Ali məktəblərdə boş qalan 7 min yerin“müştəriləri”

  • 25 avq 2016, 15:41
Ali təhsil müəssisələrinə qəbul olan şəxslərin daxil olduqları təhsil müəssisəsində qeydiyyatı (I mərhələ üzrə) avqustun 25-I saat 17.00-da başa çatır. Tələbə adı qazanmış şəxslər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.


Ali təhsil müəssisələrinin müsabiqəsində 38118 abituriyent iştirak edib. Onlardan 34224 nəfəri ali məktəblərə qəbul olunub. 12309 nəfər dövlət sifarişi əsasında, 21915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali məktəblərin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başa çatıb. Beləliklə elan olunmuş 41965 yerdən 34775-i dolub. Nəticədə, al məktəblərdə 7190 boş yer qalıb. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrində isə 6940 yerdən 6838-i abituryentlər tərəfindən seçilib və 102 plan yeri boş qalıb.

Bəs boş qalan yerlərin aqibəti necə olacaq?

Adətən ali məktəblər boş qalan plan yerlərini doldurmaqdan ötrü xarici ölkələrdən tələbə qəbul edirlər. Bəzən bu tələbələr xarici ölkə vətəndaşı, bəzən də elə öz vətəndaşlarımız olur. Onlar köçürmələr vasitəsi ilə ölkədəki ali məktəblərdə yerləşdirlirlər. Ancaq sonra bu tələbələrin diplom almasında müəyyən problemlər yaranır. Adları TQDK-nın məlumat bazasında qeyd olunmayan tələbələr diplom almaqda çətinlik çəkirlər. Bəs məsələdən çıxış yolu nədir? Həm ali məktəblərin planı doldurması, həm də tələbələrin problem yaşamaması mümkündürmü?

Təhsil eksperti Kamran Əsədov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul imtahanlarının nəticəsinə görə 1-ci, 2-ci turdan ibarət ixtisas seçimini keçirir. Bu zaman abituriyentlər həm topladıqları bala və istəklərinə uyğun olaraq ixtisas seçimi ərizəsində 15 plan yeri 1 ci turda, 2 ci turda isə 20 plan yerini seçirlər. Azərbaycanda ali məktəblərə qəbul proses bununla rəsmi qaydada bitir. Bu proseslər nəticəsində öz plan yerlərini tam şəkildə doldura bilməyən təhsil müəssisələri dövlət komissiyasına müraciət edərək keçid balı toplamayan və ya keçid balı toplayıb, müsabiqə şərtlərini ödəməyən abituriyentlərin qəbulunu həyata keçirmək istədiklərini bildirirlər. Lakin mövcud qanunvericiliyə uyğun olaraq bu yalnız xüsusi təyinatlı təhsil müəssisələrində mümkündür, digər mülki təhsil müəssisələri bunu həyata keçirə bilməz”.

K.Əsədov deyir ki, 2013-cü ilə qədər orta məktəbləri 120 minə yaxın insan bitirirdi və həmən ilə qədər ali məktəblərə sənəd verən abituriyentlərin sayı 100 mindən çox olurdu: "Amma ali məktəblərə qəbul plan yeri 2013-cü ilə qədər 26 min olduğu halda, indi sənəd verən abituriyentlərin sayı 80 mindir, lakin plan yeri 37 mindən çoxdur. Əlbətdə ki, abituriyentin sayının azalması, əvəzində isə plan yerlərinin sayının ciddi şəkildə artması böyük sayda plan yerinin boş qalmasına səbəb olub. Boş plan yerləri isə yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Xarici ölkə vətəndaşları üçün təhsil müəssisələrinin özləri plan yeri ayrır. Yəni qanunvericilik əcnəbilərin qəbuluna imkan vermir. Bəzi özəl ali təhsil müəssisələri maddi vəziyyətini düzəltmək üçün xaricdə təhsil alan azərbaycanlı tələbələrin öz universitetlərinə köçürülməsini həyata keçirir. Lakin bunun özü də qanuni deyil”.


Eksperti bu köçürmələrin niyə qanuni olmamasını da izah edib. K.Əsədovun sözlərinə görə, tələbələrin bir təhsil müəssisəsindən və ya xarici ölkədən Azərbaycan ali məktəblərinə köçürülməsi zamanı ilk növbədə onun qəbul imtahanlarında topladıqları bal və köçürmə olunacağı ixtisası üzrə keçid balını toplaması nəzərə alınır: "Əlbəttə ki, hazırda xaricdə təhsil almağa gedənlərin böyük faizini burda keçid balı toplamayan abituriyentlər təşkil edir. Deməli, bir müddət sonra onların hansısa forma və ya vasitələrlə Azərbaycan ali təhsil müəssisələrinə köçürülməsi qanuni deyil və qanun pozuntusudur. Ki, onlar da bunu təhsillərini başa vurandan sonra, diplom alanda hiss edəcəklər. Bir çox hallarda onlara verilən ali təhsil haqqında sənəd saxta olur və elektron bazada olmur. Lakin burda bir məsələ var ki, 7 mindən çox plan yerinin boş qalması dövlətə kifayət qədər ciddi şəkildə maddi itkilər yaradacaq. Çünki, 7 min plan yerinin hamısı ödənişli əsaslarla idi və bunun nəticəsində dövlət büdcəsi xeyli miqdarda gəlir əldə etməli idi. Bundan başqa, Azərbaycanda ali məktəblərə qəbul ola bilməyənlər xaricdə təhsil almağa üz tutur ki, bu da ölkəyə həm maddi, həm gender həm də beyin axını ziyanı vurur”.

"Hesab edirəm ki, müvafiq dövlət qurumları bunları qabaqcadan nəzərə almalı idilər. Çünki, TQDK aprel ayından etibarən sınaq imtahanları həyata keçirir və abituriyentlərin səviyyəsini artıq müəyyən etmiş olur. Ona görə də, qəbul imtahanları elə səviyyədə təşkil olunmalı idi ki, həm bu qədər böyük sayda plan yeri boş qalmasın, həm də dövlətin pulu xarici ölkələrə axıb getməsin” – deyə K.Əsədov bildirib.

Aysel İsgəndərli
Oxşar xəbərlər