçün Sizinlə həmkar kimi söhbət edirəm. Baş redaktor olduğunuz saytın 24 sentyabr 2020-ci il sayında “Cənab Nazir, Gəncə Dövlət Universiteti nə vaxtdan Yusif Yusibov tərəfindən özəlləşdirilb?” adlı yazı dərc edilib. Özü də materialın 

Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayevə
Surəti: Kütləvi informasiya vasitələrinə -

göndərildiyi bildirilib. Eyni zamanda açıq-aşkar qeyd edilir ki, ”Redaksiyamıza  Gəncə Dövlət Universitetinin müəllim kollektivi adından Maqbet Əhmədov tərəfindən şikayət məktubu daxil olmuşdur. Müraciəti olduğu kimi dərc edirik.” Sizin bildirdiyinizə görə, deməli, şikayət məktubunun müəllifi mənəm.

Jurnalist hüquqlarına görə, göndərilən material mütləq araşdırılmalıdır. Yazılan faktları necə araşdıracaqsınız, bu haqda heç nə deyə bilmərəm, amma mən şikayət məktubunun müəllifi kimi təqdim edildiyimdən niyə bu fakt araşdırılmadan ictimailəşdirilib, bax bu qaranlıqdır. Doğrudanmı, o şəxs mənəm? Hər kəsin özünəməxsus mənliyi var. Mən Sizin adınızdan nəsə xoşagəlməz bir yazı yazıb ictimailəşdirsəm Sizə necə təsir edər?

O materialı yazan adama isə şəxsiyyətsiz, bu millətə, bu xalqa yad adam kimi baxıram. Kişi sözünü şax deyər, həqiqəti deyər, öz adıyla deyər. Mənim adımın arxasında gizlənib söz demək qeyrətdirmi?

Yazıda adları çəkilən şəxslər haqqında da öz fikirlərimi deməsəm qəlbən rahat olmaram. 

1. Rektor professor Yusif Yusibov - hər kəs öz əməli ilə qiymətləndirilir. Professorun başqa fəaliyyətlərini demirəm, saymaqla qurtarmaz, təkcə iki ildir istifadəyə verilmiş V korpusa baxmaq kifayət edər. Burda rektordan əlavə əsl vətəndaş vicdanı duyulur. Əgər o, rüşvətxordusa, kaş bütün məmurlar onun kimi olaydılar. 

2. İnzibati işlər üzrə prorektor Fəxrəddin Həsənov - bu universitetdə işlədiyi müddətdə hər günü 5 korpus arasında paylanıb. Heç kim bilməsə də onun canıyananlıqla gördüyü işlərə Mətbuat xidmətinin rəhbəri kimi mən şahid olmuşam. Fəxrəddin Həsənovun maaşı real olmadan 2500 yazılıb. Amma Fəxrəddin Həsənovun gecə-gündüz çəkdiyi əməyi müqabilində maası 10 000 manat olsaydı, ən azından şad olardım. Bilərdim ki, zəhmətə real qiymət verilib. 

3. “Sorusun uşaqları” yazılan Asif – Vasif qardaşlarını 20 ilə yaxındır tanıyıram. Vasif təkbaşına bəlkə də savadlı əməkdaşları olan bir kafedranın işini görür. Respublika səviyyəsində Universitetin ünvanına xoş sözlər deyilməsinin səbəbkarlarından biri də odur. Vasif Həsənov İnnovasiyalar Departamentinin direktorudur. Bu departament Universitetin əsas aparıcı qüvvəsidir, desəm, yanılmaram. Razimi tanıyanda çox şad oldum ki, Universitetə belə bir kadr gəlib. Həm savadca, həm mənivayyatca belə mütəxəssislərə çox ehtiyacımız var. Əmək haqqı əməyə görə verilməlidir. Bu 3 gəncin yüksək deyə qeyd edilən maaşı deyildiyi kimidirsə, əslində o da azdır. 

