ADAU "90" YOXSA "100" - Rektorun "YUBİLEY NAĞILLARI" çin olacaqmı?

  • 15 fev 2020, 13:08

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) üçün bu ilin dekabrında Universitetin yaranmasının "100 illiyi” ilə əlaqədar özəl saxta yubiley keçirmək məqsədilə şıdırğı hazırlıqlara girişənlər var. 

Başda universitetin təkəbbürlü rektoru İbrahim Cəfərov olmaqla, bəzi maraqgüdən şəxslərin ciddi cəhdlə 90 yaşlı elm məbədini 10 il qocaltma fədakarlıqları ictimaiyyət və ADAU kollektivi arasında bəzi suallar və müəmmalar doğurur. Ölkəmizin yeganə aqrar təhsil ocağının bir əsrlik tarixə qədəm qoyması prosesi rəsmiləşdirilərkən mühüm məntiq və ardıcıllıqların birdən-birə 10 il irəli tullanması, saxta təqdimatlarla bəzi əsaslı tarixi gerçəkliklərin heçə sayılması aydınca müşahidə edilir. 

"Demokratik.Az”-ın əldə etdiyi məlumatlara əsasən, ADAU fundamental olaraq 1929-cu ildə yaradılsa da, hazırki rektorun şəxsi maraq və təşəbbüsü ilə universitet bu il öz real 90 yaşından məhrum edilərək "100 illik” saxta yubileyinin rəsmiləşdiriləcəyi cəfəngiyyatını yaşayır. Bu hala "bəraət hökmü” geyindirənlər isə Hüseyin Nağıyevin, Əhməd Rəcəblinin və Bəhrəm Abdinovun1919-cu ildə xaricə kənd təsərrüfatı ixtisaslarına yiyələnmək üçün göndərilmələrini yada salırlar. Və 1920-ci ildə noyabrın 14-də dövlət xadimi Nəriman Nərimanovun təşəbbüsü ilə Azərbaycan İnqilab Komitəsinin qərarına əsasən Bakı Politexnik məktəbinin bazasında Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunun təsis edilməsini, həmin ilin dekabrında da institutun nəzdində 5 fakültə ilə birlikdə bir kənd təsərrüfatı fakültəsinin meydana gəlməsini özlərinin şəxsi məqsəd və arqumentləri üçün əsas göstərirlər. Bununla da, ADAU-da arxivlərdə məqsədli "araşdırma aparıb " rektorla birgə "evrika” qışqıran tədris şöbəsinin müdiri Nüsrət Hüseynov kimiləri ölkəmizdə ali kənd təsərrüfatı təhsilinin başlanğıcı ilə universitetin yaradılmasını qəsdlə qarışdırırlar. Hətta, daha irəli gedib mərhum Heydər Əliyevin adını çəkməklə indiyədək kimsənin bilmədiyi qeyri-rəsmi nağıllar danışırlar.

Bəs bu hal və iddialar, ümumiyyətlə 2020-ci il ADAU-ya "100 illik” yubileyin keçirilməsini həqiqətənmi məqbul edir? "80 illik”dən sonra "90 illik” deyil, niyə məhz "100 illik” yubiley təntənəsi gəlir?

Mövcud faktlar əsasında söyləmək olar ki, sözügedən mübahisəli situasiya azından tarixin saxtalaşdırılmasına, eləcə də bu cəfəng planı ortaya atan başbilənlərin özlərindən əvvəlki mötəbərlərin bu universitetə diqqət və qayğısına, AR KT nazirliyinin mövcud qərar və əmrlərinə, xüsusilə indiyədək ADAU üçün keçirilən bütün yubileylərin əsas mahiyyətinə, əvvəlki rektorların düşüncə və bacarıqlarına xeyli kölgə salır.

Rəsmi bilgilərə görə, ADAU (Azərbaycan Kənd Təsərrüfatı İnstitutu adı altında) 1929-cu il mayın 15-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin müvafiq qərarı ilə yaradılıb. Həmin sovetin 23 avqust 1929-cu il tarixli (protokol 22, bənd -5) qərarı ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun ƏSASNAMƏsi təsdiq edilib. Sözügedən universitetin sərbəst ali məktəb kimi formalaşması məhz 1929-cu ilə təsadüf edib. Universitet 1931-ci ildə Bakıdan Gəncəyə köçürülüb və AKTİ-nin (ADAU-nun) tərkibinə ilk illərdə bitkiçilik, heyvandarlıq, pambıqçılıq və balıqçılıq təsərrüfatı fakültələrinə sahib olub. Hazırda döşünə "90” rəqəmilə deyil, məhz "100 il”liyin YUBİLEY MEDALI taxılmağı arzulayan hazırki rektorun sələfi Bünyatzadə Dadaş Xoca oğlu da məhz 1929-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun ilk direktoru olub.

Yaranışından üzü bəri müxtəlif illərdə universitetə zatən təmtəraqlı və ardıcıl yubileylər keçirilib. Belə ki, diqqət etdikdə aydın olur ki, 1939-cu il mayın 11-də - universitetin "10 illiyi”ndə SSRİ Xalq Komissarları Soveti yanında Ümumittifaq Ali Məktəb İşləri Komitəsi institutun Nizamnaməsini təsdiq edib. Həmin ilin oktyabrında universitetə elmlər namizədi alimlik dərəcəsi vermək üçün tam səlahiyyət verilib. 

