Gəncə İHB-nin rəsmi açıqlamasını kim və niyə sildirdi?

  • 27 avq 2020, 09:56
Ötən gün "Demokratik.Az"da yayımlanan Gəncənin icra başçısı kommunalın işçilərini niyə motosikletdə daşıtdırır ? sərlövhəli xəbərə Gəncə icra Hakimiyyəti özünün "facebook" səhifəsində aydınlıq gətirib. Rəsmi bəyanatda deyilib:
"Gəncədə Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata dair bildiririk ki, hadisə haqqında araşdırma aparılıb. Araşdırma zamanı MKTİB-in əməkdaşları R. Məmmədov və M. Babayev buraxdıqları nöqsana görə işdən kənarlaşdırılıblar.
Eyni zamanda R. Məmmədov DYP tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cəzalandırılıb. M. Babayev isə karantin rejimini pozduğu üçün cərimələnib. Digər xanım əməkdaşlarla profilaktik söhbətlər aparılıb".. - sitatın sonu!..
Azərbaycanın ikinci böyük şəhərində İHB-ni təmsil edən şəxslərin açıqlama - təbirindən aydın olur ki, bu cavabı hazırlayan dövlət qurumu məsələnin mahiyyətinin köklü həllində maraqlı deyil.
"Demokratik.Az"-ın məsələ barədə əldə etdiyi özəl xəbərə görə, xəbərin yalnız görünən tərəflərinə diqqət ayıran və problemin həllini Kommunal idarənin iki işçisinin çıxarılmasında, eləcə də motosiklet sürücüsünə inzibati cərimə tətbiq etdirməkdə görənlər əslində olaya şərait yaradan bir neçə yerli məmurları "sudan quru"ya çıxarmağa, xoşagəlməz eyiblərini pərdələməyə cəhd ediblər. Bu primitiv planın başında isə icra başçısı cənab Niyazi Bayramovun özünün dayandığını söyləmək olar.
İHB-nin yaydığı və bir gün sonra da heç bir izah vermədən sildiyi açıqlamadan sonra əldə etdiyimiz məlumatda bildirilir ki, bir neçə trol şərhə də meydan verən mövqenin silinməsi təşəbbüsü Niyazi Bayramovun dostu, şəhər Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəhbəri İlham Quliyev tərəfindən irəli sürülüb. Səbəb isə, əslində heç kimin işdən çıxarılmaması, motosikletə yazılan cərimə cəzasından başqa, digər yazılanların yalan olmasıdır.
Təəssüf edirik ki, Gəncə İHB də özlərinin yaratdığı süni problemlərinin həllini manipulyasiyalarda, yazıq-zavallı təmizlik işçilərini işdən uzaqlaşdırmaqda axtarır. Əslində isə, problemin həlli icra başçısının və İlham Quliyevin idarəçilik metodlarındadır...
"Demokratik.Az"
Oxşar xəbərlər