ADAU-ya 1, 5 milyonluq texnika bağışlandı - REKTOR NAZİRƏ TƏŞƏKKÜR ETDİ
Azərbaycan Dövlət Aqrar Universitetinə daha bir dövlət dəstəyi reallaşıb. Belə ki, nazir İnam Kərimov ötən il lizinq şərtləri ilə Aqrolizinq "ASC" tərəfindən Universitetə verilən 1, 5 milyon manatlıq texnika əvəzsiz olaraq təhsil ocağının balansına verilməsinə xüsusi göstəriş verib.
"Demokratik.Az"-a bu barədə ADAU-nun rektoru İbrahim Cəfərov özü məlumat verib.
Rektor sevincini gizlətməyib və ölkə üzrə yeganə aqrar ali təhsil müəssisəsinin dövlətin tam qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Rəhbərlik etdiyi Universitetin hər ay, hər gün inkişaf etdiyini, maddi texniki bazanın dövlətin dəstəyilə sürətlə gücləndirildiyini qeyd edib. Rektor bildirib ki, aqrar sahənin hərtərəfli inkişafı qaçılmazdır və dövlətin bu sahədən gözləntiləri artıqca aparılan işlər müasirləşir, elmi və daha uğurlu praktik əsaslara söykənir.
AMEA-nın müxbiri, professor İbrahim Cəfərov rektor kimi KTN-in nazri cənab İnam Kərimovun rəhbərliyi altında aqrar sahədəki sistemli inkişafa, xüsusilə fermerlərin bütün qayğılarına operativ reaksiyalara da münasibət bildirib. Rektor bildirib ki, bu gün hamı fermerin yanındadır, onlara keyfiyyətli təlimlər keçirilir, kənd təsərrüfat elminin son nailiyyətlərindən yararlanmaq üçün elmi potensialdan, elmi kadrlarlardan maksimum istifadə edilir. Bu işə aqrar universitetin alimləri də səfərbər olunublar.
Rektor Universitetdə aparılan və planlaşdırılan gələcək işlər barədə də ümumi məlumatlar verərək ADAU-nun yeni uğurlarının olacağını da anons edib.
İbrahim Cəfərov Aqrolizinq ASC-nin xətti ilə Universitetə əvəzsiz hədiyyə edilən 1, 5 milyonluq texnikaya görə ADAU əməkdaşları və tələbələri adından nazir İnam Kərimova sonsuz təşəkkürünü bildirib. Rektor göstərilən bu etimadı da doğrultmağa çalışacaqlarına söz verib.
Bizlər də öz növbəmizdə inanırıq ki, ADAU ailəsi bütün xoş etimadı həmişə doğruldacaq...
Demokratik.Az