Gürcüstanda siyasi böhran yaranacaq – Şərh

  • 12 okt 2016, 08:28

Gürcüstanda siyasi böhran yarana bilər.

 

 

Bunu "Rezonans” qəzetinə müsahibəsində gürcü politoloq Giya Xuxaşvili söyləyib. Onun sözlərinə görə, parlament seçkisinin qalibi olan Gürcü Arzusu üçün böyük problemlər yarana bilər:

 

"Gürcü Arzusunun birinci olacağı ilə hər kəs razılaşırdı. Təsəvvür edin ki, hətta Vahid Milli Hərəkat Partiyası da bunun əleyhdarı deyildi. Bu seçkidə əsas intiriqa Gürcü Arzusunun nəzarət paketini əlinə alıb-almayacağı ilə bağlı idi. Seçkidən öncə keçirilən iki fərqli eksit-polldan da ayrı-ayrı cavablar çıxmışdı. Bundan əlavə, biz yenidən ikiqütblü siyasət əldə etmişik. Üstəlik, Milli Hərəkat bu seçkinin qalibi olmayacağını bilirdi. Onların hədəfi Gürcü Arzusunu müxtəlif ssenarilərlə məğlubiyyətə məcbur etmək idi.

 

Ən qəribəsi odur ki, hazırkı şərait ən çox Gürcü Arzusu üçün təhdid yaradır. Belə ki, Milli Hərəkat parlamentə getməyəcəyini, seçkilərin saxta olduğunu deyə bilər. Bununla isə faktiki olaraq bütün siyasi elita razılaşacaq, çünki onlar da parlamentə düşməyiblər. Biz həmçinin Vətənpərvərlər Alyansının özünü necə aparacağını bilmirik. Onlar əldə olunan nəticədən daha çox gözlədiklərini deyirdilər. Bu partiyanın da parlamentdən imtina edəcəyi istisna deyil. Onlara parlamentə düşmək üçün baryeri keçə bilməyənlər də qoşula bilər. Nəticədə Gürcü Arzusu siyasi böhranla üz-üzə qalacaq. Küçələrdə olan aksiyalar, yaşanan qeyri-müəyyən situasiyadan sonra isə bütün siyasi elita seçkini qeyri-legitim hesab edəcək. Beləliklə Gürcü Arzusunun siyasəti özü üçün tələyə çevriləcək”.

 

Qeyd edək ki, oktyabrın 8-də Gürcüstanda keçirilən parlament seçkisinin nəticəsinə əsasən, proporsional siyahı üzrə cəmi 3 partiya parlamentə keçə bilib: Gürcü Arzusu Partiyası 48,65 faiz, Vahid Milli Hərəkat Partiyası 27,11 faiz səs toplayıb, Gürcüstan Vətənpərvərlər Alyansı isə 5 faizlik baryeri adlayıb.

Oxşar xəbərlər