GDU-nun müəllimindən 8 mart təbriki: "HARA BELƏ?"

  • 09 mart 2018, 08:51

Gəncə Dövlət Universitetinin sabiq mətbuat katibi, səmimi qələm dostumuz və dəyərli müəllim Maqbet Əhmədov özünün feysbuk səhifəsində 8 mart qadınlar gününə maraqlı təbrik ünvanlayıb. Şair müəllim bir cümləlik təbrikinə poeziya çələngi əlavə edərək belə yazır:

"Bütün yaradılışın incisi olan qadınların bayramını təbrik edib, onlara bol sevinc, təbəssüm arzulayıram.

+ + +

Dedi:-Hara belə? Mən necə danım?
Dedim:-Gül ətrinin azarındayam.
Nazlandı:-Əziyyət çəkmə, ay canım,
Özüm gül dəstəsi, hüzurundayam.

+ + +

Dünyam çəmənzar yox, bir kolluq imiş,
Sevgisiz bir bədən boş tuluq imiş.
Səni hər görəndə deyirəm gülüm,
Qeysin məcnunluğu muştuluq imiş.

+ + +

Şaxta olmasaydı su donardımı?
Bülbül gül olmasa heç qonardımı?
Sevgi həsrətidir şamın yanğısı,
Pərvanə sevməsə şam yanardımı?

+ + +

Yoxsa mələkmisən? Çaşdırdın məni,
Gözlərim insan tək sənə baxanmır.
Tanrı Tanrı kimi yaratdı səni,
Özü çaş-baş qalıb, üzə çıxanmır.

+ + +

Dedim, bir Məkkəni ziyarət edim,
Öpüb dərgahını, gərək baş əyəm.
Yol aldım əlimə, getdim, ha getdim,..
Gördüm öz sevgimin səcdəsindəyəm".

Maqbet Əhmədov

Demokratik.Az

Oxşar xəbərlər