Gəncə Dövlət Universiteti "korona rüşvəti"nə yoluxdu? - ŞİKAYƏT VAR

  • 30 mart 2020, 11:31


"Demokratik.Az" saytına Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti tərəfindən şikayət xarakterli müraciət daxil olub. Tədris ocağının şikayətçiləri Gəncə Dövlət Universitetində baş verən sonuncu özbaşınalığın ictimailəşdirilməsini xahiş edirlər. 

Müraciət universitet rektorunun "Koronavirusla Mübarizəyə Dəstək Fondu"na ödəniş adı altında məcburi halda müəllimlərdən tələb olunan "rüşvət mexanizmi"nə işıq salır. 
"Demokratik.Az" olaraq GDU-da baş qaldıran rüşvəti şərti olaraq "koronavirus rüşvəti" adlandırmaqla müəllimlərin və texniki işçi heyətinin maaşına yönəlik rektor hücumunu diqqətə çatdırırıq.  

Zəruri redaktələrlə məktubun mətnini təqdim edirik: 

"Gəncə Dövlət Universitetində əvvəlki illərdən vüsət alan qanunsuzluqlar seriyası davam etməkdədir. Nə barəsində edilən şikayətlər, nə də haqqında yazılan tənqidi yazılara məhəl qoymayan universitet rektoru Yusif Yusibov dünyanın və respublikamızın koronavirus pandemiyasından təlaş etdiyi indiki məqamda da neqativ hallara rəvac verməkdə davam  edir.

Məlum olduğu kimi, koronovirus təhlükəsindən qorunmaq üçün yoluxma hallarının sayını minimuma endirmək məqsədilə respublikamızın bütün təhsil müəssisələrində tədris prosesi tamamilə dayandırılıb. Bundan başqa, bütün işçilər aprel ayının 29-na kimi maaşları saxlanmaqla məzuniyyətə buraxılıblar. Lakin, rektor Yusif Yusibov bütün bu qanunları pozur və deyir ki, "mən nəyə görə işçilərə müftə yerə maaş verməliyəm..?" 

Tədris yoxdur, lakin bütün müəllimlər, laborantlar, digər tədris-köməkçi heyəti, bir sözlə universitetin bütün əməkdaşları məcburi işə gəlmələri tələb edilir. Kafedra müdirləri və dekanlar zəng edib bütün işçiləri zorən işə çağırır. 

70 yaşını çoxdan keçmiş, universitetə çəkələkdə gələn, yeriməyə çətinlik çəkən, amma özünü Gəncə şəhərinin birinci xanımı hesab edən, deputat  Musa Urudun bacısı, Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevin qaynanası Gülsüm Fətəliyeva isə əlinə bir dəftər alıb işçilərin davamiyyətini yoxlayır. Hansı ki, adıçəkilən prorektor hazırda icrası məcbur olan NK-nin qərarına görə evdən bayıra çıxmamalı, #evdəqal tendensiyasını dəstəkləməlidir. 

Bu o Gülsüm Fətəliyevadır ki, Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbirdə çaşıb deymişdir ki, "Sizin Xocalı bayramınızı təbrik edirəm". Bu sadəcə  biabırçılıq idi. Hüşu özündə olmayan, dedikləri sözün mənasını dərk etməyən bu adam prorektor vəzifəsini daşıyır"...

"Demokratik.Az"-a daxil olan məktubda daha sonra bildirilir ki, rektor Yusif Yusibov qeyri-rəsmi zorakılıqla göstəriş verib ki, kafedra müdirləri və dekanlar bir aylıq maaşını, bütün müəllim və laborant heyəti isə maaşlarının 50 faizini təcili şəkildə prorektor Fəxrəddin Həsənova və dekan Şahin Xurşudova verməlidirlər. Guya, GDU rəhbərliyi yığılan rüşvəti koronavirusla mübarizə fonduna keçirəcəklər.
Müəllimlərin maaşının onsuz da az olduğu bir vaxtda "koronavirusla mübarizəyə yardım" adı ilə rüşvət kimi toplanmasına etiraz edən kollektiv sual edirlər ki, bəs bu dönəmdə ailə dolanışıqlarını necə təmin edəcəklər?.. 

