"Saxtadiplomlu natarius axtarışda olan maşını necə sənədləşdirib?"

  • 13 okt 2017, 13:42

 

 

Gəncə şəhər sakini, vətəndaş Şahverdiyev İsa Şəmil oğlu "Demokratik.Az"-a müraciət edərək hüquqlarının natariat kontoru tərəfindən qəsdən pozulduğunu, 2013-cü ildə aldığı avtomaşının zəruri sənədləşmə işlərində ona süni problemlər yaradıldığını dilə gətirir. Vətəndaş bildirir ki, 2013-cü ilin avqustunda Samux sakini Əliyev Kamran Vahid oğluna 2800 dollar ödəyərək QAZ 31-10 markalı, Az10-OS-563 dövlət qeydiyyat nişanlı avtomaşın alıb. Rəsmiləşdirmək üçün isə Gəncə 5 saylı notariat kontoruna müraciət edib. Notariat kontoru da öz növbəsində satanın adına olan etibarnamə ilə maşına dair bütün səlahiyyətləri bir il müddətində İsa Şahverdiyevə devr edib. Sonradan, yəni 22.09.2014-cü il tarixdə, Gəncə şəhəri 5 saylı notariat kontorunun müdiri Aris Ələkbərov Kamranın 2039-cu ilədək adına verilmiş etibarnamə əsasında şikayətçiyə daha bir illik etibarnamə verilməsini təsdiqləyib.

Şikayətçi bildirir ki, iki il dalbadal etibarnamə alsa da, müxtəlif səbəblərə görə maşını öz adına çevirə bilməyib. Sonuncu etibarnamənin müddəti isə 23.09.2015-ci ildə bitib və İsa Şahverdiyevin "qara günləri" başlayıb. Belə ki, zavallı İsa kişi aylarla Gəncə 5 saylı natariat kontoruna, Aris Ələkbərovun hüzuruna ayaq döyməli, natariusa minnətçi - yalvarıqçı düşməli olub. Lakin, "Notariat Haqqında" qanunu əlində bayraq edən A.Ələkbərov şikayətçi ilə kobud davranmaqla onu dəfələrlə otağından qovub. Natarius vətəndaşa bildirib ki, bir daha ona etibarnamə verə bilməz və ödədiyi pul, aldığı maşının gələcək aqibəti də onu maraqlandırmır. Beləcə, İsa Şahverdiyev maşını birbaşa mülkiyyətçidən əldə etmək üçün Bakıya yollanıb və öyrənib ki,...

2012-ci ildən avtomaşına həbs qərarı verilibmiş...

Şikayətçi bildirir ki, "ağıllı" notarius müdiri nədənsə maşının Nəsimi rayon məhkəməsinin qərarı ilə 05 yanvar 2012-ci il tarixdən axtarışda olduğunu gizlin saxlayıb, amma avtomobilin üzərinə həbs barədə qərardan məlumatlı olub. Bundan əlavə, natarius hər dəfə vətəndaşa etibarnamə verəndə ondan rüsumdan artıq pul qoparıb. Eləcə də 2013-cü ildə sığorta adı altında 100 manatdan artıq məbləği iki dəfə "Atəşgah" Sığorta şirkətinin nümayəndəsinə ödətdirməyə nail olub. 

Qısaca bildirək ki, sözügedən maşın 06 avqust 2005-ci ildən Bakı sakini Mirzəyeva Ruziyyə Qeyis qızının adınadır, onun mülkiyyətindədir. Avtomaşın 2009-cu ildən etibarnamə əsasında bir neçə şəxsə satılıb. Lakin, R. Mirzəyevanın banka 27000 (iyirmi yeddi min) manat borcu olduğundan 2012-ci ilin əvvəlindən məhkəmə qərarı ilə mülkiyyətində olan maşının üzərinə həbs qoyulub. 05.09.2016-cı ildə isə İsa Şahverdiyevin tələbi ilə həmin avtomobilin üzərinə qoyulmuş məhdudiyyət götürülüb. Şikayətçiyə R. Mirzəyevanın özünü tapmaq isə mümkün olmayıb. Dediyinə görə, o ölkəni çoxdan tərk edib.

"O, savadsızdır, işləri də, diplomu da yoxlanmalıdır"!

"Demokratik.Az"-a danışan İsa Şahverdiyev bildirir ki, ilk tanışlıqdan natariusun hərəkətlərindən və danışıqlarından çox savadsız olduğu qənaətinə gəlib. Sonda ona qarşı daha aqressiv və qanunsuz hərəkətlərə yol verən Aris Ələkbərovun haqqında araşdırma aparanda öyrənib ki, diplomunun saxta olmasına dair iddialar var. Şikayətçi notarius barədə yuxarı qurumlara şikayətlər ünvanlayıb və hesab edir ki, ona verilən müvafiq lisenziya ləğv edilməli, barəsində ciddi ölçü götürülməlidir. Vətəndaşın dediyinə görə, həmin notariat kontorunda maarifləndirici elanlar lövhəsində də zəruri bilgilər yoxdur. "Bu isə natarius tərəfindən insanları rahatca aldatmağa şərait yaradır" - deyə şikayətçi "Demokratik.Az"-a bildirib.

Narazı vətəndaş saxtakar bildiyi Gəncə 5 saylı Notariat kontoruna qarşı Gəncə İnzibati-İqtisad Məhkəməsində bir neçə tələb üzrə iddia da qaldırıb.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq!

"Demokratik.Az"-ın əldə etdiyi digər məlumatlarda isə, adıçəkilən notariusun - Aris Ələkbərovun adı bir neçə başqa maxinasiyalarda hallanır. Onun saxta diploma yiyələnməsi, Gəncə şəhəri Gülüstan qəsəbəsində köhnə notariat kontorunu sataraq, niyə və hansı yolla indiki ünvana köçməsi bir çox mətləblərə işıq salır. Bu kimi bilgilər barədə oxucularımıza daha ətraflı məlumat verəcəyik.

Demokratik.Az   


     

Oxşar xəbərlər