Əhəd Abıyevin adından aprel qazisinə 20 min pul atdılar - ŞİKAYƏT

  • 06 fev 2018, 13:13
Arzu Məmmədov: "Necə olur ki, Əhəd Abıyevlə o qədər yaxın olan qadın neçə nəfər qazini aldadıb pul alır, amma onun xəbəri olmur?"
Demokratik.Az bildirir ki, bu sözləri 2016-cı ilin aprel ayında Qarabağda gedən döyüşlərdə qolunu itirən hərbçi Arzu Məmmədov dilə gətirib.
Arzu Məmmədov Legion.Az saytına şikayətində qeyd edib ki, vaxtilə bank işçisi olub, lakin 2014-cü ildə Vətənə xidmət etmək fikrinə düşərək, MAXE kimi Milli Orduya yazılıb. O, cəbhədə xəsarət aldıqdan sonra, 2016-cı ilin may ayında Daşkəsənə qayıdıb. "Mən hospitalda olanda Prezident də gəldi yanımıza, amma rayonumuzun başçısı Əhəd Abıyevi orda görmədim. May ayında rayona qayıdarkən, icra hakimiyyətinə getdim. Əhəd Abıyevə dedim ki, bu rayondan şəhid də yoxdur, bir nəfər qolunu itirib, o da mənəm. Amma taleyimlə maraqlanmırsınız. Dedi bəs problemlərim var idi, bundan sonra məni əmin bil... Bir müddət sonra bildirdim ki, evim yoxdur, kirayədə qalıram. Mənə dedi ki, hazırda vəsait ayrılmayıb, amma sən Gəncədə qeydiyyata düşsən, orda tikilən binalarda sənə mənzil ala bilərik. Mən evdə məsləhətləşdim, sonra uzaq bir qohumun mənzilində qeydiyyata düşdüm”, - deyə Arzu Məmmədov bildirib.
Şikayətçinin sözlərinə görə, 2016-cı ilin avqust ayında Daşkəsən İcra Hakimiyyətinin İlhamə Bayramova adlı hüquqşünasıyla birlikdə Gəncrə ŞİH-də də olub, nəticədə Əhəd Abıyevin onu aldatmayacağına inanıb. "Bir müddət sonra İlhamə Bayramova mənə zəng etdi ki, bəs Əhəd müəllim sizə dördotaqlı mənzil verdirmək istəyir, amma 20 min manat xərci var. Məndə o qədər pul yox idi. Valideynlərim dedi ki, eybi yox, kreditə pul götürək, amma mənzilin yaxşı olsun. 13 min kreditə pul götürdük, 6 min bir nəfərdən borc aldım, min manat da mənə verilən kompensasiyadan pul qalmışdı. Hissə-hissə o pulu İlhamə Bayramovaya verdim. Bir neçə ay gözlədik, bu gün-sabah deyə-deyə məndən vaxt qazanmağa çalışdı. Bir gün öyrəndim ki, bu qadının işi polisdədir. Getdim Əhəd Abıyevin yanına, dedi xəbərim yoxdur, mən onu tutduracam, o fırıldaqçıdır və s. Polisdə istintaq obyektiv getmədi. Hər şeyi səthi araşdırdılar. Məndən başqa, bir neçə şikayətçi var idi. Hiss olunurdu ki, Əhəd Abıyevin tapşırığı var ki, İlhamə Bayramovaya təzyiq göstərilməsin. O, tamamilə sərbəst şəkildə polisə gedib-gəlirdi, üzümüzə də dururdu ki, ona pul verməmişik. İş prokurorluğa getdi. Orda da işi uzatdılar və bir-bir bizi sıradan çıxardılar. Mənim də işimi mülki olaraq dəyərləndirib, cinayət işinə daxil etmədilər. İlhamə Bayramovanın işi indi Gəncə Ağır Cinayətlər Məhkəməsindədir, amma öyrəndiyimə görə, onun üzərində cəmi 3 min manata yaxın pul qalıb. Çox güman ki, Əhəd Abıyev onun həbsə düşməsinə imkan verməyəcək, işi də ən ağır halda şərti cəzayla bağlayacaqlar”, - deyə Arzu Məmmədov qeyd edib.
O əlavə edib ki, artıq neçə dəfə Əhəd Abıyevin qəbuluna gedib-gəlir. "İlk vaxtlar Əhəd Abıyev məni qəbul edib o puldan xəbəri olmadığına and içirdisə, indi ümumiyyətlə məni icra hakimiyyətinə buraxdırmır. Mən əminəm ki, bu işlərdən Əhəd Abıyevin xəbəri olub. Əgər elə olmasaydı, onun ən yaxınında olan bir qadın təkbaşına neçə nəfər müharibə veteranını aldada bilməzdi. Mən üzümü ölkə rəhbərliyinə tuturam ki, bu məsələni nəzarətə götürsünlər. Qarabağ qazilərinə kələk gələn Əhəd Abıyev cəzasız qalmasın”, - deyə aprel qazisi vurğulayıb.

