Demokratik TV
Gəncənin icra başçısı şəhid dəfnində qaydaları niyə pozdu? – VİDEO+Fotolar
Gəncənin icra başçısı şəhid dəfnində qaydaları pozub.

"Demokratik.Az"-ın məlumatına görə, fevralın 23-də Gəncədə uşaqlar evində böyüyən, ikinci vətən müharibəsində itkin düşmüş və nəşi yeni tapılan mərhumun - şəhid Əmrah Rəcəbovun dəfnində diqqəti çəkən daha mühüm məqamlardan biri də şəhidə hərbi ehtiramın düzgün təşkil edilməməsi olub.
Mərasimdə çəkilən foto və videomateriallardan da aydın olur ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının həlak olmuş vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı təqdiqlədiyi mövcud qaydalar nəzərə alınmayıb. Qaydaya görə,
SİTAT: "cənazə məzara qoyulmamışdan əvvəl Azərbaycan Respublikasının Dövlət bayrağı fəxri qarovulun rəisi tərəfindən götürülür, fəxri qarovul üzvlərinin iştirakı ilə, aypara və səkkizguşəli ulduz təsviri yuxarıda olmaqla, düzbucaqlı üçbucaq şəklində qatlanılır. Dəfn mərasiminin yekununda dəfn komissiyasının rəhbəri, komissiya yaradılmadıqda isə fəxri qarovulun rəisi Azərbaycan Respublikasının Dövlət bayrağını mərhumun ailə üzvlərindən birinə təqdim edir".


Yəni, məmurlar xiyabana şəhidin arxasınca daxil olmayıb, şəhidin cənazəsini gətirib onların hüzuruna qoyublar. Bundan dəqiqələr sonra da bayraq tabutdan sökülüb və bayraq şəhid yaxınına (tərbiyyəçi müəllimə-red) məlum səbəbdən dəfndən öncə verilib. Bunlar da bəh-bəhlə çəkilərək ictimaiyyətə formal xarakterli, normal mərasim kontekstində təqdim edilib.
Bayraqsız tabut məzara məmurların müşaiyəti olmadan, inanclı şəxslər tərəfindən "Ya Hüseyn!" sədaları altında daşınıb.
Mərasimin rəsmi hissəsinin də yalnız molla-axundun ümidinə qalması üzücüdür. Rəsmi şəxslərdən kimsə nitq söyləməyib.
Məlumat üçün mərhum şəhid Əmrah Rəcəbov barədə bioqrafik məlumatı da (wikipediyaya istinadən) diqqətinizə çatdırırıq:

Orta təhsilini Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbində alır. Gəncə İnternat məktəbindən məzun olduqdan sonra, dövlət tərəfindən Masazır məzunlar evindən ev hədiyyə olunur. 2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət keçmək üçün orduya çağrılmışdır.
Xidməti fəaliyyətini Beyləqan rayonunu N saylı hərbi hissəsində icra etmişdir. 2020-ci ilin 27 sentyabr tarixində İkinci Qarabağ müharibəsinin başlmasından sonra Füzuli əməliyyatına cəlb olunmuş və Füzuli rayon mərkəzinin azad edilməsi uğrunda aparılan şiddətli döyüşlərdə iştirak etmişdir.
Əmrah Rəcəbov 2020-ci ilin 8 oktyabr tarixində Füzuli əməliyyatının gedişatında yaralanmış əsgər yoldaşını, döyüş mövqeyindən çıxartmağa çalışarkən yaxınlığına düşən mərmi nəticəsində şəhid olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Əmrah Rəcəbovun nəşi 23 fevral 2021-ci ildə tapılmış və Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
ALLAH şəhid Əmrah Rəcəbovun timsalında BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN!
Osman Nərimanoğlu
Demokratik.Az
