Məktəblərdəki özəl mühafizəçilərin pulu hardan ödənilir? – ARAŞDIRMA

  • 15 okt 2017, 13:02

Azərbaycanda elə bir ailə yoxdur ki, övladını, nəvəsini məktəbə göndərməsin. Bu baxımdan da istər bölgələrdə, istərsə də paytaxt Bakıda yerləşən məktəblərin təhlükəsiz olması hər bir azərbaycanlı ailə üçün vacib məsələdir. Elə isə minlərlə şagirdin təhsil aldığı orta məktəblər necə və kimlər tərəfindən mühafizə olunur? Bu sual ətrafında kiçik bir araşdırma aparmaq qərarına gəldik. 

Bizimxeber.az-ın əməkdaşları paytaxtın bir neçə məktəbində müşahidə aparıb. Bəlli olub ki, məktəblərin mühafizə olunması işi fərqli formada həyata keçirilir. Bölgələrdə yerləşən əksər məktəblərdə şagirdlərə, ümumiyyətlə, məktəbə işçilər özləri nəzarət edir. Daha doğrusu, növbəli şəkildə xadimələr məktəb qapılarında dayanaraq kənar şəxslərini girişini məhdudlaşdırır, uşaqların dərs zamanı çölə çıxmasını əngəlləyir.

Bakı məktəblərinin əksəriyyətində isə bu işi hansısa özəl mühafizə xidmətinin əməkdaşları həyata keçirir. Direktorlar özlərinə yaxın olan özəl mühafizə xidməti rəhbərləri ilə daxili müqavilə bağlayaraq ödəniş edirlər.

Bax, elə işin ən maraqlı tərəfi də budur. Ümumiyyətlə, dövlətdən maliyyələşən məktəblərin mühafizə olunması üçün büdcədə heç bir maliyyə ayırlamaları nəzərdə tutulmayıb. Ərazinin nəzarətdə saxlanmasını əraziyə nəzarət edən Post Partul Xidməti əməkdaşları həyata keçirir. Bütün küçə və yollar 24 saat PPX əməkdaşları tərəfindən dəqiqliklə qorunur.

Daha bir maraqlı məsələ məktəbləri qoruyan özəl mühafizə xidməti əməkdaşlarına ödənilən əmək haqqının haradan toplanmasıdır? Budcədən ayrılmırsa, bəs direktor bu pulu necə ödəyir? Bu hansı qayda ilə tənzimlənir? Direktorlar bu pulu kimdən alırlar?

Apardığımız araşdırmalar zamanı bəlli oldu ki, əksər məktəblərdə fond pulu deyilən yığım növü var. Hər bir valideyndən ayda 1-2 manat pul alınır. Bu pul məktəbin təsərrüfat işləri (süpürgə , lampa, sınan qapı kilidləri almaq, xadimələrə verilən ianə və sairə) ilə yanaşı mühafizə xidməti əməkdaşlarına ödənilir. Bir fatkı da qeyd etmək lazımdır ki, bu pul direktorun xüsusi tapşırığı ilə "problemli valideynlər”dən alınmır.

Bəzi məktəblərdə isə direktor bir qədər valideynləri guya düşünüb. Daha doğrusu, adını rüşvət alan, fond pulu yığan direktorlar siyahısına salmamaq üçün işi müəllimələrin öhdəsinə buraxıb. Yəni pul daha valideynlərdən deyil, müəllimlərdən yığılır. Hələ "ciddi tapşırıq” da verib ki, valideynlərdən pul almayın. Bu tapşırıq "guya almayın” xarakterlidir. Burda direktor sadəcə öz vəzifəsini qoruyur, özünü sığortalayır.

İşin daha maraqlı tərəfi direktorun müəllimədən hansı haqq və qanunla pul toplamasıdır. Onsuz əmək haqqı az olan müəllimdən hər ay 5-10 manat almaq nə deməkdir? Niyə müəllimin pulu ilə məktəblərdə mühafizə xidmətinin əməkdaşları keşik çəkməlidir?

Axı bu qanunlara ziddir. Azərbaycan qanunların aliliyi qorunduğu, qüdrətli, imkanlı bir neft ölkəsidir. Biz avropaya inteqrasiya etməkdə olan ölkəyik. belə bir ölkənin müəllimi niyə aldığı aylıq əmək haqqından direktora pul verməlidir?

Səbael rayonu, 7 saylı tam orta məktəbdən bildirdilər ki, məktəbdə özəl mühafizə xidməti var. Amma direktor Könül xanım işdə olmadığı, ümumiyyətlə, məktəbdə suallarımızı cavablandıracaq kimsə olmadığı üçün əlavə məlumat verə bilməzlər.

Xəzər rayonu, Buzovnadakı 26 saylı orta məktəbin yeni təyin olunan direktoru Hüseynağa Qasımov Bizimxeber.az-ın əməkdaşına bildirib ki, məktəbdə valideynlərdən 1 manat da olsun fond pulu yığılmır. Amma məktəbin mühafizə xidməti əməkdaşlarının maaşı müəllimlərdən yığılan vəsaitlə ödənilir: "Riyad Mühafizə Xidməti ilə müqavilə bağlamışıq. Biz bu işi müəllimlərlə həll edirik. Müəllimlər öz əmək haqqlarından pul ödəyirlər, biz də onların pulunu veririk”.

Qəribə yanaşma, qəribə qərardır. Məktəbin mühafizə xidməti əməkdaşlarının pulunu müəllimlərdən yığmaq hansı qanunun bir hissəsidir? Kim qoyub bu qanunu? Mikayıl Cabbarovmu yoxsa, Məhhəbbət xanım Vəliyevamı?

Məlumat üçün bildirək ki, 2016-cı ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumatda qeyd olunurdu ki, təhsil müəssisələrində mühafizə xidmətinin təşkil olunması üçün Mühafizə İdarəsi tərəfindən monitorinqlər keçirilib, mühafizə xidmətinə ehtiyacı olan 137 təhsil müəssisəsinin siyahısı Təhsil Nazirliyinə təqdim edilib. Hazırda həmin müəssisələrin mühafizə ilə təmin olunması istiqamətində müvafiq tədbirlər görülür.

Təssüflər olsun ki, indi 2017-ci ildir və nazirlik 137 təhsil müəssisəsi hələ də mühafizə edə bilmir…

Mövzunu diqqətdə saxlayırıq…

 

 

Demokratik.Az

Oxşar xəbərlər