Əhəd Abıyev Yasamala icra başçısı gətirilir? - ÖZÜ DANIŞIR
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yaxın vaxtlarda Yasamal rayonuna icra başçısı təyin olunacağı barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Ə.Abıyev ölkə.az-a açıqlamasında yayılan məlumatlardan xəbərsiz olduğunu söyləyib:
"Bütün bunlar küçə söhbətləridir. Mənim başqa vəzifələrdə gözüm yoxdur. Vəzifəmdən məmnunam. Bizə yeni böyük layihə də həvalə olunub. Cənab Prezident də müvafiq tapşırıqlar verib. Hazırda bu istiqamətdə işlər gedir. Bu, böyük su-kanalizasiya layihəsidir. Bizdə bu istiqamətdə işlər görürük. Ona görə də mənim indi hansısa rayona icra başçısı təyin olunacağım yalan söhbətdir. Digər tərəfdən isə bu sırf cənab Prezidentin səlahiyyətinə aid olan məsələdir. Biz kimik ki? Bizi vəzifəyə təyin edən də, çıxaran da cənab Prezidentimizdir. Allah onun canını sağ etsin”.
Ə.Abıyev Yasamal rayonunda icra başçısı vəzifəsini istəmədiyini də etiraf edib:
"Mənə qalsa, Yasamalda icra başçısı işləməyi istəmərəm. Ümumiyyətlə, Bakıda işləmək daha çətindir. Hələlik mənim üçün Daşkəsən daha yaxşıdır. Sakit və təmiz havası olan rayondur. Özü də indi Bakıdan insanlar dincəlmək üçün Daşkəsənə gəlirlər. Hər kəs gəlib buranı görüb tərifləyir”.
Xatırladaq ki, bir sıra saytlarda və sosial şəbəkələrdə yayılan məlumata görə, Əhəd Abıyev Yasamal rayon İcra Hakimiyyətinə başçı təyin edilməsi gözlənilir.
Yayılan məlumatda qeyd olunur ki, Yasamala icra başçısı təyin oluna biləcək şəxslər arasında Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun da adı hallansa da, onun adının MTN məhkəmə işində hallanması Tağı Əhmədovun şanslarını sıfıra endirib:
"Hazırda isə Yasamal rayon İcra Hakimiyyətinə başçı vəzifəsinə ən şanslı namizəd kimi Əhəd Abıyevin adı hallanır”.
Onu da bildirək ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla İbrahim Mehdiyev Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Hazırda onun yerinə heç bir təyinat olunmayıb.