Yeni gürcü prezidenti “Rusiya dostumuz deyil” dedi

  • 01 dek 2018, 10:27

Elşən Mustafayev: "Gürcüstanın Avropaya doğru istiqamətini ləngitmək mümkün olmayacaq”

Hakim "Gürcü Arzusu” Koalisiyasının dəstəklədiyi və seçkilərdə qalib gələn müstəqil namizəd Salome Zurabişvilinin Rusiya ilə münasibətləri necə quracağı maraqla gözlənilir. Artıq yeni prezident bu sualların bəzilərinə aydınlıq gətirib. O bildirib ki, Rusiya ilə dostluq etmək zamanı deyil. Zurabişvili BBC-nin rusca xidmətinə müsahibəsində bunları deyib: "Rusiya hələ ki özünü belə apardığından, insanların oğurlanması da daxil, işğal xətlərində baş verənləri və bu xəttin ərazimizin dərinliyinə, Tbilisinin daha yaxınına doğru hərəkət etdiyini nəzərə alsaq, Rusiyanın hazırda Ukraynaya qarşı özünü necə aparmasını nəzərə alsaq, düşünmürəm ki, bu bizim dərhal əməkdaşlığa başlamağımız deməkdir”.

Gürcüstanın bundan sonra Azərbaycanla da əlaqələrini necə davam etdirəcəyi müzakirələr sırasındadır.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev "Yeni Müsavat”a açıqlamasında  dedi ki, hazırda tərəflər arasında qütbləşmə çox böyüyüb və təhlükəlisi odur ki, bu günü- gündən insanlara daha çox sirayət edir: "Hazırda müxalifətin seçkinin nəticələrini tanımaması, kütləvi tədbirlərə çağırması gələcəkdə vətəndaş itaətsizliyinə gətirib çıxara bilər. Düşünürəm ki, müxalifət etirazların səviyyəsindən, ardıcıllığından və hökumətin müqavimətindən asılı olaraq ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı kampaniyaya başlaya bilər. Bütün bunlara rəğmən vəziyyət elədir ki, Gürcüstanın Avropaya doğru istiqamətini ləngitmək mümkün olmayacaq. Çünki alternativləri yoxdur. Kimlərsə prosesi ləng apara bilər, amma yoldan yayınma ehtimalları sıfıra bərabərdir. Rusiya Saakaşvili dönəmində Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaqla yaxınlaşma ehtimallarına son qoyub. Əgər gələcəkdə həmin problemlə bağlı geri addım atarsa, Gürcüstanın ərazi bütövlüyünü tanıyarsa, o zaman nə isə söyləmək olar. Amma bunların heç birinə inanmıram. Odur ki, heç kim açıq şəkildə Rusiyaya meylli fikirlər söyləyə bilmir. Çünki bütünlükdə Gürcüstan cəmiyyəti belə siyasəti qəbul etmir, kim bunları göz önünə alarsa siyasi sonluğunu dərhal qazanacaq. Odur ki, Zurabişvilinin "Rusiya ilə dostluq etmək vaxtı deyil" ifadələri antirusiya mövqeyi ilə izah oluna bilməz. Başqa nə deməli idi ki? Əslində "vaxtı deyil " ifadəsi ilə gələcək üçün əl yeri qoyub. Yəni demək istəyirlər ki, məlum separatçı rejimlərlə bağlı siyasət dəyişərsə yaxınlaşa bilərik. Siyasətə gələn gündən İvanişvilinin Kremllə yaxınlığı söylənilib. Amma məsələ ondadır ki, hakimiyyətə gələn vaxt Rusiya ilə diplomatik münasibətlər yox səviyyəsində idi, birtərəfli viza rejimi mövcud idi və ən əsası ərazi bütövlüyü tanınmırdı.

Bu günə qədər bu istiqamətdə hər şey yerində qalıbsa, istəsə belə balanslı siyasət yeritmək və daha yaxşı münasibətlər üçün meydan yoxdur. Belə olan halda Aİ ilə əməkdaşlığa məcburdur. Əslində Gürcüstanda prezident seçkilərində olan bu aktivlik, qarşıdurma, nəticədə qütbləşmə prezident kürsüsü uğrunda deyildi. Prezidentin səlahiyyətləri çox azdır, bir növ təmsilçilik funksiyası daşıyır və ölkənin idarə olunmasında rolu demək olar ki yoxdur. Müxalifət də, iqtidar da bu seçkini parlament seçkilərinə gedən yolda trampilin kimi istifadə etmək istəyirdilər. Bu seçkidə qalib gələcək gücün parlament seçkilərində qalib olacağını insanlara çatdırmaqdır. Əsas hədəf son konstitusiya dəyişikliyindən sonra ölkənin bütünlükdə idarə olunmasına sahib olan parlamentdə növbəti və ya növbədənkənar seçkilərdə qələbə qazanmaqdır. Təsadüfü deyildi ki, İvanişvili bu posta nə özünün, nə də partiyasında olan digər tanınmış birisinin namizədliyini verməmişdi. Fransada doğulmuş, həmin ölkədə 30 il diplomat işləmiş, sonradan Gürcüstan vətəndaşlığı almış bitərəf namizədi irəli sürməklə Avropa İttifaqı tərəfdarı olanları da öz tərəfinə çəkmək və haqqında rusmeylli olması fikirlərini təkzib etmək istəyirdi. Eyni zamanda, hazırda "Gürcü Arzusu"nun nüfuzu aşağı düşdüyündən partiya üzvü olan namizədin seçkidə qalib gəlmək şanslarının aşağı olması da nəzərə alınmışdır. Odur ki, Zurabişvilinin Gürcüstan siyasəti, iqtisadiyyatı üçün hansı işlər görə biləcəyini söyləmək çətindir. Səlahiyyətləri olmayan prezident hansı ciddi işləri görə bilər? Hesab edirəm ki, onun fəaliyyəti öncəki prezidentin fəaliyyətindən artıq olmayacaq".

Ekspert  onu da qeyd etdi ki, bu seçkidə azərbaycanlıların səsinin həmişə olduğu kimi böyük önəmi var idi: "Birinci və ikinci turlarda onların önəmli hissəsinin Vaşadzeye səs verməsi ilə bağlı məlumatlar var. Amma bildiyim qədər oradakı soydaşlarımızdan təşkilatlanmış halda Zurabişvilinin komandasında işləyənlər də, səs verənlər də, kampaniya aparanlar da olub. Bu onların seçimidir. Lakin mənim yaxından tanıdığım çoxlu sayda insanlar var ki , onlar bildirirlər ki, böyüklüyünə görə ölkənin ikinci milləti olan soydaşlarımıza münasibət Saakaşvili dönəmindən sonra fərqli istiqamətdə dəyişməyə başlamışdı. Məlumatlara görə Zurabişvilinin Cavaxetiyadakı görüşlərində erməni təəssübkeşliyi isə özünü açıq biruzə verib. Hesab edirəm ki, son proseslərlə bağlı soydaşlarımız arasında narahatlığa ehtiyac yoxdur. Seçkilər də göstərdi ki, Gürcüstanda hakimiyyətə qarşı çox güclü müxalifət var, onların istədiyi kimi milli siyasət yürütməsi mümkün olmayacaqdır. Eyni zamanda Azərbaycan türkləri imkan daxilində siyasi aktivlik göstərməlidirlər və maksimum şəkildə bir mövqedən çıxış etməlidirlər”. /Y.M/

Oxşar xəbərlər