İlham Əliyev AP-nin komitə sədrini qəbul edib

  • 22 may 2017, 13:03
Azərbaycan prezidenti İlham Əliyev Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
APA-nın məlumatına görə, dövlət başçısı İlham Əliyev Devid MakAlisterin böyük nümayəndə heyəti ilə ölkəmizə səfəri zamanı əməkdaşlıq və tərəfdaşlıq əlaqələri ilə bağlı səmərəli fikir mübadiləsi aparılacağına və səfərin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.
 
Nümayəndə heyətinin Azərbaycandakı geniş səfər proqramına toxunan prezident İlham Əliyev bu səfərin ölkəmiz ilə Avropa Parlamenti və ümumilikdə Avropa təsisatları ilə əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
 
D. MakAlister isə Azərbaycana və o cümlədən regiona səfər proqramları barədə prezident İlham Əliyevə məlumat verib. O, Avropa Parlamentində təmsil olunan müxtəlif siyasi qrupların üzvlərinin nümayəndə heyətinin tərkibinə daxil olduğunu deyib. D. MakAlister bildirib ki, səfərin məqsədi Azərbaycandakı vəziyyətlə yaxından tanış olmaqdır.
 
Görüşdə Azərbaycanda son illərdə gedən proseslər, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı və onun perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyət, insan haqları, fikir azadlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Devid Makallisterin başçılıq etdiyi Avropa Parlamentinin Xarici İşlər Komitəsinin nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində bir sıra rəsmi şəxslərlə, o cümlədən Prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və parlament üzvləri, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər keçiriləcək.
Bakıya səfər zamanı Avropa Parlamentinin Xarici İşlər Komitəsinin nümayəndə heyəti Azərbaycan ilə əməkdaşlıq məsələlərini, eləcə də Aİ ilə Azərbaycan arasında yeni saziş ətrafında aparılan danışıqların gedişatını müzakirə edəcək.
Qeyd edək ki, Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycandan sonra Ermənistan və Gürcüstana da səfər edəcək.
 
Demokratik.Az
Oxşar xəbərlər