İvanişvili yoxsa Saakaşvili - GÜRCÜSTANDA SEÇKİ DƏRİNLƏŞİB

  • 06 noy 2018, 10:11

Politoloq: "İkinci turun necə nəticələnəcəyi haqda indidən birmənalı fikir söyləmək  çətindir”

Gürcüstanda dekabr ayında prezident seçkilərinin ikinci turu keçiriləcək. Seçki mübarizəsi birinci turda 38 faiz səs qazanmış hakimiyyətin dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili ilə keçmiş prezident Mixail Saakaşvilinin dəstəklədiyi müxalifətdən olan namizəd Qriqol Vaşadze (birinci turda 37 faiz səs qazanıb) arasında gedəcək.

Seçki kampaniyasının çox gərgin keçəcəyi indidən görünməkdədir. Gürcüstanda Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının yenidən hakimiyyətə qayıtması ehtimalı prezidentlik yarışının əsas məsələsinə çevrilib. Birinci turdakı uğursuzluqdan dərs çıxaran iqtidar partiyası Gürcü Arzusu indi bütün gücünü 2-ci tura görə səfərbər edərək S.Zurabişvilinin qələbəsinə çalışır.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze mətbuata bildirib ki, hakim partiya indi aktiv seçki dövrünə qədəm qoyur: "Biz birinci turu passiv rejimdə keçirdik və onu gec başladıq. Bu isə nəticəyə ciddi təsir göstərdi”.

Müxalifət partiyaları da boş dayanmırlar. Qriqol Vaşadzeni dəstəkləyən bütün siyasi qüvvələr seçkidə saxtakarlığın qarşısını almaq məqsədilə vahid seçki qərargahı yaradıblar.

Gələn xəbərlərə əsasən yarış həm də media sahəsində gedir.

Bu günlərdə Gürcüstanın "İmedi” telekanalı rəsmən və açıq şəkildə S.Zurabişvilinin təbliağtına qoşulduğunu bəyan edib. Kanalın yaydığı məlumatda Saakaşvili rejiminin geri qayıtmasına yol verməməkdən ötrü fövqəladə iş rejiminə keçdiklərini bildiriblər.

Gürcü politoloqları isə "İmedi”nin bəyanatını "Gürcü arzusu” içində hökm sürən panika ilə əlaqələndiriblər.

Məsələ burasındadır ki, "İmedi”nin sahibləri Saakaşvilinin qədim düşməni, hazırda həyatda olmayan Badri Patarkatsişviliin qohumlarıdır. Onlar hələ də Gürcüstanın sürgün həyatı yaşayan keçmiş liderinə qarşı kin bəsləyirlər.

Müstəqil Ekspertlər Klubunun politoloqu Ramaz Sakvarelidze isə "İmedi”nin seçkiqabağı yarışa cəlb olunmasını Vahid Milli Hərəkatın hakimiyyətə qayıtmaq şansının yüksəlməsi ilə əlaqələndirib. Sakvarelidze "İmedi”nin əsas vəzifəsinin 1-ci turda passivlik göstərib seçkiyə getməyənləri iqtidar namizədindən yana səs verməsini təmin etməkdən ibarət olduğunu vurğulayır. Onu sözlərinə görə, seçkinin nəticəsini də məhz həmin seçicilər müəyyən edəcək.

Bu mənada politoloq S.Zurabişviliyə daha çox şans verir. Onun fikrincə, Vahid Mill Hərəkatın elektoratı artıq 1-ci turda bütün gücünü ortaya qoyub tükənib. Onların yeni qüvvələr cəlb etmək şansı azdır. Üstəlik, Vaşadzeylə müttəfiqlik edən partiyaların onu həqiqətən seçkidə dəstəkləyib-dəstəkləməyəcəyi bəlli deyil.

Politoloq Giya Nodiya isə Vaşadzenin elə birinci turdaca seçicilərin rəğbətini daha çox qazandığını bildirir.

