Koronavirusla mübarizəyə xərclənəcək trilyonlar – SİYAHI

  • 21 mart 2020, 01:17
İstənilən xəstəliyə qalib gəlmək üçün mütləq şəkildə sağlam ruhla bərabər yaxşı da maddiyat olmalıdır. O ki qaldı bütün dünyanı cənginə alan koronavirus ola… 
254 min 996 nəfərdə aşkarlanan və 10 min 444 nəfərin həyatına son qoyan bu pandemiya ilə mübarizə üçün dünya ölkələri demək olar ki, öz gəlirlərinin çoxunu xərcləyib və xərcləyir.
Xəstəliklə mübarizə üçün ayrılan vəsait də elə yoluxanların sayı qədər çox və ağlasığmazdır. Demokratik.Az Modern.Az-a istinadən koronavirusa qarşı mübarizə aparan ölkələrin ayırdığı yüksək rəqəmli büdcələri təqdim edir:
Virusun meydana gəldiyi ölkədə, Çində 25 milyard avro məhz koronavirusun qarşısının alınması və xəstələrə yardım üçün nəzərdə tutulub.
Koronavirusla mübarizədə ən çox pul ayıran ölkə kimi ABŞ siyahıda deyəsən ilk yerdə qərarlaşacaq. Çünki bu ölkə virusla mübarizəyə 1 trilyon dollar pul ayırmağı düşünür. Hələ ki, Tramp 850 milyard dollar vəsait ayırıb, amma bu rəqəmin 1 trilyon dollara çatması istisna deyil.
ABŞ-ın ardınca virusa qarşı ayrılan ən böyük məbləğ Almaniyadır. Belə ki, bu ölkə 614 milyard avro kredit götürərək ölkə tarixində bənzəri olmayan bir büdcə ilə virusa qarşı mübarizəyə başlayıb.
İsveçrə hökuməti də virusla mübarizəyə kifayət qədər önəm verir. Belə ki, İsveçrə maliyyə naziri Magdalena Andersson koronavirusla mübarizə üçün 30 milyard avro ayrıldığını bildirib. Maliyyə naziri bu rəqəmin daha da artacağını deyib.
Ölü sayının ən çox qeydə alındığı İtaliya da koronavirusla mübarizə aparmaq üçün geniş miqdarda pul ayıran ölkələr sırasındadır. Ölkə prezidenti Konte 27.3 milyard avro vəsaitlə virusa qarşı tədbirlərin görüldüyünü deyib.
Bütün dünyanı öz təsiri altına alan koronavirus Fransadan da yan keçmir. Küçəyə çıxmağa belə qadağa qoyulan bu ölkədə virusla mübarizə üçün 300 milyard avro pul ayrılıb.
Karantin tətbiq edilən İspaniyada isə virusun yayılmasının qarşısını almaq məqsədi ilə 200 milyard avro, Hollandiyada isə 100 milyard avro vəsait xərclənəcək.
Bundan başqa Cənubi Koreya koronavirusa qarşı 4.4 milyard avro, Macarıstan 5.6 milyard avro, Rumıniya 3.1 milyard avro, Slovakiya 2.5 milyard avro, Yunanıstan 1.8 milyard avro, Portqualiya 1.4 milyard avro, Litva 1.5 milyard avro pul ayırıb.
Qardaş ölkə, Türkiyədə virusa qarşı mübarizə üçün 14.3 milyard dollar, Özbəkistanda isə 1 milyard dollar vəsait ayrılıb.
Oxşar xəbərlər