Göygöldə məktəb direktoru başçıdan və Təhsil Nazirliyindən “güclü”dür! – SƏBƏBLƏR!

  • 08 yan 2018, 09:29

Orta məktəbə nəzarəti önəmsəməyən məmurlar müraciətlərimizi niyə cavabsız qoyub?

"Hər şey təhsildən başlayır”, "Təhsil millətin gələcəyidir”, "Təhsili olmayan bir millətin gələcəyi qaranlıqdır”, ”Bir xalq yalnız savadlı cəmiyyəti, inkişaf etmiş elmi ilə qürur duya bilər” kimi deyimlər hələ ki, Azərbaycan təhsilinə cavabdehlərin əsas amalı, milli əqidə və məslək meyarı olmağı bacarmayıb. Demək olar ki, hər gün təhsilimizdəki ciddi problemlərin zəngi çalınır, müxtəlif müzakirələr aparılır. Lakin, əngəlin biri aradan qalxmamış, başqası üstümüzə gəlir. Hələ bir çoxlarının şəxsi maraqları bilim sahəmizdə süni əngəllər kimi otraya çıxanda qıcıq oluruq. Ayrı-ayrı səbəblər dövlətimizin qarşıya qoyduğu "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın hədəflədiyi gözləntiləri - nəticələri ləngidir. Bu anlamda ölkə başçısının siyasi iradəsi hər birimizə aydın olsa və bu yöndə prezident cənab İlham Əliyevin zəruri sərəncam və tapşırıqları yerlərdə lazımınca yerinə yetirilsə, təhsil problemlərindən real qurtulmaq imkanlarımız var.

"Demokratik.Az” saytı olaraq biz də təhsilimizin müasir inkişafını daha çox arzulayırıq, bu strateji sahədə qarşılaşdığımız ən xırda problemlərin həllini istəyirik. Əfsuslar olsun ki, bəzən bizim gördüklərimiz və dediklərimiz kiçik oxucu auditoriyası ilə məhdudlaşır. Bizi üzən hallar aidiyyatı instansiyalara ünvanladığımız cavabsız məktublarımızla daha yaddaqalan olur. Bunun isə bircə adı var. İctimai əhəmiyyətli mövzular bir çox məmuru maraqlandırmır. Çünki medianın masaya çıxardığı əksər problem ya onlar tərəfindən baş qaldırıb, ya da maddi maraqlar üzündən nöqsanlar adi normaya çevrilib.

"Demokratik.Az” xatırladır ki, elə ötən ilin oktyabrında saytımızda ictimailəşdirilən Göygöl rayon S.Vurğun adına 3 saylı tam orta məktəbdəki özbaşınalıqlar, nöqsanlar yerində sayar olub. Bu da dediklərimizin kiçik nümunəsi ola bilər.

(şəkilə baxanda sağdan birinci - məktəb direktoru R. Atayevadır)

Yazılarda qeyd olunurdu ki, məktəb direktoru Rüxsarə Atayevanın davranışları, səriştəsiz idarəçiliyi məktəbi biabırçılıqlara sürükləyib. 2017-2018-ci tədris ilinin elə ilk günündən direktor təlim-tərbiyə və tədris məsələlərini bir kənara qoyub, sinif otağının birini iaşə obyektinə çevirib. Nəticədə, bilik günündən bu yana ibtidai siniflərdə (yuxarı siniflərdə də-red) xarici dil dərslərinin keçirilməsi əngəllənib. Direktorun nəzarətində olan bufetdə son günlərədək (müvəqqəti yığışdırtdırıb-red) əlavə qazanc məqsədilə şagirdlərə saqqız, çipsi, ziyanlı soklar və s satılması tənqid olunub. Bufetdə əldəqayırma təhlükəli qaz balonundan istifadə olunaraq qutab bişirilir. Bufetin heç bir təhlükəsizlik qaydaları yerində deyil. Bufetin varlığı bitişik otaqlarda ibtidai siniflərdəki normal dərs rejimini də pozur. Bundan əlavə, məktəbin ayaqyolusunun heç bir mədəni çərçivəyə sığışmayan şəkildə, bərbad halda olması da ictimailəşdirilib. Məktəbin kanalizasiyası layihə üzrə əsas xəttə belə qoşulmayıb. Əl-üz yumaq üçün zəruri şərait yoxdur. Yuxarı sinif şagirdləri "aylığa” –repititor təhsili üçün sərbəst buraxılıb. Xüsusən, məktəbdə aylardır xarici dil dərslərinin tədrisi axsadılıb ki, nəticədə işə gəlməyən, dərs deməyən xarici dili müəllimləri havayıca maaş alaraq baş qatırlar və sair...

Bu linklərdə daha ətraflı oxuya bilərsiniz

Göygöldə direktorun çipsi və saqqız alveri - natəmiz ayaqyolu, fondpulu bir də əmioğlu

Göygöldə məktəb direktorunun özbaşınalığına ekspertlər nə deyir?