"Demokratik.Az" olaraq məsələ ətrafında vacib suallara cavab axtardıq. SUAL: Daşkəsənin icra başçısı niyə arxayınlıqla aprel qazisinə Gəncədə 4 otaqlı mənzil vəd etmişdi? Onun buna gücü və nüfuzu yetirdisə, Əhəd Abıyev nəticədə öz sözünə niyə xilaf çıxıb? Niyə hər şey Abıyevin dediyi kimi getməyib, niyə Abıyev şikayətçini qadın hüquqşünasla məhz Gəncə icra hakimiyyətinə göndərmişdi?

Bu suallar özlüyündə aydın edir ki, əslində Abıyevin məlum vədinin açarı məhz Gəncə İHB-də olub. Belə ki, həmin vaxtlarda Gəncədəki həmkarı ilə yaxın təmasda olan Abıyev Arzu Məmmədova nəyi vəd etdiyini yaxşı anlayırdı və doğrudan da Gəncə İHB tərəfindən Əhəd müəllimin bir mənzil xahişinin yerə salınacağı mümkünsüz idi. Lakin gözlənilmədən qardaşı Zəfər Abıyevin "DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi Üzrə Regional Şöbəsi"nə rəis təyinatı başçının sonrakı planlarını və bir sıra şirin münasibətləri alt-üst edə bildi. Xatırlayırsınızsa, elə məhz 2016-cı ilin payızında yerli KİV-lər Zəfər Abıyevlə Elmar Vəliyevin arasında baş qaldıran qalmaqala xüsusi yer ayırdı və bunun ardından çox keçmədi ki, Gəncənin icra başçısı Elmar Vəliyevlə Əhəd Abıyevin də arası dəydi. Tərəflər demək olar ki, bir-birlərinə açıq savaş elanlarında bulundular. Elə ötən il Daşkəsəndə Vəliyevə yaxınlığı şübhə doğurmayan şəxslərlə Abıyev arasındakı ciddi qarşıdurmalar həmin başlanğıcın axar sonluğu idi.

Bu kimi iddiaları bir araya toplasaq, bəlkə də əslində Abıyevin məqsədi şikayətçini - Arzu Məmmədovu aldatmaq, ona qarşı qadın hüquqşünasın dələduzluğuna şərait yaratmaq olmayıb. Sadəcə, 2016-cı ilin sonlarında Əhəd Abıyevin ərki, xahişi Gəncənin icra başçısı cənab Elmar Vəliyev tərəfindən nəzərə alınmayıb. Öncəsində necə və hansı özəlliklərlə nəzərə alınmışdı, bax bu çox düşündürücüdür?!

Hər bir halda Arzu Məmmədovun mənzil almaq arzusu - Abıyev və digərlərinin "sövdələşməsi", iddia olunan 20 min manatlıq dələduzluq faktı ciddi araşdırılmalıdır.

İnanırıq ki, aprel qazisinin şikayəti öz müsbət həllini tapacaqdır.


Adıçəkilən hər kəsin də söz haqqı var! 

Demokratik.Az  


Oxşar xəbərlər