ADAU rektoru koronavirusu "şərəfsiz" adlandırdı! "Virusda şərəfmi olar?!"

  • 28 mart 2020, 14:16
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru İbrahim Cəfərov sosial şəbəkədəki növbəti bayağı statusu ilə koronavirusu "şərəfsiz" adlandırıb.
"Demokratik.Az"-ın məlumatına görə, Rektor ölkədəki mövcud karantin müddətinə diqqət çəkməyə çalışmaqla tələbələrinə çağırış edərək bunları yazıb:
"..gəlin evlərimizdə qalaq, özümüzün və doğmalarımızın həyatını bu sərhəd, varlı, kasıb, qadın, uşaq, gənc tanımayan şərəfsiz virusdan qoruya bilək..."
Rektorun virusu şərəfsizlikdə suçlamasının ardından HHgroup Aqroservis adlı fb istifadəçisi məntiqi bir sual səsləndirib:
"Virusların şərəflisi də olurmu görəsən))))"
ADAU rektorunun alim-aqronom olduğunu yada salsaq, onun bitkilərdə müxtəlif növ zərərli bakterial, göbələk və virus xəstəliklərindən xəbəri olduğunu söyləmək olar. Lakin, plagiat alimin tanıdığı və ya tanımadığı hansısa virusa şərəfsiz deməsi gülünc doğurur və onun düşüncəsini, koronavirus pandemiyası barədə tələbələri maarifləndirmək bacarıqsızlığını ortaya qoyur.
Rektor bilmirsə bilməsi lazımdır ki, "şərəf - insan duyğusu, onun şəxsiyyətinin ayrılmaz hissəsi kimi qəbul edilir. Şərəf - bütün canlı varlıqlar arsında yalnızca ağıla sahib olan insan övladının ictimai və şəxsi davranışında tutduğu mənəvi-əxlaqi prinsiplərin məcmusudur. Yəni, hər hansı virusun şərəfli və ya şərəfsiz olmasını canlandırmaq savadsızlıqdır".
Onu da bildirək ki, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış "Koronavirusla Mübarizəyə Dəstək Fondu"na 10 000 AZN ianə köçürüb. Universitetin rektoru İbrahim Cəfərov özünü universitetin heyətindən ayıraraq ailə büdcəsindən 1000 AZN məbləğində vəsait köçürdüyünü ictimailəşdirib.
Diqqət yetirsəniz görərsiniz ki, ADAU ölkə universitetləri arasında məlum ianə fonduna ən az maliyyə köçürən təhsil ocağıdır. Bunu gizlətmək üçün isə rektor hər gün dekanlara, kafedra müdirlərinə və müəllimlərə "ianəyə pul yığın!" göstərişini edərək universitetin zəngin maliyyə imkanlarını sanki özünün başqa maraqlarının təminatına saxlayır.
Rektorun yaydığı xəbərdə şərəfsiz adlandırdığı koronavirusa qarşı mübarizəyə ödədiyi 1000 manatlıq ianəni özünün bilavasitə ailə büdcəsinə şamil etməsi də maraq doğurur. Axı rektorun ödədiyi məbləğ onun bu universitetdən aldığı aylıq məvacibinin 50%-i belə etmir və rektorun ailəsinin ADAU-nun ianəyə köçürməsinə nə aidiyyatı ?
Görünür, ADAU-nun şöhrəti və maliyyə imkanları rektorun tək özünə yox, ailə üzvlərinin də imicinə yarayır...
Özü durası deyil, bəllidir, amma biriləri nə vaxtsa ADAU rektorunun bayağı və gülməli statuslarını durdurmasına vəsilə olacaqmı?
Osman Nərimanoğlu
Demokratik.Az 

Oxşar xəbərlər