Gəncə Dövlət Universiteti "KMDF"-yə nə qədər ianə köçürüb? - RƏSMİYYƏT VƏ MÜƏMMA

  • 01 apr 2020, 15:06
Bildiyiniz kimi, hazırda dünyanın ən qorxulu virusu (pandemiya) kimi elan edilən koronavirusun ölkəmizdə yayılmamasına qarşı prafilaktik mübarizə tədbirləri sürətlə davam etdirilir.
Prezident İlham Əliyevin "Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" imzaladığı 19 mart tarixli məlum fərmanı da bu istiqamətdə dövlətin atdığı mühüm addımlardan biridir. 
Həmin fərmanla yaradılan "Koronavirusla Mübarizəyə Dəstək Fondu" (KMDF) könüllü ianələrin sayəsində artıq 100 milyon manat civarında maliyyə ehtiyyatına sahibdir və bu ölkə rəhbərinin də təqdir etmiş olduğu sevindirici bir hadisədir. 
Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım edən şirkətlərin və dövlət qurumlarının həmrəyliyi gələcək nəsilə də xoş bir nümunədir. 
Bütün bunlarla yanaşı, ölkənin bəzi dövlət qurumlarında və büdcədən maliyyələşən müəssisələrdə məcburi ödəniş şəraitinin yaradılmasına, idarə və müəssisə rəhbərlərinin diqtəsilə KMDF-yə pul toplanmasına dair məlumatlar yayılmaqdadır.
"Demokratik.Az" bildirir ki, ötən gün Gəncə Dövlət Universitetinin bir qrup pedoqoji heyətinin adından aldığımız şikayət mətni də ictimaiyyət tərəfindən hiddətə səbəb olub. Hər kəs GDU-da baş verən anlaşılmazlığı qınayır.
Xatırladaq ki, Gəncə Dövlət Universiteti "korona rüşvəti"nə yoluxdu? - ŞİKAYƏT VAR başlıqlı yazıda qeyd olunurdu ki, universitetin rektoru Yusif Yusifov və komandası adıkeçən fonda ianə-yardım adı altında dekanlardan, kafedra müdirlərindən, müəllim və texniki işçi heyətindən məcburi haqq yığır, "korona rüşvət"inə yol açılır.
Məktubun dərcinin ardından, universitet rəsmiləri yazılanları GDU-ya qarşı və onun rəhbərliyi ilə bağlı böhtan xarakterli məlumatlar adlandırdılar. Və tədris ocağının mətbuat xidmətinin adından qeyd etdilər ki, Gəncə Dövlət Universiteti haqqında bir sıra saytlarda da yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır, reallığı əks etdirmir və universitetin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır.
Saytlara dərc olunmaq ücün göndərilən məktublar saxta profillərdən edilir, faktlar heç bir insani və etik normalara sığmır.
"Demokratik.Az" saytı olaraq biz hesab edirik ki, yayımlanmış hər hansı məlumat və faktları yalanlamaq GDU-nun mövqeyinə uyğundur və başadüşüləndir. Lakin, universitet rəhbərliyi şikayət əsasında yayımladığımız yazıya ümumiyyətlə "yalandır", "əsassızdır", "böhtandır" kimi sözlərlə deyil, daha inandırıcı yalanlama üsulu ilə rəsmi reaksiya verməlidir. Yazılan bütün faktlara konkret aydınlıq gətirməklə yalan olduğunu arqumentlərlə isbat etməlidir. Amma, onların istənilən xəbərə istənilən səviyyədə sərgilədikləri "təkzib" mövqelərini dərc etməkdən çəkinmirik və "özləri bilər"- deyirik.
Beləliklə, linkini təqdim etdiyimiz yazıda GDU kollektivinin NK-nın qərarının əleyhinə olaraq izolyasiya tədbirlərini pozmalarını, Gəncə Dövlət Universitetində keçirilmiş elmi şuranın internet üzərindən deyil, məhz əsas korpusda toplanmaqla keçirildiyini bir daha qınayırıq.
Və belə texniki qüsurları bir kənara atsaq, GDU-nun Mətbuat Xidmətinin açıqladığı rəsmiyyətlə ortaya xeyli müəmmalar çıxır.
Rəsmi açıqlamada qeyd edilir ki, "GDU-nun ötən həftə keçirdiyi Elmi Şuranın qərarı ilə cənab Prezident tərəfindən yaradılmış “Koronovirusla Mübarizəyə Dəstək Fondu” na universitetin büdcəsindən 30000 (otuz min) manat vəsait köçürülmüşdür. Bundan başqa universitetin rektoru Yusif Yusibov bir aylıq əmək haqqını, kafedra müdiri Vaqif Novruzov 1000 (min) manat, prorektorlar və fakültə dekanları aylıq əmək haqqlarının 50 faizini bu fonda köçürmüşlər".
GDU-nun Mətbuat Xidməti adından yayılan bu bilginin doğruluğuna inanır, birbaşa rektorun özünə və komandasına sual edirik:
- Hansı daxili maliyyə qaynaqlarınız universitet üçün məhz 30 min manatlıq ianə köçürlülməsinə şərait yaradıb?
- Daxili imkanlar dedikdə, ödənişli əsaslarla təhsil alan tələbələrin cari ödəmələri nəzərdə tutulurmu və həm rektor, eləcə də könüllülük əsasında aylıq maaşlarını KMDF-yə bağış edən dekanlar və digərləri fəaliyyətləri boyunca hansısa tələbənin təhsilhaqqının ödənilməsində yardımçı olubmu?
- Niyə universitetin ödədiyi 30 min manatlıq ianə barədə rəsmi məlumat "fərdi" ödəniş edən kollektiv üzvlərin adları ilə birləşdirilib və bununla da ayrıseçkiliyə yol verilib? Məgər, elmi şuranın qərarı ilə ayrılan pulda bütün GDU ailəsinin haqqı yoxdurmu? 
- GDU-nun bütün əmək kollektivi hansı özəl maraq və məqsədlərlə və hansı haqqla rektorun başında durduğu digər ianəçilərin yanında utanıb xəcalət çəkməli, mənən aşağılanmalı, kimlərsə guya daha da səxavətli mövqeyi ilə fərqləndirilməlidir? 
- Ən əsası, ayrılan 30 min manatlıq ianə universitetin proqnozlaşdırdığı və görməli olduğu hansısa cari işləri axsadacaqmı? İanə kollektivdə çalışan texniki işçilərin və müəllimlərin maaşında maddi tutulmalara gətirib çıxaracaqmı?
"Demokratik.Az" olaraq inanırıq ki, GDU rəhbərliyi suallarımıza daha səmimi qavramlarda və rəsmi cavablar verəcək...
Osman Nərimanoğlu
Demokratik.Az
Oxşar xəbərlər