Gəncə DYP-də özbaşınalıq!-Vətəndaşın 4720 AZN pulu oğurlanıb?

  • 07 apr 2018, 10:49

Gəncə Dövlət Yol Polisi əməkdaşlarının səhlənkarlığı nəticəsində vətəndaş Nəzərov Fizuli Dəmir oğluna maddi və mənəvi ziyan dəyib.

"Demokratik.Az"- a bu barədə adıçəkilən özü məlumat verib.

Gəncə sakininin sözlərinə görə, 30.03.2018 tarixdə günorta saatlarında idarə etdiyi VAZ 21099 markalı Az19 BE 225 dövlət nömrə nişanlı minik avtomobili ilə Gəncə Telekommunikasiya İdarəsinin yaxınlığında hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Özünü əvvəlcədən təqdim etməyən bir polis əməkdaşı zorla qabaq oturacaqdan avtomobilə girərək avtomobilin aynalarının tünd olmasını bildirib. Sonradan adı sürücüyə məlum olan polis serjantı Rəhimli Ayxan avtomobili cərimə meydançasına sürməyi sürücüdən tələb edib və sürücü də yol polisinin əmrinə tabe olub. Qanunsuzluq da bundan sonra başlayıb.

Şikayətçi Fizuli Nəzərovun saytımıza bildirdiyinə görə, sahibi olduğu avtomobil Gəncə DYP-nin cərimə meydançasına daxil olduqdan dərhal sonra polis əməkdaşı Rəhimli Ayxan və yanındakılar heç nə demədən harasa gediblər. Cərimə meydançasında bir müddət gözləyən şikayətçi özü isə bir müddətdən sonra başqaları tərəfindən dayanacaqdan qovulub.

Şikayətçi müvafiq qaydada avtomobili cərimə meydançasına yerləşdirildikdə hər hansı zəruri akt və cərimə protokolunun tərtib olunmadığını bildirir. Əksinə, bunları tələb etdikdə ələ salındığını, istehza ilə qarşılandığını qeyd edir. Amma şikayətçi polisin bu kimi özbaşınalıqlarına daha çox vaxt ayıra bilməyib və bir müddət sonra iş yerinə yollanıb. ADAU-da müəllim olan şikayətçi axşam evə qayıdıb və anlayıb ki, xəstə həyat yoldaşının əməliyyatı üçün topladıqları 4720 manat pul vəsaiti maşında qalıb.

"Demokratik.Az”-a bu barədə daha detallı danışan Fizuli Nəzərov həyat yoldaşının xarici ölkələrdən birinə, təcili əməliyyata aparılmalı olduğunu bildirib. Və məhz bu səbəbdən də həmin gün (4720) dörd min yeddi yüz iyirmi manat pulu valyutadəyişmə məntəqəsində xarici valyutaya dəyişmək fikri olub. Həmin pul vəsaiti də maşında olub. Lakin, şikayətçinin iddiasına görə, həmin pul Rəhimli Ayxanın maşına soxulmasından  və cərimə meydançasına aparılmasından sonra yoxa çıxıb. Yəni, bir neçə gün sonra şahidlərin iştirakı ilə baxış keçirilən zaman avtomobilin salonundan hər hansı pul aşkar edilməyib. Fizuli Nəzərov hesab edir ki, pul həmin gün DYP əməkdaşı Rəhimli Ayxan və ya başqası tərəfindən oğurlanıb. 

"Demokratik.Az”-ın əldə etdiyi məlumata görə, 06 aprel 2018-ci il tarixdə şikayətçi qanunun tələbi üzrə öz avtomobilini cərimə meydançasından çıxarıb. Maşında müşahidə olunan və inzibati xəta hesab edilən hallar aradan qaldırılıb.

Hazırda faktlar üzrə Gəncə şəhər Baş Poli İdarəsi və Gəncə şəhər prokurorluğu araşdırma başlayıb. Şikayət əsasında avtomaşında olduğu iddia edilən 4720 manat pulun necə və hansı şəraitdə yoxa çıxdığı araşdırılır. Səhlənkarlığa və özbaşınalığa yol verən yol polislərinə qarşı cinayət işinin açılacağı istisna deyil.

(mövzu diqqətimizdədir) 

Demokratik.Az


Oxşar xəbərlər