ADAU-nun mövqeyində PARADOKS VƏ PARALELLƏR! - Təkzibə təkzib yerinə

  • 24 okt 2019, 09:29

 

 

 

 

 

 

 


 

Dünən "Demokratik.Az"-da yayımlanan "Gəncənin icra başçısı ADAU-nun tələbə və müəllimlərinə niyə zibil təmizlətdirir?" başlıqlı xəbər yazısı sözügedən təhsil ocağının bəzi oxucuları tərəfindən "düzgün" anlaşılmayıb və qarşı tərəfin məntiqsiz təkzibinə, ADAU tyutorlarının isə bayağı statuslarına məruz qalıb.

Sözügedən xəbərin linki - Gəncənin icra başçısı ADAU-nun tələbə və müəllimlərinə niyə zibil təmizlətdirir? 

Azərbaycan Dövlət Aqrar Universitetini qarşı tərəf kimi tanıyan xəbərdə konkret fotolara əsaslanan faktlarla bildirilib ki, Gəncənin icra Hakimiyyətinin göstərişilə ADAU-nun tələbə-müəllim kollektivi şəhərin mərkəzində əsaslı təmir-tikintisi həyata keçirilən körpünün ərazisində zibil təmizləməklə, kommunal və digər idarələrin işlərinə köməkliyə cəlb ediliblər. Universitetin İHB rəhbərliyinin təlimatı ilə universitetin təlim-tədris proseslərinə aidiyyatı olmayan belə iməcliklərə məcbur edilmələri qınaq hədəfi kimi oxucuya təqdim olunub. Və ADAU rəhbərliyinin icra başçısının qeyri-rəsmi əmrini icra etməsi, tələbə-müəllim heyətini Gəncənin müxtəlif yerlərində fəhləçiliyə cəlb etmək məqsədilə müxtəlif adda (məsələn - "ekoloji layihə") bəhanələrdən istifadə etməsi halı vurğulanıb.

Təəssüf ki, bunca açıq məntiqlə və isbatla yazılmış xəbərə universitetin mətbuat xidmətindən paradoksal və absurd təkzib mövqeyi sərgilənib. ADAU-nun xəbərə "təkzib"-ində "iməcilik" məntiqi əsas kontekstdən çıxarılaraq başqa səmtə yönəldilib. Dərcinə yer verdiyimiz "təkzib" əslində xəbərimizi dolayı yolla həm də təsdiqetmə yükü daşıyır. Bundan başqa, "təkzib" özlüyündə ADAU-nun tədrisdəki mühüm nöqsanlarına gur işıq salır. "Demokratik.Az" hesab edir ki, ADAU-nun "təkzib" mövqeyinə izahlı "təkzib" vermək zəruri və vacibdir.

Beləliklə, oxucunu çaşdıran və danılmaz reallıqları qaralayan "TƏKZİB" mətnində deyilir:

"ADAU tələbələrinin şəhərdə iməcliklərə cəlb olunması ilə bağlı yazıya cavab olaraq bildiririk ki, istər şəhər, istərsə də universitet səviyyəsində iməcliklərə tələbələr heç vaxt cəlb olunmayıb.

Tədris-təcrübə təsərrüfatında keçirilən praktik dərslərin, eləcə də tələbələr tərəfindən könüllü olaraq həyata keçirdikləri ekoloji layihələri iməcliyə məcburi olaraq cəlb edilməsi kimi qələmə verməyi kəskin şəkildə qınayırıq.
Universitetin ən müasir tələblərə cavab verən tədris-təcrübə təsərrüfatının təyinatı tələbələrin praktik vərdişlərinin formallaşmasına xidmət etməkdir və burada təşkil olunan sahəvi və praktiki dərslərin Gəncə şəhər İcra Hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur"-sitatın sonu.
Doğrusu, ölkənin yeganə Aqrar mütəxəssis hazırlayan nəhəng və müasir bir Universitetinin bu dərəcədə bayağı "təkzib" hazırlayan, sanki aldadıcı özfəaliyyətlə məşğul olan "Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsi"nə sahib olması təəssüfdən o yana getməz.
"Təkzib" elə ilk cümləsindən xəbərin əsas mahiyyətindən qaçaraq, saytımızda yer alan şəkil və faktları önəmsəməmək yolunu tutur. Bundan başqa, universitet sözcüsü xəbərdəki yerlə Universitetin oxuculara naməlum Tədris-təcrübə təsərrüfatını bilərəkdən qarışdırır. Söhbət tələbə və müəllim kollektivinin hansı məqsədlə şəhərin mərkəzindəki körpü ətrafında iməciliyə və ya (onların təbirincə) könüllü "ekoloji layihəyə" cəlb edilmələrindən açılmışkən nədənsə "təkzib" absurd cümlələrlə mənasız nağıllara köklənir. Mövzuya ümumiyyətlə yaxınlaşmır. Qısaca, "təkzib" ADAU tələbələrinin praktik vərdişlərinin formallaşmasında təşkil olunan hansısa sahəvi və praktiki dərslərin Gəncə şəhər İcra Hakimiyyəti ilə rabitəsizliyini bizə inandırmağa çalışır. Sanki bizlər universitetlə İHB-nin subardinasiya qaydalarından, müxtəlif təyinatlı fəaliyyətlərindən xəbərsizik.  
Amma, necə deyərlər, xub! Eləysə, yenidən sual etməliyik ki;
- ADAU-nun hansısa sahəvi və praktiki dərsləri, ya da "ekoloji layihə"si niyə təmirə dayanmış körpünün altında və xırlı-daşlı, zibilli çayın ətrafında aparılıb? 
- Axı, ADAU kollektivini tərbiyəvi işlər üzrə prorektoru Aidə xanım Qasımovanın müşaiyyətilə Gəncəçayın içinə, qızğın təmir işləri gedən bir körpünün ətrafına əlləri fəhlə əlcəyində (təhlükəsizlik önləmləri belə alınmadan) kim və niyə buraxıb?
- Kimin göstərişidir ki, tələbə və müəllimlər tədris prosesini oralarda keçirib şəkillər çəkdirməlidir?
- Əgər Gəncə İHB-nin bu fərdi "iməcilik"lərdən xəbəri yoxsa, onda deyin görək ADAU kollektivinə körpüətrafı dislokasiya məkanını kim və hansı məqsədlə seçib?!
Qayıdaq, "təkzib"in ilk cümləsinə və özümüzə sual edib mahiyyətə cavab verək:
- ADAU-nun mətbuat xidmətinin yazdığı kimi, doğrudanmı, tələbələr şəhər və universitet səviyyəsində iməcliklərə ümumiyyətlə cəlb olunmayıblar?  

