Əhəd Abıyev TƏKZİB edir – “aprel qazisinin şikayəti əsassızdır, böhtandır!”

  • 06 fev 2018, 17:45

Bu gün "Demokratik.Az” saytında yayımlanan Əhəd Abıyevin adından aprel qazisinə 20 min pul atdılar - ŞİKAYƏT başlıqlı yazıya TƏKZİB gəlib. Daşkəsən rayon icra hakimiyyəti yazı yayımlandıqdan dərhal sonra saytımızla əlaqə yaradaraq, yazıda şikayətçi olaraq adı keçən şəxsin iddialarını rayon icra hakimiyyətinin başçısı cənab Əhəd Abıyevə qarşı şər-böhtan kampaniyası adlandırıb.  

Təkzib mətnini təqdim edirik: "Hörmətli "Demokratik.Az” saytının rəhbərliyi! Gəncə şəhər sakini Məmmədov Arzu Ramiz oğlunun şikayəti əsasında müxtəlif informasiya vasitələrində, eləcə də "Demokratik.Az” saytında yayılan düzgün olmayan məlumatlarla əlaqədar bildiririk ki, onun həyat yoldaşının yaxın qohumu olan Bayramova İlhamə İsa qızı barəsində 26 yanvar 2017-ci il tarixdə Daşkəsən rayon polis şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə başlanılmış cinayət işinin istintaqı Daşkəsən rayon prokurorluğunda davam etdirilmişdir.

Belə ki, digərləri ilə yanaşı Məmmədov Arzu Ramiz oğlu da istintaq zamanı şikayət ərizəsi ilə müraciət edərək İlhamə Bayramova tərəfindən guya Gəncə şəhərində əlillər üçün nəzərdə tutulmuş tikilməkdə olan çoxmənzilli yaşayış binasından ona mənzil verilməsi adı ilə onu aldadaraq 20 min manat pulunun ələ keçirməklə dələduzluq etməsini göstərmişdir.

Lakin, Daşkəsən  rayon prokurorluğunda aparılmış obyektiv istintaq zamanı Arzu Məmmədovun ərizəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, yazdıqları əsassız sayılaraq cinayət işinin onunla bağlı hissəsinə 13.11.2017-ci il tarixli qərarla hissəvi xitam verilmişdir.

Aparılmış istintaq zamanı faktlarla müəyyən olunmuşdur ki, Arzu Məmmədov ilə İlhamə Bayramova arasında yaranmış mübahisə Gəncə şəhərində əlillər üçün tikilməkdə olan çoxmənzilli yaşayış binasından ona mənzil verilməsi ilə əlaqədar deyil, İlhamə Bayramovanın qohum kimi Arzu Məmmədovdan hər ay 10 faiz sələm ödəmək şərti ilə 6 min manat məbləğində götürdüyü borcla bağlı olmuşdur. Onlar arasında mübahisə isə sələm borclarının vaxtında qaytarılmamasından sonra yaranmışdır. Həmin xüsusat istintaq zamanı qanuni yolla əldə edilmiş sübutlar, o cümlədən telefon və digər texniki qurğular vasitəsilə ötürülmüş məlumatların məhkəmə qərarına əsasən əldə edilməsi zamanı təsdiqini tapmışdır.

Bayramova İlhamə İsa qızının digər cinayət əməlləri ilə bağlı Daşkəsən rayon prokurorluğunda istintaq olunmuş cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və hazırda məhkəmə baxışındadır.

Arzu Məmmədovun həmin məzmunlu şikayətinin əsassız olması barədə istintaq orqanı tərəfindən 13.11.2017-ci il tarixdə qərar qəbul olunmasına baxmayaraq, onun tərəfindən həmin qərardan bu günədək hər hansı şikayət və ya narazılıq edilmədiyi halda, maraqlıdır, kimlərinsə tapşırığı ilə bu gün Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev haqqında şər-böhtan xarakterli məlumatları hesab edirik ki, kimlərsə özlərinin maraqlarını təmin etmək məqsədi ilə yaymaqdadır.

Arzu Məmmədovun adından müxtəlif saytlarda Əhəd Abıyevlə barədə dərc olunan məlumatlar tamamilə şər və böhtan xarakterli olmaqla, onun öz çirkin əməllərinə haqq qazandırmaq cəhdidir, hədə-qorxu gəlmək yolu ilə və şantaj etməklə pul əldə etmək məqsədi daşıyır. 

Bundan başqa, hazırda İ.Bayramovanın cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmasını nəzərə alaraq KİV-lərdə və sosial şəbəkələrdə qeyri-obyektiv məlumatların dərc edilərək ictimailəşdirilməsi günahkarın ədalət mühakiməsinə təsir və təzyiq göstərilməsi kimi qiymətləndirilməli və bu cür hərəkətlər qanunazidd olduğundan yolverilməzdir.

Odur ki, həmin işin Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevlə heç bir aidiyyəti yoxdur. Bu qohumlar arasında baş vermiş bir hadisədir.

Xüsusilə diqqətinizə çatdırırıq ki, Daşkəsən icra hakimiyyətinin başçısı Qarabağ qazilərinə, əlillərə və şəhid ailələrinə daim həssaslıqla yanaşır. Eləcə də Daşkəsən İHB rəsmiləri məlum aprel savaşında əlil olan, vətəndaş Arzu Məmmədov yaralandıqdan sonra dəfələrlə xəstəxanada onu ziyarət etmiş, müalicəsi ilə maraqlanmış, ona maddi və mənəvi dəstəyini əsirgəməmişdir. Təəssüf ki, qərəzli vətəndaş Əhəd Abıyevin bu kimi insani addımlarını da öz şikayətlərində unudur.

Şikayətçinin Gəncəyə nə vaxtsa qeydiyyata düşməsinin də Əhəd müəllimə və ya Daşkəsən icra hakimiyyətinə zərrə qədər aidiyyatı yoxdur.

Göstərilənləri nəzərə alaraq bildiririk ki, Arzu Məmmədovun Daşkəsən Rayon İcra Hakimiyyəti ilə bağlı yaydığı məlumatlar şər-böhtan xarakterli olmaqla əsassızdır. Nəzərə almağınızı və KİV haqqında qanunun tələbinə əsasən bu təkzib mətnini olduğu kimi dərc etməyinizi sizdən xahiş və tələb edirik".

 

Hörmətlə; Vüqar Məmmədov

Daşkəsən Rayon İcra Hakimiyyətinin

İnformasiya Təminatı və Təhlil

Sektorunun müdiri

 

Oxşar xəbərlər