Yazılardan sonra, redaksiyamız tərəfindən Göygöl İcra Hakimiyyəti başçısı cənab Arif Seyidova, sabiq Təhsil Naziri cənab Mikayıl Cabbarovun adına göndərdiyimiz müraciətlər isə gedər-gəlməz olub. Rayonun təhsil şöbəsinin müdiri Elbrus Atayev adıçəkilən direktorla əmiuşağı olduğundan iradlarımızı qəbul etməyib. Ümumiyyətlə isə, Elbrus Atayevi bu kürsüyə qaldıran Arif Seyidov olduğundan və icra başçısının dirijorluğu ilə hərəkət etdiyindən, bu "marionetka" təhsil şefindən hansısa qabiliyyət gözləmək özü sadəlövlükdür.

Rayon İHB-nin müavini Kəmalə İbrahimovanın məsləhətilə TN-in 8 saylı Regional Ərazi Maliyyə Hesablama Mərkəzinin rəhbəri Vüsal Məmmədova şəxsən təqdim etdiyimiz müraciətin də iki aydır səsi boğulub.

Görəsən nə baş verir, axı bu adları sadalanan məmurlardan biri möhtərəm prezidentin 12 ildir Göygöldəki səlahiyyət sahibidir. Və ölkə başçısının təhsilə dair sərəncam və qərarlarının icrası da məhz Arif Seyidovun vəzifə öhdəliyidir. İcra hakimiyyəti niyə əməli tədbir üçün hansısa addım atmayıb? Niyə direktorun qohum-əqrəbalarının və ailə üzvlərinin toplaşdığı məktəb bircə dəfə olsun təftiş edilməyib? Məktəbi belə toxunulmaz edən, bilmədiyimiz daha hansı səbəblər var?

Digər "lal qurum” isə dövlətin Təhsil Nazirliyinin özüdür. Yəqin, cənab Mikayıl Cabbarov müraciətimizdən bir neçə gün sonra Vergilər Nazirliyinə təyinat aldığından, onun adına ünvanlanan bütün məktublar "etibarını itirib”.

Məktubumuzu mənasız bilən digər qurum adı çəkiləndə məktəbləri lərzəyə gətirən, istəyəndə bir voleybol topuna görə mənimsəmədə təhsil şöbəsinə "ot yoldurmağı” bacaran Maliyyə Hesablama Mərkəzidir. Deyilən məktəbdə aşkar maliyyə pozuntusu varkən bu aidiyyatı qurumun rəhbəri Vüsal Məmmədov da "qış yuxusu”na dalıb.

Axı necə ola bilər ki, sadaladığımız qurum rəhbərləri iki ay ərzində müraciətimizə cavab verməyəcək tərzdə həmrəylik nümayiş etdirir? Ya, ortaya atdığımız məsələ onlar üçün kiçik və lazımsız mövzu kimidir, ya da bir direktorun timsalında məktəblərdə cəmləşən analoji özbaşınalıqlar bu məmurların varlanmasına, şəxsi maraqlarının təmin olunmasına görə uyğunlaşdırılıb. Yəni, susmaqla məktəblərdəki nöqsanların həllinə deyil, bir neçə ilə başçının müavini Kəmalə İbrahimova kimi Göygöl İcra hakimiyyətinin yaxınlığında ikimərtəbəli ev tikdirmək, ya da "Mikayıl Cabbarovun sinif yoldaşıyam” - deyib direktorlara büdcədən ayrılan paraları sayan Vüsal Məmmədov kimi Gəncədə varlı bir şəxsə çevrilmək olar. Amma heç kəs unutmamalıdır ki, məsələnin mənəvi tərəfi var və xırda nöqsan deyə-deyə orta məktəblərdə direktorları dəstəkləmək, onların bu kimi fəaliyyətlərinə şərait yaratmaq şagirdlərin təhsilinə olan biganəlikdir. Əgər, keyfiyyətli tədrisi məktəblərdə tapmayan və valideynlərinin kasıbçılığı ucbatından repititorlara üz tuta bilməyən zavallı şagirdləri nəzərə alsaq, bu hal sonuncuların gələcək taleyinə yönələn ən ağır mənəvi cinayətdir.

Sonda, yenə susmaq haqqınız var, cənablar! Sussanız anlarıq! Amma dövlətin təhsil strategiyasına qarşı çıxmaqla şəxsi mənfəətləriniz üçün deyil, barı təhsilimizin gələcək inkişafı naminə həmən məktəbə bir çarə qılın! Yoxsa, etiraf edirsiniz ki, Göygöldə bir məktəb direktoru icra başçısından və Təhsil Nazirliyindən "güclü”dür?!

Osman Nərinamoğlu

"Demokratik.Az"  

Oxşar xəbərlər