Demokratik TV
Koronavirusa görə kimlərə güzəşt olunmalı, yardım edilməlidir?
Ekspert "Dövlət həm əhaliyə, həm də kiçik və orta sahibkarlığa təcili dəstək tədbirlərini işə salmalıdır" deyir
"Ticarət və rabitə sahəsində aktivlik davam edir, hətta artır. Qalan bütün sahələrdə ciddi itkilər olacağı şübhəsizdir"Koronavirusla Mübarizəyə Dövlət Dəstək fonduna yığılan vəsaitlərin hansı istiqamətdə xərclənəcəyi hər zaman üçün aktuallıq kəsb edir. Xüsusən də fonddan iş adamlarına dəstək mexanizminin necə olacağı əsas suallardan biridir. Məsələn, vergi tətilləri necə tənzimlənəcək? Media sektorunun bu fonddan dəstək alması da gözləntilər sırasındadır. Çünki bu dövrdə ciddi zərərə uğrayan sektorlar arasında media da öncüllük edir. Qəzetlər nəşr olunmur, bu sahədən gəlir əldə edilmir. Bu və bunun kimi bəzi sahələrə dəstək mexanizmi hansı formada olmalıdır?
Ekspert Dünya Sakit hesab edir ki, koronavirus pandemiyasının yaratdığı vəziyyətə görə nəinki Azərbaycanda, bütün dünyada həyatın əksər sahələri donmuş vəziyyətdədir. Onun fikrincə, bu, bir növ, bir adamın qaçışını kompüter effekti ilə durdurmağa bənzəyir – iqtisadiyyat yerindən tərpənmək istəyir, amma donub qalıb: "Artıq bütün anailitik mərkəzlər dünyanın dərin iqtisadi böhrana girdiyini etiraf edirlər. Belə bir şəraitdə Azəybaycan iqtisadiyyatının zərər görmədən vəziyyətdən çıxması mümkün deyil. Təbii ki, ölkəmizdə tətbiq olunan sərt karantin tədbirləri, eyni zamanda koronavirus pandemiyasının iqtisadi əlaqələrdə yaratdığı durğunluq həm əhalinin ayrı-ayrı təbəqələri, həm də sahibkarlıq subyektləri zərər çəkməkdədirlər. Pis odur ki, bu vəziyyətin nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Çin dünyada ən sərt tədbirləri tətbiq etməklə vəziyyətdən 3 aya yaxın bir dövrdə çıxa bildi. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrin Çin qədər nəhəng imkanları təbii ki, yoxdur. Buna görə də dövlət həm əhaliyə, həm də kiçik və orta sahibkarlığa təcili dəstək tədbirlərini işə salmalıdır".
Müsahibimizin fikrincə, ölkədə hazırda yalnız ticarət və rabitə sahəsində aktivlik davam edir, hətta artır. Qalan bütün sahələrdə ciddi itkilər olacağı şübhəsizdir: "Qəzetlər, KİV-lər məlum olduğu kimi, əsasən kiçik sahibkarlıq subyektləridir. Ölkənin paytaxtı ilə regionları arasında, eyni zamanda regionlar arasında əlaqələr minimuma enib, insanlar evdən çıxmayaraq hadisələri İnternet vasitəsilə izləyirlər. Bu, təbii ki, çap mediası üçün satış həcminin kəskin azalması deməkdir. Eyni zamanda belə getsə, reklam tərəfdaşlarımız olan şirkətlər böhrandan zərər çəkdikləri üçün ödənişləri yubatmaq məcburiyyətində qalacaqlar. Buna görə də müvafiq işçi qrupu kiçik və orta sahibkarlıq subyektləri üçün güzəştlər, dövlət dəstəyi mexanizmlərini hazırlayarkən KİV-ləri də nəzərə almalıdılar. Meyarlar elə müəyyənləşdirilməlidir ki, KİV-lər də dövlət dəstəyindən yararlana bilsinlər. Bu dəstək vergi tətili, güzəştli kreditlərin verilməsi və sair formasında ola bilər. Bir çox ölkələr KOS-lara vergi və sosial ödənişlərdən 6 aydan bir ilədək tətil verirlər. Hesab edirəm ki, Azərbaycanda da bu təcrübədən istifadə etmək mümkündür".