Niderland Krallığının səfiri ADAU-da mühazirə söyləyib
- 06 okt 2017, 15:20
Niderland Krallığının Azərbaycan Respublikasındakı
Fövqəladə və Səlahiyyətli səfiri cənab Vitae Onno Kervers Gəncə şəhərinə səfəri
çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub. Qonağı qəbul
edən rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ADAU-nun tarixi,
aqrar təhsilə dövlət dəstəyi, son illərdə universitetin maddi-texniki bazasının
əsaslı şəkildə yenidən qurulması, beynəlxalq əməkdaşlıq, o cümlədən Niderland
Krallığının aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əlaqələrin
inkişaf perspektivlərindən danışıb. Səmimi qəbula görə minnətdarlığını bildirən
səfir Vitae Onno Kervers təmsil etdiyi ölkənin müvafiq ali təhsil və elmi tədqiqat
müəssisələrinin ADAU ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin, o cümlədən
müəllim və tələbələrin müvadiləsinin və birgə elmi-tədqiqat işlərinin
yerinə yetirilməsinin zəruriliyindən danışıb.
Görüşdən sonra səfir Vitae Onno Kervers universitetin aqrobiznes və idarəetmə fakültəsində professor-müəllim və tələbə heyəti, o cümlədən "aqronomluq” və "iqtisadiyyat” ixtisasları üzrə ingilis bölməsində təhsil alan tələbələr üçün "İkitərəfli münasibətlər və Niderland Krallığında kənd təsərrüfatının inkişafı” mövzusunda mühazirə söyləyib. Tədbirin sonunda səfir müəllimlərin və tələbələrin suallarını cavablandırıb.
