Sahibə Qafarova ilk rəsmi səfərini Türkiyəyə edəcək

  • 08 sen 2020, 10:43
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyə Respublikasına edəcək.
Bu barədə Milli Məclisdən məlumat verilib.
Səfər sentyabrın 10-da başlayacaq.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfər zamanı nümayəndə heyətinin üzvləri Türkiyə Böyük Millət Məclisində parlamentin fəaliyyəti, qanun yaradıcılığı prosesi ilə yaxından tanış olacaq, Türkiyəli həmkarları ilə fikir mübadiləsi aparacaqlar.
Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla görüşəcək. Görüşdə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi, hər iki ölkənin birgə həyata keçirdiyi qlobal layihələrin reallaşması, regional münaqişələrin həlli yolları parlament müstəvisində müzakirə ediləcək.
Milli Məclis Sədri Sahibə Qafarovanın Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Səfər müddətində Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti Ankarada “Anıtkabiri” ziyarət edəcək, şəhərin tarixi yerləri ilə tanış olacaqlar.
Səfər sentyabrın 12-də başa çatacaq.
Oxşar xəbərlər