Gürcüstanda mitinq dövrü bitdi, iqtidar - müxalifət dialoqu başladı

  • 18 dek 2019, 10:05

Ölkədəki siyasi qüvvələr seçkidə "alman modeli”nin tətbiqini müzakirə edir; Mahir Dərziyev: "Proporsional seçki 2024-cü ildə olacaq...”

Gürcüstanda erkən parlament seçkiləri və proporsional sistemin tətbiqi tələbi ilə başlamış nümayişlər səngiməkdədir. Hakim "Gürcü Arzusu” Partiyasının azərbaycanlı deputatı Mahir Dərziyev "Yeni Müsavat”a bildirdi ki, müxalifət baş verənləri xalq narazılığı kimi qələmə vermək istəyirdi.

"Əlbəttə, demokratiya olan hər cəmiyyətdə narazı təbəqələr var və etiraz etmək hüquqlarıdır. Ancaq proseslərin gedişatı göstərdi ki, xalqın əksəriyyəti müxalifəti dəstəkləmir. Müxalifət indi parlamentin iclas günləri piket keçirir, qulp axtarır ki, qarşıdurma yaransın. Lakin bu yaxınlarda bizim partiyanın gənclik qanadı ölkənin Avropa yolu seçməsi ilə bağlı möhtəşəm çoxminlik mitinq keçirdi. Biz göstərdik ki, Gürcüstan Avrointeqrasiya xəttini tutub və 100 min insanın aksiyada iştirakı xalqın hakimiyyətə olan inamının sübutudur”, - deyə qeyd etdi.

Deputat parlamentin qərarının dəyişmədiyini və 2020-ci ildə qarışıq sistemli seçkilər olacağını açıqladı: "Bilirsiniz ki, 2024-cü ildən proporsional seçki olacaq. Gələnilki seçkidə isə həm proporsional, həm majoritar seçki sistemi tətbiq ediləcək. Hətta parlamentdə majoritar sistem tələb edənlər var ki, imza toplamağa başlayıblar. Biz demokratik mühitdə yaşayırıq və heç kəsə fəaliyyət, düşüncə azadlığında qanunlar çərçivəsində hər hansı məhdudiyyət qoya bilmərik”.

İqtidar deputatı daha sonra bildirdi ki, hazırda diplomatların və xaricdəki tərəfdarların təşəbbüsü ilə iqtidar-müxalifət danışıqları gedir: "Müzakirələrdə seçkidə ”alman modeli"nin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılır. Ancaq mövcud konstitusiya ilə qarışıq sistemlə seçki olacaq. İndiki halda referendum keçirilməsi və dəyişikliklər gözlənilmir".

Yada salaq ki, bir neçə gün əvvəl Gürcüstanın hakim Gürcü Arzusu Partiyasını daha bir millət vəkili tərk edib. Deputat Otar Çrdileli  parlament çoxluğunu tərk etdiyini açıqlayıb. Bu barədə özünün sosial şəbəkə hesabında məlumat verən deputat bildirib ki, istefası hakim partiyanın digər üzvləri ilə məhkəmə sistemi sahəsindəki fikir ayrılığından qaynaqlanır. Belə görünür ki, Gürcüstanda monolit hakimiyyət və müxalifət yoxdur. Ölkədə demokratiya keçid dövrünü yaşamaqdadır.

Bu arada Gürcüstanda siyasətçilər arasında ən neqativ reytinqi ölkə prezidenti Salome Zurabişvili qazanıb.

ABŞ-ın Beynəlxalq Respublika İnstitutu (IRI) qeyri-hökumət təşkilatının Gürcüstanda keçirdiyi sorğunun yekunlarına dair hesabatda belə bildirilib. Prezidentdən sonra yüksək neqativ reytinqə sahib olan "Girçi” Partiyasının lideri Zurab Caparidzedir. Üçüncü yeri hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişviliyə "nəsib olub”.

Əhalinin siyasətçilərə müsbət münasibəti baxımından ən yüksək reytinqi Avropalı Gürcüstan Partiyasının sədri David Bakradze qazanıb. Tiflis meri Kaxa Kaladzenin də göstəriciləri təxminən eynidir.

Oxşar xəbərlər