1940-cı ilin sonlarında isə təhsil ocağının yaradılmasının 20 illiyi qeyd olunub və  instituta Lavrenti Beriyanın adı verilib. Universitet 1953-cü ilədək məhz L.V.Beriyanın adını daşıyıb.          

Bütün bu faktlarla yanaşı, ən əsası ADAU-nun (AKTİ-nin) yubileyinin illər üzrə daha da reallığa söykənməsi 1980-ci ildə Heydər Əliyevin AKTİ-yə gəlişinə təsadüf edir. Azərbaycan dövlətçiliyində, xüsusilə də kənd təsərrüfatının inkişafında əvəzsiz xidmətləri olan prezident mərhum Heydər Əliyevin bu tədris ocağının inkişafı naminə onun müstəsna fəaliyyətini xatırlamadan keçmək olmaz. 


 

Bu mənada, SSRİ Ali Soveti Rəyasət Heyətinin (L.Brejnevin) 16 may 1979-cu il tarixli fərmanı ilə bu tədris və elm ocağına yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə,”ŞƏRƏF NİŞANI” ordeni ilə təltif edilməsi də birbaşa ümummilli liderimiz mərhim Heydər Əliyevin adı və fəaliyyəti ilə bilavasitə bağlıdır. 

 


Rəsmi fakt və dəlillər göstərir ki, 1980-ci il dekabrın 16-da AKTİ-nin 50 illik yubileyi keçirilib və tədbirdə mərhum Heydər Əliyevin özü geniş nitq söyləyib. Həmin illərdə sabiq rektor Bəhman Bəhram oğlu Xəlilovun fəaliyyəti yüksək qiymətləndirilib. İnstitutun Komsomol Təşkilatı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanını və "universitetin "50 illik” yubileyi münasibətilə "ŞƏRƏF NİŞANI”nı məhz Heydər Əliyev təqdim edib. Məncə, indi kimsələr durub nə Heydər Əliyevin, nə də digər yubiley təşkilatçılarının yanıldığını, səhv etdiklərini və yubileyin keçirilməsinin 1970-ci ildə deyil, 10 il ləngidildiyini sayıqlaya bilməz. Hərçənd ki, sayıqlamalar ortadadır və kimlərsə ulu öndərin adına sığınıb mövcud reallıqları istədikləri kimi saxtalaşdırmağa girişirlər...

Bu gerçəkliklərdən sonra, hazırki rektor və başbilənlərinin ADAU-ya "90” deyil, "100” yaş keçirməyə təşəbbüs etmələri sağlam məntiqdə deyil. Təəssüf ki, rektorun bir neçə ildir ki, bu cür saxta tarix yaratmaq yolunda irəliləməsi özünə yaxınlığı ilə seçilən media mənsublarının bəzi cəfəng məqalələrində də aydın şəkildə sezilir. 

Onu da xatırlatmaq yerinə düşər ki, sabiq rektor Mirdaməd Sadıqovun dönəmində hazırki rektor özü prorektor postuna sahib olub. Və rektor İ.Cəfərov 2010-cu idə təmtəraqla ADAU-nun "80 illik” yubileyinin keçirilməsinə sevinib. "80 illik” yubileyin keçirilməsi barədə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi 5 yanvar və 28 sentyabr 2009-cu il tarixli 1 və 269 saylı ƏMRLƏR imzalayıb. Həmin il idi ki, Nazirlər Kabinetinin qərarı ilə AKTA adını ADAU ilə əvəzləyib. 

2010-cu ildə keçirilən "80 illik” yubileyin şərəfinə kitab dərc edilib. Həmin kitabın hazırlanmasında rektor İbrahim Cəfərov özü şəxsən iştirak edib və ADAU-nun 80 illiyini alqışlayanlardan olub.

Axı, sadaladığımız tarixi reallıqlarda, geriyə qalan tərəqqipərvər "yubiley”lərdə nə dəyişib, hansı yanlışlıqlar olub ki, ADAU bu il 90 yaşını deyil, birdən-birə 100 yaşını qeyd etməlidir? Bəlkə, rektorun və ona dəstək verən kəslərin 90 rəqəmindən xoşu gəlmir? Yaxud rektor ötən il "100 illik”lərini qeyd edən BDU və Azərbaycan Texniki Universitetlərinə ADAU-nun elmi nailiyyətləri və tədrisin keyfiyyətilə deyil, saxta "100 illik” yubiley keçirməklə çatmağa çalışır? Əgər belədirsə, bu suçdur, ictimaiyyəti və ölkə rəhbərliyini saxta yubiley şousu ilə aldatmağa çalışmaqdır.

İnanaq ki, ADAU adına belə saxta yubiley şousu baş tutmayacaq. Bir rektorun qorxmadan mərhum Heydər Əliyevin də adını hallandırdığı saxta yubiley nağıllarına inanan olmayacaq...

Osman Nərimanoğlu

Demokratik.Az

 



 

Oxşar xəbərlər