4. Qaldı işə götürülmə məsələsi. Mən Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiriyəm. Keçən il mənim xahişimlə rektor professor Yusif Yusibov kafedraya Vüsal İsgəndərov adında bir müəllim qəbul etdi. Təmənna ifadəsi gülünc səslənər. Vüsal 7 dil bilir, zəkalı və əsl müəllimdir. Xalqımızın balalarına bax belə müəllimlər dərs deməlidir. Yusif müəllim məhz belə kadrları əl-əl axtarır. 

Hörmətli Osman müəllim, məqalədə deyilənlərin çoxusuna boş, mənasız, böhtan olduğu üçün toxunmadım. Mən təkzib yazmaqdan çox, sizinlə el arasında deyildiyi kimi, dərdləşdik. Mən də xeyli yüngülləşdim ki, Vətən, Xalq üçün çalışan insanlar haqqında öz sözlərimi dedim.

Gəncə Dövlət Universitetinin Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının müdiri dosent Maqbet Əhmədov"


"Demokratik.Az"-dan: Maqbet Əhmədov kimi bir ziyalının yazdıqları əslində maaş alıb çalışdığı təhsil ocağını müdafiəyə, eləcə də məlum müraciətdə onun adının həmmüəllif kimi hallandırılmasına qarşı reaksiyaya hesablanıb. Buna da normal yanaşır, mövqeyinə sayğımızı özəlliklə ifadə edirik. Lakin, yazısındakı qeyri-etik ifadə tərzini, təkzibediciyə bənzəyən missiyasını sərt şəkildə qınayırıq. 
Əvvəla, görünür ki, Maqbet Əhmədov və onu öyrədənlər başqa saytlardakı eynimətnli müraciətə qoyulan başlıqla bizim sərlövhəni və mətnin təqdimata girişini səhv salır. Və başqa saytlardan oxuduğu mətnlə "bizimkini" qarışdıraraq hisslərə qapılır.
Bundan əlavə, saytımızın baş redaktoruna qarşı atmacalara və yaraşmayan ifadələrə münasibətdə də bağışlanmaz nöqsana yol verir. Bildiririk ki, nə "Demokratik.Az" saytı, eləcə də şəxsən Osman Nərimanoğlu hansısa tənqidi yazı yazarkən kiminsə adının arxasında gizlənəcək qədər nöqsanlı, qorxaq və oyunbaz deyil. Bizlər ölkədə azad media mühitindən yararlanmaqla bugünədək yalnız öz adımızdan olan materialları tərtib edib və sahiblik etmişik. Amma, GDU-nun kollektivi adından sizin adınızı məktubda qeyd etməklə gizlənib mediaya danos ötürənlər həqiqətən az deyil. Yaxşı olardı ki, GDU rəhbərliyi ya onları ifşa etmək barədə düşünə. Və Universitetin passiv mətbuat xidmətinin əvəzinə cavab hazırlayarkən təkcə "Demokratik.Az" saytını deyil, müəllifi dəqiq bilinməyən sonuncu müraciət mətnini bizdən öncə və sonra redaktəsiz dərc edən bütün saytlara diqqət ayırsanız isə daha məntiqli olar!
GDU-da baş verənlərə təəssüflənir, Maqbet Əhmədovu və GDU başbilənlərini isə bir daha əmin edirik ki, biz öz yazdıqlarımızın həmişə şəriksiz sahibiyik. Nəyisə, heç vaxt anonim yazmırıq və belə qorxaq, "işverən" təfəkkürə sahib deyilik. Yəni, sözügedən materialın hazırlanmasında həqiqətən iştirakımız yoxdur.
GDU-ya səslənirik! Axtardığınız real düşmən biz deyilik, anonimliklə məşğul olan içinizdəkilərdir!...
Dosent Maqbet Əhmədov da yəqin ki, anladı - o havaya uçurduğu vulqar ifadələrdən, təhqirlərdən bizə pay düşmədiyindən yaramaz söyüşlərinə sahib çıxmaq, sözlərinin də layiq olduğu əsl ünvanına qovuşmasını təmin etmək onun özünün mənəvi borcudur.
Eyvallah!!! 
Osman Nərimanoğlu
Demokratik.Az
Oxşar xəbərlər