DAŞKƏSƏNLİ FERMER BAŞ PROKURORDAN 10 MİN MANAT İSTƏYİR-VİDEO-YENİLƏNİR
YAP üzvü Akif Rzayev: «Cənab Baş Prokuror Zakir Qaralov, Sizdən xahiş edirəm, mənə 10 min manat pul göndərin, Daşkəsən rayon torpaq şöbəsinin müdiri Şahbaz Mehdiyevə rüşvət verim ki..."
«Cənab Prezident! Cənab Baş Prokuror! Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abiyevin «sağ əli» olan və rayon torpaq şöbəsinin müdiri Şahbaz Mehdiyev qanuni dövlət sənədləri ilə mənə məxsus yaylaq ərazilərimin məndə qalması üçün 10 min manat rüşvət istədi, vermədiyimə görə 3500 baş qoyun-quzumun örüş yerini başqalarına satdılar…»
«Təzadlar»ın ötən sayında qısa olaraq məlumat verilib ki, redaksiyamıza zəng edən Azərbaycanın ilk fermerlərdən biri, YAP üzvü, mərhum Prezident Heydər Əliyevin yaxın dostu kimi tanınan Akif Rzayev qan donduran şikayətini bizimlə bölüşmüşdür… Təxminən 3500 baş qoyun-quzu saxladığını bildirən Akif Rzayev bildirmişdi ki, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abiyev və onun «sağ əli» olan, rayon torpaq şöbəsinin müdiri Şahbaz Mehdiyev qanuni dövlət sənədləri ilə ona məxsus yaylaq ərazilərinin onda qalması üçün ötən il 10 min manat rüşvət istəyib, vermədiyinə görə 3 min başdan çox qoyun-quzusunun örüş yeri başqalarına satılıb. Nəticədə dövlətdən bir manat belə yardım, pul vəsaiti almadan böyük bir təsərrüfat qurmuş YAP üzvü, 75 yaşlı ağsaqqal fermer Akif Rzayev Əhəd Abiyevin qanunsuz hərəkətlərindən bezərək təsərrüfatını ləğv etmək istəyir: «Dəfələrlə bu barədə Əhəd Abiyevin qəbulunda olmuşam ki, Əhəd müəllim, Prezident İlham Əliyev ölkədə aqrar sahənin inkişafı üçün hər il dövlət büdcəsindən 80-100 milyon manat pulu birdəfəlik yardım kimi fermerlərə verir… Mən bir manat da yardım istəmədən 3500 baş iribuynuzlu və xırdabuynuzlu heyvanım olan təsərrüfat qurmuşam. Ona demişəm ki, hər il Qurban bayramında, Prezident Seçkilərində, digər dövlət tədbirlərində demisən ki, Akif kişi, yardım elə, hər dəfə 30-40, bəzən 50-60 heyvanı təmənnasız vermişəm…
«İndi Əhəd Abiyevin istəyi yolunda Prezident seçkilərindən sonra təmənnasız olaraq qurban kəsdiyim 40-50 qoyun-quzunun qanı yerdə qalıb…»
Hətta şəkillərimiz var Əhəd müəllimlə, rayon prokuroru Elman Süleymanovla, rəis Elsevər Aslanovla bir yerdə, Prezident seçkilərində qurbanlar kəsdirmişəm İcra Hakimiyyətinin qarşısında. İndi Əhəd Abiyevin arzusu və istəyi yolunda Prezident seçkilərindən sonra təmənnasız olaraq qurban kəsdiyim həmin 40-50 qoyun-quzunun qanı yerdə qalıb, heyvanlarımın örüş yerini rüşvət istədiklərinə və vermədiyimə görə, başqasına satıblar. Bəs indi nə edim? Demişəm ki, Əhəd Abiyev, siz də Prezidentin yerdəki səlahiyyətli nümayəndəsisiniz. Prezident ərzaq istehsalının artırılmasını istəyir, siz isə məni məcbur edirsiniz ki, mən bu qoyun-quzunu çıxarıb bazarda satım və məhv edim. Belə çıxır ki, siz prezidentin əleyhinə gedirsiniz??? Məni aldadır, deyir ki, get, narahat olma, sən mənim ən yaxın dostumsan, qpardaşımsan, biz sənin kiçik qardaşınıq, zəhmətkeş adamsan, sənə ötən il işgüzarlığına görə «Fəxri Fərman» da vermişəm, YAP-ın üzvüsən, Azərbaycanın ilk fermerisən və sair nağıllar… Səhər onun sağ əli olan torpaq şöbəsinin müdiri Şahbaz Mehdiyev çağırır ki, Əhəd müəllim deyib, 10 min gətir, yaylağın özündə qalsın.
