Daşkəsən polisləri özbaşınalıq edib

  • 17 apr 2017, 09:42

"Böyüklərim deyir ki, dağılmış Sovetlər dönəmində belə bir deviz olub. "Mənim polisim məni qoruyur”. Bu deviz SSRİ vətəndaşının rahat və təhlükəsiz yaşaması üçün reallıqla uzlaşaraq insanların şüurlarında polis adına inam və sevginin təntənəsi olub. Amma təəssüf olsun ki, müstəqil Azərbaycanımızda milli polisimizin sıralarında təsadüfi paqon gəzdirən və polis adına xələl gətirən ünsürlər var"

Bu sətirlər Daşkəsən polisləri tərəfindən döyülərək təhqir olunduğunu iddia edən, hüquqları pozulan Göygöl  rayonu, Yeni Qızılca kənd sakini Həsənov Məhəmməd Maarif oğlunun şikayət ərizəsindəndir.

Demokratik.Az-ın elektron poçt ünvanına göndərilən məlumata görə, adıçəkilən vətəndaş prezident cənab İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova və Daxili İşlər naziri Ramil Usubova Daşkəsən rayon PŞ-nin bir qrup əməkdaşlarının özbaşınalığından bəhs edərək onlardan kömək istəyir.

 

Ərizədə deyilir:

"25 mart 2017-ci il tarixində Daşkəsən polisləri  asayişin keşiyində dayanmaq və mən vətəndaşı qorumaq əvəzinə, rayonun Xoşbulaq kəndi ərazisində düşməncəsinə üstümə hücum çəkərək məni döymüşlər, mənə ağır bədən xəsarətləri yetirmişlər. Azərbaycan polisinə yaraşmayan və bu cür şərəfli ada ləkə gətirən hərəkətlər edərək mənim şəxsiyyətimi, söyüşlərlə mənim şərəf və ləyaqətimi alçaltmışlar. Hadisə zamanı sanki mənə qarşı mütəşəkkil dəstə yaradaraq, şəxsimə qarşı xuliqanlıq hərəkətləri etmişlər. Həmin paqonlu qolçomaqlar Daşkəsən PŞ-nin PPX-nin Natiq və Cehun adlı polis nəfərləri və rayonun DYP şöbəsinin Kənan adlı əməkdaşıdır.

Təəssüf hissilə bildirirəm ki, adıçəkilən polislər həmin gün (25 mart 2017) saat təxminən 21:00 radələrində Xoşbulaq-Daşkəsən yolunda idarə etdiyim Qaz-24 markalı avtomaşınla rayona gələn zaman qarşımı kəsib mənə qarşı qanunsuz hərəkətlər etmişlər. Maşınımda evimizi isitmək məqsədilə Xoşbulaq sakinindən aldığım odun parçalarının olduğunu bəhanə edərək, dumbuz-təpiklə döydükdən sonra məni Daşkəsən RPŞ-nə gətirmişlər. Qanunsuz olaraq 28.03.2017-ci il tarixinədək PŞ-də saxlamışlar. 3 sutkalıq həbs müddətində səhhətimlə əlaqədar həkim tələb etsəm də, təşkil etməyiblər. Məni tanımadığım qoluzorlu polislər qan qusanacan döymüşlər. Ağzımda iki dişimi də təpiklə vuraraq sındırmışlar. Şöbədə ağır söyüşlərlə də təhqir olunmuşam. Özbaşnalıqları o həddə çatıb ki, Cinayət Axtarış şöbəsinin rəisinin iştirakı və göstərişi ilə mənə bir neçə dəfə oxşar fiziki güc tətbiq etmişlər. İzahatım alınan zaman döyülməyim barədə fikirlərim isə qeydə alınmamışdır, hüquqlarım pozulmuşdur.

Möhtərəm cənab prezident! Hörmətli cənab Baş Prokuror, hörmətli Daxili İşlər naziri!

Daşkəsən PŞ-nin Nicat adlı müstəntiqi hadisədən istifadə edərək və atamı qorxudaraq mənim buraxılmağım üçün 500 manat rüşvət tələb etmiş, atam isə mənim iki gün polis bölməsində əziyyət çəkdiyimi görüb məcburən tələb edilən 500 manatı dünən Nicat adlı müstəntiqə vermişdir. Pulu aldıqdan sonra isə məni axşam saatlarında sərbəst buraxmışlar.

Möhtərəm cənab prezident! Hörmətli cənab Baş Prokuror, hörmətli Daxili İşlər naziri!

Hesab edirəm ki, Daşkəsən polis şöbəsinin bir qrup əməkdaşı mənim hüquqlarımı tapdalayaraq cinayət əməli törətmişlər.

Beləliklə, yuxarıda yazılanları və Azərbaycan Respublikasında qanun aliliyini nəzərə alaraq sizlərdən XAHİŞ EDİRƏM:

-Mənə qarşı cinayət əməli törədən Daşkəsən rayon Polis Şöbəsinin bir qrup əməkdaşlarına cinayət işi açılsın;

- Hadisə düzgün araşdırılsın, polislərin xidməti hərəkətlərinə və əməllərinə DİN-in aidiyyatı şəxsləri və prokurorluq tərəfindən düzgün hüquqi qiymət verilsin;

- Daşkəsən PŞ-nin Nicat adlı müstəntiqinin atamdan rüşvət olaraq aldığı 500 manat maddi vəsait geri qaytarılsın və bu əməlinə görə müstəntiq cəzalandırılsın.

-Şikayətimin təmin olunmasını və işin gedişatını şəxsən nəzarətə götürməyinizi də sizlərdən xahiş edirəm.

Əvvəlcədən təşəkkürümü bildirirəm".

Həsənov Məhəmməd Maarif oğlu

 

Demokratik.Az-dan: Həsənov Məhəmməd Maarif oğlunun şikayəti əsasında jurnalist araşdırması aparıb maraqlı bilgilər əldə etmişik. Bu barədə yaxın günlərdə yazacağıq. Qarşı tərəf olaraq özbaşınalıqda ittiham olunan Daşkəsən RPŞ-nin mövqeyini öyrənməyə, faktları dəqiqləşdirməyə də çalışdıq. Təəssüf olsun ki, Daşkəsən rayon polis şöbəsindən məsələyə heç bir münasibət bildirilmədi.

Ərizə ilə əlaqədar əlavə araşdırma aparırıq.

 

Demokratik.Az 

Oxşar xəbərlər