MŞ sədri Əhəd Abıyevin təhqir etdirdiyi jurnalistin müdafiəsinə qalxdı

  • 29 noy 2017, 19:17

 

Tanınmış jurnalist, köşə yazarı Seymur Verdizadə Daşkəsənin icra başçısı və ətrafı tərəfindən təhqirə, təhdidə məruz qalıb. Buna səbəb isə, bir neçə gün əvvəl "Qafqazinfo”da yayımlanan "Əsa ilə gəzən icra başcısı, işsiz gənclər” başlıqlı yazısı olub. Jurnalistin təhqir olunması hiddətlə qarşılanıb. Bu gün Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov da olayı pisləyib və öz feysbuk səhifəsində bildirib:

 

"Jurnalistin yazdığı yazıya görə təhqirə, hədə-qorxuya məruz qalması əsla yolverilməzdir. Belə xoşagəlməz hərəkət dövlət məmuru və ona yaxın çevrə tərəfindən həyata keçirilibsə, ancaq təəssüf doğura bilər. Bunu təsadüfən bildirmədim. Baxıram jurnalist Seymur Verdizadənin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhəd Abıyev və ona yaxın çevrə tərəfindən təhqirlərə, hədə-qorxulara məruz qaldığına dair məlumatlar yayımlanmaqdadır və qarşı tərəfin əks aqrument ortaya qoymaması məsələni həqiqət kimi qəbul etməyə əsas verir.

 

Bir daha bildirirəm ki, jurnalistin yazdığı yazıya görə təhqir olunması, hədələnməsi həm davranış qaydalarına, həm də qanunlara ziddir. Jurnalistin fikrini qəbul etməmək, ona sivil qaydada etiraz bildirmək olar. Çox istərdim ki, buna xüsusən dövlət qurumlarının təmsilçiləri həssas yanaşsınlar. Bu həssaslıq yalnız etik məsələ deyil, eyni zamanda idarəçilik bacarığı və qabiliyyətidir".

Demokratik.Az

Oxşar xəbərlər