«Baş Prokuror Zakir Qaralovdan xahiş edirəm, mənə 10 min manat pul göndərsin, Daşkəsən rayon torpaq şöbəsinin müdiri Şahbaz Mehdiyevə rüşvət verim ki…»
Deyirəm, Şahbaz, sən deyəsən yolunu azmısan, Prezidentin, baş prokurorun korrupsiya qarşı mübarizə çağırışına məhəl qoymursan, rüşvət istəyirsən məndən. Deyir, Əhəd Abiyevdən soruş… Mən də Baş Prokuror Zakir Qaralovdan xahiş edirəm, mənə 10 min manat pul göndərsin ki, Daşkəsən rayon torpaq şöbəsinin müdiri Şahbaz Mehdiyevə rüşvət verim, dövlətin ərzaq siyasətinə təmənnasız xidmət edən təsərrüfatımın qanuni sənədlərlə mənə məxsus örüş yerini mənə qaytarsın… Onu da deyim ki, bu rüşvət məsələsindən rayon prokuroru Elman Süleymanovun da xəbəri var… Amma heç bir tədbir görülmür
Əhəd Abiyev söz verdi, amma…
…Bu qalmaqallı şikayətlə bağlı Daşkəsənə ezam olunaraq şikayətçi YAP üzvü Akif Rzayevlə onun qışlaq sahəsində (Goranboy rayonunda) görüşmüşəm, vəziyyəti öz gözlərimlə görmüş, şikayətçi A.Rzayevdən video müsahibə də götürmüşəm… Gördüklərimdən heyran olmuşam. Həm də inana bilməmişəm ki, elə bir şəraitsimz daxma-alaçıqlarda yay-qış yaşayan 20-yə yaxın çobanın zəhmətinə beləmi qiymət verirlər? Bu məmurlar niyə belə hərəkət edirlər… Fermer A.Rzayevin mənə təqdim etdiyi bütün rəsmi sənədlərdən aydın olur ki, şikayətçi tam haqlıdır. Bu barədə geniş yazı çapa hazırlanır.
Yeri gəlmişkən, qalmaqallı şikayətlə bağlı Daşkəsən RİH başçısı Ə.Abiyevlə, rayon prokuroru E.Süleymanovla, RİH başçısının aqrar məsələlər üzrə müavini ilə… dəfələrlə telefon əlaqəsi saxlamışam… Ə.Abiyev fermer A.Rzayevin guya cəmi 70 qoyunu olduğunu bildirmişdi. Lakin bu sözdən sonra rayona şəxsən getdim ki, görüm fermer doğru deyir, yoxsa Əhəd Abiyev. Təqdim edəcəyimiz video çəkilişlərdən də görünür ki, təkcə bir yataqda fermerin 2 minə yaxın qoyun-quzusu var… Hələ bir sürü at-eşşəyini, keçilərini, 50 baş iribuynuzlu mal-qarasını demirəm… Onun digər yataqlarına isə vaxt qıtlığı üzündən gedə bilmədim, amma çobanlarının sürülərini uzaqdan gördüm, foto-video çəkilişlər etdim. Və sonra bu barədə Əhəd Abiyevə söyləyəndə o, həmin şikayəti hələki ictimailəşdirməməyi xahiş etməklə, məni rayona dəvət etdi. Bildirdi ki, şikayətçi A.Rzayevin bütün problemlərini həll edəcək, fermerdən rüşvət istəyən və örüş yerini başqalarına satan Şahbaz Mehdiyevi isə ciddi cəzalandıracaq… Amma səfər öncəsi üç gündür Ə.Abiyevə zəng etsəm də, telefon zənginə cavab vermir. Həmçinin rayon prokuroru, RİH başçısının müavini və digər aidiyyəti məmurlar da. Neçə gün əvvəl hamısı ilə danışdığım bu məmurlar, sanki bir mərkəzdən tapşırıq alıb ki, telefona cavab verməyin… Odur ki, şikayətçinin israrlı xahişi ilə onun Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova ünvanlı video və audio müsahibəsini təqdim edirik. Daha geniş yazı isə çapa hazırlanır. Bizi izləyin.
Təqdim etdi: Elçin Məmmədli
Demokratik.Az