Məktubda hər il prorektor F.Həsənovun əli ilə tədris binalarının cari təmiri üçün fakültə dekanlarından 2000 manatdan pul yığılması, 8 fakültə və 3 şöbədən ümumilikdə hasil olunan 22000 manat vəsaitin də yalnız tədris binalarının koridorunun yüngül formada laklanması ilə havaya sovrulduğu diqqətə çatdırılır.             

Hazırda GDU-nun ən müasir tələblərə cavab verən, istismara hazır tələbə yataqxanasının təmirinə cənab Prezident 8 milyon manat vəsait ayırdığını, lakin ötən il rektorun inventarlaşdırma bəhanəsilə universitetin daxili büdcəsində olan 1 milyon manata yaxın əlavə vəsaiti "yataqxanaya yönəltdiyi" də yada salınır.  

Məktubu acı notlarla tamamlayan müəlliflər GDU-da rektor Y.Yusibovun çürümüş, iflas etmiş idarəçilik mexanizminin, nifrət doğuran kadr islahatlarının, təhsilə ləkə gətirən rəzil hərəkətlərinin qarşılığında məsələyə cavabdeh olan qurumların, xüsusilə də Təhsil Nazirliyinin hələ də susqunluğunu qınayırlar. Və hesab edirlər ki, Gəncə Dövlət Universitetindəki sözügedən "koronavirus rüşvətxorluğu"nun da başında elə məhz Təhsil naziri Cehun Bayramov özü dayanır, olanlara şərait yaradır. Və bunun da əsas səbəbi nazirin rektoru illərdir savunmaqda olan qardaşı, Maliyyə Nazirinin uzun müddət Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olmuş və hazırda həmin nazirlikdə Aparat rəhbəri postunu tutan Cavanşir Yusifovla ailəvi dostluq və yaxınlıqlarının olmasıdır.

Hər şeyə rəğmən, kimliyindən və yüksək vəzifə daşıyıcılığından asılı olmayaraq hər kəsin həm qanunlara, eləcə də məlum səbəblərdən dolayı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarına riayət etmələri məcburidir.

GDU-da daha bir korrupsiya siqnalını şiddətlə qınayır, rektoru o posta rəva görən prezident sərəncamına və ölkə rəhbərinin korona virusuna qarşı mübarizə tədbirlərinə sayğı ilə yanaşmağa, bu ad altında kollektivdən "koronavirus rüşvəti" yığmamağa səsləyirik.

Onu da xatırladaq ki, Gəncədə fəaliyyət göstərən digər universitetlərdə də - ADAU və ATU-da da anoloji pulyığma çağırışlarının olması barədə söz-söhbətlər dolaşır. İndiyədək təkcə ADAU rəhbərliyinin ianə fonduna 10 min manatdan artıq maliyyə köçürdüyü barədə məlumatlar yayılıb... 
Qeyri iş günü olduğundan, qarşı tərəflə əlaqə yaratmaq imkanlarımız puça çıxdı...
Qarşı tərəfin özəl söz haqqını tanıdığımızı bəyan edirik!
*****
Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva və yazıda adıkeçən dekan Şahin Xurşudov Demokratik.Az-la əlaqə yaradaraq yazılanları yalan adlandırıblar.
Gülsüm Fətəliyeva yaşı ilə əlaqədar işə çıxmadığını, barəsində deyilənlərin ağ yalan olduğunu israrla dilə gətirib. Saytımıza göndərilən anonim məktublara inanmamağı, maksimum diqqətli olmağı tövsiyyə edib. 
Bu cür şikayətləri universitetin imicinə qarşı atılan böhtan və iftira olduğunu deyən universitet yetkililəri bildiriblər ki, GDU rektorunun tapşırığı ilə "KMDF"-na məcburi qaydada pul yığılması, kollektivin maaşından aylıq məvaciblərinin tutulması xəbəri yalandır və bu prosesdə iştirak edən GDU əməkdaşları varsa belə, onlar könüllülük əsasında ianə kompaniyasına qoşulurlar. Yəni ianə üçün universitetdə hansısa məcburiyyət tətbiq edilmir, qərar gözlənilməklə kollektivin böyük əksəriyyəti üçün "məzuniyyət" dövrü tətbiq edilir....
Demokratik.Az yazılan digər məsələlərə görə rektorluqdan rəsmi cavab ala bilməyib...
Oxşar xəbərlər