Ekspert: "Gəncə məktəblərinə ayrılan qazpulunu yəqin "ağıllılar" xortumlayıb .."

  • 27 dek 2018, 18:57

Dünən Azəriqaz İB-nin Gəncədəki qurumu məktəblərə qazın verilişinin kütləvi şəkildə dayandırılmasına cəhdlər edib. Hətta, axşam saatlarında şəhər üzrə bir neçə məktəbin qaz xətti möhürlənib, lakin sonradan şəhər rəhbəri Niyazi Bayramovun və Gəncə TŞ-nin müdiri Zakir Hüseynovun operativ təpkisi ilə Azəriqaz geri çəkilməyə məcbur edilib. Təxminən bir neçə saatlıq qazı dayandırılan məktəblərə qazın verilişi bərpa edilib.

"Demokratik.Az"-ın məlumatına görə, Gəncə Qaz İstismar İdarəsi bu özbaşınalığını ümumşəhər məktəbləri üzrə yaranmış 120 min manatlıq cari borcla əlaqələndirib.

Məlumata görə, yaranmış borcun ödənilməsi üçün dəfələrlə TN-in nəzdində fəaliyyət göstərən 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə xəbərdarlıqlar edilib, lakin Azəriqaz İB-nin rəsmi müraciətlərinə etinasız yanaşılıb. Mərkəz sözügedən borcun ödənişini həyata keçirməyib. Sonda, belə xoşagəlməz bir durum yaranıb. Tezliklə borcun ödəniləcəyi barədə razılıq əldə olunub.

Bəs, aidiyyatı maliyyə hesablaşma mərkəzi borcu niyə ödəməyib, ödənilməyibsə belə, ümumiyyətlə təhsil müəssisələrinə qazın verilişi dayandırıla bilərdimi? 

Bu barədə "Demokratik.Az"-ın suallarını cavablandıran tanınmış təhsil eksperti Kamran Əsədov maraqlı açıqlama verib:

"Mən ölkədə baş verən bir çox hadisələrə təəccüblənirəm. Amma, təhsilə qarşı baş verənlər daha dəhşətlidir. Necə yəni məktəblərin qazını kəsirlər, adını da qoyurlar ki, borcu var. Heç bir halda bunu etmək olmaz. Məktəb dövlətin sosial müəssisəsidir və bütün kommunal borclar kimi, qazpulunu da tələb edərkən, xidmət orqanı məhz məktəblə münasibətlərdə mühüm məqamlara fikir verməlidir. Konkret söhbət "Azəriqaz"-dan gedirsə, Gəncə üzrə yaranmış 120 min və hətta daha çox borcu maliyyə hesablaşma mərkəzindən almaq xatirinə, hansısa məktəbin qazını kəsmək kimi cəza tətbiq edilə bilməz. Bu hətta bir saatlıq olsa belə, "Azəriqaz"-ın törətdiyi özbaşınalıqdır. Bu o deməkdir ki, inhisarçı "Azəriqaz" məktəblərə yalnız qazanc-gəlir mənbəyi kimi yanaşır. Hansı ki, məktəb və təhsil dövlətin strateji hədəfləri olmaqla, xalqın gələcəyini təmin edə bilən vasitələrdir. Buna həssas yanaşılmalıdır. Məktəblər qanunla fasiləsiz su, işıq, qaz və digər zəruri ehtiyaclarla birmənalı təmin edilməlidir. Bilirsiniz, borc yaranıbsa belə, hansısa məktəb, hətta bircə şagird də durumdan zərər çəkməməlidir. Bənzər fakta fərqli dünya yanaşmasını deyim. Yaponiyanın mərkəzi şəhərlərinin birindən ucqar kəndə işləyən qatar uzun illər bircə sərnişinə görə fəaliyyət göstərib. Müəyyən ediblər ki, ziyanla işləyən qatarın qrafiki ləğv edilərsə, bir şagirdin məktəbə gediş-gəlişi, təhsil alması əngəllənəcək. Beləcə, Yaponiya hökuməti bir şagirdinin təhsil almasına bir qatarla xidmət edib. Ona görədir ki, Yaponiya dünya elminə meydan oxuyur. Bəs bizdə?..." - deyə ekspert bildirib. 

Bəs, aidiyyatı 8 saylı maliyyə hesablaşma mərkəzi sizcə borcu niyə ödəməyib, bu kommunal ödənişlər nəyi ehtiva edir? - sualına cavab olaraq Kamran Əsədov bildirib:

"Bu olayda əlbət ki, dediyiniz maliyyə hesablaşma mərkəzi bilavasitə məsuliyyət daşıyır. Hesab edirəm ki, Gəncə məktəblərinə büdcədən ayrılan qazpulunu "ağıllılar" başqa səmtə azdıraraq xortumlayıblar. Çünki, təhsil müəssisələrinə illik kvota olaraq bütün kommunal ödənişlər ayrılır. Ayrılıb, bəs hanı?.. Görünür, o pulu başqa məqsədə xərcləyiblər deyə problem ortaya çıxıb. Adətən, regional mərkəzlər müəssisələrə tapşırıq verirlər ki, qənaətçillik etsinlər. Onsuz da məktəbin kommunallarına kifayət qədər pul ayrılır. Görünür ki, qazpulunun ödənişinin gecikdirilməsində başqa qaranlıq əmmalar da var.." - deyə təhsil eksperti bildirib.

Osman Nərimanoğlu

Demokratik.Az

Oxşar xəbərlər