Gəncənin icra başçısı ADAU-nun tələbə və müəllimlərinə niyə zibil təmizlətdirir?

  • 23 okt 2019, 11:06

Niyazi Bayramov da Elmar Vəliyevsayağı repressiv metodlardan istifadəyə keçir?

Gəncə şəhər icra hakimiyyətinin xüsusi tapşırığı əsasında Gəncədə fəaliyyət göstərən universitetlər iməciliyə sövq edilir.

Demokratik.Az-a ADAU-nun tələbələri tərəfindan verilən qeyri-rəsmi məlumata görə, təhsil ocağının müəllim və tələbə heyəti günaşırı şəhərin müxtəlif yerlərində zibil təmizləməklə, kommunal və digər idarələrin işlərinə köməklə məşğuldur. ADAU-nun İHB rəhbərliyinin təlimatı ilə universitetin təlim-tədris proseslərinə aidiyyatı olmayan iməcliklərə məcbur edilməsi qəbuledilməzdir. Bu halı şikayətçi tələbələr də qınayır.  

"Demokratik.Az"-a verilən məlumata görə, ADAU rəhbərliyi icra başçısının qeyri-rəsmi əmrini icra etmək, tələbə-müəllim heyətini Gəncənin müxtəlif yerlərində fəhləçiliyə cəlb etmək üçün müxtəlif adda (məsələn - "ekoloji layihə") bəhanələrdən istifadə edir. 

Bir neçə gün əvvəl ADAU-nun şəhər mərkəzindəki körpünün altında və əhatəsində iməcilik etməsi bu qəbildəndir. 

Maraqlıdır, ölkə başçısı tərəfindən Gəncədə körpülərin təmirinə ayrılan milyonlar, eləcə də "DOST" İş Mərkəzi tərəfindən maaş kartları ilə təmin edilənlər hardadır ki, ADAU kollektivi belə işlərə məcbur edilir? 

Xatırladaq ki, sabiq icra başçısı Elmar Vəliyev də bu cür qeyri-mütərəqqi metodlarla Gəncənin təmir-tikinti-abadlıq işlərinə sürət qatırdı, maddi məsrəfləri müəllim, tələbə, ziyalı işçi qüvvələri ilə əvəz edirdi. Yeni icra başçısı Niyazi Bayramovun da belə mürtəce davranışa meyl etməsi ağlasığmaz təkrarçılıqdır.  

Gəncə İHB-nin və ADAU-nun da rəsmi mövqeyini işıqlandırmağa hazırıq...

Demokratik.Az  

 


 


 

Oxşar xəbərlər