ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"

  • 22 may 2019, 22:08


Gəncəbasar bölgəsində yaşayıb-yaradan bir qrup ziyalı Daşkəsən rayonunun adının dəyişdirilərək "Turan" və ya "Pirsultan" olması təklifini irəli sürüblər. 


 

"Demokratik.Az"-a daxil olan məlumata görə, rayonun icra başçısı Əhəd Abıyevə ünvanlanan müraciət məktubunda deyilir:

"Hörmətli Əhəd müəllim! Sizi xalqa, dövlətçiliyə, millətə və keçmiş tariximizə bağlı bir ziyalı kimi tanıyırıq. Bizi düşündürən iki məsələ ilə bağlı sizə müraciət edirik.

Daşkəsən rayonunun adı heç bir məna kəsb etmir. Postsovet quruluşu zamanı xalqımızın qəddar düşmənləri ermənilər və yuxarı eşalonda əyləşən Mircəfər Bağırov kimi başsız rəhbərlərin "yüksək əməyi sayəsində" bu rayonun adı Daşkəsən adlandırılmışdır. Yaxşı bilirik ki, bu region qədim Oğuz yurdudur, zəngin tarixi keçmişə malikdir. Ona görə də, bu rayonun adının dəyişdirilib ya "Turan" ( hal-hazırda Turan dünyasının birləşməsi ərəfəsində bu ad bizimçün böyük töhfə olardı) ya da "Pirsultan" adlandırılması məqsədəmüvafiq olardı.

Eləcə də Qaraqullar kəndi çar Rusiya dövründə verilən, xalqımızı təhqir edən, aşağılayan bir addır. Əslində, bu kəndin adı Qaraoğullar olmuşdur. Bu da türk toponimindən götürülmüş "qara"sözü - böyük, "oğul" sözü isə - qeyrətli, igid deməkdir. 

Hörmətli prezidentimizin uzaqgörən siyasəti nəticəsində Vartaşen - Oğuz, Qutqaşen - Qəbələ, Mirbəşir - Tərtər, Xanlar isə Göygöl adlandırıldı. Bütün bunları nəzərə alıb, Daşkəsən adının Turan adı, Qaraqullar adının isə Qaraoğullar adı ilə əvəzlənməsi üçün yuxarı direktiv və qanunverici orqanlar qarşısında vəsatət qaldırmağınızı xahiş edirik".

Sonda, icra başçısına əvvəlcədən təşəkkür ifadə edilən məktubu 30-a yaxın ziyalı imzalayıb.

"Demokratik.Az" məsələ ilə əlaqədar Daşkəsənin icra başçısı cənab Əhəd Abıyevdən də şəxsi münasibət öyrənməyə çalışıb. Gün ərzində cənab Abıyevin telefon nömrəsinə zənglər etsək də, cəhdlərimiz uğursuz alınıb.

Biz də inanırıq ki, Əhəd Abıyev rəhbərlik etdiyi rayonun və "Qaraqullar" adının dəyişdirilməsinə dair müraciətə müsbət reaksiya verəcək. Ziyalıların müraciətinə etinasız yanaşılmayacaq...

Demokratik.Az

Oxşar xəbərlər