Əhəd Abıyev köşəyə görə jurnalisti təhqir etdirir
Tanınmış jurnalist, köşə yazarı Seymur Verdizadə bir
neçə gün əvvəl "Qafqazinfo”da yayımlanan "Əsa ila gəzən icra başcısı, işsiz gənclər”
başlıqlı yazısına görə təhqir olunub. Məlumat üçün bildirək ki, həmin yazıda
yaşlı nəslin gənclərin qarşısında maneə olması, onlara yol açmaması tənqid
olunub.
Məsələylə bağlı "Qafqazinfo”ya açıqlama verən S.Verdizadə yazı dərc olunandan
sonra icra başçısının yaxınları və müavinləri tərəfindən təhqir edildiyini, ailə
üzvlərinin təhdid olunduğunu bildirib:
"Mütəmadi olaraq, müqavilə əsasında çalışdığım yeganə yer "Qafqazinfo”
saytıdır. Noyabrın 26-da ”Əsa ilə gəzən icra başcısı, işsiz gənclər”adlı yazı
yazmışam və dünən səhər saatlarından başlayaraq Daşkəsən rayon icra başçısı Əhəd
Abıyev yaxınları vasitəsi ilə təzyiq etməyə başlayıb və sözügedən yazıya
etirazını bildirərək mənə hədə-qorxu gəlir.
Bu gün səhər isə Ə. Abıyevin müavini Namiq Süleymanov zəng etdi, ünvanıma çox
ağır söyüşlər səsləndirməyə başladı. Əlbəttə, onun səviyəsinə enmədim, nəzərinə
çatdırdım ki, məsələni ictimailəşdirəcəm”.
Jurnalist hadisə ilə bağlı həmkarlarından kömək istəyib:
"Hesab edirəm ki, həmkarlarım, jurnalist təşkilatları, o cümlədən Mətbuat
Şurası bu çirkin hadisəyə öz etirazını bildirməlidir. Yazıya görə jurnalisti
söymək ənənəsi orta əsrlərdə qalıb, indi 21-ci əsrdir. Mən 20 ilə yaxındır ki,
jurnalist işləyirəm, həmişə də tənqidçi mövqe tutmuşam. Dəfələrlə təzyiqlərə məruz
qalmışam, amma ilk dəfədir ki, ailə üzvlərim, qohumlarım, dostlarım hədəfə
götürülüb. Əhəd Abıyev anlamalıdır ki, təhdidləri məni yolumdan döndərə bilməz”.