Gürcüstan parlamentinin deputatı, hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının üzvü Mahir Dərziyev isə "Yeni Müsavat”a bildirib ki, təmsil olunduğu partiya birinci turdan özü üçün ciddi nəticə çıxarıb: "İkinci turda seçki kampaniyamız daha güclü, daha mütəşəkkil olacaq. Ciddi fəallaşma olacaq ki, bugünkü nəticələr özünü nə ikinci turda, nə də parlament seçkilərində göstərməsin. Vaşadze seçki kampaniyasında vəd verirdi ki, seçilərsə pensiyalar 400 lariyə qədər artırılacaq, müəllimlərə 1000 lari maaş veriləcək. Halbuki, Gürcüstanın yeni Konstitusiyasına görə bu cür məsələlər prezidentin səlahiyyətində olan məsələlər deyil, hökumətin səlahiyyətindədir. İqtisadi xarakterli vədləri yerinə yetirmək üçün prezidentin yox, hökumətin, baş nazirin səlahiyyətləri, imkanları var. Lakin Vaşadzenin həmin vədlərinə pensiyaçıların xeyli hissəsi aldandı. Gürcü Arzusu Partiyası növbəti seçkidə insanlara bu kimi məsələləri çatdıracaq. Seçicilərə bu məsələlər izah olunacaq və seçkinin nəticələri bizim xeyirimizə dəyişəcək. Əminəm ki, S.Zurabişvili ikinci turda qələbə qazanacaq. Seçkinin nəticələrinə mənfi təsir etmiş bütün ayrı-ayrı məqamlar nəzərə alınacaq və seçki kampaniyasını tamamilə yeni bir şəkildə quracağıq. İkinci turda bizim partiyanın dəstəklədiyi Salome Zurabişvilinin qələbəsinə nail olacağıq”.

Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasınıdan olan deputat Azər Süleymanov isə bildirdi ki, ikinci turda Qriqol Vaşadzenin qələbəsi şəksizdir: "Hakimiyyətdəkilər Vaşadzenin plakatlarından belə çəkinirlər. Hər yerdə, hətta icra hakimiyyəti binalarının üzərində iqtidar namizədinin plakatları yapışdırılır. Lakin Vaşadzenin plakatlarını yapışdırmağa imkan verilmir. Lakin nə qədər maneələr yaratsalar belə, əbəsdir. Qriqol Vaşadze Gürcüstanın prezidenti olacaq. Salome Zurabişviliyə Gürcüstan əhalisi qırmızı işıq göstərib və növbəti seçkidə də onu prezident görmədiklərini ortaya qoyacaqlar”.

Politoloq Qabil Hüseynli isə "ikinci turun nəticələrinin necə olacağı hələ dəqiq proqnozlaşdırıla bilməz"- DEYİB. "

Əvvəla, namizədlər arasında birinci turda gedən mübarizənin nəticələrinə nəzər yetirdikdə cəmi bir faiz fərq olduğu görünür. İkincisi, seçki kampaniyasının necə qurulacağı, birinci turda namizəd olmuş digər şəxslərin sonda tərəfdarlarını kimə səs verməyə çağırmaları hələ tam dəqiq deyil: "Salome Zurabişvilinin şanslarını artıran məqam ondan ibarətdir ki, iqtidar bu dəfə bütün gücünü onun xeyrinə səfərbər edəcək, birinci turda seçkiyə qatılmayan seçicilərin bir qismini onun xeyrinə səsverməyə cəlb edə bilərlər. Qriqol Vaşadzenin isə şansını birinci turda üçüncü və dördüncü yerləri qazanmış namizədlərin onu dəstəkləməsi artırır. Amma görək həmin şəxslər sona anadək Vaşadzeni dəstəkləyəcəklərmi. Bu məsələ də mühümdür. Bu və digər nüansları təhlil etdikdə ikinci turun necə nəticələnəcəyi haqda indidən birmənalı fikir söyləmək  çətindir”. /MUSAVAT.COM/

Oxşar xəbərlər