Bu suala cavab verərkən bəyan edirik ki, şəhərdə iməciliklərin keçirilməsinin, tələbələrin də doğma Gəncəmizin təmizliyinə və abadlığına can yandırmalarının əleyhinə deyilik. Amma bunun da bir sərhəddi, tədris prosesilə uzlaşma qaydaları, seçilmə yeri və günü olmalıdır... 

ADAU-nun mətbuat xidməti ilk "təkzib" cümləsindən etibarən yalan uydurub.

Xoşbəxtlikdən, təhsil ocağının gənc əməkdaşları (tyutorları) özləri də sosial şəbəkədə xəbər linkinin aşağısında qeyd etdikləri müdafiə xarakterli statuslarında bunu sübut edir:  

Bursa Jafarli yazıb: "Bir Azərbaycan gənci olaraq şəhərimizin abadlaşdırılmasında qatqımız olmalıdır! Deyilənlərin heç biri doğru deyil! Mən inanıram ki gənclərimiz bu fikri dəstəkləmir!"

Mehemmed Nesibov yazıb: "işləməyin ayibi yoxdu sizi kimi yalan xəbərlər paylasmaqdansa şəhərimizi təmiz saxlamaq daha şərəfli işdir"

Mehemmed Nesibov təkrar yazıb: "Bu xəbər yalan xarakteri daşıyır heçkim ADAU nun mellim ve telebe heyyetini mecburi ise celb etmir bu aksiyada könüllülər olaraq ekoloji aksia keçirmişik"

Elsen Zeynalli yazıb: "İməclik deylən bir iş məcburi deyil.Bəlkədə ali savadı olmayan bir insan bunu məcburi kimi başa düşə bilər. Və sizin kimilər bu cür yalnış məlumatlarla məşğul olmaqdansa gedib dövlətə xeyir verəcək məlumatlar paylaşın" 

Tural Camalov yazıb: "Şəhərimizin abadlaşmağı hər bir ölkə vətəndaşının borcudur. Biz ADAU ailəsi olaraq şəhərimizin daim abadlaşdırılması prosesində könüllü iştirak edirik və edəcəyik!"

Gunel Agazade yazıb: "Burda heç bir mecburi bir iw yoxdur! Bir genc olaraq daim weherimizin temizliyinin qorunmasi prosessinde iwtirak etmiwik ve edeceyik!"

Qurban Xelilov yazıb: "ADAU-nun Tələbə və Müəllim heyəti daim Şəhərimizin abadlaşdırılmasında iştirak edir və edəcəkdir!"

Bundan başqa, özlərini ADAU əməkdaşları Müşgünaz CəfərovaOrkhan IsmayilovBalli AxmedovaCeyhun SadiqovOrkhan Gasimzade Qasimov və Aybeniz Huseynova da öz şablon fikirlərində ADAU-nun şəhər iməciliklərinə cəlb edilməsini təsdiq ediblər. İməciliyə könüllülük donu geyindirsələr də...

Bir daha bildiririk ki, bizi narahat edən "iməcilik" adı altında buraxılan ciddi nöqsanlardır. 

Yenidən xatırladırıq ki, prezident cənab İlham Əliyevin 16 may 2019-cu ildə imzaladığı sərəncamla Gəncəçay çayı üzərində körpülərin təmir-bərpasına 6,4 milyon manat vəsait ayrılıb. Yəni sözügedən "iməcilik körpüsü" də dövlətin vəsaiti hesabına təmirə dayandırılıb. 

Eləcə də "DOST" İş Mərkəzi xəttilə şəhərdə 100-lərlə əlavə işçi qüvvəsi mövcuddur. ADAU kollektivinin belə işlərdə canfəşanlıqla iştirak etməsi təhsil adına rəzalətdir.

Belə nöqsanlı durumu isə ADAU rektorunun köməkçisi Rüfanə Əliyevanın xüsusi tapşırıqları ilə tyutorları və yüzlərlə tələbəni "trollaşdırmaqla", bizə qarşı "statusmen"ləşdirməklə əsla həll etmək olmaz. Nöqsan səmimi etiraflarla aradan qaldırılmalıdır.

Gəncə İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramovu və ADAU-nun rektoru cənab İbrahim Cəfərovu tələbə və müəllimlərə, eləcə də hər hansı nöqsanı qabardan jurnalistə daha sayqılı və düşüncəli davranmağa çağırırıq.

Osman Nərimanoğlu

Demokratik.Az 

 



 





 

 


Oxşar xəbərlər