Xəbər lenti
Bütün xəbərlər

Gəncədə məktəb direktorunun OYUNLARI - arpası + yoncası + qoyunları (fotolar)

  • 18 avq 2018, 18:18

"Demokratik.Az"- ın məlumatına görə, son illər Gəncə şəhəri 3 saylı tam orta məktəbdə təhsil adına yaraşmayan xoşagəlməz olaylar baş verir. Müəssisənin direktoru Vüsalə Səfərova təhsil ocağını özəl fermer təsərrüfatı kimi idarə edir.

Aldığımız məlumata görə, xanım direktor 2 ildir bir şagirdi (bu ilin məzunu Turqay Musayevi - red) özünə çoban edib, məktəbin stadionu da daxil olmaqla, ətrafındakı 2 ha torpaq sahəsini örüş-otaraq sahəsinə çevirib. Bununla da yetinməyib, qoyunlarına qış yemi tədarükü məqsədilə məktəbin torpağında taxıl və yonca da əkdirib. Məktəb işinə dəxli olmayan bu özfəaliyyət maddi - mənəvi ziyana - küllü miqdarda israfçılığa səbəb olub. Özbaşınalıqlar nəticəsində direktor şagirdlərin stadiondan istifadəsini tam məhdudlaşdırıb. Şagirdlərə və müəllimlərə direktor tapşırıb ki, stadiona getməsinlər, fısıllıqda çoxlu ilanlar var...

Direktor hər şeyə rəğmən, təsərrüfatının inkişafında uğura imza atıb. İki il əvvəl aldığı 30 baş qoyununu 50 başadək artıra bilib. Qoyunlar məktəbə yaxın bir evdə saxlanılır...

SU MOTORUNU VURUN İŞLƏSİN - DÖVLƏT ÖDƏYƏCƏK...

Özəl mənbədən saytımıza bildirildiyinə görə, hər il arpa əkini nəticəsində məktəbin illik elektrik limiti dəfələrlə artıq sərf edilməklə, direktorun şəxsi marağı ucbatından dövlətin büdcəsinə 3000 (üç min) manatdan artıq ziyan vurulub. Əgər belədirsə, direktor özündən əvvəlki illərdən fərqli olaraq, illik elektrik kvotasına, normal ənənəyə "tüpürüb".

Amma, nədənsə direktoru israfetmə əməli narahat etməyib. İlboyu "əkin sahələrinin" suvarılması məktəbin su generatorunun mütamadi çalışması ilə müşahidə olunub. Görünür, TN-nin 8 saylı Regional maliyyə hesablama mərkəzinin başbilənləri Gəncədəki başqa məktəbləri "ciddi nəzarətdə" saxlasa da,  3 saylı orta məktəbin elektrik sərfiyyatında yaranan süni borcu dövlətin ayağına yazır. Əgər bu belədirsə, direktorun talançılığı durdurulmalıdır və buna şərait yaradanlarla birlikdə cəzalandırılmalıdır...

MƏKTƏBDƏ YANĞIN TƏHLÜKƏSİ VAR VƏ...

Hazırda məktəbin yanğın təhlükəsizliyi qaydaları da pozulub. Ərazidə yaşayan sakinlərin saytımıza bildirdiyinə görə, arpa biçinindən sonra yerdə qalan quru saman çöpləri potensial yanğın təhlükəsi yaradır. Yanğın baş verərsə, məktəbin binasına da keçmə ehtimalı böyükdür. Stadionun otunun vaxtı-vaxtında biçilməməsi də ayrıca bir səhlənkarlıq faktıdır.

Ən dəhşətlisi odur ki, direktor təyinatından bəri məktəbin yanğına qarşı yanğınsöndürmə vasitələri ilə təminatında da hər hansı işlər görməyib. Məktəbdə nə su vedrəsi, nə ling, nə də bel var. Vaxtı keçmiş qaz balonlarının yerinə yenilərini almaq lüksü isə direktordan uzaqdır. Hansı ki, bircə qoyunu satmaqla, indiyədək bu problemi asanca aradan qaldırmaq olardı...

Ölkənin ikinci böyük şəhəri olan Gəncə məktəbində belə faktların olması acı təəssüf doğurur. Bu olaylar göstərir ki, məktəblərə lazımi səviyyədə nəzarət həyata keçirilmir. Direktor sərbəst buraxılıb, şagirdlərin təhsili, təlim-tərbiyəsi bir kənara buraxılıb, məktəbin idarə olunması haqqında qanuni təlimatlar pozulmaqla anarxiya - özbaşınalıq formalaşıb.

İnanırıq ki, Təhsil Nazirliyi və aidiyyatı maliyyə hesablama mərkəzi yuxarıda yazılan faktları araşdıracaq.

Ümid edirik ki, dövlətin təhsil siyasətini həyata keçirən təhsil naziri cənab Cehun Bayramov adıkeçən direktordan fərqli olaraq, məktəbin maddi-tədris bazasını möhkəmləndirmək, tədrisin keyfiyyətini artırmaq, idman qurğusunu (stadionu) tezliklə işğaldan azad edərək şagirdlərin istifadəsinə vermək barədə düşünəcək.

Məktəbin torpaq sahəsində isə, arpa və yonca əvəzinə, gül-çiçək, yaşıllıq üçün müxtəlif ağaclar əkib məktəbə gözəllik gətirmək olar.

Axı, təhsil işçisi (direktor) məktəbə özəl ferma kimi yox, təhsil ocağı kimi qayğı göstərməlidir!..

(mövzu diqqətimizdədir)

Demokratik.Az

Oxşar xəbərlər