Gəncə QAİ-sinin cərimə meydançasında "ən ucuz maşınlar kolleksiyası"-RƏHİM ZALOV ÇUBUĞUNU KASIBLARA YELLƏYİR?

  • 20 fev 2018, 10:19

Gəncə şəhəri Dövlət Yol Polisi idarəsində qeyri-adi hadisələr hökm sürür. İdarənin təqaüdə hazırlaşan rəisi Rəhim Zalov son illər öz fantastik fəaliyyəti ilə ciddiliyini itirərək idarəni gülüş və tənqid hədəfi edə bilib.

"Demokratik.Az" saytı ölkənin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovu da mat qoyacaq bir mənzərəni diqqətinizə çatdırır.

Saytımıza şəhər sakinləri tərəfindən verilən maraqlı məlumata görə, cənab Rəhim Zalov Gəncəyə DYP rəisi təyinatından bu yana əməkdaşları ilə birgə "ovladığı maşınlar"ın böyük əksəriyyəti öz istismar müddətini bitirmiş, sovet istehsallı, ucuz VAZ və ya LADA markalı avtomaşınlar olub. Bunun ilkin əyani isbatı isə Gəncə DYP-nin günaşırı cərimə meydançasına  topladıqları və yalnız kasıb adamlara məxsus ucuz maşınlar kolleksiyası ola bilər.

Aldığımız məlumata görə, bu şəhərdə DYP əməkdaşları şəxsi məqsədlərlə avtomaşınlar və sürücülər arasında ayrıseçkiliyə yol verməklə öz "vəzifələrini" icra edirlər. Yəni, Rəhim Zalovun tabeliyində çalışan şəhər QAİ-sinin işlərinin nəticəsindən belə anlaşılır ki, sən demə bu şəhərdə inzibati xəta törədən sürücülər arasında varlı və məmur şəxslər yoxdur. Sən demə, Gəncə küçələrində yol hərəkəti qaydalarını pozanlar ən ucuz qiyməti olan, kasıbların idarə etdiyi maşınlardır. Təsəvvür edin ki, Rəhim Zalov 2013-cü ildən bəri hər hesabatında şəhər üzrə yazılan cərimə protokollarının əksəriyyətinin kasıb zümrəyə yazıldığını rəsmən səsləndirbsə bu nə deməkdir? Sakinlər haqlı irad bildirirlər ki, axı niyə və necə olur ki, varlı və mütamadi qayda pozan məmur balaları yol polislərinin gözündən "yayınır"? Niyə Rəhim Zalov və tabeliyindəkilər qiyməti 10-15 min manatdan yuxarı maşınlara xidməti vəzifələrində "küskünlük" nümayiş etdirirlər?

Bahalı maşınlara qarşı onlarda bir cəsarətsizlik, qorxaqlıqmı var? Axı Bakıda heç belə deyil, paytaxtımızda hər gün şahidi oluruq ki, ən imkanlı şəxslərin maşını da cərimə meydançasına aparılır? 

İnsaf naminə suallara da qısa cavab olaraq onu deyək ki, bəzən cərimə meydançasına bahalı və ya daydayılı sürücülərin gətirilməsi cəhdləri olur. Amma belə avtomaşınlar tezliklə heç nə olmamış kimi yarı yoldan da geri qayıda bilir. Anlamaq da olmur ki, onlara protokol yazıldı ya yox. Çətin dəqiqləşdirmək olar ki, belələrindən alınan pul dövlətin büdcəsinə oturduldu, ya yox... 

Və o da baş verir ki, hansısa yazıq sürücünü bir nöqsanla idarəyə gətirirlər və ona "imkanlıdan" fərqli olaraq "qanunun" ən sərt üzünü göstərirlər. İdarənin içində otaqlara get-gəldən, rəisə xahişlərdən və birokratiyadan bezməmiş getdi yoxdur.

Biz hələ ictimai nəqliyyatda sürücülük vəsiqələri belə olmadan 10-larla şəhərdaxili marşrut xəttlərində sərnişinlərin həyatları ilə oynayan şəxslərə yaradılan şəraitdən, qaydaları hər gün pozan avtobus sürücülərindən danışmırıq. Danışmırıq həm də ona görə ki, Rəhim Zalovun vicdanlı komandası bircə dəfə olsun avtobusda nöqsan aşkarlaya bilməyiblər. Ya da buna öz maraqları müqabilində istəkləri olmayıb. 

Hazırda Gəncə DYP-nin cərimə meydançasında yağışın altında illərdir çürüməkdə olan (zatən çürümüş) maşınların dili olsaydı əminəm ki, uca səslə bu sözləri deyərdilər: "İLAHİ! BU CƏRİMƏ MEYDANÇASINDA NƏ BAŞ VERİR? DEYƏSƏN, İLLƏRDİR RƏHİM ZALOV "SEHİRLİ" ÇUBUĞUNU ELƏ BİZƏ - KASIB MAŞINLARINA YELLƏYİB?


Osman Nərimanoğlu 

 




 

"Demokratik.Az"      

 

Oxşar xəbərlər